Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1883/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə maneələrin olmaması barədə məlumatın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2- 1(112)-633/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə manelərin olmaması barədə üçüncü şəxsə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə Abşeron rayonu, Höküməli qəsəbəsində 0,02 ha torpaq sahəsinə xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışla mülkiyyət hüququ əldə etmişdir. Lakin daşınmaz əmlakın üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün 2020-ci ilin fevral ayında DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə İdarə tərəfindən ona verilən cavab məktubunda "xxxx" ASC-nin cinayət işi ilə bağlı DİN-nin 6/45-243 m saylı, xx.xx.2015-ci il tarixli məktubuna əsasən sözügedən əmlak üzərində nəzarət qoyulduğu bildirilmişdir. Daha sonra DƏDRX-ə etdiyi müraciətlərdə də ona məxsus torpaq sahəsi üzərində DİN tərəfindən məhdudiyyət qoyulduğu və DİN-in məsələyə münasibət bildirdikdən sonra torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi məsələsinə müvafiq qanunauyğun qaydada baxılacağı bildirilmişdir. İddiaçıya məxsus torpaq sahəsi üzərində hansı səbəbə, hansı cinayət işi üzrə məhdudiyyət qoyulduğu ona məlum deyil. Çünki bu günə kimi heç bir cinayət işi üzrə nə şahid, nə şübhəli şəxs, nə də ki, təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğuna etdiyi şikayətə əsasən, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ona verdiyi xx.xx.2020-ci il tarixli, 007-14429/4ə cavab məktubunda keçmiş həyat yoldaşı X1 təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-yə kredit borcunun olduğu və həmin borc üzrə tələb hüququnun “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına keçdiyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2-1(112)-4102/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə manelərin olmaması barədə məlumatın verilməsi” barədə iddia tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2-1(103)-1549/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2-1(112)-4102/2021 nömrəli qərardadı ləğv edilərək inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh iddiaçı ilə bağlı cinayət prosessual qərar qəbul etməyib, adi məktubla torpaq sahəsinə məhdudiyyət qoyub. Məhkəmə iclasında iştirak etmədiyi halda, cavabdehin fəaliyyəti barəsində məhkəmənin gəldiyi qənaətin əsası məlum deyil. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, Daxili İşlər Nazirliyi fiziki və hüquqi şəxs arasında olan borc münasibətlərinə qarışa bilməz. Cinayət işi olmayıb. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hazırda iddiaçı iddianın bir hissəsində tələb kimi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cinayətprosessual fəaliyyəti ilə bağlı qərar və ya hərəkətlərini mübahisələndirdiyindən və mübahisələndirilən qərar və ya hərəkət inzibati icraat çərçivəsində qəbul olunmadığından, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiada göstərilən digər tələbə, yəni “müvafiq məlumatın verilməsi” tələbinə dair hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, bu tələb birinci tələbdən törəmə və asılıdır, ona görə də iddiaya həmin hissədə də inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə ona görə razılaşır ki, həqiqətən də, iddiaçı hazırkı tələblə cavabdehin mübahisələndirilən hərəkət və qərarının cinayət prosessual fəaliyyətlə əlaqədar olmadığını, habelə inzibati icraat çərçivəsində qəbul olunmağını nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının aşağıda sadalanan bəndlərinə görə: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Yuxarıda istinad olunan normalara görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır. Məhkəmələr tərəfindən qeyd olunan hüquqi mövqeyə uyğun araşdırma aparılmış və müəyyən edilmişdir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunan anlamda inzibati orqan kimi, hazırkı mübahisə isə inzibati hüquq münasibətindən yaranan mübahisə kimi təfsir edilə bilməz. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi üzərində Daxili İşlər Nazirliyinin 12 may 2015-ci il tarixli məktubuna əsasən "xxxx" ASC-nin cinayət işi ilə bağlı məhdudiyyət qoyulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri, qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qərardadının ləğvi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. X2 ilə iddiaçının nikahının 7 fevral 2017-ci il tarixdə ləğv edilməsi cinayət işi üzrə qoyulmuş məhdudiyyətin götürülməsinə əsas kimi qəbul edilməsi cinayət prosessual fəaliyyətlə məşğul olan orqanın səlahiyyətinə aid olan məsələ olduğundan məhkəmə həmin halı iddianın həlli üçün əhəmiyyətli hesab etmir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəticə hissə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)-633/2022 saylı saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)-633/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi