Məhkəmə qərarları › İş №2-1(103)-1884/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1884/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1884/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində cəlb edilməklə “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4469/2021 saylı 31 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 830-cu keçid, ev 35-də yerləşən 123-124 saylı mənzilə kirayə müqaviləsinin bağlanması və ya orderin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərə görə cavabdehdən onun xeyrinə 5000 manat vəsaitin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun atası X4 vaxtilə işlədiyi “Azneftkimyatəmir” tresti tərəfindən mənzil növbəsində birinci olduğuna və evləri olmadığına görə ona və ailə üzvlərinə 2030-cu məhəllə (830-cu keçid) ev 35-də yerləşən ailəvi yataqxanada boşalan 123-124 saylı mənzillər ayrılmışdır, (ümumilikdə 7 nəfər). Mənzil trestin 25 avqust 1994-cü il 9 nömrəli protokoluna əsasən verilmişdir. Qeyd olunan trestin verdiyi 25 avqust 1994-cü il 9 nömrəli protokolunda göstərilmişdir ki, “Azneftyağ” İB tərəfindən göstərilən 123-124 saylı mənzilə order verilsin. Orderə ailə üzvləri daxil edilsin. 2020-ci ildə atası “Azneftyağ” İB-nə kirayə müqaviləsinin alınması üçün müraciət etdikdə onlar bildirdilər ki, sözügedən yataqxanalar Bakı şəhəri MKTD-nin balansına verilmişdir. Sonra kirayə müqaviləsini almaq üçün MKTD-yə müraciət etmişdir. Onlar isə öz növbəsində tabeçiliyində olan 3 saylı Xüsusi Təyinatlı MKTB-yə həvalə etmişlər. Sonradan atası vəfat etdikdən sonra o, 3 saylı Xüsusi Təyinatlı MKTB-yə mənzilə dair kirayə və ya order verilməsi barədə müraciət etmişdir. 3 saylı Xüsusi Təyinatlı MKTB isə öz növbəsində cavab olaraq bildirmişdir ki, onlara aid olan hüquqi sənəd Dövlət Neft Şirkətindən təhvil verilməmişdir, bununla bağlı orderin verilməsi səlahiyyətləri xaricindədir. Hesab edir ki, ona verilən cavab qanunsuzdur, əsassızdır və onun hüquqlarının pozulmasına gətirib çıxarır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Gəncə prospekti, ev 35, 123-124 nömrəli mənzilə dair (orderin verilməsi) kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4469/2021 saylı 21 may 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4469/2021 saylı 31 may 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: H.Ağalarov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə sübutun predmetindən kənara çıxıb işi aidiyyəti olmayan sübutlarla qətnamə qəbul etmişdir. Qanun müəyyən edir ki, tərəflərin tələb və tərəddüdlərini əsaslandıran hallar, habelə iş üçün əhəmiyyət kəsb edən digər hallar (MPM-nin 80-81 maddəsi) sübuta yetirilməlidir. Qeyd etmək lazımdır ki, sübut etmə predmetinə müxtəlif faktor və halların mürəkkəb məcmusu daxildir. Hər şeydən əvvəl, sübut etmə predmeti iddianın əsası olan və ya ona qarşı iradların əsası olan hüquqi faktlarla müəyyən edilib. Beləliklə, sübutetmə predmeti istiqamətini maddi hüquq normasına tərəf dəyişmişdir. Məhkəmə öz qərarında qeyd etmişdir ki, protokol hüquqverici sənəd deyil. Qeyd etmək istəyir ki, o, protokola əsasən hüquqverici sənəd almaq istəyir (mənzil kirayə müqaviləsi və ya order). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib- edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Sübutun predmetini düzgün müəyyən etmək lazımdır. O, sübut edir ki, atasına ailə üzvləri ilə birlikdə protokola əsasən mənzil ayrılmışdır, sadəcə olaraq mənzilə dair order indiyə kimi almamışlar. Mənzilə dair order verilməsini xahiş etsələr də nəticə verməmişdir. Məhkəmə isə ona bildirir ki, aztəminatlı ailələr mənzil almaq üçün uçota durmalıdır. İcarədar və onun ailə üzvləri bir birinə qarşı mehriban olmalıdır. İcarədarın ailə üzvləri yaşayış sahəsindən istifadə hüququna malikdir. Aztəminatlı ailə kimi uçota düşməkdən imtinanı mübahisələndirmək hüququ vardır. Məhkəmə sübutun predmetini düzgün anlamamışdır. Mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilmişdir. Daha sonra məhkəmə qeyd etmişdir ki, protokolun arxiv məlumatı yoxdur. Müvafiq qurumlar arxiv sənədlərin arxivə təqdim etməməsi, bir vətəndaşa məsuliyyət tətbiq etmək, əslində, vətəndaşa qanuni prosedur çərçivəsində, hərəkətlərini izləmək məcburiyyətində qalacaqdır. Vətəndaş sənədlərin arxiv versiyasının hazırlanması və orada yerləşdirilməsi üçün proseduruna təsir edə bilməz. Hətta o, gələcəkdə mənzilin ayrılması faktını təsdiq edilməsi barədə xüsusi icraat qaydasında məhkəməyə müraciət etsə də, məhkəmə ərizəsini təmin etməz. Ona görə ki, onda protokolun əsli var. Yeganə arxiv məlumatların olmaması sübut kimi qəbul etməsi MPM-nin 76-cı və İPM-nin 58-ci maddəsinə ziddir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının tətbiqi zamanı konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirməklə, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət etməmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və üçüncü şəxs 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X8 məhkəmənin mülahizəsinə əsasən qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Gəncə prospekti, ev 35, 123-124 nömrəli mənzilə dair (orderin verilməsi) kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 123-124 saylı mənzilin hazırkı iş üzrə İddiaçı, o cümlədən onun atası X1 və istifadəsinə verilməsi dair hər hansı sənəd aşkar edilməmişdir. Belə olan təqdirdə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. İddia ərizəsində istinad edilən “Azneftkimyatəmir” trestinin 25 avqust 1994-cü il tarixli protokolu ilə bağlı məhkəmə bildirmişdir ki, həmin protokolun iddia ərizəsinə əlavə olunan kserosurətində əks olunan məlumatlar aydın olmamaqla, onun təsdiq edilmiş surətinin məhkəmə araşdırması zamanı müvafiq sorğular əsasında əldə edilməsi mümkün olmamışdır. Bununla belə məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia etdiyi kimi, orderin verilməsinə dair sözügedən protokol kirayə müqaviləsinin bağlanması üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlər olmadığından, iddiaçının iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan 485320 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1986-cı ildə anadan olmuş, atası X5, anası X3r. İş materiallarında olan AZ-İİ №126212 nömrəli 19 yanvar 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 28 avqust 2020-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 05 fevral 2021-ci il tarixli 66 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi Azərbaycan respublikası Nazirlər Kabinetinin Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfatı Departamentinin müxtəlif tarixli və saylı sərəncamlarına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan yaşayış, qeyri-yaşayış, o cümlədən Xətai rayonu, 830-cu keçiddə yerləşən 35 saylı bina 3 saylı XT MKTB-nin balansına verildiyi, balansa verilərkən ona aid olan mənzilə dair heç bir hüquqi sənədin təhvil verilmədiyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 10 mart 2021-ci il tarixli 018-2986-1221 nömrəli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs aşkar edilməmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA- 00860-2021 nömrəli 05 mart 2021-ci il tarixli məktubundan görünür ki, “Azneftkimyatəmir” trestinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 123-124 saylı mənzillərin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 185 nömrəli 16 mart 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən təhvil verilən mənzil fonduna aid sənədlər arasında qeyd edilən binanın 123-124 saylı mənzillərinə dair hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 143 saylı Mənzil Kommunal İstismar sahəsinin 01 aprel 2021-ci il tarixli 02 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 123-124 saylı mənzilin heç bir sənədi (order, sərəncam) yoxdur. Göründüyü kimi iş materialları ilə Bakı şəhəri, Gəncə prospekti, ev 35, 123-124 nömrəli 123-124 saylı mənzillərə dair hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş) 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Bakı şəhəri, Gəncə prospekti, ev 35, 123-124 nömrəli mənzillərə dair (orderin verilməsi) kirayə müqaviləsinin bağlanması üçün mənzilin üzərində hüquqlarının yaranmasını təsdiq edən qanunla müəyyən edilmiş hüquq müəyyənedici sənədləri təqdim edilmədiyinə görə həmin mənzilə kirayə müqaviləsinin bağlanmasına imtina edilməsi qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4469/2021 saylı 31 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar