Məhkəmə qərarları › İş №2-1(103)-1885/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1885/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1885/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı (üçüncü şəxs "xxxx" QSC) “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1045/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı (üçüncü şəxs "xxxx" QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 18.05.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-cı ildə Şərur rayonunda doğulmuşdur. 18.05.2017-ci il tarixdə iddiaçıya ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni iddiaçı 18.05.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “ÜİX-yı. Stabil gərginlik stenokardıyası f/s İİİ. Urək anevrizması. Aterosklerotik kardioskleroz. Mədəcik ekstrasistoliyası. Hidroperikard. Urək çatımamazlığı İİİ fs” qeyd olunmuşdur. Daha sonra iddiaçı müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, DSMF-nın Binəqədi rayon Şöbəsi tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, iddiaçının əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün iddiaçı cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, "xxxx" QSC-nin Tibbi-Sanitar Xidmətinin 15.02.2019-cu il tarixli NVS-46 saylı məktubu ilə iddiaçının xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə göndəriş əsassız hesab edilmişdir. Bununla əlaqədar əlillik müayinəsi Nazirliyin “Əlillik” alt sistemində etibarsız hesab edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması uçun müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə, cavabdeh inzibati orqan iddiaçının əlilliyinin etibarsız hesab edilməsi üçün "xxxx" QSC-nin Tibbi-Sanitar Xidməti tərəfindən göndərişin əsassız olmasını əsas götürsə də, həmin məktubun surətini və ya məzmununu iddiaçıya təqdim etməmişdir. Bundan başqa iddiaçıya məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Aidiyyəti qurumlara müraciət ünvanladıqdan sonra iddiaçıya nəhayət ki, bir məlumat verilmişdir. Cavabdehin hərəkətləri əsassızdır. Cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda, əlillik meyarlarının müəyyən olunması barədə Nazirlər Kabinetinin müvafiq qərarında əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamışdır. Cavabdeh tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti HəkimSanitar Xidməti 2 saylı Bakı Dəmir Yol Poliklinikası tərəfindən iddiaçı təkrar stasionar müalicəyə göndərilmiş, aparılan müayinələr nəticəsində Forma №88-dəki bütün diaqnozlar öz təsdiqini tapmışdır və Poliklinika texniki xətaya yol verildiyini qeyd etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Müəyyən olunmuşdur ki, Bakı 2 saylı X1 Famil Xeyrulla oğluna aid 4384003AABP0 saylı göndərişi əsasında 18.05.2017-ci il tarixdə qiymətləndirilmiş və “ÜlX-yi. Stabil gərginlik stenokardiyası İİİ fs. Ürək anevrizması. Aterosklerotik kardioskleroz. Mədəcik ekstrasistoliyası. Hidroperikard. Ürək çatmamazlığı İİİ fs.” xəstəliyi ilə “ümumi xəstəlik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 2017-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan əlillik təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi işçi qrupu tərəfindən araşdırılmışdır. Nəticədə ƏƏSMN-yi tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müraciət olunaraq, ADY QSC-nin tabeçiliyində olan tibb idarələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 52 nəfərə aparılmış əlilik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının araşdırılması, əsassız rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi və nəticəsi barədə ƏƏSMN-nə məlumat verilməsi xahiş edilmişdir. Müraciətlə bağlı ADY QSC tərəfindən 15.02.2019-cu il tarixli, NVS-46 nömrəli məktub göndərilmişdir. Məktubda qeyd olunmuşdur ki, 52 nəfər şəxsdən 1 nəfərə (X2) Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən tibbi göndərişin verilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Tibbi göndərişlərin tərtib olunduğu digər şəxslərə aidiyyəti tibbi müəssisələri, o cümlədən dövlət və özəl tibb mərkəzləri tərəfindən verilmiş tibbi rəylərin və epikrizlərin əsaslılığının müəyyən edilməsi məqsədilə həmin qurumlara sorğular edilmiş, qeyd olunan şəxslərdən 39 nəfərin göstərilən tibb müəssisələrində müayinə və müalicə olunmadıqları, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən olunmuşdur. Məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan 39 nəfər barəsində Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən verilmiş tibbi göndərişlərin etibarsız hesab edilməsi məsələsinə baxılması məqsədəuyğundur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2. maddəsində qeyd olunur ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. ADY QSC-nin 15.02.2019-cu il tarixli, NVS-46 nömrəli məktubuna əlavə edilmiş siyahıda 2-ci sırada iddiaçının soyadı, adı, atasının adı qeyd edildiyindən və 39 nəfərin, o cümlədən İddiaçı göstərilən tibb müəssisələrində müayinə və müalicə olunmadıqları, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən edildiyindən, tədbir görülərək adları siyahıda olan, dövlət büdcəsindən qanunsuz olaraq vəsait ödənməsinə nail olmuş şəxslərin “Əlillik altsistemi”ndə qiymətləndirmələri etibarsız edilmişdir. Famil Kərimovun əlilliyinin etibarsız edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-1045/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 18.05.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək apellyasiya şikayətini iddiaya dair yazılı etiraza uyğun əsaslandırmış və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş üçüncü şəxs öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətini müdafə etdiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin İddiaçı ünvanlanmış 05.11.2019-cu il tarixli **********9 saylı imtina məktubunda qeyd edilir: Sizin əlillik vəziyyətinizin qiymətləndirilməsi ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində baxılmışdır. Müəyyən edilmişdir ki, əlillik vəziyyətiniz Bakı 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABP0 saylı göndərişi əsasında 18.05.2.017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi-Sanitar Xidmətinin 15.02.2019-cu il tarixli NVS-46 saylı məktubu ilə, xəstəliyinizə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə Sizə rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir. Bununla əlaqədar əlilliyinizə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 18.05.2017-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müddəti 18.05.2022-ci il tarixədək 5 il müddətinə müəyyən edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik, diaqnoz – ÜlX-yi. Stabil gərginlik stenokardiyası İİİ fs. Ürək anevrizması. Aterosklerotik kardioskleroz. Mədəcik ekstrasistoliyası. Hidroperikard. Ürək çatmamazlığı İİİ fs. (forma 88 № 4384003AABP0). -"xxxx" QSC Həkim-Sanitar Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 14.12.2020-ci il tarixli NVS-299 nömrəli məktuba əlavə edilmiş 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABP0 saylı göndərişindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Akad. C.M.Abdullayev adına ET Kadiologiya İnstututunda 30.03.2017-ci il tarixdən 17.04.2017-ci il tarixədək stasionar müalicə almışdır. Göndərişə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutu xəstənin xəstəlik tarixindən 1593 nömrəli epikrizdən görünür ki, İddiaçı 30.03.2017-ci il tarixdən 17.04.2017ci il tarixədək stasionar müalicə almışdır, diaqnozu: ÜlX, stabil gərginlik stenokardiyası f.s.İİİ, Tez-tez tutmalarla Aterossklerotik-kardioskleroz. Sol mədəciyin xroniki anevrizması. Hidrotoraks, hidroperikart. Hipertoniya xəstəliyi, ən yüksək risk. Üç İİİ, mədəcik ekstrasistoliyası. -Binəqədi rayonu 25 saylı şəhər poliklinikasının 23.12.2020-ci il tarixli ambulator kartanın çıxarışından görünür ki, İddiaçı ÜlX Stabil gərginlik stenokardiyası Hipertoniya xəstəliyi İİİ fs. diaqnozu ilə bağlı 25 saylı poliklinikada dispanser qeydiyyatdadır. Vaxtaşırı ambulator və stasionar müalicə alır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti HəkimSanitar Xidməti 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC-nin 05.01.2021ci il tarixli 05 saylı məktubunda qeyd olunur: X5 və İddiaçı 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC tərəfindən verilən Forma №88 etibarsız hesab olunmuşdur. Lakin xəstələr tərəfindən Forma №88-in etibarsız hesab olunması ilə bağlı şikayət daxil olduğundan onlar poliklinika tərəfindən təkrar stasionar müalicəyə göndərilmişdir. X6 26.04.2018-ci ildən 14.05.2018-ci ilədək DTSERX-da və 05.08.2020-ci ildən 18.08.2020-ci ilədək 22№-li BŞX-da "UİX, Stabil gərginlik stenokardiyası, İİİ fs. Aterosklerotik kardioskleroz. Durğunluq ÜÇ İİİ fs. Ekstrasistolik aretmiya. Hipertoniya xəstəliyi, İİİ D, çox yüksək risk. Xronik xolesistit diaqnozları ilə müalicə almışdır. İddiaçı 13.02.2020-ci ildən 24.02.2020-ci ilədək Ə.D.Məlikov adına 6 saylı BŞX-da " ÜİX, Gərginlik stenokardiya İİİ fs., infarktan sonrakı kardioskleroz, ÜÇ İİİ fs (NXHA), Şəkərli diabet tip İİ , Arterial hipertenziya İİ dər, diaqnozları ilə müalicə almışdır. Aparılan müayinələr nəticəsində yazdıqları Forma №88-dəki bütün diaqnozlar öz təsdiqini tapmışdır. Bunu nəzərə alaraq texniki xətanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşların müraciətinin çox olması ilə bağlı olaraq yoxlamalar zamanı baş verdiyi ehtimal olunur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəli məsələ ilə əlaqədar hər hansı araşdırma aparılmamış, qərar qəbul edilməmişdir. Cavabdeh iddiaçının əlillik vəziyyətinin qiymətləndiriliməsinin əsasını təşkil edən göndərişin səhiyyə müəssisəsi tərəfindən ləğv və ya etibarsız hesab edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Belə ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin: -1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; -1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X7 ötürülür; 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 3.7-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi öz qərarında “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC-nin 05.01,2021-ci il tarixli 05 saylı məktubuna istinad etməsinə baxmayaraq iddianı təmin etmişdir. İş materiallarında olan həmin məktubda qeyd olunmuşdur ki, X5 və İddiaçı 2 saylı "xxxx" MMC tərəfindən verilən Forma N°88 etibarsız hesab olunmuşdur. Bundan başqa cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddianın əsassız olması ilə bağlı “Əlillik altsistemi”ndən 12 vərəqdə çıxarış təqdim olunaraq bildirilmişdir ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. İş materiallarından müəyyən edilir ki, Bakı 2 saylı X1 Famil Xeyrulla oğluna aid 4384003AABP0 saylı göndərişi əsasında 18.05.2017-ci il tarixdə qiymətləndirilmiş və “ÜİX-yi.Stabil gərginlik stenokardiyası İİİ fs. Ürək anevrizması. Aterosklerotik kardioskleroz. Mədəcik ekstrasistoliyası. Hidroperikard. Ürək çatmamazlığı İİİ fs.” xəstəliyi ilə “ümumi xəstəlik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İşin hallarından da müəyyən edilir ki, 2017-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan əlillik təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra ƏƏSMN) xüsusi işçi qrupu tərəfindən araşdırılmışdır. Nəticədə ƏƏSMN-yi tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müraciət olunaraq, Azərbaycan Dəmir Yolları QSC-nin tabeçiliyində olan tibb idarələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 52 nəfərə aparılmış əlilik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının araşdırılması, əsassız rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi və nəticəsi barədə ƏƏSMN-nə məlumat verilməsi xahiş edilmişdir. Müraciətlə bağlı Azərbaycan Dəmir Yolları QSC tərəfindən 15.02.2019-cu il tarixli, NVS-46 nömrəli məktub göndərilmişdir. Məktubda qeyd olunmuşdur ki, 52 nəfər şəxsdən 1 nəfərə (X2) Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən tibbi göndərişin verilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Tibbi göndərişlərin tərtib olunduğu digər şəxslərə aidiyyəti tibbi müəssisələri, o cümlədən dövlət və özəl tibb mərkəzləri tərəfindən verilmiş tibbi rəylərin və epikrizlərin əsaslılığının müəyyən edilməsi məqsədilə həmin qurumlara sorğular edilmiş, qeyd olunan şəxslərdən 39 nəfərin göstərilən tibb müəssisələrində müayinə və müalicə olunmadıqları, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən olunmuşdur. Məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan 39 nəfər barəsində Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən verilmiş tibbi göndərişlərin etibarsız hesab edilməsi məsələsinə baxılması məqsədəuyğun hesab edilmişdir. Bundan sonra Azərbaycan Dəmir Yolları QSC-nin 15.02.2019-cu il tarixli, NVS-46 nömrəli məktubuna əlavə edilmiş siyahıda 2-ci sırada iddiaçının soyadı, adı, atasının adı qeyd edildiyindən və 39 nəfərin o cümlədən İddiaçı göstərilən tibb müəssisələrində müayinə və müalicə olunmadıqları, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən edildiyindən, tədbir görülərək adları siyahıda olan, dövlət büdcəsindən qanunsuz olaraq vəsait ödənməsinə nail olmuş şəxslərin “Əlillik altsistemi”ndə qiymətləndirmələri etibarsız edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqan tərəfindən hər hansı araşdırılma aparılmadığını qeyd etsə də, düzgün nəticəyə gəlməmişdir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi əllillik müvafiq tibb müəssisəsinin göndərişi əsasında təyin olunur. Hazırki işin araşdırılan hallarından da müəyyən edilir ki, İddiaçı İİ qrup əlillik təyin edilməsi üçün əsas Bakı 2 saylı Dəmiryol Poliklinikasının göndərişi olsa da, bu göndərişin verilməsinə əsas olan hər hansı arxiv sənədi poliklinikada müəyyən olunmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, əlilliyin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın mövqeyi qanuni və əsaslı olmuşdur. İddiaçı 18.05.2017-ci il tarixdə qiymətləndirilmiş əlilliyin etibarsız hesab edilməsi istiqamətində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı bir qanunda və ya qərarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibb müəssisələrində müayinə və müalicə olunmayan, tibbi rəy və epikrizləri tibb müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçməyən şəxslərə əlilliyin təyin olunması kimi öhdəliyi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamış, inzibati orqanın imtinası əsaslı olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1045/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı (üçüncü şəxs "xxxx" QSC) “əlilliyin bərpa edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar