Məhkəmə qərarları › İş №2-1(103)-1885/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1885/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1885/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6581/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 2013-cü ildən etibarən dövlət pərakəndə satış qiymətlərinə uyğun pensiyasına hesablanmasına, orta aylıq nominal əmək haqqının müvafiq icra hakimmiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyasının 2013-cü ildən etibarən indeksləşdirilməsinə və Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən aylıq vəzifə maaşının 20%-i məbləğində artımın (əlavənin) pensiyasına hesablanmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli ehtiyatda olan zabitidir. 2013-cü ilin avqust ayında Müdafiə Nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. 2013-cü ilin sentyabr ayından ona pensiya təyin olunmuşdur. 2006-cı ildə qəbul edilmiş “Əmək pensiyaları haqqında” qanunun tələblərinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməlidir. 2013-cü ilin 1 yanvarından etibarən Nazirlər Kabinetinin Qərarına əsasən ərzaq normaları təyin olunmuşdur. Qanunverilciliyə görə ərzaq pulu əvəzinə kompensasiya dövlət pərakəndə satış qiymətlərinə uyğun hesablanıb ödənilməlidir. Lakin, artıq 10 (on) ilə yaxındır ki, ona bu kompensasiya 64 manatdan ödənilir ki, bu da, ərzaq normasının pərakəndə satış qiymətlərinə uyğun deyildir. Həmçinin, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı 23 dekabr 2021-ci il tarixli Fərmana əsasən Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına 20 % məbləğində əlavə müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə görə, əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar baş verdikdə onun əmək pensiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən yenidən hesablanır. Qanunvericilikdə təsbit olunmuş hüquqlarımın həyata keçirilməsi məqsədilə cavabdeh orqan olan Dövlət Sosial Müdafiə Fonduna əvvəlcə xx.xx.2022-ci ildə, daha sonra xx.xx.2022-ci il tarixində rəsmi şəkildə müraciət edərək ərzaq payı əvəzinə verilən pul kompensasiyasının dövlət pərakəndə satış qiymətlərinə uyğun pensiyasına hesablanıb ödənilməsini, orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyasının indeksləşdirilməsini və cənab Prezidentin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən təminat xərcliyinə daxil olan aylıq vəzifə maaşının 20%-i məbləğində əlavənin pensiyasına hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan isə bundan qanunsuz şəkildə imtina edir. Cavabdeh orqandan daxil olmuş 31 yanvar 2021- ci il tarixli, **********7 saylı cavab məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20- ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda, həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd edilənləri nəzərə alaraq, xidmətdə olan hərbi və xüsusi rütbəli şəxslərin 1 yanvar 2022-ci il tarixindən aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində ödənilən əlavə onun xidmətdə olarkən aldığı təminat xərcliyinə aid edilən ödənc sayılmadığı və məcburi dövlət sosial sığortasına cəlb edilmədiyi üçün qanunvericiliyin tələbləri baxımından əmək pensiyasının yenidən hesablanmasına əsas vermir.” O, müraciətlərində 3 (üç) məsələyə toxunmuşdur, cavabdeh isə yalnız birinə münasibət bildirib, həmin münasibət də, qanunsuzdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyasının 2013-cü ildən etibarən indeksləşdirilməsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən aylıq vəzifə maaşının 20%-i məbləğində artımın (əlavənin) pensiyasına hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6581/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6581/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 31 yanvar 2022-ci il tarixli, **********7 nömrəli “Pensiya məbləğinin yenidən hesablanması haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 11 yanvar 2022-ci il tarixində daxil olmuş müraciətinə baxılaraq bildirilmişdir ki, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyinatı onların təminat xərcliyi əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 - ci maddəsinə əsasən əmək pensiyası - “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14- cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd edilənləri nəzərə alaraq, xidmətdə olan hərbi və xüsusi rütbəli şəxslərin 1 yanvar 2022- ci il tarixindən aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində ödənilən əlavə onun xidmətdə olarkən aldığı təminat xərcliyinə aid edilən ödənc sayılmadığı və məcburi dövlət sosial sığortasına cəlb edilmədiyi üçün qanunvericiliyin tələbləri baxımından əmək pensiyasının yenidən hesablanmasına əsas vermir. - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 10 mart 2022-ci il tarixli, **********5 nömrəli “Pensiya məbləğinin yenidən hesablanması haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 fevral 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyinatı onların təminat xərcliyi əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir”. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dovlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd edilənləri nəzərə alaraq, xidmətdə olan hərbi və xüsusi rütbəli şəxslərin 1 yanvar 2022-ci il tarixindən aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində ödənilən əlavə «xidmətdə olarkən aldığı təminat xərcliyinə aid edilən ödənc sayılmadığı və məcburi dövlət sosial sığortasına cəlb edilmədiyi üçün qanunvericiliyin tələbləri baxımından əmək pensiyasının yenidən hesablanmasına əsas vermir. Müraciətində qeyd etdiyi ərzaq payı əvəzinə verilən pul kompensasiyasının müəyyən edilməsi məsələsi ilə əlaqədar bildirirlər ki, Nazirlər Kabinətinin 2007-ci il 27 avqust tarixli 35 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fonda təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Fonda göndərilməlidir. Qeyd edilənləri nəzərə alaraq, müvafiq pul kompensasiyasının artırılması ilə əlaqədar Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hər hansı məlumat daxil olmadığından həmin pul vəsaitinin əmək pensiyası ödənilən hərbi qulluqçuların və ya onlara bərabər tutulan şəxslərin təminat xərcliyinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq “bu Qanunun 29-ci maddəsində (qulluq stajına görə əmək pensiyalarına əlavələr müəyyən edilmiş şəxslər) nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda (indeksləşdirildikdə) və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Göründüyü kimi, əmək pensiyasına qulluq stajına əlavələr müəyyən edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək artırıldıqda qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artımlar qədər azaldılır. Yəni, əmək pensiyalarının indeksləşməsi nəticəsində qulluq stajına görə əlavələr müəyyən edilmiş şəxslərin əmək pensiyasının ümumi məbləği dəyişmir, yalnız əmək pensiyasının tərkibi dəyişir. - iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, ona xx.xx.2013-cü il tarixli qərarla, xx.xx.2013-cü il tarixdən hərbi qulluqçu kimi ömürlük, yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazirki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdən etibarən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyaçısıdır. Bu səbəbdən də, iddiaçıya münasibətdə almadığı, təminat xərcliyinə daxil edilməmiş vəzifə maaşına əlavə pensiyasının hesablanması zamanı nəzərə alına bilməz..” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. İşin hallarından göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli qərarla, xx.xx.2013-cü il tarixdən hərbi qulluqçu kimi ömürlük, yaşa görə əmək pensiyası təyin edilmişdir. O, qulluq stajına görə əlavələr alan əmək pensiyaçısı kateqoriyasına aid olmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının indeksləşdirilməsinin tətbiq edildiyi pensiyaçısı kateqoriyasına aid deyildir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hazırkı tələbi iki hissədən ibarətdir:

1. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi;

2. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərini aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində müəyyən edilmiş əlavənin ona şamil edilərək əmək pensiyasının yenidən hesablanması. Məhkəmə kollegiyası iddiaçının tələblərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan redaksiyasının 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bundan əlavə “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2.1.2-ci bəndinə əsasən qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının əmək pensiyalarının indekləşdirilməklə artırılması mexanizminə, habelə həmin şəxslərə 2022-ci ildə maddi dəstək göstərilməsinə dair təkliflərin 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 05 noyabr 2022-ci il tarixli, 627-VİQD Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1.12.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa aşağıdakı dəyişiklik edilmişdir: - 29.1-ci maddəyə “sığorta hissəsi” sözlərindən sonra “, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilsin. Həmin Qanunun 3 maddəsinə əsasənə bu Qanunun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən iddiaçının tələbinin birinci hissəsi olan əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsinə münasibətdə hesab edir ki, nə iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilən zaman, nə də, hazırda qüvvədə olan qanunvericilik normalarında qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının əmək pensiyalarının məbləğinin indeksləşdirilməsi nəzərdə tutulmadığından, iddia tələbi bu hissədə əsassızdır. Tələbin ikinci hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərini aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 2727 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin əlavənin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməliyyat briqadalarının və əlahiddə ümumqoşun ordusunun tabeliyində olan xüsusi təyinatlı briqadaların hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilmişdir. Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyinatı onların təminat xərcliyi əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərclivinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və va təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki ‘işçinin gördüyü işə görə ödənilən" müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Göründüyü kimi şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2- ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göstərilən halın mövcudluğu hazırkı iş üzrə müəyyən olunmadığından iddiaçıya münasibətdə almadığı, təminat xərcliyinə daxil edilməmiş vəzifə maaşına əlavə pensiyasının hesablanması zamanı nəzərə alına bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6581/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6581/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar