Məhkəmə qərarları › İş №2-1(103)-1886/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1886/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1886/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Elxan oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1677/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.1983-cü ildən xx.xx.1998-ci ilə kimi H.Z.Tağıyev adına TTSK ASC-nin toxuculuq istehsalının toxucu sexində darama-toxuma maşınlarında operator peşəsində, xx.xx.1998-ci ildən xx.xx.2005ci ilə kimi MRK Körpü Təmiri Bərpa Dəstəsində xadimə peşəsində işlədiyi üçün həmin illərin onun sosial sığorta stajına daxil olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Balakən rayonunda anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, YAT-1., ev-8də ailəsi ilə birlikdə yaşayır. O, xx.xx.1983-cü ildən xx.xx.1998-ci ilə kimi H.Z.Tağıyev adına TTSK ASC-nin toxuculuq istehsalının toxucu sexində darama-toxuma maşınlarında operator peşəsində çalışmışdır. Bununla bağlı güzəştli arayış da almış və həmin arayışda qeyd edilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verilir. xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə kimi MRK Körpü Təmiri Bərpa Dəstəsində xadimə peşəsində çalışmışdır. Hal-hazırda onun 56 yaşı var xx.xx.2020-ci il tarixdə o, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədlər təqdim etmişdir. Lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvələ xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbulməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinin aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 43800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17071,59 manat təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1677/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və X2 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1677/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı təqdim edilmiş yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1677/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinin aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16606,61 manat təşkil edir; -Azərbaycan SSR X7 Təhsil Komitəsi tərəfindən verilmiş Б№699797 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, X4 1 sentyabr 1982-ci ildə 26 №-li texniki məktəbə daxil olmuş və 20 iyul 1983-cü ildə АТПР100 toxucu dəzahlarında toxucu peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir; -"xxxx" Açıq Səhmdar Cəmiyyəti Kadrlar şöbəsinin xx.xx.2020-ci il tarixli 137 nömrəli “Güzəştli arayış”ında göstərilmişdir ki, X4 H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş Lenin adına Toxuculuq kombinatı) Toxuculuq istehsalatının toxucu sexində: xx.xx.1983-cü ildən xx.xx.1998-ci ilədək darama-toxuma (toxucu) maşınlarında operator peşəsindən işləmişdir. İşin əsas xüsusiyyətləri: Toxucu dəzgahlarında parça istehsalı əriş və arğac saplarının qırılmalarının aradan qaldırılması. Kəsici mexanizmlərinin dəyişdirilməsi. Parçadakı qüsurların qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi. Toxuma roportunun bərpa edilməsi. Parçanın sıxlığına, əriş və arğac saplarının keyfiyyətinə nəzarət. Lamel cihazlarının, daraq, kəsici mexanizmlərin və toxunma parçanın keyfiyyətinə nəzarət. Düyünlənmiş və dəzgaha doldurulmuş sapların emal edilməsi. Növbə ərzində işin planlaşdırılması və xidmət maşınlarının seçilməsi. Dəzgahların təmirdən qəbul edilməsində iştirak etmək. Avadanlıqların və iş yerini qaydaya salmaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2017-ci il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqındakı qərarı, güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir. § 26 səh 181 Darama-toxuma avadanlığının operatoru; - MRK Körpü Təmiri Bərpa Dəstəsinin KŞ № 416 8.X.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər Bakı şəhəri MRK Körpü Təmiri Bərpa Dəstəsində xadimə vəzifəsində işləmiş və həmin arayışa İddiaçı işlədiyi müddətdə 8 illik orta əmək haqqı cədvəli əlavə olunmuşdur; - "xxxx" Açıq Səhmdar Cəmiyyəti Kadrlar şöbəsinin xx.xx.2021-ci il tarixli 167 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı H.Z.Tağıyev adına TTSK ASC-nin (əvvəlki V.İ.Lenin adına Toxuculuq Kombinatı) Toxuculuq İstehsalının toxucu sexində toxucu peşəsində işləməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı üzrə kod 2200200-16167-dir; - "xxxx" Açıq Səhmdar Cəmiyyəti Kadrlar şöbəsinin xx.xx.2022-ci il tarixli 176 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı H.Z.Tağıyev adına TTSK ASC-nin (əvvəlki V.İ.Lenin adına Toxuculuq Kombinatı) toxucu fabrikinin toxucu sexində toxucu dəzgahlarını işə salan toxucu olub. Bununla yanaşı göstərilən darama-toxuma operatoru peşəsi ilə toxucu dəzgahını işə salan toxucudur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, işin hallarına əsasən qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 52 yaşı tamamdır, xx.xx.2006-cı ilədək ümumilikdə 23 il 3 ay 15 gün olmaqla 20 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 10 ildən müddət, 14 il 6 ay 5 gün ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdehin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi və güzəştli iş stajı mübahisələndirilməmişdir. Lakin Məhkəmə kollegiyası iddiaçının iş stajına münasibət bildirərək qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1982-xx.xx.1983-cü illərdə texniki məktəbdə təhsil almış (10 ay 20 gün); xx.xx.1983-xx.xx.1998-ci illlərdə H.Z.Tağıyev adına TTSK ASC-nin (əvvəlki V.İ.Lenin adına Toxuculuq Kombinatı) Toxuculuq İstehsalının toxucu sexində toxucu işləmiş (14 il 6 ay 5 gün, 2200200a—16167) və xx.xx.1998xx.xx.2005-ci illərdə Bakı şəhəri MRK Körpü Təmiri Bərpa Dəstəsində xadimə işləmişdir (7 il 10 ay 20 gün). Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçının çalışdığı “toxucu” peşəsi xx.xx.2006-cı ilədək 14 il 6 ay 5 gün olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə “2200200a—16167” kod ilə nəzərdə tutulan “darama-toxuma avadanlığının operatorları” peşəsi ilə uyğunluq təşkil etməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin arayışları ilə öz təsdiqini tapmışdır. Həmin arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, faktiki olaraq gördüyü işlər sadalanmış, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğu göstərilmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən H.Z.Tağıyev adına "xxxx" ASC-yə ünvanlanmış sorğuya cavab olaraq daxil olmuş 202 №li, xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “İddiaçı H.Z.Tağıyev adına TTSK ASC-nin toxuculuq istehsalatında (keçmiş Lenin adına Toxuculuq Kombinatı) xx.xx.1983cü ildən toxucu sexində darama- toxuma avadanlığının operatoru peşəsində işləmişdir. xx.xx.1998-ci ildə işdən azad olunmuşdur. Əsas: Şəxsi iş-2483, Əmr 88a.- xx.xx.1983 Əmr 01.xx.xx.1998. İşin xüsusiyyətləri: Toxucu dəzgahlarında parça istehsalı əriş və arğac saplarının qırılmalarının aradan qaldırılması. Kəsici mexanizmin dəyişdirilməsi. Parçalardakı qüsurların qarşısının alınması üçün profllaktiv tədbirlərin görülməsi. Darama-toxuma raportunun bərpa edilməsi. Parçanın sıxlığına, əriş və arğac saplarının keyfiyyətinə nəzarət. Lamel cihazlarının, daraq, reniz, kəsici mexanizmlərin və toxunan parçanın keyfiyyətinə nəzarət. Düyünlənmiş və dəzgaha doldurulmuş əriş sapların emal edilməsi. Növbə ərzində işin planlaşdırılması və xidmət maşınlarının seçilməsi. Dəzgahların təmirdən qəbul edilməsində iştirak etmək. Avadanlıqları və iş yerini qaydaya salmaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası haqqındakı qərarı, güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir. Praqraf 26. Yüngül sənaye. 26.1 Toxuculuq sənayesi darama-toxuma avadanlığının operatoru. 181.” Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 10 ildən artıq güzəştli iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin əsasını təşkil edən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının yetərli olmaması ilə bağlı qeyd edir ki, iddiaçının 20 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1677/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1677/2022 saylı, 07 fevral 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar