Məhkəmə qərarları › İş №2-1(103)-1886/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1886/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1886/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5926/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o,1961-ci il təvəllüdlüdür. 19 oktyabr 1979-cu il tarixdən xx.xx.2000-ci il tarixə qədər, yəni 22 il Bakı Şin zavodunda zərərli iş rejimində işlədiyi üçün «güzəştli şərtlərlə yaşa görə» pensiya hüququna malikdir. Əvvəldən qeyd etmək istəyir ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası (07 fevral 2006-cı il tarixli № 54-İİQ) Qanunu şamil edilə bilməz. Ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 22 noyabr 1992-ci il tarixli Qanunu şamil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək, 2017-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavab gəlməmişdir. Təkrarən 2021-ci ildə göstərilən təşkilata müraciət etmişdir və cavabdehdən qanunazidd cavab almışdır. Ona, güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxsə cavabdeh 17 fevral 2021-ci il tarixli, **********2 saylı məktubla rədd cavabı göndərmiş və məktubun sonunda qeyd etmişdir ki, müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var. O da, bu hüquqdan istifadə edib Əmək və Əhalinin Sosial Müdafiə Nazirinə iki dəfə müraciət etməli olmuşdur. Birinci müraciətinə cavab ala bilmədiyi üçün, ikinci dəfə müraciət etmişir və 27 oktyabr 2021-ci il tarixli, **********6 saylı məktubu 07 yanvar 2022-ci ildə uzun sürən axtarışdan sonra almış və məhkəməyə müraciət edir. Cavabdeh məktubunda Azərbaycan Respublikasının Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 1597 saylı Fərmanına istinadən onun qanuni xahişini əsassız rədd etmişdir. Cavabdeh məktubunda qeyd edir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığorta olunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24022,97 manat təşkil edir». O, hesab edir ki, göstərilənlər ona şamil edilməməlidir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 8-ci bölməsinin «Kimya istehsalatı»nın 8.3.3. punktunun «a» bəndinin altına düşür. Qanun güzəştli pensiyaya çıxmaq üçün 12.5 il əmək stajı tələb edirsə, o, zərərli şəraitdə və rejimdə 22 il işləmiş, yəni 19 oktyabr 1979-cu ildən xx.xx.2000-ci ilə qədər dövr ərzində. Odur ki, cavabdehin 17 fevral 2021-ci il tarixli **********2 saylı cavabı ona şamil edilə bilməz (Qeyd etmək istəyir ki, 2017-ci ildə yazıdığı məktuba - ərizəyə cavab almamışdır). Çünki, 22 noyabr 1992ci il tarixli «Əmək pensiyaları haqqında» Qanuna əsasən, o, 1979-cu ildən 2000-ci ilə qədər dövlət müəssisəsində işlədiyi üçün (Şin zavodu 2002- ci ildə özəlləşib, ASC olub) pensiyası da, olmalıdır. Təkrar edir ona görə ki, güzəştli pensiyanı 2000-ci ilə kimi o, artıq əldə etmişdir və o, işdən çıxanda zavod dövlət fondunun tərkibində idi. Pensiya kapital yığımı onun pensiya almasına sipər deyil. Məktubda Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 saylı Fərmanına istinad edilir. Qeyd etmək istəyir ki, göstərilən Fərmanın ağırlaşdırıcı halda geriyə qüvvəsi yoxdur və o ona aid deyil. Bir faktı da, qeyd etmək istəyir ki, məktubda göstərilir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi, fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24022,97 manat təşkil edir. Təkrarən qeyd edir ki, bu hal ona şamil edilmir, çünki, o, güzəştli pensiyasını 2000-ci ilə qədər qazanmışdır, pensiya kapital yığımı 2006-cı ilin fevral ayından başlanıb. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5926/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı Həzəpaşa oğluna 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5926/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmasına baxmayaraq, xx.xx.2006-cı il tarixədək kifayət qədər ümumi sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Belə ki, Bakı İnzibati Məhkəməsinin qərarında istinad edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli arayışı mötəbər sübut hesab edilməməlidir.Belə ki, həmin dövr iddiaçının əmək kitabçasında öz əksini tapmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5926/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 39000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 24027,14 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. - iddiaçının adına xx.xx.1978-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, xx.xx.1978-xx.xx.1979,xx.xx.1979-xx.xx.1979-cu illərdə iddiaçı əmək fəaliyyəti göstərmiş, xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. - iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Sovet ordu Sıralarında hərbi xidmətdə olmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən "xxxx" Firmasında 15 fevral 2000-ci il tarixdən satıcı işinə qəbul edilmiş, 2006-cı ilin yanvarında işdən öz xahişi ilə azad olunmuşdur - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********574300 nömrəli məktubla təqdim edilmiş cavabdan müəyyən edilir ki, "xxxx" MMC (VÖEN:**********) xx.xx.1993-cü il tarixdə 2048 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının bazasında yaradılmış və onun hüquqi varisidir. "xxxx" MMC-nin (VÖEN:**********) ləğv olunması və təşkilati-hüquqi formasının dəyişməsi barədə məlumat müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixə olan uçot baza məluatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə ********* nömrəli VÖEN-lə, xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınması, fəaliyyətinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il taraixdən bərpa olunması, xx.xx.2022-ci il taixdən xx.xx.2028-ci il tarixədək dayandırılması və hazırda dayandırılmış vəziyyətdə olması barədə məlumat mövcuddur. - iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş vergi 2003, 2004, 2005, 2006-cı il tarixlərə dair vergi bəyannamələrindən və vergi ödənişləri barədə qəbzlərin surətlərindən görünür ki, bəyannamələr hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkarı qrafasında imza edilməklə İddiaçı tərəfindən vergi orqanına təqdim edilmişdir. Vergi məbləğləri İddiaçı tərəfindən ödənilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “ işin hallarının hərtərəfli araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, xüsusi iş stajı isə 12 il 6 aydan artıq təşkil etmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Hazırkı iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qanunvericiliklə nəzərdə tutulmuş hər iki şərt ödənilir. iddiaçının xx.xx.2006-cı il tarixə qədər 12 il 06 aydan artıq güzəştli iş stajının mövcud olması işin cavabdeh tərəfindən mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir ki, iş materiallarına əsasən iddiaçının "xxxx" MMC-dəki 2000-2006-cı il tarixlərdə dövrü istisna olmaqla, (cavabdehin mübahisələndirdiyi dövr) iddiaçının 20 il 6 ay 22 gün (3989507 nömrəli hərbi biletə əsasən, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmət keçdiyi 2 il 1 ay, əmək kitabçasına əsasən isə xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 1 il 1 ay 3 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi 17 il 4 ay 19 gün) təşkil edir. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili olan iddiaçının "xxxx" MMC-dəki 2000-2006-cı il tarixlərdə dövrün ümumi iş stajına daxil edilməməsi ilə bağlı hesab edir ki, göstərilən dəlil əsassızdır. Belə ki, Sözügedən dövrlər məhkəmə tərəfindən araşdırılmış və daxil olmuş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətində "xxxx" MMC (VÖEN:**********) xx.xx.1993-cü il tarixdə 2048 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının bazasında yaradılmış və onun hüquqi varisidir. "xxxx" MMC-nin (VÖEN:**********) ləğv olunması və təşkilatihüquqi formasının dəyişməsi barədə məlumat müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə ********* nömrəli VÖEN-lə, xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınması, fəaliyyətinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il tarixdən bərpa olunması, xx.xx.2022-ci il taixdən xx.xx.2028-ci il tarixədək dayandırılması və hazırda dayandırılmış vəziyyətdə olması barədə məlumat mövcuddur. İddiaçı sözügedən müəssisədə işlədiyi dövrlərdə səlahiyyətli şəxs kimi vergi orqanına bəyannamələr təqdim etmiş və vergi orqanına müvafiq ödənişlər etmiş, buna dair vergi orqanı tərəfindən qəbzlər təqdim edilmişdir. Məhkəmə qeyd edilən sübutları nəzərə alaraq aşağıdakı qanunvericiliyin normalarına istinad etməklə hesab edir ki, iddiaçının "xxxx" MMC-də işlədiyi dövrlər onun sığorta stajına daxil edilməlidir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxoz da iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002- ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı mövcud olduğundan, iddia tələbi əsaslıdır Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5926/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5926/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar