Məhkəmə qərarları › İş №2-1(103)-1886/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1886/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1886/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndələri X2 və Vəkil (vəkil), cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2476/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. "xxxx" ASC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ASC-yə 187 223,22 manat məbləğdə vergi hesablanmasına dair Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 aprel 2023-cü il tarixli, **********251600 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cəmiyyətinə kameral vergi yoxlaması zamanı 28 aprel 2023-cü il tarixli, **********251600 saylı qərarla, 2023-cü ilin yanvar ayı üzrə 187 223,22 manat məbləğdə əlavə vergi hesablamışdır. Vergi orqanı özünün 28 aprel 2023-cü il tarixli, **********251600 saylı qərarını onunla izah etmişdir ki, ASC tərəfindən 2023-cü ilin yanvar ayı üzrə əvəzləşməyə təqdim edilmiş EBBN seriyalı 215266 nömrəli, EBBN seriyalı 052241 nömrəli, EBBP seriyalı 044766 nömrəli, EBBP seriyalı 158500 nömrəli, EBBP seriyalı, 699055 nömrəli və sair elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğuna görə həmin əməliyyatlar əvəzləşdirməyə əsas vermir. Qeyd olunan əməliyyatlar üzrə cəmi 187 223,22 manat ƏDV məbləği vergi orqanı tərəfindən əvəzləşdirildiyi üçün həmin ay üzrə təqdim edilmiş bəyannamələr üzrə eyni məbləğdə, yəni 187 223,22 manat məbləğdə kənarlaşma yaranmışdır. İddiaçının həmin qərarından inzibati şikayət təmin edilməmiş, bununla da iddiaçıya əsassız olaraq ümumilikdə 187 223,22 manat ƏDV hesablanmışdır. Həmin qərarda təqdim edilən metal qırıntıları ilə Cəmiyyətin aldığı metal qırıntılarının çəkisi arasında 86 ton fərq yarandığı qeyd olunub. İşə əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, vergi orqanının öz qərarında qeyd etdiyi bu fərq də tamamilə əsassız və absurddur. "Despart LL MMC ilə 25 noyabr 2021-ci ildə, "xxxx" MMC ilə isə 11 dekabr 2021-ci ildə ASC arasında metal qırıntılarının alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən 26 noyabr 2021-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək qeyd olunan MMC-lərdən ASC tərəfindən 3 768 267,31 manat dəyərində, 5 880,56 ton metal qırıntıları alınmışdır. Buna dair 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayları üzrə müvafiq qaimələr təqdim olunmuş, vergi orqanına rəsmi bəyannamələr verilmiş və həmin əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmişdir. Vergi orqanının isə ASC-yə dəyəri 7 895 911 manat olan 12 949 ton qara metal tullantıları təqdim edildiyi barədə məlumatı haradan götürdyü məlum deyil. Vergi orqanı qanuni əsaslarla aparılmış əvvəlki əvəzləşmələri ləğv edib, 2023-cü ilin yanvar ayı üzrə heç bir əməliyyat aparılmadığı halda, həmin ay üçün qanunsuz olaraq 187 223,22 manat məbləğdə ƏDV hesablamışdır. Bundan başqa, Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin 01 sentyabr 2023-cü il tarixli, **********914200 saylı qərarı ilə də təsdiq olunur ki, vergi orqanının 21 fevral 2022-ci il tarixli, **********316000 saylı və 03 mart 2023cü il tarixli, **********490100 saylı qərarları ilə "Despart LL MMC və "xxxx" MMC riskli vergi ödəyiciləri elan edilmişdir. Lakin işdə olan elektron qaimələrdən və bank ödənişlərinə dair bildirişlərdən də görünür ki, həmin əməliyyatlar 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar aymadək olan dövr üzrə aparılmışdır. ASC tərəfindən qeyd olunan əməliyyatlar aparılan dövrdə "Despart LL” MMC və "xxxx" MMC vergi orqanının qərarı ilə riskli vergi ödəyiciləri elan edilməmişdilər. Buna görə də həmin əməliyyatların riskli vergi ödəyiciləri ilə aparılan əməliyyat hesab edilməsi və vergi orqanının iddiaçıya 187 223,22 manat məbləğdə ƏDV hesablaması tamamilə qanunsuz, əsassız və absurddur. Buna görə də Vergi Məcəlləsinin 175.11-ci maddəsinə istinad olunaraq, həmin şəxslərlə aparılan əməliyyatlar üzrə verginin əvəzləşdirilməsindən imtina oluna bilməz. Bundan başqa, həmçinin, nəzərə alınmalıdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" **********4822 saylı, 21 avqust 2021-ci il tarixli; **********4824 saylı, 21 avqust 2021-ci il tarixli; **********7484 saylı, 07 sentyabr 2021-ci il tarixli; **********7493 saylı, 16 may 2022-ci il tarixli və **********7496 saylı, 16 may 2022-ci il tarixli sair qərarları əsasında həmin dövrlərdə ASC-nin bütün fəaliyyəti və alqı-satqı müqavilələri üzrə müşahidə və operativ nəzarət tədbirləri həyata keçirilmiş və həmin dövrlərdə ASC-nin aldığı metal məhsullarını satan şəxslərin fəaliyyəti də vergi orqanının əməkdaşları tərəfindən nəzarətdə saxlanılmışdır. Buna görə də həmin dövrdə fəaliyyəti daim nəzarət altında saxlanılan iddiaçının "Riskli vergi ödəyiciləri" siyahısına daxil edilmiş şəxslərdən mal alması mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, "Riskli vergi ödəyiciləri" siyahısına daxil edilmiş şəxslərə elektron qaimə-faktura göndərilərkən elektron sistemdə bu barədə məlumat üzə çıxır. Bu halda da həmin şəxslərlə alqı-satqı müqaviləsinin bağlanılması və malların alınması mümkün deyildir. Bu fakt da iddiaçının mal aldığı şəxslərin həmin dövrlərdə "Riskli vergi ödəyiciləri" siyahısına daxil edilmədiyini bir daha təsdiq edir. Bundan başqa, vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adları qeyd olunan şəxslərdən mal aldığı dövrlərdə həmin şəxslərin "Riskli vergi ödəyicilərinin siyahısı" na daxil edilmələri barədə digər vergi ödəyicilərinə, o cümlədədn iddiaçıya heç bir məlumat verilməmişdir. Vergi orqanı tamamilə fərqli və qanunsuz olan qərar qəbul etmişdir. Bununla da vergi orqanı tam əsassıs olaraq, iddiaçıya metal satan şəxslərin "Riskli vergi ödəyiciləri" siyahısına daxil edildiyini əsas götürərək, iddiaçı haqqında "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə" qanunsuz və əsassız qərar qəbul etmiş və ASC-yə ümumilikdə 187 223,22 manat məbləğdə vergi hesablayaraq həmin məbləği iddiaçının bank hesabından tutmuşdur. Həmin qərardan iddiaçının verdiyi inzibati şikayət isə əsassız olaraq təmin edilməmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2003-cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış, ərizəsinə əsasən əsas fəaliyyət növü "fasiləsiz tökmə zamanı alınan məhsullar daxil olmaqla isti və soyuq yayma üsulu ilə polad məhsulların istehsalı”ndan ibarət olmuşdur. 2023-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş, 187 223.22 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********251600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir Həmin qərarla, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən ƏDV bəyannaməsində (12.2021) əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********557700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-ci ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 187 223.22 manat əlavə vergi məbləği hesablanmışdır İnzibati araşdırma zamanı iddiaçı tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş ƏDV məbləği 130556.56 manat olan elektron qaimə-fakturaların 2021-ci ilin dekabr ayı və 2022-ci ilin yanvar ayı üçün təqdim edilən ƏDV bəyannamələrində, "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş ƏDV məbləği 56666.65 manat olan elektron qaimə-fakturaların 2021-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilən ƏDV bəyannamələrində əvəzləşdirildiyi müəyyən edilmişdir. Elektron qaimə-faktura məlumatlarına əsasən "xxxx" MMC tərəfindən xx.xx.2021- ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7 895 911 manat dəyərində 12 949 ton "qara metal tullantıları" təqdim edilməsinə baxmayaraq iddiaçının əldə edilmiş elektron qaimə fakturalar, elektron alış aktları və idxal əməliyatları araşdırılmaqla 12 863 ton "qara metal tullantıları"ı aldığı müəyyən edilmişdir. Həmçinin xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 2096643,63 manat dəyərində "armatur və qara metal" və digər mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin malların müəssisə tərəfindən alındığı müəyyən edilməmişdir. Alınmış və təqdim edilmiş malların miqdarında fərq yarandığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’na əsasən həmin əməliyyatlar vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC və "xxxx" MMC-nin riskli vergi ödəyicilər olması barədə vergi orqanı qərar qəbul etmişdir. Araşdırma zərurəti ilə əlaqədar "xxxx" MMC və "xxxx" MMC-yə araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə müvafiq məktublar göndərilmiş, xx.xx.2023-cü il tarixdə vergi ödəyicilərinin Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə baxmayaraq, vergi ödəyicilərinin səlahiyyətli nümayəndələri inzibati araşdırmada iştirak etməmiş, tələb edilən təsdiqedici sənədlər inzibati araşdırmaya təqdim edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2476/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 aprel 2023-cü il tarixli **********251600 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...vergi orqanında aparılan araşdırmalar zamanı yuxarıda adları qeyd olunan vergi ödəyicilərinin qeyd edilən tarixlərdə məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Müvafiq sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Vergi Məcəlləsində nəzərdə tutulmuş məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmçinin xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla, istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) Vergi Məcəlləsində nəzərdə tutulduğu hallarda aparılır. Xronometraj metodu ilə müşahidənin keçirilməsində məqsəd vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsidir. Belə ki, "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" qərarlar məhz qərarda ad və VÖEN-i qeyd edilən vergi ödəyicisinə münasibətdə qəbul edilir, həmin ödəyicinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədini ehtiva edir və həmin ödəyicinin istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) Vergi Məcəlləsində nəzərdə tutulduğu hallarda aparılır. Operativ vergi nəzarəti tədbirləri keçirilən zaman vergi ödəyicisinin qarşılıqlı əməliyyat apardığı digər vergi ödəyicilərinin fəaliyyətinə cavabdeh orqan nəzarət edə bilməz. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə “İnzibati iş üzrə icraatın dayandırılması” barədə vəsatətlə müraciət edilmiş, cavabdehin "xxxx" xx.xx.2022-ci il tarixli qərarına əsasən ASC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən 2019 dekabr-2022 noyabr tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi bildirilmiş, səyyar vergi yoxlamasının iddiaçının riskli hesab edilən əməliyyatları apardığı dövrləri də əhatə etməklə (2021 noyabr-2022 yanvar riskli əməliyatların aparıldığı dövr, 2019 dekabr-2022 noyabr- səyyar vergi yoxlamasının aparıldığı dövrü) keçirilməsi və iddiaçının vergilərin hesablanması üçün zəruri hesab etdiyi hallara və sənədlərə səyyar vergi yoxlaması zamanı münasibət bildiriləcəyi qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən müvafiq vəsatət nəzərə alınmamış, qeyd edilən hallara, ümumiyyətlə, münasibət bildirilməmişdir. Bundan əlavə, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Başİdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasınınxx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik (qərar əlavə olunur). Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar ləğv edilməli, iddia rədd olunmalıdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndələri S.Əliyev və Vəkil (vəkil) isə cavabdehin şikayətini əsassız hesab edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********251600 nömrəli qərarının ləğv edilməsini tələb etmişdir. İş materiallarına əlavə olunmuş həmin qərardan isə görünür ki, 2023-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilərək əlaqəli məlumatlara əsasən iddiaçıya 187.223,22 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh iddia əriəzsinə etirazına və ona əlavə edilmiş sənədlərə və onun hazırkı apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, cavabdeh vergi orqanı mübahisələndirir ki, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən ƏDV bəyannaməsində (12.2021) əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə əməliyyatlar riskli vergi ödəyiciləri ilə aparıldığından əvəzləşdirilməyə əsas verməmişdir (Bununla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuş, lakin sonuncu təsdiqedici sənədləri və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etməmişdir). Konkret olaraq cavabdeh mübasələndirir ki, iddiaçı tərəfindən mübahisələndirilən dövrdə: - "xxxx" MMC-dən əldə edilmiş 130556.56 manat ƏDV məbləği olan elektron qaiməfakturaların 2021-ci ilin dekabr ayı və 2022-ci ilin yanvar ayı üçün təqdim edilən ƏDV bəyannamələrində; - "xxxx" MMC-dən əldə edilmiş 56666.65 manat ƏDV məbləği olan elektron qaiməfakturaların 2021-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilən ƏDV bəyannamələrində - əvəzləşdirilmişdir. - "xxxx" MMC tərəfindən xx.xx.2021- ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7 895 911 manat dəyərində 12 949 ton "qara metal tullantıları" təqdim edilməsinə baxmayaraq iddiaçının əldə edilmiş elektron qaimə fakturalar, elektron alış aktları və idxal əməliyatları araşdırılmaqla 12 863 ton "qara metal tullantıları" aldığı, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi, 2096643,63 manat dəyərində "armatur və qara metal" və digər mallar təqdim edildiyi halda, baza məlumatlarına əsasən həmin malların müəssisə tərəfindən alındığı müəyyən edilməmişdir. Apellyasiya şikayətində cavabdeh birmənalı olaraq qeyd edir ki, vergi orqanında aparılan araşdırmalar zamanı adları qeyd olunan vergi ödəyicilərinin qeyd edilən tarixlərdə hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmiş, müvafiq sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq lakin məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin mübahisələndirilməyən hallarına görə Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin 01 sentyabr 2023-cü il tarixli, **********914200 saylı qərarından görünür ki, "Despart LL MMC və "xxxx" MMC vergi orqanının 21 fevral 2022-ci il tarixli, **********316000 saylı və 03 mart 2023-cü il tarixli, **********490100 saylı qərarları ilə riskli vergi ödəyiciləri elan edilmişdir. Lakin işə əlavə olunmuş elektron qaimələrdən və bank ödənişlərinə dair bildirişlərdən, habelə, o cümlədən hazırkı mərhələdə siyahı şəklində məhkəməyə təqdim olunmuş elektron vergi hesab fakturalarından görünür ki, mübahisələndirilən riksli vergi ödəyiciləri hesab edilən həmin vergi ödəyiciləri ilə aparılan əməliyyatlar 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar aymadək olan dövr üzrə aparılmışdır. Başqa sözlə, "Despart LL MMC və "xxxx" MMC həmin vaxt hələ riskli vergi ödəyici hesab edilməmiş, riskli vergi ödəyicilərin siyahısına daxil edilməmişlər. Belə olan halda, iddiaçının həmin vergi ödəyiciləri ilə 2021-ci ilin dekabr və ya 2022-ci ilin yanvar aylarında aparılan əməliyytların əmtəəsiz əməliyyatlar kimi qiymətləndirilməsi və təqdim edilmiş elektron qaiə fakturalrarın qəbulundan və ƏDV-nin əvəzləşdirilməsindən imtina olunması qanunsuzdur. Beləliklə də, iddiaçının mübahisli əməliyyatlar aparılarkən vergi qanunvericiliyinə zidd olan təqsirli hərəkətləri mövcud olmamış, qanunvericiliyə uyğun qaydada elektron qaiməfakturaların təqdim edilməsi yolu ilə riskli vergi ödəyicisi hesab edilməyən şəxslərələ əməliyyatlar həyata keçirilmişdir. Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması və həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmamasına görə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilərək mübahisələndirilən qərarın ləğv edilməsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarda gəldiyi nəticənin həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2476/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2476/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar