Məhkəmə qərarları › İş №2-1(103)-1886/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1886/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1886/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Niftalıyeva Günel Ziya qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “3-cü şəxslərin qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2695/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “X19, X8, X15, X20, X16, X5, X17, X6 və X3 iddiaçı və ailəsinin faktiki mülkiyyətində olan və yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hüseyn Məmmədov küçəsi, ev 5, 38 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri X18 icraiyyə komitəsinin 237745 №-li orderinə əsasən iddiaçının qaynanası X4 yaşaması üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hüseyn Məmmədov küçəsi, ev 5, 38 nömrəli mənzil faktiki mülkiyyətə verilmişdir. 580722 №-li ölüm haqqında şəhadətnaməyə əsasən X9 13 dekabr 2012-ci il tarixdə vəfat etmişdir. 241654 №-li ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının əri X10 isə 22 mart 2007-ci il tarixdə vəfat etmişdir. Hazırda sözügedən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hüseyn Məmmədov küçəsi,ev 5, 38 nömrəli mənzildə İddiaçı (xx.xx.1972), onun qızları X11 (xx.xx.1997) X9 (xx.xx.1993), oğulları X14 (xx.xx.1999), X12 (xx.xx.1994)yaşamaqla qeydiyyatdadır, X5 (xx.xx.1985), X6 (xx.xx.2009), X8 (xx.xx.1989), X19 (xx.xx.1992), X15 (xx.xx.1991), X20 (xx.xx.1982), X17 (xx.xx.1992), X7, (xx.xx.2015), X16 isə həmin ünvanda yaşamamaqla qeydiyyatdadırlar. **********566 №-li ərizə ilə iddiaçının qonşuları X13 və Ağayeva Günel Vəkil qızı X19, X8, X15, X20, X16,X5,X17,X6 və X3 ünvan 1 ünvanında qeydiyyatda olsalar da, orada yaşamadıqlarını təsdiq etmişlər. Qaradağ RPİnin xx.xx.2024-cü il tarixli 3-13-48/2-M-14076/2024 №-li məktubundan görünür ki, iddiaçı Müşfiqə X2, X8, X15, X20, X16, X5, X17, X6 və X1 mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı polis idarəsinə müraciət etmiş, lakin müraciətinə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2695/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.2. iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddiaçı hazırkı iddia tələbi ilə üçüncü şəxslər X19, X8, X15, X20, X16, X5, X17, X6 və X3 iddiaçı və ailəsinin faktiki mülkiyyətində olan və yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hüseyn Məmmədov küçəsi, ev 5, 38 nömrəli mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Kollegiya hesab edir ki, iddiaçı mübahisəli mənzilə dair öz istifadə hüququnu təsdiq edən sübut qismində 237745 nömrəli orderi təqdim etsə də, həmin orderdə onun adı qeyd edilməmişdir. İddiaçının yaşadığı mənzilin kirayəçisi olmasına və ya kirayəçi ölmüş şəxsin vərəsəsi olmasına dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə sübutların mövcud olması barədə məlumat bildirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırda mübahisəli mənzilə dair mülkiyyət və ya istifadə hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, müvafiq sənədlərlə (kirayə müqaviləsi, şəxsi hesabı və s.)təsdiq olunmadığı üçün onun qanun çərçivəsində hüquqlarının müdafiəsinə yol verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2695/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar