Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1887/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı pulun ödənilməsi tələbi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2256/2021 saylı 20 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı (üçüncü şəxs Nəsimi rayon İcra Şöbəsi) X4 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 2- 1(81)-781 /2016 saylı, 18 may 2016-cı il tarixli qərarı ilə mərhum əri X3 Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin X8 İdarəsində polis nəfəri vəzifəsində 1980-cı ildən 1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500-2000 metrədək yüksəklikdə işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi vəzifəsinin Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəyə minmiş və icra sənədi 01 noyabr 2018-cı ildə Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilərək, icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elvin Qulubəylinin icraatına verilmişdir. İş üzrə məhkəmə icraatı davam etdiyi dövrdə iddiaçı X6 vəfat etdiyindən, onun prosessual hüquqi varisi kimi tanınaraq halhazırda tələbkar qismində çıxış edir. Cavabdeh ödənilməli olan müavinətin məbləğinin məhkəmə qərarı ilə dəqiq müəyyən olunmamasından sui-ıstifadə edərək, qeyri-müəyyən və cüzi məbləğlər ilə öhdəliyin qanuni şəkildə icrasından yayınmaq məqsədi güdür. Bu səbəbdən artıq iki ildir ki qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunmur. Halbuki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi üzrə” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə, “ədalətli məhkəmə araşdırması hüququ” işə baxan məhkəmənin qərəzsizliyi və obyektivliyi, işin hərtərəfli və ağlabatan müddətdə araşdırılması ilə yanaşı məhkəmənin yekun qərarlarının qanuni qüvvəyə mindikdən dərhal sonra icra edilməsini də ehtiva edir. Cavabdehin qeyri-müəyyən və anlaşılmaz mövqeyi, qanuni mənafeyinin kobud şəkildə pozulması səbəbindən tələbkara, onlara ödənilməli olan müavinətin məbləğinin müəyyən olunması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Müavinətin məbləğinin hesablanması zamanı “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, müəssisə, idarə və təşkilatların işçilərinin əmək haqqı, onlara ödənilməli olan müavinətlərin məbləği indeksləşdirilməlidir. 1-ci maddəsinə görə indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunda verilən indeksləşdirmənin mahiyyətini və məqsədini əks etdirən tərif məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin də indeksasiyasına tətbiq oluna bilər. Qeyd olunan normaların məzmununa və indeksləşdirmənin mahiyyətinə uyğun olaraq, istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq, vətəndaşlara ödənilməli olan əmək haqqı, pensiya, təqaüd, müavinətlər əvvəlki əmək haqqı məbləği əsasında deyil, hal-hazırda həmin vəzifə üçün müəyyən olunan əmək haqqı məbləği nəzərə alınmaqla hesablanmalıdır. AR DİN Baş Mühafizə İdarəsi tərəfindən ödənilməli məbləğ hesablanarkən X3 tutduğu vəzifə üçün hal-hazırda müəyyən olunmuş əmək haqqı məbləği əsas götürülməlidir. Onlarda olan məlumata görə, hal-hazırda Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin X8 İdarəsində polis nəfəri vəzifəsində (X1) dəniz səviyyəsindən 1500-2000 metrədək yüksəklikdə işləyən qulluqçuların vəzifə maaşı 800 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 2-1(102)-1350/18 saylı qərarına əsasən, iş üzrə apelyasiya baxışında müəyyən olunmuş hallara və mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan, o cümlədən keçmiş SSRİ dövründə “SSRİ-nin xalq təsərrüfatının bütün şöbələrinin fəhlə və işçilərinin əmək haqlarının nizamlanması və yeddi və altı saatlıq iş gününə keçirmə müddətinin bitməsi haqqında” X9 Partiyası Mərkəzi Komitəsinin, SSRİ Nazirlər Sovetinin və X2 Mərkəzi Sovetinin 1959-cu il 19 sentyabr tarixli 1120 nömrəli qərarının həyata keçirilməsi” ilə əlaqədar Azərbaycan SSR KP MK, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının 1 dekabr 1959-cu il tarixli, 1043 nömrəli Qərarının 2 nömrəli Əlavəsinə görə, dəniz səviyyəsindən hündürlükdə çalışan işçilərə -1500 - 2000 metr yüksəkliyə görə 15 % əmsal müəyyən olunmuşdur. Belə olan halda 1980-1997-ci illər üçün cavabdeh tərəfindən ödənilməli olan müavinət məbləği 24.480 AZN təşkil edir. Cavabdeh tərəfindən müavinətin ödənilməsi uzun müddət gecikdirildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə müvafiq olaraq, ödənilməli olan məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunan bank uçot faiz dərəcələri + azı 2% qaydasında faizlər hesablanmalıdır. Həmin maddədə müəyyən olunmuşdur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 2018-cı ilin dekabr ayından - 2020-cı ilin oktyabr ayınadək müvafiq faizlərin məbləği 4.687 AZN təşkil edir. Habelə, mübahisə ilə bağlı hüquqi yardım almaq üçün xərci 500 AZN təşkil edir. Mövcud olan qeyri-müəyyən vəziyyətin aradan qalxması və hüquqlarının səmərəli şəkildə bərpa olunması üçün 1 saylı Bakı İnzibati-İqtısadi Məhkəməsinin 2-1(81)-781/2016 saylı, 18 may 2016-cı il tarixli qərarına əsasən, cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi tərəfindən X4 ödənilməli olan müavinətin məbləğinin 24.480 manat müəyyən edilməli və müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2256/2021 saylı 20 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışıdır (hakim: E.Əliyev) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, onun və digər proses iştirakçılarının iştirakı ilə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərəzli mövqe tutaraq, heç bir əsas və səbəb olmadan 4 dəfə (16.11.2020-ci il saat 09:40, 10.12.2020-ci il saat 11:40, 03.03.2021-ci il saat 10:10 və 20.05.2021-ci il saat 10:00) məhkəmə hazırlıq iclası keçirmiş və sonuncu iclasda "hüquqi yardım haqqında" məktubu ona təqdim etmişdir. Qərardadda qeyd edilib ki, guya tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirilməsi ilə bağlıdır və bu səbəbdən məhkəməyə iddia ərizəsi ilə deyil Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən ərizə ilə müraciət edilməli idi. Lakin məhkəmə nəzərə almayıb ki, onun iddia tələbi indeksləşdirmə aparılması ilə bağlı deyil, iddia tələbi puldur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs Nəsimi rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı X4 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirilməsi ilə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı tutulmalı olan pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirilməsi ilə bağlı tələbə müstəqil olaraq iddia icraatı qaydasında baxılması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, qanunvericilikdə hazırki iddia ərizəsinə iddia icraatı qaydasında baxılması nəzərdə tutulmadığından və iddiaçı iddia ərizəsi ilə (müvafiq ərizə ilə deyil) məhkəməyə müraciət etdiyindən hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia ərizəsindən görünür ki, iddiaçı 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 2- 1(81)-781 /2016 saylı, 18 may 2016-cı il tarixli qərarına əsasən mərhum əri X3 Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin X8 İdarəsində polis nəfəri vəzifəsində 1980-cı ildən 1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500-2000 metrədək yüksəklikdə işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi vəzifəsinin Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə həvalə edildiyini, lakin müavinətlərin düzgün hesablanmadığını bildirərək, cavabdeh tərəfindən X4 ödənilməli olan müavinətin məbləğinin 24.480 manat müəyyən edilməsini və müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsini xahiş edir. Göründüyü kimi hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı tutulmalı pul məbləğinin iddiaçının mərhum ərinin işlədiyi vəzifə üçün müəyyən olunan əmək haqqı məbləği nəzərə alınmaqla hesablanaraq verilməsi ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi tutulmalı pul məbləğinin müvafiq indeksasiyasının həyata keçirilməsi ilə bağlı olduğunu əsas gətirərək iddianı mümkün saymamış və düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçıya hüquqi yardım göstərilməsinə baxmayaraq, onun iddia tələbini dəqiqləşdirməməsi barədə məhkəmənin gəldiyi nəticə də işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş 20.05.2021-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə "hüquqi yardım haqqında" məktubu iddiaçıya təqdim etmişdir. Qeyd olunan məktubda isə iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirilməsi ilə bağlı olduğu və iddiaçı ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etməsi bildirilmişdir. Bununla da, məhkəmənin gəldiyi nəticə İPM-nin 35.1-ci maddəsinin mənasına ziddir. Qeyd edilən normanın tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu səbəbdən də apelyasiya şikayəti əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2256/2021 saylı 20 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1887/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1887/2021
13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver