Məhkəmə qərarları › İş №2-1(103)-1887/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1887/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1887/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-5821/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə etdiyi müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. xx.xx.1996-cı ildən xx.xx.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalları ilə təltif olunmuşdur. Xidmətinin çox bir hissəsini Xüsusi Təyinatlı və Kəşfiyyat hərbi hissələrdə, axırıncı N ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Hal hazırda ehtiyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2014-cü ildən 2-ci qrup müharibə əlildir. Müraciətinə əsasən xx.xx.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə ona əyani müayinəyə göndərildi, müayinə olundu və onun əlilliyinin səbəb əlaqəsi dəyişdirildi. Sonradan xx.xx.2021-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edildikdə ona xx.xx.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin olundu. Hətta bu barədə xx.xx.2021-ci il tarixə kimi dəfələrlə, xx.xx.2021-ci il tarixdə isə axırıncı dəfə onun şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X2 Heyətinin sədrinin müavini Mətanət Məmmədovadan cavab məktubu şəxsi kabinetə yerləşdirərək “0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi qeydlər aparılmışdır. Eyni zamanda bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək onun elektron şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin tələblərinə əsasən 0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir kimi yazılmış 28 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə ona göndərilməmişdir, bu barədə o məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə o şəxsi kabinetinə baxış keçirən zaman görüb ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşüb, əlilliyin axırıncı qiymətləndirilməsi sistemdən silinib, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir, bu səbəbdən də o cavabdehə dəfələrlə müraciət edib. Hal-hazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixdə müraciətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cavab verilməyərək “Vətəndaşların müraciətləri haqqında" Qanunun tələbləri növbəti dəfə pozulmuşdur. Bu səbəbdən də hesab etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci və 10-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-5821/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: H.Ağalarov) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və iddia tələbinin mümkün hesab edilərək Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.0.11-ci maddəsinə əsasən yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciətdir. - 3.0.12-ci maddəsinə əsasən elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciətdir. - 6.2-ci maddəsinə görə yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. - 6.7-ci maddəsinə əsasən elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir. - 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. - 7.4-cü maddəsinə görə vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. - 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. - 7.6-cı maddəsinə görə elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. - 8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İşdən görünür ki, iddiaçı müxtəlif tarixli, lakin eyni məzmunlu ərizələrlə cavabdeh orqana müraciət edərək, xx.xx.2021-ci ildə əyani müayinə olunmağını nəzərə alaraq ona 2ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsinə köməklik edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış elektron sənədin surətindən görünür ki, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsindən daxil olmuş müraciətinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilir ki, X1 X3 və səbəb əlaqəsi barədə xx.xx.2021-ci ildə keçirilən əyani komissiyanın müvafiq qərarına əsasən, hal-hazırda o “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə xx.xx.2016-cı ildən beş il müddətinə ikinci dərəcə əlillik statusuna malikdir. Növbəti müayinə tarixi - xx.xx.2021-ci il. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar o göndərişin (forma-088) tərtibi məqsədilə qeydiyyatda olduğu dövlət tibb müəssisəsinə müraciət etməlidir. Qeyd olunan **********5 nömrəli məktub xx.xx.2021-ci il tarixdə imzalanmış və iddiaçının yaşadığı ünvan 1 ünvanına göndərilmiş və müraciətin icra statusu tam icra olunub şəklində qeyd edilmişdir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, cavabdeh tərəfindən onun elektron ünvanına 28 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə ona göndərilməmişdir, bu səbəbdən o məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı elektron müraciətinə poçt vasitəsilə yazılı cavab məktubunun təqdim edilməsini tələb edirsə (cavabdehin elektron müraciətə elektron qaydada cavab verildiyi müəyyən olunsa belə) bu halda iddiaçı ilk növbədə cavabdeh orqana yazılı müraciət etdiyini və həmin yazılı müraciətə cavab məktubunun poçt vasitəsilə ünvanına göndərilməsini xahiş etdiyini sübut etməlidir. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.6-cı maddəsinə əsasən elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Lakin, iş materialları ilə iddiaçının elektron müraciətə yazılı cavab verilməsi ilə bağlı Agentliyə müraciət etməsi sübuta yetirilmir. Bundan başqa iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(112)-8104/2021 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilərək ona xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-855/2022 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8104/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmcinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixl 2-1(102)-1012/2022 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-855/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hüquqi marağına uyğun olaraq əlillik dərəcəsinin təyin edilmə müddətini digər inzibati iş üzrə də mübahisələndirmişdir. Hazırkı iddia iddiaçının hüquqi marağına xidmət etmədiyindən və onun hüquqi marağı məhkəmənin icraatında olan 2-1(112)-8104/2021 saylı inzibati iş üzrə mübahisələndirildiyindən hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi məsələsi digər inzibati iş üzrə mübahisələndirmişdir. Hazırkı iş üzrə iddiaçının etdiyi müraciət mahiyyət etibarı ilə əlillik dərəcəsinin təyinatı ilə bağlı olduğundan və mübahisələndirilən xx.xx.2021-ci il tarixli müraciətə cavab verilməsi məsələsi iddiaçının hüquqi marağına xidmət etməməklə öz aktuallığını itirdiyindən və nəticə etibarı ilə hüquqi marağı məhkəmənin icraatında olan 2- 1(112)-8104/2021 nömrəli inzibati iş üzrə mübahisələndirildiyindən hazırkı iddianın mümkün sayılmaması ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-5821/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar