Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1888/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(112)-4753/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı imtinanın əsassız hesab edilməsi və Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli 757 nömrəli sərəncamında iddiaçının adı olan hissəsində səhvliyin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(112)-4753/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4753/2021 saylı 18 may 2021-ci il tarixli qərardadını ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq sərəncamın ad hissəsində texniki səhvin buraxılmasını aşkar etdikdən dərhal sonra bununla bağlı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət edib. İnzibati orqan tərəfindən ona imtina məktubu verildikdən sonra isə qanunvericilik tələblərinə riayət edərək aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən inzibati qərarın mahiyyəti mübahisələndirilmir, yalnız onda olan texniki səhfliyin aradan qaldırılması xahiş edilir. Belə ki, sərəncamda olan texniki səhv onun mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün məneə yaradır. Prosessual müddətin buraxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. İşə apellyasiya qaydasında baxılarkən əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4753/2021 saylı 18 may 2021-ci il tarixli qərardadını ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti araşdıraraq, işin materiallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. 1-ci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. iddiaçı mübahisələndirilən 30.12.2002-ci il tarixli sərəncamın dəyişdirilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı-Aeraport yolunun sol tərəfində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsi həmin müddətdən istifadəsindədir və bu müddət ərzində onu heç kəs narahat etməyib. Bir müddət öncə torpaq sahəsinin adına rəsmiləşdirmək istədikdə müəyyən etmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamında adı səhvən “Səyyad” kimi qeyd edilib. Göründüyü kimi, iddiaçı iddia ərizəsində mübahisə predmeti olan Sərəncamdan həmin müddətdən, yəni 2002-ci ildən məlumatlı olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisələndirilən 30.12.2002-ci il tarixli 757 nömrəli inzibati aktın məzmunundan həmin vaxt məlumatlı olması, həmin qərarın mübahisələndirilməsi tələbinə dair müvafiq ərizə ilə yalnız 03.03.2021-ci il tarixdə məhkəməyə müraciət etməsi və bununla da, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni prosessual müddətə əməl etməməsi işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı mübahisələndirilən inzibati aktın dəyişdirilməsi tələbinə dair müvafiq ərizə ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, inzibati aktda olan aşkar səhvlərin düzəldilməsi inzibati aktın dəyişdirilməsi ilə qarışıq salınmamalıdır. Belə ki, inzibati aktın dəyişdirilməsi mübahisələndirmə haqqında iddialara aid edildiyi halda, inzibati aktda olan aşkar səhvlərin düzəldilməsi müəyyən etmə və ya tanınma haqqında iddialara aid edilir. Qanunvericilə əsasən mübahisələndirmə haqqında iddialara iddia müddəti tətbiq edildiyi halda, müəyyən etmə və ya tanınma haqqında iddialara iddia müddətinin tətbiq olunması nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4753/2021 saylı 18 may 2021-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın dəyişdirilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-1888/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1888/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver