Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1888/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-102/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X7 cavabdeh Bakı şəhəri X5 Departamentinə qarşı xx.xx.2019 tarixli **********187403 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-102/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********187403 saylı qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlanılmışdır. Səyyar vergi yoxlaması aktından da göründüyü kimi, yoxlama vergi orqanının müvafiq qərarları ilə xx.xx.2019-cu il tarixdən 29 gün, xx.xx.2019-cu il tarixdən 30 gün, xx.xx.2019cu il tarixdən 29 gün, xx.xx.2019-cu il tarixdən 15 gün və xx.xx.2019-cu il tarixdən 34 gün müddətinə, ümumilikdə 5 dəfə olmaqla 137 gün müddətinə dayandırılmışdır. Hazırda mübahisələndirilən səyyar vergi yoxlaması cəmi 137 gün olmaqla və Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən dayandırılmışdır, bu halda vergi orqanı tərəfindən müddətin hesablanması baxımından heç bir pozuntuya yol verilmədiyi açıq-aşkar görünməkdədir. Həmçinin yoxlamanın xx.xx.2019-cu il tarixdə 30 gün müddətinə uzadılması ilə əlaqədar bildiririk ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə, nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən iş günündən çox olmayan müddətə uzadıla bilər. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki əhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********170897 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə fiziki şəxs X1 fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. - xx.xx.2019-cu il tarixli **********180769 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” Qərar əsasında vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən obyektdə xx.xx.2019-cu il tarixdə baxış keçirilmişdir. Nəticədə xx.xx.2019-cu il tarixli **********181035 saylı "Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi haqqında" Protokol tərtib olunmuşdur. - Vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********180769 saylı "Ekspertizanın təyin edilməsi haqqında" Qərar çıxarılmış və keçirilmiş ekspertiza barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin eksperti X2 tərəfindən xx.xx.2019- cu il tarixli "Ekspert rəyi" tərtib olunaraq yoxlamaya təqdim edilmişdir. - Cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli **********187403 saylı qərar qəbul olunmuşdur. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə iddianın təmin edilməsinə dair yekun nəticəsini onunla əsaslandırmışdır ki, “... xx.xx.2019-cu il tarixdə bitdikdən 180 gün sonra “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar çıxarıldığından, VM-nin 49.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.” Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, hazırki inzibati mübahisə üzrə işin faktiki halları məhkəmə tərəfindən kifayət qədər araşdırılmış, lazımi sübutlar toplanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; “İnzibati icraat haqqında” AR Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən, inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Azərbaycan Respublikasınını Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin xx.xx.2022-ci il tarixədək qüvvədə olan 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********011400 saylı Qərarı (X6 Reyestrinin qeydiyyat nömrəsi **********1400) ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın “Müddətlərin müəyyən edilməsi” adlı 8.5.4-cü bəndində qeyd edilmişdir ki, günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Göstərilən qayda isə Mülki Məcəllənin 369.6-cı maddəsinin tələbindən irəli gəlir. Həmin Qaydaların müddəalarına əsasən müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan, yəni növbəti gündən hesablanır (8.9-cu bənd.). Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır (8.10-cu bənd). Qaydaların 8.11-ci bəndində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilməz. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə isə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bununla da, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci abzasının 2-ci cümləsində göstərilən “30 gün” ifadəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, səyyar vergi yoxlaması 30 təqvim günü daxilində vergi ödəyicisinin iş vaxtını əhatə edən iş günləri ərzində həyata keçirilməlidir. Göstərilən qayda Vergi Məcəlləsinin müddətlərlə bağlı digər normalarını təhlil etdikdə də öz təsdiqini tapır. Belə ki, Məcəllənin 33.10-cu, 34.7.2-ci, 36.3-cü, 37.2-ci, 37.4-cü, 42.1-ci, 42.14-cü, 50-1.3-cü, 70.2-1.2-ci, 70.2-1.3-cü, 72.7-ci, 76.2-ci, 77-ci, 83.4-cü, 157.2-ci, 221.4.9-cu və 221.8.5-ci maddələrində müəyyən olunan müddətlər konkret iş günləri ilə göstərilmişdir. Buradan isə belə müəyyən olunur ki, qanunverici Məcəllənin 38.2-ci maddəsi də daxil olmaqla qalan bütün müddətləri təqvim günləri ilə tənzimləmişdir. İşin birinci instansiya məhkməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2019-cu il tarixli **********172570 saylı “Səyyar vergi yoxlaması aktı”-na əsasən səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. xx.xx.2019-cu il tarixli **********172570 saylı “Səyyar vergi yoxlaması aktı” müddəti ötürüldüyündən VM-nin tələblərinə zidd olaraq müddətinin artırılması və dayandırılması barədə qanunvericiliyin tələblərinə riayət edilməyərək, səyyar vergi yoxlamasının müddəti xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq yoxlamanın müvəqqəti dayandırılması haqqında xx.xx.2019-cu ildə qəbul edilməklə 30 günlük müddət artıq ötürülmüşdür. Həmçinin, daha sonra xx.xx.2019-cu ildə, xx.xx.2019-cu ildə, xx.xx.2019-cu ildə, xx.xx.2019-cu ildə və daha sonra xx.xx.2019-cu ildə qərarlar qəbul edilmişdir. xx.xx.2019cu il tarixdə isə yoxlama müddətinin uzadılması ilə bağlı qərar çıxarılmışdır. Qanunvericilikdən göründüyü kimi, yoxlama müddəti iş günləri ilə deyil təqvim günü ilə müəyyən edilib. Müddətinin iş günləri ilə hesablanması üzrə dəyişiklik xx.xx.2022-ci il tarixindən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Lakin, sözügedən səyyar vergi yoxlaması müddəti təqvim günü ilə yox, iş günləri ilə hesablanılaraq keçirilmişdir. Belə olan halda, səyyar vergi yoxlamasının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qeyri-qanuni olaraq aparılması müəyyən olunur. AR İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda vergi orqanının dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğini məhz hansı sübutlara əsasən hesablamasını təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. Cavabdeh inzibati orqan apelyasiya şikayətində qanunvericilik normalarının tələblərini yanlış təhlil etməklə səyyar vergi yoxlamasının müddət ötürülmədən aparıldığı qeyd etsə də, mövqeyini hər hansı mötəbər dəlillə əsaslandıra bilməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamıdşır ki, “... VM-nin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində 49.1.1-ci maddəyə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarmalıdır. Lakin, vergi orqanı Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələblərini pozaraq, xx.xx.2019-cu il tarixli **********187403 saylı “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul etmişdir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. AR Vergi Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi dəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Hazırki mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçı MMC-nin faəliyyətinin yoxlanılmasına dair inzibati icraatın aparılarkən yuxarıda sadalanan normaların tələblərinin kobud surətdə pozulması müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Yuxarıda sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri X5 Departamentinin xx.xx.2019 tarixli **********187403 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə Qərarı qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Bakı şəhəri X5 üzrə Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-102/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1888/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1888/2022
24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver