Məhkəmə qərarları › İş №2-1(103)-1888/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1888/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1888/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Baş X2 İdarəsinə qarşı “sorğuya cavab verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(112)-825/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.2019-cu il tarixli informasiya sorğusu ilə tələb edilən Baş X2 İdarəsində istifadəsiz saxlanılan dövlət qeydiyyat nişanlarının siyahısının kağız üzərində və ya elektron daşıyıcıda iddiaçıya təqdim etmək vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(112)-825/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı “sorğuya cavab verilməsi” tələbinə dair 2-1(112)-825/2022 saylı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-825/2022 nömrəli inzibati iş üzrə qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə icraatı müddətində cavabdehin məhkəməyə yazdığı məktubun məhkəmə tərəfindən iddiaçıya göndərilməsini iddia tələblərinin cavabdeh tərəfindən ödənilməsi kimi qiymətləndirib. Lakin, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Belə ki, məhkəmənin istinad etdiyi cavabdehə məxsus 02 iyul 2022-ci il tarixli, 016-81733-1222 saylı məktubda 77 kodu üzrə 003, 004, 300, 400 və 600 olan 5 ədəd hazırda istifadə edilməyən dövlət qeydiyyat nişanlarının olması bildirilib. Halbuki, sorğuda cavabdehdən istifadəsiz saxlanılan bütün dövlət qeydiyyat nişanlarının siyahısının kağız üzərində və ya elektron daşıyıcıda iddiaçıya təqdim etməsi tələb edilib. Cavabdehin istifadəsiz saxlanılan dövlət qeydiyyat nişanlarından iddiaçıya cəmi 5 ədəd təqdim etməsi sorğunu əhatə etmir. Qeyd edildiyi kimi, sorğuda bütün istifadəsiz saxlanılan dövlət qeydiyyat nişanlarının siyahısının iddiaçıya təqdim edilməsi tələb edilib. İddiaçı isə yalnız 5 ədəd dövlət qeydiyyat nişanını məhkəmə vasitəsilə iddiaçıya təqdim edib. Göründüyü kimi, cavabdeh hazırda istifadəsiz olan bütün dövlət qeydiyyat nişanlarının siyahısını iddiaçıya təqdim etməyib. Odur ki, məhkəmənin sorğusuna cavabdeh tərəfindən verilmiş 02 iyul 2022-ci il tarixli cavab məktubu iddia tələblərinin təmin edilməsi kimi qiymətləndirə bilməzdi. Cavabdehin 5 ədəd dövlət qeydiyyat nişanını məhkəmə vasitəsilə iddiaçıya təqdim etməsi vətəndaşların istifadəsiz saxlanılan qeydiyyat nişanları ilə tanış olmaq hüququnun olmasını sübut edir. Odur ki, cavabdeh istifadəsiz saxlanılan bütün dövlət qeydiyyat nişanlarını iddiaçıya təqdim etmək vəzifəsi daşıyır. Lakin, məhkəmə cavabdehin iddiaçının hüququnu məhdudlaşdırdığını, yəni tələb edilən açıq məlumatları verməkdən imtina etməsini nəzərə almamışdır. Məhkəmə hər iki iddia tələbinə ümumiyyətlə qiymət verməyib, onları müzakirə etməyib. Belə ki, məhkəmə nəzərə almamışdır ki, birinci tələb cavabdehin istifadəsiz saxlanılan dövlət qeydiyyat nişanlarının siyahısının kağız üzərində və ya elektron daşıyıcıda iddiaçıya təqdim etməkdən imtinasının qanunsuz və əsassız hesab edilməsi barədədir. Belə ki, cavabdeh iddiaçının 23 avqust 2019-cu il tarixli informasiya sorğusuna hələ də cavab yazmayıb. Bu hal, cavabdehin sorğu ilə tələb edilən məlumatları iddiaçıya təqdim etmədiyini sübut edir. Odur ki, məhkəmə iddia tələbinin 1-ci bəndini təmin edərək cavabdehin istifadəsiz saxlanılan dövlət qeydiyyat nişanlarının siyahısının kağız üzərində və ya elektron daşıyıcıda iddiaçıya təqdim etməkdən imtinasını qanunsuz və əsassız hesab etməli olduğu halda, əksinə, tələbin təmin edilməsi əsasları ilə icraata xitam vermişdir. Bundan başqa, məhkəmə iddia tələbinin ikinci bəndini də müzakirə etməyib. Məhkəmə nəzərə almamışdır ki, iddia tələbi cavabdeh tərəfindən sorğuya cavab verilməsi barədə deyil, əksinə, cavabdehin istifadəsiz olan bütün dövlət qeydiyyat nişanlarının siyahısını iddiaçıya təqdim etməsi barədədir. Belə olan halda cavabdehin məhkəmə vasitəsilə iddiaçıya cəmi 5 ədəd dövlət qeydiyyat nişanı təqdim etməsi iddia tələbinin həcmini əhatə etmir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası DİN-in Baş X2 İdarəsi məhkəməni yanıltmağa çalışıb və məhkəmə cavabdehin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) əhəmiyyət verməyib. Məhkəmə nəzərə almayıb ki, cavabdeh təşkilat Bakı şəhəri üzrə 10, 90, 99, 77 kodları, həmçinin kənd rayonları üzrə ümumiyyətlə bütün kodlar üzrə dövlət qeydiyyat nişanlarını iddiaçıya təqdim etməyib. Odur ki, qərardadın ləğv edilməsinə kifayət qədər əsaslar var. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki, iş həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 016-81733-1222 nömrəli məktubunda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 18.65.6.1-ci maddəsindəki cədvəldə göstərilən dövlət qeydiyyat nişanlarında əks olunmuş hərf və rəqəmlərin kombinasiyasından ibarət hal-hazırda sərfiyyatda 77 kodu ilə 003, 004, 300, 400, 600 olan dövlət qeydiyyat nişanlarının mövcud olduğu qeyd edilmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli, 016-81733-1222 nömrəli məktubunun surəti məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-825/2022 nömrəli məktubu ilə İddiaçı göndərilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 12.2ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə araşdırma zamanı müəyyən etdi ki, iddiaçının xx.xx.2019-cu il tarixində cavabdeh inzibati orqana ünvanlanmış məktubuna xx.xx.2022-ci il tarixində cavab verildiyindən, artıq mübahisənin aradan qalxması, cavabdeh tərəfindən iddia tələbinin icra edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi qanuni və əsaslı olmuşdur. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İPM-in 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 67, 83-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(112)-825/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar