Məhkəmə qərarları › İş №2-1(103)-1888/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1888/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1888/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Cavabdeh2 firmasına qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(112)-13356/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Cavabdeh2 firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İH tərəfindən ona vurulan 400.000 manat dəyərində maddi ziyanın və 100.000 manat dəyərində mənəvi ziyanın ödənilməsi, "xxxx" MMC-nin isə iddiaçıya vurduğu 2500 manat zərərin 1300 manat arasında olan fərqin hesablanaraq, həmin MMC-dən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi ünvanında öz şəxsi mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Bakı ŞİH-nin xx.xx.2007-ci il tarixli 262 saylı Sərəncamında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 196 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ekoloji vəziyyətinə dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində "xxxx" Azərbaycan İnkişaf Şirkətininin xx.xx.2007-ci il tarixli, C05/07-018 saylı müraciətinə görə, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsi və tikintisinə "xxxx" Azərbaycan İnkişaf Şirkətinə icazə verilmiş və ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən "xxxx" Azərbaycan İnkişaf Şirkəti tərəfindən həll edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 3 iyun 2021-ci il tarixli, İN-X\0- 5505\2021 saylı, sakinlərə ünvanladığı cavab məktubunda, Bakı Ağ Şəhər layihəsi çərçivəsində, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin "xxxx" Azərbaycan İnkişaf Şirkətinə həvalə olunması göstərilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sakinlərə ünvanladığı xx.xx.2022-ci il tarixli MİHO/1.1-2-2022-3810 saylı cavab məktubunda, yuxarıda göstərilən ərazidən əhalinin köçürülməsinin dövlət vəsaiti hesabına deyil, investorlar tərəfindən onların vəsaitləri hesabına həyata keçirilməli olduğu bildirılmişdir. Belə olan halda isə dövlətin, o cümlədən Maliyyə Nazirliyinin bu işlərə müdaxilə etməsinin mümkünsüzlüyü göstərilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 29 mart 2019-cu il tarixli, DX-03\02-05-314 saylı, sakinlərə ünvanladığı cavab məktubunda mülkiyyətində olan daşınmaz əmlakların alınmasına “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun müddəalarının şamil edilmədiyi bildirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1355/2022 saylı iş üzrə verdiyi Qərardadın 3-cü səhifəsinin son abzasında və 4-cü səhifənin ikinci abzasında Bakı Ağ Şəhər layihəsinin ərazisinə düşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən həll edilməsinin "xxxx" Azərbaycan İnkişaf Şirkətinə həvalə edildiyi qeyd olunur. Yəni, Xətai RİH Bakı Ağ Şəhər layihəsinin icrası ilə əlaqəli hər hansı maliyyə əməliyyatları apara bilməz. Xətai RİH əməkdaşları sakinlərin mülkiyyətlərini satın ala bilməz. Lakin Xətai RİH yuxarıda qeyd etdiyi faktlar ola-ola, özbaşnalıq edərək, "xxxx" Azərbaycan İnkişaf Şirkətininin hüquqlarını mənimsəyərək, nə ev sahiblərinin razılığı, nə də məhkəmə qərarı olmadan, mütəmadi olaraq, ağır texnikanın vasitəsi ilə həyətin hasarlarını və köməkçi tikililəri uçuraraq, su və elektrik enerjisinin və qaz təchizatında məhdudiyyətlərlə üzləşdirərək, onları təhdid edir və öz şəxsi fərdi yaşayış evlərindən zorla çıxartmaq istəyir. Xətai RİH "xxxx" firması (Əmlakın Qiymətləndirilməsi) MMC ilə əlbir olaraq, mövcud ərazidə yerləşən daşınmaz əmlakların orta bazar qiymətlərindən qat-qat aşağı, hər kv.m ***-**** manat dəyərində qiymətləndirərək, mülkiyyətini dəyər-dəyməzinə almaq istəyir. İddiaçı xx.xx.2023-ci il tarixində “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti”-nə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evlərinin dəyərinin müəyyən edilməsini xahiş etmiş, həmin qurum, mövcud ərazidə yerləşən daşınmaz əmlakların alqısatqı yolu ilə müəyyən edərək, həmin ərazidə yerləşən mənzillərin dəyərini, o dövr üçün 1750-2800 manat olduğu haqda arayış təqdim etmişdir. Bundan başqa, Xətai RİH “Yeni Baxış” X1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-11/2-436/2023 saylı cavab məktubunda, son köçürülmə tədbiri üzrə AR Prezidentinin xx.xx.2022-ci il tarixli, 3143 saylı Sərəncamına istinad edir. Sərəncamda Ağ Şəhərdə yaşayan ailələrin köçürülməsinə görə 2022-ci il dövlət büdcəsindən Xətai RİH-nə 10 000 000 manat vəsait ayrıldığı bildirilir. Bundan əvvəl isə Xətai RİH AR Prezidentinin xx.xx.2022-ci il tarixli, 3621 saylı Sərəncamına istinad edirdi. Bu Sərəncam isə ümumiyyətlə mövcud deyil. "xxxx" MMC-nin verdiyi arayışa əsasən, söküntüyə düşən sahə “Ağ şəhər adlanan yerdə 2021-ci ilin İV rübü üçün satış qiymətləri 1 kv.m qiyməti manatla 2500 manatla qiymətləndirilmişdir. Lakin "xxxx" Daşınmaz Əmlakın qiymətlləndirmə şirkəti xx.xx.2016-cı il tarixdə inşa edilmiş, ikimərtəbəli yaşayış üçün tam yararlı olan binanı, qəzalı kimi qiymətləndirərək, hər 1 kv.m-ni 2300 manat qiymət qoyaraq, vətəndaşlara bilərəkdən zərər vurmuşdur. Xətai rayon İcra Hakimiyyəti öz saxta müqaviləsi ilə "xxxx" MMC ilə əvvəlcədən əlbir olaraq İddiaçı Məhərrəm oğluna maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, şəxsi mülkiyyətində olan ikimərtəbəli bina, 6 sot həyətyanı sahə, 20-yə qədər meyvə ağacları düzgün qiymətləndirməməklə külli miqdarda, təqribən 300.000 (üç yüz min) manat dəyərində maddi ziyan vurmuş, özbaşnalıq etməklə, özgəsinin səlahiyyətlərini mənimsəməklə, fiziki güc götərməklə traktorla evə hücum edərək iddiaçının sağlamlığına ziyan vuraraq, mənəvi zərər olaraq sağlamlığına bərpa edilməyən ziyan vurmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı münasibətində göstərmişdir ki, Bakı “Ağ Şəhər" layihəsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai Rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və 8 Noyabr prospekti ilə Babək prospektini birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən Sərəncamın icrasının təmin edilməsi istiqamətində 2017-ci il tarixdə Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirilmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" qiymətləndirmənin 2017-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarını (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olunsun: Yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0- 350 manat. Hazırda layihənin icrası ilə bağlı ərazidə aparılmış faktiki ölçmə işlərinə əsasən müəyyən olunmuş ölçülər, illər üzrə inflyasiya, bank və notariat xidmətləri xərcləri, 20% əlavə haqq ödənilmək şərti nəzərə alınmaqla yaşayış və köməkçi sahələrinin 1 kv.m 1250 manat, əlavə tikililərin 1 kv.m 500 manat, özəl torpaq sahələrinin 1 kv.m üçün 250 manat müəyyən edilmiş və bu şərtlər əsasında vətəndaş İddiaçı Məhərrəm oğlu komissiyaya dəvət olunaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarışa əsasən şəxsi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 229.9 kv.m olan fərdi yaşayış evi 580.994 (beş yüz səksən min doqquz yüz doxsan dörd) manat dəyərində qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixli razılaşma aktına əsasən vətəndaş İddiaçı Məhərrəm oğlu ilə Xətai Rayon İcra Hakimiyyəti arasında müqavilə bağlanılaraq, iş üzrə İddiaçı Məhərrəm oğlu şəxsən özü razılaşma aktına imza ataraq, qeyd olunan vəsait onun bank hesabına köçürülmüşdür. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11030/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Məhərrəm oğlunun iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(112)-13356/2023 saylı qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(112)-13356/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsini və iddia tələbinin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, cavabdehlər isə nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və cavabdehlərin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi şərti olaraq iki hissədən ibarətdir:

1. Xətai Rayon İH tərəfindən iddiaçıya vurulan 400.000 manat dəyərində maddi və 100.000 manat dəyərində mənəvi zərərin ödənilməsi,

2. "xxxx" MMC-nin iddiaçıya vurduğu 2500 manat zərərin 1300 manat arasında olan fərqin hesablanaraq, həmin MMC-dən iddiaçının xeyrinə tutulması. İş materiallarında olan: -********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. -xx.xx.2023-cü il tarixli razılaşma aktından görünür ki, Xətai rayonu ərazisində abadlaşdırma işlərinin aparılması ilə əlaqədar Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin əhatəsində və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında bir sıra yaşayış evlərindən ailələrin köçürülməsi zərurəti yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin kv.m-i üçün 20% əlavə hesablanmaqla birlikdə tikilinin sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 1250 manat, köməkçi sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 1250 manat, əlavə yardımçı tikililərin sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 500 manat, torpaq sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 250.00 manat müəyyənləşdirilərək əmlak sahiblərinə təklif olunmuşdur. Belə ki, Turşu küçəsi 25C ünvanında yaşayan İddiaçı Məhərrəm oğlu yaşadığı ev otaqlarının iş həcmindən asılı olaraq ona ödəniləcək təzminat aşağıdakı qaydada hesablanmışdır: Tikintinin yaşayış sahəsi 171.29 kv.m üçün (171.29 kvm x 1250 manat) =214112.00 manat; Köməkçi sahəsi 147.83 kv.m üçün (147.83 kvm x 1250.0 manat)= 184787.00 manat; Əlavə yardımçı tikililərin sahəsi 64.19 kv.m üçün (64.19 kvm x 500.0 manat) =32095.00 manat; Torpaq sahəsi 600.0 kv.m üçün (600.0 kv.m x 250.00)= 150000.00 manat. Turşu küçəsi 25C ünvanında yaşayan İddiaçı Məhərrəm oğluna məxsus fərdi yaşayış evi üçün ona ödəniləcək təzminat 580.994 manatdır. Aktdan görünür ki, iddiaçı komissiyanın işində iştirak etdiyini, aparılmış ölçülərlə və alacağı təzminatın məbləği ilə razı olduğunu və 7 (yeddi) gün müddətində yuxarıda qeyd olunan ünvandakı mülkiyyətini boşaldaraq sökülmək üçün şərait yaradacağını öhdəsinə götürmüş və aktı imzalamışdır. -İddiaçı ilə Xətai rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddı yardım (kompensasiya) ödənilməklə köçürülməsi ilə bağlı Xətai rayon İcra Hakimiyyəti başçısının 2023-cü il tarixli razılaşma aktı əsasında Xətaı rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış evlərindən sakinlərin köçürülməsi üçün kompensasiyanın ödənilməsi Maİiyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin 4 saylı Xəzinədarlıq İdarəsi tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına həyata keçirilir. Müqaviləyə əsasən Birinci tərəf (İddiaçı Məhərrəm oğlu) ikinci tərəfdən (Cavabdeh1) 580994 manat məbləğində kompensasiya almaqla ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evindən və mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən ikinci tərəfin xeyrinə imtina edir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda bu məbləğlə razılaşmayaraq, ona cavabdeh tərəfindən mülkiyyətində olan evin hər kv.metri üçün 1200 manat az ödəniş edilməklə 400.000 manat dəyərində maddi ziyanın vurulduğunu iddia edərək, həmin məbləğin ona ödənilməsini xahiş edir. Qeyd olunanlardan məlum olduğu kimi iddiaçı, mülkiyyətində olan ev və torpaq sahəsindən cavabdehin xeyrinə imtina etmiş və bu barədə tərəflər arasında notariat qaydasında təsdiq olunmuş müqavilə bağlanmış, müqavilədə əmlakın dəyəri 580994 manat göstərilmişdir. Müqavilə qüvvədə olmaqla onun ləğvi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, nə qədər ki, iddiaçı mülkiyyətindəki əmlakdan cavabdehin xeyrinə imtina etmişdir, artıq onun həmin əmlaka dair hər hansı bir hüququ qalmamışdır. Bu səbəbdən onun hazırkı məzmunda iddia irəli sürməsi üçün öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia mümkün sayıla bilməz. Bundan əlavə, iddiaçının hazırkı tələbi ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasından ibarətdir. Bu iddia kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır ki, digər mümkünlük şərtləri ilə yanaşı bu iddia, yəni inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün tələb olunan mümkünlük şərtlərindən biri zərərçəkmiş şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməsidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin iş materiallarından iddiaçının razılaşma aktına əsasən ona kompensasiya ödənildikdən sonra məbləğin az olması ilə bağlı əlavə kompensasiyanın və sağlamlığına vurulan 100.000 manat dəyərində zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən edilmir. Bundan əlavə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC-nin iddiaçıya vurduğu 2500 manat zərərin 1300 manat arasında olan fərqin hesablanaraq, həmin MMC-dən iddiaçının xeyrinə tutulmasını xahiş etsə də, cavabdeh qismində inzibati orqan olmayan, adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”nda inzibati orqan kimi qeyd olunmayan "xxxx" MMC-ni göstərmiş, qanuna əsasən həmin hüquqi şəxsə inzibati akt qəbul etmək səlahiyyətinin verilməsi müəyyən edilməmişdir. Belə olan halda aydındır ki, iddiaçının "xxxx" MMC-yə qarşı iddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(112)-13356/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar