Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1889/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 20 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1971-ci il tarixdə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 5076/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X2 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri Zəngilan rayonundan olan məcburi köçkün ailəsi kimi 1993-cü ilin oktyabr ayından ünvan 2 ünvanda yerləşən qeyriyaşayış binasında məskunlaşmışlar. Bir müddət əvvəl X3 həmin qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bildirərək məhkəmə qaydasında iddiaçının ailə üzvləri ilə birlikdə oradan çıxmasını tələb etmişdir. Hesab edir ki, K.Musayev həmin qeyri-yaşayış sahəsini qanunsuz olaraq özəlləşdirmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadığına görə bu hal onların hüquqlarını pozur. Onların yaşamağa yerləri yoxdur, dövlət onları yaşayış sahəsi ilə təmin etməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh X3 iddiaya yazılı etiraz təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5076/2020 nömrəli qərardadı ilə (hakim A.Hüseynov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə və X2 qarşı çıxarışın ləğv edilməsi haqqında iddiası mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5076/2020 nömrəli qərardadının ləğv edilərək, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, öz ailəsi ilə birlikdə Zəngilan rayonunun erməni quldurları tərəfindən işğal olunduqdan sonra 1993-cü ilin oktyabr ayında Bakı şəhərinə gələrək Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 10 A ünvanında yerləşən, Azərbaycan Respublikası Tikinti Nazirliyinin balansında olan qeyriyaşayış binasında məskunlaşaraq bu günə kimi həmin ünvanda qeydiyyatdadır.Təxminən 5-6 ay bundan qabaq X3 onları məhkəməyə verərək həmin qeyri-yaşayış sahəsinin ona məxsus olmasını bildirərək, oradan çıxmalarını tələb etmişdir. Kamran Musayev həmin qeyri-yaşayış sahəsini qanunsuz olaraq özəlləşdirmişdir ki, bu da onların hüquqlarını pozur. Onların yaşayış yeri yoxdur və Dövlət tərəfindən onlara yaşayış sahəsi verilməmişdir. Eyni zamanda o, cavabdeh X2 qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş seriya MA № ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışın ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia tələbi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) xx.xx.2020-ci il tarixli, 2(006)-4693/2020 saylı qərardadı ilə icraata xitam verilmişdir, həmin qərardadı rəsmi qaydada xx.xx.2020-ci il tarixdə almışdır. O həmin qərardaddan şikayət vermişdir. Hesab edir ki, şikayət əsaslıdır, çünki hər iki qərardaddan şikayət vermişdir və işə hansı məhkəmədə baxılmasına konkretilik gətirilməsi zərurəti yaranmışdır. Məhkəmə Kollegiyası iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı və digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamışlar. Cavabdeh bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı isə xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, xx.xx.2020-ci il tarixdə məhkəmədə iştirak edə bilmədiyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının məhkəmə iclasına gəlməmə səbəbi qeyd edilmədiyindən, onun gəlməməsi üzrlü səbəb kimi qiymətləndirilmir və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11627/2019 saylı qərardadı ilə (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) cavabdehlər İddiaçı Nəsimi rayon Məhkəməsinin 2(006)-2251/19 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilmiş, iş materialları Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. Qərardada əsasən müəyyən edilir ki, iddiaçı X3 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-2251/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə müəyyən edilmiş qaydada və müddətdə icra edilməsi üçün müvafiq İcra və probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7207/2019 nömrəli qərarına əsasən (hakimlər İ.Xələfov, Q.Allahverdiyev, Ə.Şadıyev) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin vətəndaş İ.İ.Musayev tərəfindən DTX daxil olmuş şikayət Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin şikayətdə qeyd edilmişdir ki, “İddiaçı tərəfindən edilənlərə heç bir reaksiya verilməməsinin səbəbi isə onun dostu Rafiq Atakişiyevin yaxın qohumunun dövlət orqanlarına müdaxilələr etməsidir. Həmin şəxsin tapşırığı ilə həm icra şöbəsinə, həm Qaçqınkoma, həm də polis idarəsinə zənglər olmuşdur. İddiaçı məqsədi ona Qaçqınkom tərəfindən ev verilməsi deyil, onun 3 yerdə evi var. Qaçqınkom isə ona ev verməkdən imtina edir. Onun yeganə məqsədi ona müxtəlif şəxslər və orqanlar vasitəsilə təzyiqlər göstərərək həmin sahəni “satdırmaq” və R.Atakişiyevlə birlikdə mənimsəməkdir.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin mülkiyyət hüququ haqqında xx.xx.2005-ci il tarixli, 006126 №-li Şəhadətnaməyə əsasən ünvan 4 “a” ünvanında yerləşən 819,8 kv.m torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin mülkiyyət hüququ haqqında xx.xx.2005-ci il tarixli, 006125 №-li Şəhadətnaməyə əsasən ünvan 4 “a” ünvanında yerləşən 5-ci korpus binası X1 xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi X1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarında gəldiyi nəticəyə görə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış şəxsin mülkiyyət hüququnu faktiki olaraq onun adına əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatını əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilən qərara əsasən müəyyən edilir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, hazırkı iddia tələbi – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğvi olduğundan Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarının qeyd edilən müddəalarına uyğun olaraq, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ mövcud deyildir. Belə ki, iddiaçının mübahisələndirdiyi çıxarışın verildiyi qeyri-yaşayış sahəsi üzərində heç bir hüququ yoxdur və həmin qeyri-yaşayış sahəsində Zəngilan rayonundan olan məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışdır. Buna görə də İddiaçı hazırkı iddia ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ da yaranmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia tələbini iki cavabdehə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X2 qarşı irəli sürmüşdür. Həmçinin, iş materiallarından və cavabdehin iddia tələbinə dair yazılı etirazından müəyyən edilir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciəti olmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) xx.xx.2020-ci il tarixli, 2(006)-4693/2020 saylı qərardadından şikayət verməsi və şikayətin əsaslı olması, hər iki qərardaddan şikayət verdiyi və işə hansı məhkəmədə baxılmasına konkretlik gətirilməsi zərurəti yaranması ilə bağlı qeyd edir ki, iddiaçının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4693/2020 saylı qərardadından şikayət verilməsi hazırkı iş üzrə apellyasiya şikayətinə baxılmasına prosessual mane yaratmır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə prosessual hüquq normaların tətbiqi baxımından düzgün olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verərək, bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5076/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5076/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1889/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1889/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver