Məhkəmə qərarları › İş №2-1(103)-1889/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1889/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1889/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 Adil oğlunun nümayəndəsi Vəkil Əfrayıl oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması tələbinə dair” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 699/2019 saylı 03.12.2019-cu il tarixli qərarından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək - “ ünvan 1 ünvanında yerləşən mənzilə sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 97.860 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi iddiaçı Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Həmin Qərarın icrası məqsədi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun iddiaçı tərəifndən “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil edilmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi, digər cavabdehlər isə onun ailə üzvləri olmaqla, həmin fərdi yaşayış evinə qeydiyyatdarılar və orada yaşayırlar. Ev Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarın təsiri altına düşür. Cavabdehlərə, danışıq (könüllü alqı-satqı) yolu ilə onların yaşadıqları daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmiş, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq onlara yaşadıqları ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə araşdırma aparılaraq “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanında nəzərdə tutulan bütün əlavələrlə birlikdə, evin 96.860,00 manat məbləğində mövcud bazar qiyməti müəyyən edilmiş və 1000 manat iki aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla, cavabdeh Cavabdeh1 (mülkiyyətçi) 97.860,00 manat kompensasiya məbləği təklif olunmuş, lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir (İddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9, 246.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə, “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 5, 6.1, 52.1ci maddələrinə istinad edilərək təmin olunması məhkəmədən xahiş edilir.) Cavabdehlər iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışlar ki, iddianın faktiki əsası kimi iddia ərizəsində baş verməmiş hallar göstərilir. Onlar iddiaçıdan hər hansı bildiriş almamış və özlərinin daşınmaz əmlak hüquqlarının könüllü satılmasından yazılı yaxud şifahi formada hər hansı imtinanı kiməsə verməmişlər. Onlara 97.860 manat həcmində ədalətsiz pul kompensasiyası təklif edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 56-cı maddəsi müəyyən edir ki, əsas kompensasiyanın məbləğinin hesablanması zamanı mövcud inflyasiya, həmçinin digər amillər nəzərə alınmalıdır. Bununla yanaşı Qanunun 66-cı maddəsinə uyğun olaraq alınmış yaşayış evində 10 ildən çox yaşamış şəxslər kimi onların hər birinə əsas kompensasiyanın ümumi məbləğinin 10% həcmində çətinliyə görə əlavə kompensasiya verilməlidir. Kompensasiya qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablansaydı, təklif edilən məbləğdən ən azı beş dəfə çox olmalı idi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-699/2019 saylı 03.12.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş və aşağıdakılar qərara alınmışdır: “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbarcan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 97860 (doxsan yeddi min səkkiz yüz altmış) manat məbləğində kompensasiya ödənilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılsın” Cavabdehlər apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsas hüquq normalarını nəzərə almamış, onları kobud surətdə pozmuşdur. Məhkəmə tərəfindən iddiaçının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunla nəzərdə tutulmuş bütün zəruri prosedurlara riayət etməsinə əsas sübut kimi qəbul etmiş və nəticədə pul kompensasiyasının ödənilməsi şərtilə onun öz daşınmaz əmlakının boşaldılması üçün Qanunun 52.1-ci maddəsi qaydasında məhkəmə yolu ilə məcbur etmək hüququ əmələ gəlməsi kimi tanınmışdı (İnsan hüquqları və Əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci və 71-ci , «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» 4.2, 54.1-ci maddəsinə əistinad olunur) İddiaçının təklif etdiyi Azərbaycan Respublikası Konstitusiyanın və Qanunun qeyd olunan normalarına zidd olaraq iddiaçıların daşınmaz əmlakı sahiblik hüququnun onlardan alınmasına görə onların daşınmaz əmlakına dair ədalətsiz 97.860 manat həcmində pul kompensasiyası "xxxx" MMC-nin müstəqil qiymətləndiricisi” tərəfindən hesablanmışdır. Həmin qiymətləndirmə hesabatından aşkar surətdə görünür ki, müstəqil qiymətləndirici əmlakın bazar qiymətini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 58-ci maddəsində aydın şərh edilmiş metodika əsasında deyil, hansısa digər üsulla müəyyən etmişdir. Halbuki, həmin Qanunun 66-cı maddəsinə əsasən alınmış yaşayış evində 10 ildən çox yaşamış şəxslər kimi onların hər birinə kompensasiyanın ümumi məbləğinin 10 faizi həcmində narahatlığa görə əlavə verilməlidir. Həmin Qanunun 32.3-cü maddəsində qoyulan tələbə də riayət edilməmişdir. Hesabatın tam surətinin tələb edilməsi və Azər Ekspert” MMC-nin müvafiq əməkdaşlarının ifadə vermək üçün məhkəmə iclasına çağrılmaları barədə vəsatət verilsə də təmin edilməmişdir. Eyni zamanda, həmin Qanunun 58-ci maddəsinə uyğun olaraq əmlakın bazar qiymətinin müəyyən edilməsi üçün zəruri sənəd bazasını əldə etmək məqsədi ilə onlar daşınmaz əmlakın alqı-mssatqısı üzrə notarial qaydada təsdiqlənmiş müqavilələrin tələb edilmsəi barədə vəsatət vermiş, məhkəmə müvafiq qərar qəbul etməmişdir. Qanunun 55-ci maddəsinə uyğun olaraq əmlakın bazar qiyməti əsas götürülməli, banudan əlavə Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 506-İİİQD saylı Fərmanının 2.3-cü bəndinə müvafiq daşınmaz əmlakın Qanunla müəyyən edilmiş metodikaya uyğun müəyyən edilmiş bazar qiyməti 20% artmalıdır. Bundan başqa, Qanunun 56-cı maddəsi müəyyən edir ki, əsas kompensasiyanın hesablanması zamanı mövcud infilyasiya, həmçinin digər amillər nəzərə alınmalıdır. Beləliklə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablama zamanı onların sahiblik hüququnun verilməsi üçün ödənilməli olan kompensasiya ən azı 700.000,00 manat təşkil etməlidir. Məhkəmə tərəfindən mövcud olan maddi və prosessual normalar tətbiq edilsəydi göstərilən məbləğ tam özə əksini ğapmış olardı. Lakin məhkəmə bütün bunları müzakirə etməmişdir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-878/2020 saylı 01.09.2020-ci il tarixli qərarı ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-699/2019 saylı 03.12.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarından Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-683/2021 saylı 27.04.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinin alan orqan tərəfindən təmin edilmədiyinə dair apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmiş, iddiaçının əsaslandığı "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatı araşdırılmamış və qiymətləndirilməmiş, iddia olunan daşınmaz əmlakın bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə cavabdehlərin vəsatətinə əsasən məhkəmə tərəfindən tələb edilmiş və notariat ofisləri tərəfindən məhkəməyə təqdim edilmiş “daşınmaz əmlakın alqı-satqısına dair” müqavilələrə münasibət bildirilməmiş, bununla da İPM-in 12.1, 57.8, 82 və 87.8-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. İşin təkrar apellyasiya baxışı üzrə məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi H.Talıbov cavabdehlərin apellyasiya şikayətinə etiraz edərək, evin mülkiyyətçisi Cavabdeh1 təklif olunan 97.860,00 manat kompensasiyanın "xxxx" MMC tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunua müvafiq müəyyən olunan mövcud bazar qiyməti və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanında nəzərdə tutulan 20 faiz əlavə nəzərə alınmaqla hesablandığını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını, İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında Ali Məhkəmənin qərarından irəli gələn göstərişlər nəzərə alınmaqla, yenidən araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehlərin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. İddiaçının inzibati orqanın iddia ərizəsindən və onda şərh olunan faktiki hallarından göründüyü kimi, iddia tələbi - ünvan 1 ünvanında yerləşən mənzilə sahibliyin İddiaçı (alan orqan) tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması, yəni əmlak tələbi ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinin tələbindən görünür ki, inzibati icraat – həm də inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilə bilən bir fəaliyyətdir, Azərbaycan Respublikasının İnzibati Prosssual Məcəlləsinin (“İPM”) 2.2.7-ci maddəsinin tələbinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin mübahisələndirilməyən hallarından ilk öncə aydın olur ki, cavabdehlərə məxsus fərdi yaşayış evi, ünvan 1 ünvanında yerləşən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan ərazidə yerləşir. Belə ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulmuş və alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. İşin iddia ərizəsinə, cavabdehlərin iddia ərizəsinə etirazına və hazrkı apellyasiya şikayətinə əsasən mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı (alan orqan) cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavabdehlərin yaşadığı mənzilə görə 97.860,00 manat kompensasiya məbləği təklif edilmiş, lakin mənzilin mülkiyyətçisi Cavabdeh1 həmin məbləğlə razılşmamış, qəbul etməkdən imtina etmişdir. Konkret halda, cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabatına istinadən onlara təklif olunan kompensasiyanın “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununun tələblərinə uyğun hesablanmadığını mübahisələndirərək hesab edirlər ki, qanuna müvafiq hesablanıb onlara verlməli olan kompensasiyanın məbləği 700.000 manat təşkil etməlidir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehlərin qeyd olunan dəlilləri ilə razılaşmır. Mülki Məcəllənin 247.1.1-ci maddəsinə əsasən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə tədbirlər həyata keçirir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfi ndən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. İş materiallarına (23 noybr 2018-ci il tarixli Akta) əsasən müəyyən olunur ki, alan orqan iddiaçı tərəfindən Nazirlər Kabinetinin qeyd olunan qərarının icrası məqsədilə qanunvericiliyin tələbləri qaydasında, mübahisəli ərazidə yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması üçün təşkil olunmuş, "xxxx" MMC müstəqil qiymətləndiricinin də iştirak etdiyi, Komissiyaya tərəfindən, mülkiyyətçisi olan Cavabdeh1ın mübahisəli daşınmaz əmlakın dövlət ehtiyacları alınması üçün onunla danşıqlar (könüllü alqı-satqı) aparılmış və bununla bağlı ona 97.860,00 manat məbləğində kompensasiya təklif olunmuş, lakin sonuncu almaqdan imtina etmişdir. İşə əlavə olunmuş mübahisəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (№0971246) əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, 124,9 kv.m fərdi yaşayış evinin 3/6 hissədə yəni, 62,45 kv.m hissəsində 20.12.2016-cı il tarixində paylı mülkiyyət hüqüqu ilə Cavabdeh1 adına qeydə alınmışdır. Müstəqil qiymətləndirmə təşkilatı "xxxx" MMC-nin işə əlavə olunmuş 23 noyabr 2018ci il tarixli qiymətləndirmə hesabatından çıxarışdan və evin müəyyən edilən faktiki ölçüləri təsbit olunmuş plan-cizgisindən görünür ki, cavabdehlərə məxsus yaşayış sahəsinin bazar dəyəri aşağıdakı kimi dəyərləndirilmişdir:

1. 40,54 kv.m əsas sahəyə görə: bir kv.metri 1250 manat və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 №-li Fərmanında nəzərdə tutulan 20 faiz əlavə daxil edilməklə, 1 kv metri 1500 manatdan hesablanmaqla - 60.810,00 manat;

2. 17,91 kv.m köməkçi sahəyə: bir kv.metri 1250 manat və 20 faiz əlavə də nəzərə alınmaqla 1500 manatdan olmaqla – 26.865,00 manat;

3. 17,85 kv.m qaraj (H=2,45) sahəsinə görə: bir kv.metri 416,66 manatdan, 20 faiz əlavə daxil olmaqla 1 kv metri üçün 500 manatdan olmaqla - 8.925,00 manat;

4. 0,65 kv.m pilləkan sahəsinə görə 1 kv metri 333,33 manatdan olmaqla, 20 faiz əlavə ilə birlikdə 1 kv metri 400 manatdan -260,00 manat; Beləliklə də cəmi - 76,95 kv. m sahəyə görə kompensasiyanın məbləği 96.860,00 manat, həmin məbələğə 2 aylıq kirayə haqqı və köçmə xərci kimi 1000 manat da əlavə edilməklə, cavabdelərə hesablanmış kompensasiyanın ümumi məbləği - 97.860,00 manat təşkil etmişdir. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli yaşayış sahəsinə dair reyestrdən çıxarışa əsasən 62,45 kv.m təşkil etdiyi halda, qiymətləndirmənin nəticəsi olaraq yaşayış sahəsinə görə cavabdehlərə ümumilikdə 76,95 kv.m sahəyə görə (yəni 14,5 kv m artıq) kompensasiya hesablanmışdır (Mübahisəli fərdi yaşayış evinin mülkiyət sənədinə (reyestrdən çıxarışdan) əsasən evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətidir). "xxxx" MMC-nin işə əlavə olunmuş “Qiymətləndirmə hesabatınından çıxarışına və əsaslandırılmış Hesabatdan görünür ki, mübahisəli əmlakın qiymətləndirilməsində iştirak edən MMCnin ekspert-qiymətləndiricisi X2 tərəfindən mübahisəli əmlakın qiymətləndirilməsi aparılarkən, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 23, 55, 56, 58, 63-cü maddələrinin tələbələri nəzərə alınmış, xərc və gəlirlik, müqayiəsəli yanaşma metodlarından istifadə olunmuş, obyektin təsviri və başlıca xarakteristikası, cari stifadəsinə dair göstəriciləri qrafik şəkilində təsbit olunmuş, əraziyə münasibətdə yerləşdiyi yerin təhlili (planı) verilmiş və düstur tətbiq edilməklə bazar qiyməti ilə ümumi dəyərinin 96.860,00 manat məbləğində olduğu müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən qiymətləndirici C.Əzizov mübahisəli fərdi yaşayış evinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun tələblərinə uyğun həyata keçirildiyini, ətrafda olan evlərin satış qiymətləri və evin özünün faktiki vəziyyəti, sair xüsusiyyətləri nəzərə alınmaqla, bazar dəyərinin müəyyənləşdirildiyini bidirmişdir. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 66.4.6-cı maddəsində nəzərdə tutulan çətinliklə bağlı alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində 10 ildən artıq yaşadığı müddət üçün ödənilən 10 faiz əlavə ilə əlaqədar isə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına mübahisəli fərdi yaşayış evinin 62,45 kv m (3/6) hissəsi təsbit olunduğu halda, ona 76,95 kv. m (yəni,14,5 kv.m artıq sahəyə görə də) sahəyə görə əlavə kompensasiya hesablanması, cavabdehlərin 10 faiz əlavə kompensasiya istəyini əvəzləşdirmiş olur. İşə əlavə olunmuş, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 62,2 kv.m yaşayış sahəsinin 275000 manata, habelə, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 32 ünvanında yerləşən ümumi sahəsi 30,7 kv m olan mənzilin 180000 manata satılmasına dair notarial qaydada bağlanmış alqı-satqı müqvilələrində təsbit olunmuş qiymətələrə gəldikdə isə, həmin daşınmaz əmlaklar birincisi, çoxmənzilli yaşayış binasına aid olan mənzillərdir, həm də mübahisəli ərazinin xəritə göstəricilərinə münasibətdə yerləşmə yerləri, eyni zamanda, həmin mənzillərin bizə məlum olmayan interyer vəziyyəti, yəni təmir-dizayn quruluşuna münasibətdə vəziyyəti - bazar qiymətinə əhəmiyyətdli dərəcədə təsir edə bilən bütün bu amillər nəzərə alınmaqla, binalarda yerləşən mənzillərin cavabdehlərə məxsus fərdi yaşayış evinin qiymətləri ilə eyniləşdirilə bilməz. Beləliklə də, iddiaçı alan orqan tərəfindən mübahisəli daşınmaz əmlaka görə cavabdehlərə təklif olunan kompensasiyanın əsaslı olduğu tədqiq edilən sübutlarla müəyyən edilən hallara və qanunvericiliyin tələblərinə uyğunluğu öz təsdiqini tapır. Başqa sözlə sübuta yetirilir ki, təklif edilən həmin kompensasiya məbləğinin alınmasından imtina üçün faktiki şərtlər mövcud deyil (İPM-in 14.3). «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 52.2; 52.2.1-52.2.3-cü maddələrinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən - torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin təsdiq olunması üçün verilir. Beləliklə qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərə təklif edilən kompensasiya məbləği qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını – mahiyyəti üzrə düzgün nəticə kimi qiymətlənirir və cavabdehlərin apellyasiya şikayətinin məhkəmə tərəfindən işin obyektiv araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə işə baxıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 699/2019 saylı 03.12.2019-cu il tarixli qərarı dəyişdirilmədən, qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinin tələbindən görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdehlərin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-699/2019 saylı 03.12.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar