Məhkəmə qərarları › İş №2-1(103)-1889/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1889/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1889/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3283/2022 saylı, 04 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Nizami İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə, 28.04.2016-cı ildə İddiaçı adına verilmiş 50 saylı sərəncamın ləğv edilməsi iddia tələbini irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3283/2022 saylı, 04 mart 2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, verilən mənzillər X1 şəxsi vəsaiti hesabına tikilmiş mənzillərdir. X3 da ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli 60 mənzildən ibarət olan yaşayış binasında yerləşən mənzilləri 10.09.2014-cü il tarixdə notariat qaydasında təsdiq edilməklə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İnternat məktəbin oxumuş ailələrə verilməsi şərtliə təmənnasız olaraq Bakı şəhəri İcra Hakimiyyətinə bağışlamışdır. Bakı İnzibati Məhkəməsinin səbəb kimi göstərdiyi əminlərə aid heç bir sənət mövcud deyil. Məsələn : SOCAR-ın bizlərə verilən mənzillərlə heç bir hüquqi bağlılığı yoxdur və eyni zamanda heç bir tələb irəli sürməyə hüquqi baxımından ixtiyarı yoxdur. SOCAR la bizim əlaqəmiz sadəcə orada işləməyimizdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 11.09.2014-cü il tarixli 434 nömrəli sərəncamına əsasən, ünvan 3 Ünvanında yerləşən 3247,5 kv. metr ümumi, 1844,0 kv. metr yaşayış sahəsindən İbarət 60 mənzilli 5 mərtəbəli bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmiş və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti (Rəfail Mehralıyev) bu sərəncamın l-ci bəndinin icrası ilə bağlı zəruri təşkilati tədbirlərin həyata keçirilməsini təmin etməsi tapşırılmışdır. Sərəncamdan görünür ki, ünvan 3 ünvanında 0,195 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 1844,0 kv. metr, ümumi sahəsi 3247,5 kv. metr olan 60 mənzildən ibarət beşmərtəbəli yaşayış binası xüsusi mülkiyyət kimi Azərbaycan Respublikasının vətəndaşı X1 adma daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmışdır. F.B.Əliyev ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək öz şəxsi vəsaiti hesabına inşa etdiyi yaşayış binasında yerlşən mənzilləri valideyinlərini itirmiş və imkansız ailələrə payladığını nəzərə alaraq qeyd edilən yaşayış binasının balansa qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qurum tərəfindən təqdim olunan iddiaya yazılı münasibətdən görünür ki, Nizami rayonu, ünvan 4 ünvanında tikilmiş yaşayış binası X5 ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birgə həyata keçirdiyi layihə çərçivəsində inşa edilmişdir. Bina istismara verildikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 26 noyabr 2015-ci il tarixli, SOCAR/15-1000/29-05-000021 saylı məktubu və ona əlavə edilmiş siyahını Cavabdehnə ünvanlayaraq siyahıda göstərilən şəxslərlə sosial-kirayə müqaviləsinin bağlanmasını (mənzillərin özəlləşdirilməməsi şərtilə) xahiş etmişdir. Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.2.2, 59.1, 62.2-ci maddələrinin tələblərini əsas tutaraq və Dövlət Neft Şirkətinin 26 noyabr 2015-ci il tarixli, SOCAR/15-1000/29-05-000021 saylı məktubunu və ona əlavə edilmiş siyahını nəzərə alaraq göstərilən şəxslərlə sosial-kirayə müqaviləsinin bağlanması barədə 28 aprel 2016cı il tarixli, 50 nömrəli sərəncam vermişdir. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısının 28.04.2016-cı il tarixli 50 №-li sərəncamının 2.13-cü bəndinə əsasən, Nizami rayonu, ünvan 6 ünvanı, blok A, mərtəbə 3, sahəsi 40,9 kv.m olan 1 otaqlı 13 saylı mənzilin kirayə müqaviləsi 2 nəfər ailə tərkibi ilə (özü, 1966-cı il təvəllüdlü anası X2) 1987-ci il təvəllüdlü İddiaçı adına (mənzillərin özəlləşdirilməməsi şərtilə) kirayə müqaviləsi bağlanılması və həmin şəxsin müvafiq mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulubpozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair yekun nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “... iddianın qaldırılmasında məqsəd mənzilin mülkiyyətə verilməsidir. Qeyd edilən mənzil sosial təyinatlı dövlət mənzil fonduna aid olan mənzildir. Həmin mənzillərin özəlləşdirilməsi (mülkiyyətə verilməsi) hüququ qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının mübahisələndirdiyi sərəncam qanuni əlverişli inzibati akt olmaqla dövlətin sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə himayə göstərməsindən irəli gələn pozitiv öhdəliyinin icrasıdır. Dövlətin həmin pozitiv öhdəliyi hansı şəkildə icra etməli olması isə qanunda qeyd edilən şəkildə (sosial kirayə müqaviləsinin bağlanması ilə) nəzərdə tutulmuşdur. Bununla belə, xeyrinə qanuni əlverişli inzibati akt qəbul edilmiş maraqlı şəxsin təşəbbüsü ilə onun ləğv edilməsi hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu, hüquqi dövlətin ümumi prinsipləri və qanunçuluq prinsipindən irəli gəlir.” Məhkəmənin mövqeyilə razılaşan kollegiya qeyd edir ki, iddiaçı Nizami rayonu, ünvan 6 ünvanı, blok A, mərtəbə 3, sahəsi 40,9 kv.m olan 1 otaqlı 13 saylı mənzilin sosial kirayə müqaviləsi əsasında onun istifadəsinə verilməsini nəzərdə tutuan Cavabdeh başçısının 28.04.2016-cı il tarixli 50 №-li sərəncamının ləğv edilməsi tələbini irəli sürərək, sözügedən mənzilin xüsusi mülkiyyətinə verilməli olmasını iddia edir. Apelyasiya şikayətində isə mövqeyini X1 müvafiq mənzillərin İnternat məktəbi oxumuş ailələrə verilməsi şərtlilə təmənnasız olaraq Bakı şəhəri İcra Hakimiyyətinə bağışlaması ilə əsaslandırır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. İddiaçının şikayətindəki dəlilinə münasibətdə kollegiya bildirir ki, sadalanan normaların tələblərindən də aydın olduğu kimi, dövlət mənzil fonduna daxil olan mənzillərin ehtiyacı olan şəxslərə verilməsinin realizə üsulu kimi həmin şəxslərlə sosial kirayə müqaviləsinin bağlanması qaydası müəyyən edilmişdir. İşin faktiki hallarından aydın oduğu kimi, F.B.Əliyev tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə bağışlanma əsasında, müvafiq mənzillər qanunla müəyyən edilmiş qaydada dövlət mənzil fonduna qəbul edilərək Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, sonuncunun sərəncamı əsasında isə Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına daxil edilmişdir. İddiaçının hazırda mübahisələndirdiyi Cavabdeh başçısının 50 №-li sərəncamından isə müvafiq mənzillər icra orqanı tərəfindən qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində, hazırki halda etiyacı olan şəxslərlə, həmçinin iddiaçı ilə sosial kirayə müqaviləsi bağlanmaqla, əvəzsiz istifadəyə verilmişdir. İşin həqiqi hallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi sərəncam icra orqanı tərəfindən qanunla müəyyən edilmiş səlahiyyəti çərçivəsində qəbul edilmiş iddiaçının hər hansı hüquq və maraqlarını pozmayan, əksinə mənzil şəraitini yaxşılaşdıran qanuni əlverişli inzibati aktdır. Kollegiyanın qənaəti ondan ibarətdir ki, inzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Kollegiya qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə, 28.04.2016 cı ildə İddiaçı adına verilmiş, dövlət mənzil fonduna daxil olan mənzillərin sosial kirayə müqaviləsi üzrə əvəzsiz istifadəyə verilməsini nəzərdə tutan 50 saylı sərəncamın ləğv edilməsini tələb etmək hüququ yoxdur, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3283/2022 saylı, 04 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cahangir Yusifov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar