Məhkəmə qərarları › İş №2-1(103)-1889/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1889/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1889/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və X2 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-233/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., İ.Həşimov küçəsi, 6a saylı binanın yaxınlığında yerləşən 300 kv.m torpaq sahəsini mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 481 saylı Qərarı ilə Binəqədi rayonu, 6-cı mkr, 1 Həşimov küçəsi, 6a saylı binanın yanında yerləşən 300 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə tərəfindən tərtib və təsdiq edilmişdir. İddiaçı lazımi sənədləri toplayıb qanuni istifadəsində olan 300 kv.m. torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə ********** saylı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli **********71 saylı cavab məktubunda torpaq sahəsinin özəlləşdirilməsinə dair çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Halbuki Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi xx.xx.2006-cı il tarixli 481 saylı Qərarı ilə Binəqədi rayonu, 6-cı mkr, 1 Həşimov küçəsində yerləşən 6a saylı binanın yanında olan 300 kv.m. torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş, iddiaçı həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirmişdir. Vaxtı-vaxtında bələdiyyə vergilərini ödəmiş, lakin mülkiyyət hüquqları qeydə alınmadığından əmlak üzərində sərəncam vermək hüquqları məhdudlaşdırlmışdır.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-233/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olub-olmaması kimi bir əsasla iddianın təmin olunmaması əsassızdır. Bu vətəndaşın qəbahəti sayıla bilməz. İnzibati məhkəmələrinin fəaliyyətinin əsasını vətəndaşlarının hüquqlarının və mənafeyinin orqanlar qarşısında qorunması təşkil edir. Bundan əlavə mübahisə predmeti olan torpaq sahəsi bütün tələb olunan şərtlərə əməl edilməklə əldə edilib və hazırda istifadəsindədir. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bəbişbəyli apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçıya və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., İ.Həşimov küçəsi, 6a saylı binanın yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

11. Cavadeh xx.xx.2022-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqavilələri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır.

12. İşdə olan Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 481 nömrəli qərarından görünür ki, Binəqədi rayonu, 6-cı mkr., İ.Həşimov küçəsi, 6a saylı binanın yanında 300 kv.metr (hər kv.m. üçün YAN ilə 5 manat ödəmək şərti ilə) torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi, Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə İddiaçı ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanılmasının tapşırılması qərara alınmışdır.

13. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli, 628 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx.xx.2006-cı tarixli 13 saylı qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr., İ.Həşimov küçəsi, 6a saylı yaşayış binasının yanında yerləşən 300 kv.m torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı satılmışdır.

14. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının qeyd etdiyi torpaq sahəsinin sərhədləri 4 tərəfdən şərti olmaqla faktiki olaraq 300,0 kv.m təşkil edir. Şərti olaraq göstərilən torpaq sahəsindən 6.0m-8.5m məsafədə 5 mərtəbəli yaşayış binaları mövcuddur. Sözügedən torpaq sahəsi yaşayış binasının qarşısında ümumi istifadə üçün nəzərdə tutulan yaşıllıq yeridir. Vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyəti torpağıdır.

15. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-48535/2025 nömrəli məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., İ.Həşimov küçəsi, 6a saylı binanın yaxınlığında yerləşən 300 kv.m. torpaq sahəsinin 500 metrlik radiusunda yerləşən torpaq sahələrinə dair sənədlərin təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

20. Məhkəmə qeyd edir ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər-hansı inzibati icraat çərçivəsində sənədləşmə işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırmasına səbəb olmamalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas qismində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları təsbit etməkdədir ki, hazırkı iş üzrə belə qərarın qəbul edilməsi, hətta artıq icra olunması müəyyən edilmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş inzibati icraat aparılmaqla qəbul olunur.

21. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

22. Odur ki, işin faktiki hallarına hüquqi qiymət verən Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin iddiaçının tələbini təmin edilməsindən imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

24. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli, 628 nömrəli müqavilədən görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx.xx.2006-cı tarixli 13 saylı qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr., İ.Həşimov küçəsi, 6a saylı yaşayış binasının yanında yerləşən 300 kv.m torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı satılmışdır.

25. Eyni zamanda, nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

26. Bundan əlavə, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışlara və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilin qonşuluğunda yerləşən mənzillər məhkəmə qərarlarına əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışlar verilmişdir. Belə olan halda, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 28.“İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. 29.Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. 30.Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., İ.Həşimov küçəsi, 6a saylı binanın yaxınlığında yerləşən 300 kv.m torpaq sahəsininə dair mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. 31.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 33.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-233/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., İ.Həşimov küçəsi, 6a saylı binanın yaxınlığında yerləşən 300 kv.m torpaq sahəsininə dair mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar