Məhkəmə qərarları › İş №2-1(103)-189/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-189/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-189/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, İddiaçının vəkili X4, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxsin vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqinin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1677/2020 saylı qərarından iddaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1677/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X12 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X12 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmək pensiyası hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən yenidən hesablanması üçün yeni “məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. 1974-2014-cü illərdə hərbi qulluqçu kimi xidmət keçmişdir. xx.xx.1974cü ildən xx.xx.1978-ci ilədək H.Əliyev adına AAHM-də təhsili almışdır. 1978-ci ildə hərbi məktəbi bitirdikdən sonra xx.xx.1992-ci ildək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. xx.xx.2014-cü il tarixdə yaşa görə ehtiyata buraxılmış və hazırda 1815 manat 75 qəpik pensiya alır.Ona pensiya təyin edilərkən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən “məlumat vərəqi”ndə son vəzifəyə görə aldığı maaş və əlavələr düzgün qeyd olunmadığı üçün onun pensiyası düzgün hesablanmamışdır. Belə ki, o, 1994-cü ildən 2002-ci ilə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi vəzifəsində, 2002-2008-ci illərdə Azərbaycan Respublikası Hərbi Komissarının müavini və 2008-2014-cü illərdə isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi nəzdində hərbi attaşe vəzifəsində hərbi qulluqda olmuşdur. Ümumilikdə 40 ildən çox hərbi qulluq stajı vardır.Pensiya təyinatı ilə əlaqədar təminat xərcliyi hesablanarkən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi vəzifəsinin aylıq vəzifə maaşından, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər artımlardan ibarət olan məbləğ əsas götürülməsi barədə müraciətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mənfi cavab verilmişdir. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, onun pensiyası hərbi attaşe vəzifəsinə görə hesablanmışdır. Bununla əlaqədar o, xx.xx.2019-cu il tarixdə yenidən Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətində qeyd etmişdir ki, 2008-2014-cü illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi nəzdində hərbi attaşe vəzifəsində işlədiyi vaxt digər əlavələrlə birlikdə 4325 (dörd min üç yüz iyirmi beş) ABŞ dolları məbləğində maaş almışdır.2008- 2010-cu illərdə ABŞ dollarının kursu təxminən 80 qəpik səviyyəsində, 2011-2014-cü illərdə təxminən 78 qəpik səviyyəsində olmuşdur. Hərbi attaşe kimi xidmət etdiyi dövrdə ABŞ dollarının manata məzənnəsinin ən aşağı səviyyəsi ilə hesabladıqda 3373 (üç min üç yüz yetmiş üç) manat aylıq əmək haqqı almışdır. Bu halda onun pensiyasının məbləği 1815 manat olmalı deyildi.Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq olunmuş “Təminat xərclərinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcləri barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulan “Məlumat vərəqi”ndə hərbi qulluqdakı son vəzifəyə görə aldığı maaş və əlavələr düzgün qeyd olunmamışdır. Əks təqdirdə pensiyanın məbləğinin 1815 manat olması, yəni maaşının təxminən yarısı qədər olması sağlam məntiqlə izah oluna bilməz. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının ilkin iclasında iştirak etmiş iddiaçının vəkili X8 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məktubunda qeyd olunub ki, iddiaçının pensiyası hərbi attaşe vzifəsinə görə hesablanıb. 2008-2014-cü illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi nəzdində hərbi attaşe vəzifəsində işlədiyi vaxt Azərbaycan Beynəlxalq Bankının Moskvadakı filialından hər ay 4325 ABŞ dolları məbləğində məvacib almışdır. 2008-2014-cu illərdə ABŞ dollarının kursu təxminən 78-80 qəpik səviyyəsində olduğundan hərbi attaşe kimi xidmət etdiyi dövrdə ABŞ dollarının manata məzənnəsinin ən aşağı səviyyəsi ilə hesabladıqda 3373 manat aylıq əmək haqqı almışdır. İddiaçının iddia tələbi mahiyyətinə görə, ona pensiya təyin edilərkən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən “Məlumat vərəqi”ndə son vəzifəyə görə aldığı maaş və əlavələr düzgün qeyd olunub-olunmadığı məhkəmə tərəfindən araşdırılmalı, bu fakt əsasında iddia tələbinə hüquqi qiymət verilməlidir. Cavabdeh hərbi attaşe kimi xidmət keçdiyi dövrdə aldığı məvacib, yəni, vəzifə maaşı, hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaş, xidmət illəri üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyasının konkret məbləğini göstərməklə cavab vermək əvəzinə iddiaçının pul təminatı ilə təmin olunduğu barədə formal cavab verib. 2014-cü il üzrə maaş alıb-almadığı barədə heç bir məlumat yoxdur. İddiaçıya pensiya hesablanarkən işlədiyi son 24 ayın pensiyası hesablanırsa, bu məlumat olmadan ona pensiyanın düzgün hesablandığı barədə nəticəyə gəlmək üçün birinci instansiya məhkəməsinində heç bir əsas olmayıb. Cavabdeh tərəfin həmin cavabında iddiaçıya vəzifəsinə görə pul ödənildiyi göstərilsə də, onun aldığı konkret məbləğ ümumiyyətlə göstərilməyib. Bu isə o deməkdir ki, faktiki olaraq Müdafiə Nazirliyi məhkəmənin sərəncamını cavablandırmayıb. Bu halda, iddiaçıya təyin edilən pensiya məbləğinin düzgün olub-olmadığına hüquqi qiymət vermək qeyrimümkündür. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin vəkili X10 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsi tərəfindən verilmiş 1234 saylı, xx xxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 1815,75 manat məbləğində yaşa görə pensiya alır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, 12/346 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların 1-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 203 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1978-ci ilədək H.Əliyev adına AAHM-da kursant, xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə xx.xx.2014-cü ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə əsasən yaşa görə ehtiyata buraxılmışdır. İddiaçının şəxsi işə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx 2001ci il tarixdən xx xxxxxx 2008-ci il tarixədək Azərbaycan Respublikasının Hərbi Komissarlığında hərbi komissar müavini, xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı X3 hərbi attaşesi kimi xidmət göstərmişdir. xx xxxxxx 2014-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən yaşa görə istefaya buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0421 saylı, xx xxxxxx 2001ci il tarixli əmrindən çıxarışdan görünür ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik İddiaçı tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Hərbi Komissarının müavini təyin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0405 saylı, xx xxxxxx 2008ci il tarixli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Hərbi Komissarının müavini polkovnik İddiaçı tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Silahlı X2 hərbi attaşesi təyin olunmuşdur. Birinci instansiya məhkəməsi araşdırması zamanı iddiaçının xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsindən Azərbaycan Respublikası Hərbi Komissarlığında Hərbi Komissarın müavini vəzifəsinə, xx.xx.2008-ci il tarixdə isə həmin vəzifədən Azərbaycan Respublikası Silahlı X2 Hərbi attaşesi vəzifəsinə keçirilməsinin səbəbi və əsasları barədə məlumatın, həmçinin buna dair müvafiq sənədlərin surəti, həmçinin iddiaçıya hərbi attaşe işlədiyi dövrdə (5 il 3 ay) aylıq ödənişlərin verilib-verilməməsi barədə məlumatın (təminat xərcliyi, büdcədənkənar və.s) qısa müddət ərzində məhkəməyə göndərilməsi sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 9/2-6353 saylı məktubdan görünür ki, Müdafiə Nazirliyinin xx.xx.2011-xx.xx.2011-ci il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 2010-cu il hesabına maddi yardım almış Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin nəzdində Hərbi Attaşelərin siyahısında polkovnik İddiaçı adı qeyd edilmişdir. Müdafiə Nazirliyinin xx.xx.2011-xx.xx.2011-ci il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda attaşe polkovnik İddiaçı yanvar 2011-ci il, fevral 2011-ci il, mart 2011-ci il, aprel 2011-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır.Müdafiə Nazirliyinin xx.xx.2011-xx.xx.2011-ci il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda attaşe polkovnik İddiaçı may 2011-ci il, iyun 2011-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır.Müdafiə Nazirliyinin xx.xx.2011-xx.xx.2011-ci il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda attaşe polkovnik İddiaçı iyul 2011-ci il, iyul (artım) 2011-ci il, avqust 2011-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır.Müdafiə Nazirliyinin xx.xx.2011-xx.xx.2011-ci il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda attaşe polkovnik İddiaçı sentyabr 2011-ci il, oktyabr 2011-ci il, noyabr 2011-ci il, dekabr 2011-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Müdafiə Nazirliyinin xx.xx.2012-xx.xx.2012-ci il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda attaşe polkovnik İddiaçı yanvar 2012-ci il tarixi, fevral 2012-ci il tarixi, mart 2012-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır.Müdafiə Nazirliyinin xx.xx.2012-xx.xx.2012-ci il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda attaşe polkovnik İddiaçı aprel 2012-ci il, may 2012-ci il tarixi, iyun 2012-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır.Müdafiə Nazirliyinin xx.xx.2012- xx.xx.2012-ci il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda attaşe polkovnik İddiaçı iyul 2012-ci il tarixi, avqust 2012-ci il tarixi, sentyabr 2012-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Müdafiə Nazirliyinin xx.xx.2012xx.xx.2012-ci il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda attaşe polkovnik İddiaçı oktyabr 2012-ci il tarixi, noyabr 2012-ci il tarixi, dekabr 2012-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır.Müdafiə Nazirliyinin xx.xx.2013-xx.xx.2013-cü il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi nəzdində hərbi attaşelik aparatının Hərbi attaşesi polkovnik İddiaçı yanvar 2013-cü il tarixi, fevral 2013-cü il tarixi, mart 2013-cü il tarixi, aprel 2013-cü il tarixi, may 2013-cü il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır.Müdafiə Nazirliyinin xx.xx.2013-xx.xx.2013-cü il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi nəzdində hərbi attaşelik aparatının Hərbi attaşesi polkovnik İddiaçı iyun 2013-cü il tarixi, iyul 2013cü il tarixi, avqust 2013-cü il tarixi, sentyabr 2013-cü il tarixi, oktyabr 2013-cü il tarixi, noyabr 2013-cü il tarixi, dekabr 2013-cü il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır.Müdafiə Nazirliyinin noyabr 2008-2010-cu il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri qovluğunda İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin 2001-2008-ci il tarixli nizami hissə üzrə əmrləri, Azərbaycan Respublikası Hərbi Komissarlığının sənədləri, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsi rəisinin 2008-ci il tarixli nizami hissə üzrə əmrləri və Müdafiə Nazirliyinin 2014-2015-ci il tarixli zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinin əmək pensiyası təyin edən komissiyanın 15/28 saylı, xx xxxxxx 2015-ci il tarixli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2014-cü il tarixdən 1553,05 manat məbləğində ömürlük pensiya təyin edilmişdir. Pensiya işində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli məlumat vərəqindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı X2 Hərbi attaşesi vəzifəsi üzrə vəzifə maaşı 693 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə əlavə 415,50, ərzaq payı əvəzinə kompensasiya 64, məharət dərəcəsinə görə əlavə 242,55 manat olmaqla, ona 1553,05 manat məbləğində təminat xərcliyi hesablanmışdır. Hazırki iddia tələbi üzrə iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilən “məlumat vərəqi”ndə son vəzifəyə görə aldığı maaş və əlavələrin düzgün qeyd olunmadığı səbəbindən, onun pensiyasının düzgün hesablanmadığını göstərərək, sonuncu tutduğu Azərbaycan Respublikasının Rusiya Səfirliyi nəzdində hərbi attaşe vəzifəsi üzrə əmək haqqına digər əlavələrlə birlikdə 4325 ABŞ dolları, manat ekvivalentinə nisbətdə 3373,4 manat maaş aldığı halda ona 1815,75 manat məbləğində pensiya hesablanadığını əsas gətirərək, pensiyanın yenidən hesablanmasını tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, 11/422 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi qulluqçuların qulluq stajına görə əmək pensiyaları təminat xərcliyi (pul təminatı) əsasında hesablanır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşına hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Bununla əlaqədar onun əmək pensiyasının idarə rəisi vəzifəsinin təminat xərcliyi əsasında yenidən hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir. Birinci instansiya məhkəməsi aşağıdakı əsaslara görə hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur və iddiaçının göstərdiyi dəlillər əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. İş materialları ilə müəyyən edilmişdir ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən iddiaçının sonuncu xidmət yeri üzrə vəzifəsi Azərbaycan Respublikası Silahlı X2 hərbi attaşesi olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülərək ona pensiya təyin edilmiş, bununlada cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmamışdır. İddiaçı Azərbaycan Respublikasının Rusiya Səfirliyi nəzdində hərbi attaşe vəzifəsində işlədiyi dövrdə 4325 ABŞ dolları məbləğində maaş aldığını göstərsə də, lakin ona cavabdeh tərəfindən pensiya hesablanarkən haqlı olaraq iddiaçının xarici ölkədə aldığı əmək haqqı deyil, müəyyən edilmiş aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdə təminat xərcliyi hesablanmışdır. Belə ki, Azərbaycan Respublikasının Rusiya Səfirliyi nəzdində hərbi attaşe vəzifəsində xidmətdə olduğu dövr üzrə xidmət göstərərkən diplomatik xidmət əməkdaşları ilə eyni statusa malik olmuşdur və həmin məbləğdə əmək haqqını xarici ölkədə xidməti ilə bağlı ezamiyyətdə olarkən almışdır. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının xidmətdə olduğu hərbi attaşe vəzifəsini diplomatik xidmət əməkdaşları ilə bərabər tutaraq hesab etmişdir ki, iddiaçının hərbi attaşe vəzifəsində işlədiyi dövrdə xarici ölkədə aldığı əmək haqqı qanunvericiliyin tələblərinə əsasən sosial sığorta stajına daxil edilmədiyindən əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlərin cavabdeh tərəfindən nəzərə alınmaması əsaslı olmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 17-ci abzasına əsasən rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 23.4-cü maddəsinə əsasən rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır. Belə olan halda iddiaçının da hərbi attaşe vəzifəsində xidmət göstərdiyi zaman xarici ölkədə aldığı əmək haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aiddir. Həmin əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən, iddiaçıya hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdə təminat xərcliyi hesablandığından, göstərilən əsasla onun pensiyasının yenidən hesablanması tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, iddiaçının apelyasiya şikayətində dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1677/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar