Məhkəmə qərarları › İş №2-1(103)-189/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-189/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-189/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “madi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-913/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayış məntəqələrinin torpaqlarında və iddiaçının xüsusi mülkiyyətində olan torpaq üzərində yerləşən xüsusi mülkiyyətində olan birmərtəbəli 35.5 kv.m. olan evin ikinci mərtəbəsinin qanunsuz və əsasız sökülməsi ilə bağlı iddiaçıya vurulmuş maddi, mənəvi və psixoloji dəyən ziyanın ödənilməsi və evinin 2-ci mərtəbəsinin tikilməsinə dair qərar verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yaşayış məntəqələrinin torpaqlarında və iddiaçının xüsusi mülkiyyətində olan torpaq üzərində yerləşən xüsusi mülkiyyətində olan birmərtəbəli 35.5 kv.m. olan evin ikinci mərtəbəsinin qanunsuz və əsassız sökülməsi ilə bağlı iddiaçıya vurulmuş 6660 manat məbləğində maddi, mənəvi və psixoloji ziyanın ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yaşayış məntəqələrinin torpaqlarında və iddiaçının xüsusi mülkiyyətində olan torpaq üzərində yerləşən birmərtəbəli 35.5 kv.m. olan evin ikinci mərtəbəsinin tikilməsi ilə əlaqədar qanuna əsasən lazımi olan sənədləri əldə etdikdən sonra Bakı şəhəri Cavabdehə müraciət etmişdir. Cavabdeh öz növbəsində iddiaçının müraciətinə baxaraq A-102/2- 159/2-t/l saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə cavab verərək, təqdim etdiyi layihəyə uyğun olaraq evinin ikinci mərtəbəsinin tikilməsinə razılıq vermişdir. Cavabdeh tərəfindən tikintiyə razılıq alındığından sonra, layihəyə uyğun olaraq iddiaçı evinin ikinci mərtəbəsini tikmişdir. Evinin ikinci mərtəbəsinin tikib bitirəndən sonra Cavabdeh tərəfindən iddiaçıya A-102/2-159/2-t/1 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarı əsasında pilot layihə çərçivəsində iddiaçının evinin yerləşdiyi ərazisi “Pearl Construction" MMC-yə verilmiş və buna əsasən Cavabdehin A-102/2-159/2-t/1 saylı xx.xx.2019-cu il tarixli tikintiyə icazə məktubu qüvvədən düşmüş hesab edilmişdir. Həmin məktubu aldığı günün səhəri günü Cavabdehin əməkdaşlarının və Nərimanov rayon 16-cı Polis bölməsinin əməkdaşların iştirakı ilə evinin ikinci mərtəbəsi sökülmüşdür. Cavabdehin qanunsuz və əsassız olaraq iddiaçının evinin ikinci mərtəbəsinin sökülməsini sübut edən foto və video, digər sənədləri məhkəmə iclasında təqdim edəcəkdir. Cavabdehin qanunsuz və əsasız olaraq iddiaçının evinin ikinci mərtəbəsinin sökülməsi ilə bağlı iddiaçıya vurulmuş 75.000 (yetmiş beş min) manat maddi ziyanın ödənilməsi ilə əlaqədar Cavabdehə müraciət etsə də, iddiaçının ərizəsinə məhəl qoyulmamış və cavab verilməmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi etirazda göstərilmişdir ki, iddia tələbi əsassızdır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ №-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 №-li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sükülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Cavabdehə (RİH) tapşırılmışdır. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 411 №-li Sərəncamı ilə rayonun Maqsud Əlizadə və Xan Şuşinski küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması, həmin ərazidə 0,785 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Köçürülmə ilə əlaqədar, mübahisə məhkəmə müstəvisinə çıxarılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6753/2017 №-li iş üzrə 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Nərimanov RlH-in cavabdehlər İddiaçı və qeyrilərinə qarşı digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilmişdir. Cavabdehlərin qətnamədən verdiyi apellyasiya şikayəti baxılması ərəfəsində digər cavabdehlərə münasibətdə mübahisə predmeti tərəflər arasında məhkəmədən kənar qarşılıqlı razılaşma ilə aradan qaldırılmış, İddiaçı münasibətdə isə iddiadan imtina barədə ərizəsi nəzərə alınmış, mülki iş üzrə icraata xitam verilmişdir (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2324/2018 №-li iş üzrə 11 aprel 2018-ci il tarixli qərardadı). İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə Nərimanov RİH-ə müraciət edərək təqdim olunmuş layihəyə uyğun yaşadığı mənzilin üzərində 2-ci mərtəbənin tikintisinə icazə verilməsini xahiş etmiş, RİH başçısı müavini Mirzəyevin dərkənarı ilə ona xx.xx.2019-cu il tarixli A102/2-152/2-t/1 məktubla təqdim edilmiş layihəyə uyğun 2-ci mərtəbənin tikilməsinə etiraz edilməməsi bildirilmişdir. Mübahisəli ərazinin pilot layihə çərçivəsində "xxxx" MMC-nin istifadəsinə verilməsi, eləcə də qəzalı vəziyyətdə olan tikilinin üzərində müvafiq qurumlar tərəfindən müvafiq razılaşdırmaların olmaması səbəbindən İddiaçı tərəfindən tikintinin aparılmasına başlanması ərəfəsində, işlərin dayandırılması tələb edilmiş və ona xx.xx.2019-cu il tarixli imtina məktubu verilmişdir. İddiaçının mülkiyyətində olan birmərtəbəli, ümumi sahəsi 35,0 kv.m. olan mənzil 1900-cü ildə inşa edilmiş və mütəxəssis rəyinə əsasən qəzalı vəziyyətdədir. Onun üzərində müvafiq ekspertiza rəyi olmadan yüklü edilməsi nəticə etibarı ilə ciddi təhlükələr yarada bilərdi. Eləcə də Bakı şəhərində aparılan irimiqyaslı abadlıq-quruculuq işlərinin aparıldığı ərəfədə mövcud layihənin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmaması yolverilməzdir. Halhazırda mübahisəli ərazidə "xxxx" MMC tərəfindən qanuni əsaslarla onun istifadəsinə ayrılmış ərazidə icrası müvəqqəti dayandırılmış tikinti işlərinə başlanması həyata keçirilir. Nərimanov RİH tərəfindən iddiaçıya vurulmuş 75000 manat zərərə gəldikdə bildirilir ki, bu tələbin hər hansı bir hüquqi əsası yoxdur, bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdin edilməmiş və iddiaçı öz subyektiv mülahizələrinə uyğun ümumi sahəsi 35,0 kv.m. olan mənzilin İİ mərtəbəsində inşa edilməli olan yaşayış sahəsinin xəyali təsvirini yaratmış və xüsusi biliyə malik mütəxəssis kimi 75000 manatlıq zərərin əvəzinə müəyyən etmişdir. Hazırki iş üzrə cavabdeh dövlət büdcəsindən maliyyələşən inzibati orqandır. Nərimanov RİH tərəfindən mübahisəli ərazidə iddiaçı tərəfindən tikintinin başlanılması dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin əsassız olduğu üçün onun rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-913/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci it tarixli 2-1(112)- 913/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə formal əsaslarla iddianı təmin etməmiş, işi tam araşdırmamışdır, məhkəməyə təqdim etdiyi disk yazısına məhkəmə tərəfindən qiymət verilməmişdir, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun 16 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına məhkəmə səthi yanaşmışdır, həmin qərardan məhz cavabdehin əməkdaşının söküntü aparılması barədə göstəriş verdiyi görünür, lakin məhkəmə buna qiymət verməmişdir, cavabdeh də öz əməkdaşlarının hərəkəti üçün məsuliyyət daşıyır. Məhkəmə hadisə yerinə baxış keçirməmişdir, ətraflı araşdırma aparmamışdır, dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertiza təyin etməmişdir. Tərəflərin izahatları: İş üzrə apellyasiya baxışı zamanı iddiaçı tələbini dəqiqləşdirərək ona dəymiş 6000 maddi və 660 manat mənəvi ziyanın cavabdeh inzibati orqandan tutularaq ona ödənilməsini xahiş etmiş, yazılı ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən məhkəmə maddi ziyanın ödənilməsinin təmin edilməməsi hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmir, belə ki, cavabdehin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud deyil. Həmçinin məhkəmə sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkəti nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır, işin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 0.00506 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35.5 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasından iddiaçının mülkiyyətindədir. İddiaçı Məsud Əlizadə küçəsi ev 36E №-li evin ikinci mərtəbəsinin tikilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh Bakı şəhər Nərimanov İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubu ilə 01 yanvar 2013-cü il tarixdən qüvvədə olan AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq, inşa edilməsi təklif olunan fərdi yaşayış evinin ikinci mərtəbəsinin təqdim edilmiş layihəyə uyğun tikilməsinə razılıq verilmişdir. Cavabdeh tərəfindən tikintiyə razılıq alındığından sonra, layihəyə uyğun olaraq iddiaçı evinin ikinci mərtəbəsini tikməyə başlamış, bir müddət sonra Cavabdeh tərəfindən iddiaçıya A-102/2-159/2-t/1 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarı əsasında pilot layihə çərçivəsində iddiaçının evinin yerləşdiyi ərazisi “Pearl Construction" MMC-yə verilmiş və buna əsasən Cavabdehin A-102/2-159/2-t/1 saylı xx.xx.2019-cu il tarixli tikintiyə icazə məktubu qüvvədən düşmüş hesab edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdehin əməkdaşlarının və Nərimanov rayon 16-cı Polis bölməsinin əməkdaşların iştirakı ilə evin ikinci mərtəbəsi sökülmüşdür. Birinci instansiya məhkəməsi cavabdehin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olmadığına istinad etsə də, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 aprel 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Cavabdehin Təsərrüfat şöbəsinin baş məsləhətçisi X1 izahatında evin sökülmüş ikinci mərtəbəsinin İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküldüyünü qəbul etmişdir. Belə ki, izahatı alınmış X1 bildirmişdir ki, İddiaçı yaşadığı ünvan 3 ünvanında AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı əsasında pilot layihə çərçivəsində "xxxx" MMC tərəfindən tikinti işləri başlanmışdır, həmin ərazidə yaşayan bütün sakinlər evlərinin sökülməsinə razılıq versələr də, sadəcə İddiaçı razı olmamış, evinin 80 metr kv olmasına baxmayaraq, istismar müddəti başa çatmış yaşadığı tikilinin əvəzinə yeni tikiləcək binadan 3 ədəd 136 metr kv-lıq üç otaqlı mənzil və 50 metr kv. qeyri-yaşayış sahəsi tələb etmişdir. Tikinti şirkəti tərəfindən bu tələb qeyri-mümkün hesab edilmişdir. İddiaçılə söhbətlər aparılmış, lakin onu razı salmaq mümkün olmamışdır. Bu da digər qonşuların narazılığına səbəb olmuşdur. Belə ki, qonşuluqda yaşayan digər şəxslər "xxxx" MMC tərəfindən tikilmiş yeni binalarda yaşamağa başlamış, lakin İddiaçı görə tikinti aparıla bilməyən ərazidə istismar müddəti bitmiş mənzillərdə yaşayan sakinlər yeni binaya köçə bilməmişdirlər. xx.xx.2019-cü il tarixdə Cavabdehin başçısının birinci müavini Şahmar İbadovun 06 dekabr 2019-cu il tarixli məktubunun icrası onlara həvalə olunmuşdur. Həmin məktubda İddiaçı evinin 2-ci mərtəbəsində tikinti aparılması üçün verilən xx.xx.2019-cu il tarixli icazənin ləğv olunması göstərilmişdir. xx.xx.2019-cü il tarixdə icra hakimiyyəti və polis əməkdaşları ilə birlikdə ünvan 4 ünvanına gedib baxış keçirtmişlər. İddiaçı yaşadığı evin ikinci mərtəbəsində kərpiclə bir metr hündürlüyündə hörgü işləri gördüyünü aşkar etmişlər. İddiaçı verilmiş icazə icra hakimiyyəti rəhbərliyi tərəfindən ləğv olunduğundan həmin hörgü olunan hissə əməkdaşlar tərəfindən sökülmüşdür. Beləliklə, işdə olan sənədlərdən, fotoşəkillərdən və iddiaçının təqdim etdiyi diskə baxış keçirilərkən müəyyən olunur ki, iddiaçının ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evinin qanuni əsasla (belə ki, evin ikinci mərtəbəsinin tikintisi başlanarkən və davam etdirilərkən iddiaçı cavabdehin ikinci mərtəbənin tikintisinə icazə verilməsi barədə xx.xx.2019-cu il tarixli məktubu əsasında hərəkət etmişdir) sonradan tikilmiş ikinci mərtəbəsinin cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən sökülməsi və nəticədə iddiaçıya maddi ziyan vurulması işin mübahisəsiz halıdır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından da göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-189/23 saylı qərardadı ilə dəymiş zərərin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2023-cü il tarixli, 10/986 №-li rəyi ilə ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus birmərtəbəli 35.5 kv.m olan evin ikinci mərtəbəsində aparılmış hörgü işlərinin sökülməsi nəticəsində iş materiallarında olan fotoşəkillər əsasında dəymiş ziyanın ümumi dəyəri təqribən 340.5 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və iddiaçıya məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsinin sökülməsi nəticəsində ona 340.5 manat məbləğində ziyan vurulmasını işin hallarına uyğun hesab edir. Odur ki, kollegiya hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində ekspert rəyi ilə müəyyən edilən məbləğdə təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mənəvi ziyanın tutulması hissəsində də qismən əsaslı hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İş materialları ilə müəyyən olundu ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir, kollegiya qeyd edir ki, iddiaçının maddi vəsait və əmək sərf etdiyi ona məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsinin cavabdeh tərəfindən sökülməsi zamanı mənəvi sarsıntı və iztirablara məruz qalması və bunun cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halı kimi qəbul edilməlidir. Odur ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də qismən əsaslı hesab edilməklə, cavabdehdən iddiaçının xeyrinə tələb edilən məbləğdə deyil, 500 (beş yüz) manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması ağlabatan və ədalətli hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-913/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Bakı şəhəri Cavabdehdən maddi ziyana görə 340.5 ( üç yüz qırx manat əlli qəpik) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-913/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehdən maddi ziyana görə 340.5 ( üç yüz qırx manat əlli qəpik) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar