Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-189/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3883/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 sentyabr 2021-ci il tarixli, **********740300 nömrəli və 22 fevral 2022-ci il tarixli **********860100 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) e-2-1(112)-3883/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 sentyabr 2021-ci il tarixli, **********740300 nömrəli və 22 fevral 2022-ci il tarixli, **********860100 nömrəli qərarları ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması zamanı şirkət tərəfindən 2021-ci il üçün iyul ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı, 448424 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-faktura üzrə ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin iyul ayı üçün 48033,87 manat məbləğində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Eyni zamanda 2021-ci il üçün avqust ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı, 860842 nömrəli, EBBG seriyalı 169103 nömrəli, EBBG seriyalı, 166217 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin avqust ayı üçün 74955,1 manat məbləğində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********795700 nömrəli və xx.xx.2022-ci il tarixli **********799700 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, müvafiq dəqiqləşdirilmiş bəyannamə və uyğunsuzluq barədə əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyul ayı üçün 48033,98 manat, 2021-ci ilin avqust ayı üçün 74955,1 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********740300 nömrəli və xx.xx.2022-ci il tarixli **********860100 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı şirkət ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında elektron qaimə-faktura əsasında 2021-ci ilin iyul ayı ərzində 266854,85 manat (ƏDV-si 48033,89 manat) məbləğində “Konteynerlər”, “Çadır dəstləri”, “Dəmir seyflər”, “Kovrolitlər” və s. adlı mallar təqdim edildiyi, təqdim edilmiş elektron qaiməfakturalar əsasında əvəzləşdirmə əməliyyatının aparıldığı müəyyən edilmişdir. Eyni zamanda 2021-ci ilin avqust ayı ərzində elektron qaimə-fakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 246289,86 manat (ƏDV-si 44332,17 manat) məbləğində “İki mərtəbəli dəmir çarpayılar”, “Dəmir karkaslı oturacaqlar”, “Dəmir karkaslı masalar”, "xxxx" və s. adlı mallar və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 170127,4 manat (ƏDV-si 30622,93 manat) “Dəmir stellajlar”, “Yazı lövhələri”, “Kreslolar (müxtəlif növdə)”, “Dəmir karkaslı masalar”, "xxxx" və sair Şirkətin mallar aldığı, əldə edilmiş elektron qaimə-fakturalar əsasında ƏDV məbləğlərinin əvəzləşdirildiyi müəyyən edilmişdir. Elektron qaimə-faktura məlumatlarına əsasən şirkət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Konteynerlər”, “Çadır dəstləri”, “Dəmir seyflər”, “Kovrolitlər”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “İki mərtəbəli dəmir çarpayılar”, “Dəmir karkaslı oturacaqlar”, “Dəmir karkaslı masalar”, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Dəmir stellajlar”, “Yazı lövhələri”, “Kreslolar (müxtəlif növdə)”, “Dəmir karkaslı masalar”, "xxxx" və s. mallar alınmasına baxmayaraq, həmin vergi ödəyicilərinin 2021-ci ilin iyul və avqust aylarında qeyd olunan adda mallar alması müəyyən edilməmiş və bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar əmtəəsiz əməliyyat hesab edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətlərinin araşdırılması zamanı aldıqları və təqdim etdikləri malların vergi ödəyicilərinin iqtisadi göstəricilərinə uyğun olmadığı, yəni çeşid fərqi yarandığı müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanının xx.xx.2021-ci il tarixli **********724500 nömrəli, xx.xx.2021-ci il tarixli **********824100 nömrəli və xx.xx.2021-ci il tarixli **********963100 nömrəli qərarları ilə riskli vergi ödəyiciləri hesab edilmişdir. Məhkəmə qərarında qeyd olunur ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmənin mövqeyi ilə aşağıda qeyd olunanlara əsasən razı deyillər. İddiaçı MMC-nin qarşılıqlı əməliyyar apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyiciləri olmaları vergi orqanı tərəfindən aparılmış araşdırmalar zamanı sübuta yetirilmiş və həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir. Vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması zamanı iddiaçının riskli hesab olunan və adları yuxarıda qeyd olunan vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparması sübuta yetirilmiş, bununla da iddiaçının ödənilməli olan əlavə vergi öhdəliyi yaranmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə inzibati akt (qərar) qəbul edilmişdir. Bundan əlavə, qanunvericilik inzibati orqanın qəbul etdiyi inzibati akt (qərar) ilə vergi ödəyicisinin təqsirliliyini müəyyən edir ki, bu da təqsirsizlik prezumpsiyasının mütləq hüquq olmadığı təsdiqini tapır. Avropa Məhkəməsi qəbul etdiyi qərarındakı hüquqi mövqeyə əsasən fakt və hüquq prezumpsiyası baxımından iddiaçının vergidən yayınma halı birmənalı şəkildə təsdiqini tapır. (Yanoseviç İsveçə qarşı, §100, obyektiv əsaslarla əlavə vergilərin təyin edilməsi və məhkəmə qərarından əvvəl icrası ilə əlaqədar). Məhkəmə qərarında qeyd edilir ki, iddiaçı mübahisələndirilən qərarlar üzrə yuxarı inzibati orqana müraciət etmiş, yuxarı inzibati orqanın apellyasiya şurasının yekun xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Həmin qərar iddiaçıya poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə çatdırılmış, iddiaçı isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət edilmənin son tarixi xx.xx.2022-ci il tarix olmalıdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. Bununla bağlı, yəni iddianın mümkün sayılmaması barədə məhkəməyə vəsatət təqdim edilsə də, təmin edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən qeyd edilir ki, məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. İddiaçı MMC-də keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********740300 nömrəli və xx.xx.2022-ci il tarixli **********860100 nömrəli qərarlarla hesablanmış vergi Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-3883/2023 nömrəli qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 sentyabr 2021-ci il tarixli, **********740300 nömrəli qərarından görünür ki, kameral yoxlama nəticəsində 2021-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 48.033,98 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (07.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı 448424 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 48.033,87 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 48.033,87 manat kənarlaşma yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 fevral 2022-ci il tarixli, **********860100 nömrəli qərarından görünür ki, kameral yoxlama nəticəsində 2021-ci ilin avqust ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 74.955,10 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (08.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 860842 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 30.622,93 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 30.622,93 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (08.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 169103 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə faktura üzrə 30.030,09 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 30030.09 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (08.2021) əvəzlənmə üçün təqdim olunmuş EBBG seriyalı 166217 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 14.302,08 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 14.302,08 manat kənarlaşma yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 iyun 2022-ci il tarixli, **********701100 nömrəli qərarından görünür ki, həmin qərarlardan İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilmiş inzibati şikayət Xidmətin 06 iyun 2022-ci il tarixli, **********701100 nömrəli qərarı ilə təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən Şirkətin xx.xx.1997-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2001-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "sair mebellərin istehsalı”ndan ibarət olduğu, ünvan 1 ünvanında yerləşən əsas sahəsi 1000,0 kv.metr olan “İstehsal” adlı təsərrüfat obyektinin vergi orqanında xx.xx.2005-ci il tarixdən qeydiyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı Şirkət tərəfindən 2021-ci il üçün iyul ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı, 448424 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-faktura üzrə ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin iyul ayı üçün 48033,87 manat məbləğində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Eyni zamanda 2021-ci il üçün avqust ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı, 860842 nömrəli, EBBG seriyalı 169103 nömrəli, EBBG seriyalı, 166217 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdiriİməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin avqust ayı üçün 74955,1 manat məbləğində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********795700 nömrəli və xx.xx.2022-ci il tarixli **********799700 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, müvafiq dəqiqləşdirilmiş bəyannamə və uyğunsuzluq barədə əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyul ayı üçün 48033,98 manat, 2021ci ilin avqust ayı üçün 74955,1 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********740300 nömrəli və xx.xx.2022-ci il tarixli **********860100 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı Şirkət ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında elektron qaimə-faktura əsasında 2021ci ilin iyul ayı ərzində 266854.85 (ƏDV-si 48033,89 manat) məbləğində “Konteynerlər”, “Çadır dəstləri", “Dəmir seyflər", "Kovrolitlər” və s. adlı mallar təqdim edildiyi, təqdim edilmiş elektron qaiməfakturalar əsasında əvəzləşdirmə əməliyyatının aparıldığı müəyyən edilmişdir. Eyni zamanda 2021-ci ilin avqust ayı ərzində elektron qaimə-fakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 246289,86 manat (ƏDV-si 44332,17 manat) məbləğində “İki mərtəbəli dəmir çarpayılar”, “Dəmir karkaslı oturacaqlar”, “Dəmir karkaslı masalar”, "xxxx" və s. adlı mallar və "KARMA SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 170127,4 manat (ƏDV-si 30622,93 manat) “Dəmir stellajlar”, “Yazı lövhələri", “Kreslolar (müxtəlif növdə)", “Dəmir karkaslı masalar", “Dəmir çarpayılar döşək ilə" və sair Şirkətin mallar aldığı, əldə edilmiş elektron qaimə-fakturalar əsasında ƏDV məbləğlərinin əvəzləşdirildiyi müəyyən edilmişdir. Elektron qaimə-faktura məlumatlarına əsasən Şirkət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Konteynerlər”, “Çadır dəstləri", “Dəmir seyflər”, “Kovrolitlər”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “İki mərtəbəli dəmir çarpayılar", “Dəmir karkaslı oturacaqlar”, “Dəmir karkaslı masalar”, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Dəmir stellajlar”, “Yazı lövhələri”, “Kreslolar(müxtəlif növdə)”, “Dəmir karkaslı masalar”, "xxxx"və s. mallar alınmasına baxmayaraq, həmin vergi ödəyicilərinin 2021-ci ilin iyul və avqust aylarında qeyd olunan adda mallar alması müəyyən edilməmiş və bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar əmtəəsiz əməliyyat hesab edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və KARMA SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyələrinin araşdırılması zamanı aldıqları və təqdim etdikləri malların vergi ödəyicilərinin iqtisadi göstəricilərinə uyğun olmadığı, yəni çeşid fərqi yarandığı müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na uyğun olaraq vergi orqanın xx.xx.2021-ci il tarixli **********724500 nömrəli, xx.xx.2021-ci il tarixli **********824100 nömrəli və xx.xx.20212-ci il tarixli **********963100 nömrəli qərarları ilə riskli vergi ödəyiciləri hesab edilmişdir. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti hesab etmişdir ki, Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********740300 nömrəli və xx.xx.2022-ci il tarixli **********860100 nömrəli qərarları dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 88 nömrəli qərarından görünür ki, Dövlət Vergi Xidmətinin 06 iyun 2022-ci il tarixli, **********701100 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası tərəfindən eyni əsaslarla dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021ci il tarixli **********724500 nömrəli qərarından görünür ki, vergi ödəyicisi “GLORY VİP GROUP" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021ci il tarixli **********824100 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021ci il tarixli **********963100 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********1) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin faktiki halları ondan ibarətdir ki, ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermədiyi, elektron qaimə-fakturalar üzrə ƏDV məbləğinin əvəzləşdirildiyinin nəzərə alınaraq cari aylar üçün təqdim edilmiş bəyannamələrdə bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində kənarlaşmanın yaranması qeyd edilərək iddiaçıya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 sentyabr 2021-ci il tarixli, **********740300 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində 2021-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 48.033,98 manat, 22 fevral 2022-ci il tarixli, **********860100 nömrəli qərarına əsasən isə kameral yoxlama nəticəsində 2021-ci ilin avqust ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 74.955,10 manat əlavə vergi hesablanmışdır. İddiaçının "xxxx" MMC, “GLORY VİP GROUP" MMC və "xxxx" MMC ilə apardığı əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarına əsasən “GLORY VİP GROUP" MMC, xx.xx.2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC və xx.xx.2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri “"xxxx" MMC, “GLORY VİP GROUP" MMC və "xxxx" MMC riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçınə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir. Öz növbəsində vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdir. Cavabdeh vergi orqanı tərəfindən məhkəməyə iddiaçı ilə qeyd olunan verci ödəyiciləri arasında baş tutmuş əməliyyatların əmtəəsiz əməliyyat olduğuna dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC, “GLORY VİP GROUP" MMC və "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin ("xxxx" MMC, “GLORY VİP GROUP" MMC və "xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmış, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3883/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-189/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-189/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver