Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1890/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxs X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: X5, X4) qarşı ““sərəncamın etibarsız hesab olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6149/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İ. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi cavabdeh Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli 384 nömrəli, və xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamlarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6149/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 384 nömrəli və xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamları etibarsız hesab edilmişdir. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilərək iddianın rədd edilməsini və ya mümkün sayılmamasını məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Cəfərov və üçüncü şəxs S.Kərimov hazırkı mübahisənin iki inzibati orqan arasında olduğuna görə inzibati məhkəmə icraatı qadasında baxılmasının inzibati icraat haqqında qanunvericiliyə zidd olduğunu bildirərək, onların apellyasiya şikayətlərinin təmin olunmasını, iddiaçının nümayəndəsi Ə.Qənbərov isə onlarla razılaşmamış və birinci instansiya məhkəməsinin işə düzgün qiymət verdiyini qeyd edərək, qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 35.1ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, iddiaçı Elm və Təhsil Nazirliyinin iddia tələbindən göründüyü kimi, cavabdeh inzibati orqanın xx.xx.2009-cu il tarixli 384 nömrəli və xx.xx.2017-ci il tarixli 395 nömrəli iki sərəncamının etibarsız hesab edilməsini tələb etmişdir. Lakin konkret halda, hər iki tərəfin inzibati orqan statusuna malik olması, onlar arasındakı bu mübahisəyə iddianını prosessual qanunvericiliyin tələbləri çərçivəsində baxılmasını istisna edir. Çünki, “İnzibati icraat” haqqında Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanının: 2.1-ci bəndinə əsasən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. -2.2-ci bəndinə əsasən isə həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, qanunvericiliklə iki inzibati orqan arasındakı mübahisənin həlli icra hakimiyyətini həyata keçirən müvafiq orqanın yaratdığı qürum tərəfindən həyata keçirilir. İPM-in 2.1-ci maddəsi isə nəzərdə tutur ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir Prosessual qanunvericiliyin qeyd olunan tələbi onu deməyə əsas verir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edildiyi təqdirdə, inzibati mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda, hazırkı iddianın inzibati məhkəmə icraatında baxılması mümkünsüzdür və Məcəllənin 35.1-ci maddəsinin tələbi baxımından əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iddianın mümkünlük məsələsinə düzgün hüquqi qiymət verilməmiş, əsassız olaraq iddia mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmışdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin və üçüncü şəxsin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, onların apellyasiya şikayətləri təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6149/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdehin və üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6149/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1890/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1890/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver