Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1890/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı Masih Ashrafin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14287/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Masih Ashraf cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İQ-51/1 saylı xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi və Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixli vəsatətinin təmin edilərək ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-cı il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhəri yaxınlığında Bhamovali kəndində anadan olmuşdur, milliyətcə pəncablı, dini etiqadına görə xristian (protestant, lakin əvvəllər katolik) olmuş, ümumiyyətlə, heç bir təhsil almamışdır. Əmək fəaliyyəti barədə məlumat verərkən iddiaçı 1988-1993-cü illərdə Qucranvalada rəngsaz, 1993-2004- cü və 2016-2023-cü illərdə paltar və kosmetika dükanında satıcı, 2005-2015-ci illərdə Küveytin Samiya şəhərində “EDMA” adlı şirkətdə elektrik işlədiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı evli olduğunu, valideyinlərinin, 1 bacısının vəfat etdiyini, 1 qardaş və 5 bacısının, arvadının, 1 qızının və 4 oğlunun Pakistanda yaşadıqlarını qeyd etmişdir. Qaçqın status əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildimişdir ki, o, hələ Küveytdə işlədiyi dövrdə, 2012-ci ildə dostu Shahad Rasula xeyli miqdarda pul vermiş, lakin sonradan dostu ona pulu tam qaytarmamış, pulu qaytarmamaq üçün isə dostunun ona pul və qızıl verməsi ittihamı ilə ona şər atıb polisə şikayət etmiş, onu xristian olduğu üçün islam dinini təhqir etməkdə günahlandırmaqla hədələmişdir. Bu təqiblərdən qaçmaq üçün əvvəlcə ailəsini Qucranvaladan Svabi şəhərinə aparmış, özü isə böyük oğlu Cornoliusun yanına İslamabada getmiş, oradan ilk dəfə 4 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişlər. İş üzrə mühüm fakt iddiaçının dini etiqadına görə xristian (protestant, lakin əvvəllər katolik) dininə mənsub olduğundan, təzyiqlərə məruz qaldığını bildirməsidir. Bu səbəbdən özünün xx.xx.2023-cü il tarixdə Pakistanı tərk edərək Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Bu ehtimal ağlabatandır ki, Pakistana qayıdacağı təqdirdə iddiaçının həyat və sağlamlığından məhrum olma riski altındadır. İnsan Hüquqlarının Ümumi Bəyənnamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan hüquqları təhlükə altına düşə bilər. İddiaçıya qarşı təqibi həyata keçirənlər digər dinə mənsub olan radikal şəxslərdir. Pakistana dair Mənşə Ölkəsi məlumatlarına əsasən, qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunan zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir (BMTQAK, 2018): ‘’Hüquqi çərçivədə insan hüquqlarının qorunmasını nəzərdə tutsa belə, bu hüquqların praktikada təşviq edilməsi və qorunması üçün Pakistanda milli və beynəlxalq hüquqa əsasən öhdəlikləri yerinə yetirilməsi problem olaraq qalır. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iş materialları ilə müəyyən olunur ki: 1. hadisələr 2015-ci ildə cərəyan etməsinə baxmayaraq, məsələnin 8 ildən sonra yenidən aktuallığını tapması inandırıcı deyil; 2. Azərbaycan Respublikasına gələndən 10 gün sonra yenidən ölkəsinə qayıtmışdır; 3. Ailəsi və özü faktiki olaraq təhdidə məruz qalmayıb və ya bununla bağlı hər hansı sübut təqdim olunmamışdır; 4. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14287/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq da qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin yol verdiyi pozuntuları aradan qaldırmayıb və öz qərarını cavabdehlə eyni əsaslarla əsaslandırmayıb. Sığınacaq verilməsindən imtina edilməklə iddiaçının sığınacaq hüququ, inzibati icraat hüququ, pis rəftara məruz qalmamaq hüququ, şəxsi həyata hörmət hüququ, səmərəli vasitələr hüququ pozulub. Nəticə etibarı ilə cavabdehin qərarı maddi-hüquqi və prosessual baxımdan qanuni deyil. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının milliyəti pəncabi, dini etiqadı xristiandır (protestant), lakin əvvəlcə katolik olmuş, təqribən 20 il əvvəl protestant olmuşdur. Ümumiyyətlə, heç bir təhsil almamış, müxtəlif işlərdə işləmişdir (satış, aşbazlıq, elektrik, rəngsaz və s.). Evlidir, 5 uşağı var. Kilsədə pastora yaxından köməklik etmiş, Svabi şəhərində kilsə olmadığından orada yaşayan 200 xristian ailəsinə dini bayramları qeyd etmək üçün köməklik etmişdir. 2015-ci ildə polis yalan iftira səbəbindən onu 2 günlük zindana salmışdır. Vətəndaşı olduğu ölkədən çıxış tarixi xx.xx.2023-cü il olmuş, lakin bundan əvvəl xx.xx.2023-cü ildə ilk dəfə Pakistandan Bakıya gəlmişdir. İddiaçı 2012-ci ildə Küveytdə olarkən Shahad Rasul adlı dostu onunla telefon danışığında oğlu xəstə olduğundan əməliyyat üçün pul lazım olduğunu bildirərək ondan borc pul istəmiş, iddiaçı ona bank vasitəsilə pul göndərmişdir. Küveytdən Pakistana qayıtdıqdan sonra pul özünə lazım olmuş, lakin dostu pulu verməmiş və yalandan polisə şikayət etmişdir ki, ona 2008-ci ildə pul və qızıl vermişdir. İddiaçı həmin vaxt Küveytdə olmuş və polisə sübut edə bilmişdir ki, bu yalandır. Bundan sonra Shahad Rasul və onun əmisi Muhammad Mança və dostları Nisar Cheema birləşib birlikdə onu islamı təhqir etmək kimi yalandan ittiham etmiş, 2015-ci ildə də ona yalandan iftira atdırıb 2 günlük zindana saldırmış və demişlər ki, guya iddiaçı onlardan pul və qızıl almışdır. Qucranvalada 3 mart 2023-cü ildə Muhammad Mança iddiaçını evinə çay içməyə çağırmış, həmin vaxt dostu Muhammad Sarvar ona zəng etmişdir ki, həmin şəxslər onu öldürmək istəyirlər, necə ki, bir Şrialanlakını yandırmışlar, onu da elə yandırmaq istəyirlər. İddiaçı oradan qaçmış, bundan sonra arvadını və uşaqlarını götürüb Svabi şəhərinə getmiş, orada bir ay qalıb Azərbaycana bilet və viza alıb 4 apreldə Bakıya gəlmişdir. Amma burada ailəsindən uzaqda çox qala bilməmiş, ona görə də 10 gündən sonra Pakistana qayıtmışdır. Azərbaycana gəlmə səbəbi Küveytə və Dubaya viza səbəbindən gedə bilməməsi, Azərbaycana getməyin daha asan olması olmuşdur. Svabi şəhərində təhdid olunmamış, lakin Muxtar Masih adlı bir xristian dostundan onu satacağından ehtiyat etmiş, onun qorxusundan orada çox qala bilməmişdir. Çünki onun Svabidə qohumları olmuşdur. İş materiallarından görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, Ashraf Masihin müsahibə zamanı izahatlarından məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra Ashraf Masihin şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14287/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. . Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(103)-1890/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1890/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver