Məhkəmə qərarları › İş №2-1(103)-1890/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1890/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1890/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10305/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək, onun barəsində yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi, həmçinin, yeni məlumat vərəqində dənizdə işlədiyi müddətə görə vəzifə maaşının 65%-i məbləğində əlavənin əks olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı o, xx.xx.1981-ci ildən xx.xx.2006-cı il tarixədək (27 il 2 ay 20 gün) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əzizbəyov (hazırkı Xəzər) RPİ-də xidmət etmişdir. Həmin xidmət müddətinin 20 il 1 ay 12 gününü isə (xx.xx.1986 - xx.xx.2006) Cilov adasında xidmət aparmışdır. xx.xx.2006-cı il tarixdən etibarən isə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarının 4-cü bəndinə əsasən, dənizdə işlədiyi müddətdə hər ay ona vəzifə maaşının 65%-i məbləğində əlavə ödənilməli və bu məbləğ sonda onun pensiya təyin olunarkən tərtib edilmiş məlumat vərəqəsində öz əksini tapmalı idi. Lakin, həmin məbləğlər nə işlədiyi 20 ildən artıq müddətdə iddiaçıya ödənilməmiş, nə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olarkən nəzərə alınmamışdır. xx.xx.2016-cı il tarixdə Xəzər RPİ-yə ərizə ilə müraciət edərək Əzizbəyov RPl-də xidmət etdiyi 25 il müddətin 20 ilini yerin quru səthindən 68 km. məsafədə yerləşən Cilov adasında xidmət apardığıla bağlı ona müvafiq arayışın verilməsini xahiş etmişdir. Xəzər RPİ-nin xx.xx.2016-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, DİN-in Q36-011-15 nömrəli Qərarının tələblərinə əsasən Xəzər RPİ-nin arxivində olan sənədlər məhv edildiyindən onun neft daşlarında xidmət aparmağı ilə bağlı müvafiq arayışın verilməsi qeyri-mümkündür. Beləliklə də ağır və zərərli əmək şəraitində 20 ilə yaxın müddətdə işləməyinə baxmayaraq konstitusion sosial təminat hüququ pozulmuş, pensiya təyin edilən zaman əlavələrdən məhrum edilmişdir. Bu səbəbdən də xidmət etdiyi 25 il müddətin 20 ilini yerin quru səthindən 68 km. məsafədə yerləşən Cilov adasında xidmət aparmağıla bağlı hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi üçün 2016-cı ildən etibarən müxtəlif məhkəmələrə müraciət edilmişdir. Belə ki, Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 2(011)-10221/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə hüquqi əhəmiyyət kəsb edən faktın tanınması barədə ərizə təmin edilmiş və daxili işlər orqanlarında xidmət müddətinin 20 il 1 ay 12 gününü (xx.xx.1986 - xx.xx.2006) Cilov adasında işləməyi faktı müəyyən edilərək məhkəmə tərəfindən təsdiq edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı həm şahid ifadələri, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X3” 28 may Neft və Qazçıxarma İdarəsinin Mənzil-Kommunal Təsərrüfatı tərəfindən verilmiş arayışla iddiaçının Cilov adasında yaşadığı və işlədiyi təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 iddiaçının qonşu olduğunu və 1990-cı il tarixdən etibarən Cilov adasında işlədiyini təsdiq etmişdir. Eləcə də məhkəmə iclasında şahid qismində dindirilmiş X11 1986-cı il tarixdən Cilov adasında işlədiyini bildirmiş, iddiaçının isə 1986-cı il tarixdən həmin adada post patrul xidmətində işlədiyi faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X3” 28 may Neft və Qazçıxarma İdarəsinin MənzilKommunal Təsərrüfatı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışla onun xx.xx.1994- cü il tarixdən xx.xx.2007-ci il tarixədək Pirallahı rayonu Cilov adası Bünyətzadə küçəsi 18 saylı evdə qeydiyyatda olduğu öz təsdiqini tapmışdır. Maraqlı şəxs AR DİN-in Bakı şəhəri Baş Polis İdarəsi Xətai Rayon Məhkəməsinin həmin qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 321/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə maraqlı şəxs AR DİN-in Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Belə ki, apelyasiya icraatı zamanı əlavə 2 nəfər şahid də məhkəmə baxışında iştirak edərək iddiaçının Cilov adasında xidmət etdiyini təsdiq etmişdir. Apellyasiya icraatında şahid kimi dindirilmiş X5 bildirmişdir ki, 1979-cu ildən 2012-ci il tarixədək daxili işlər orqanlarında çalışmışdır. 1990-cı ildən Xəzər Rayon Polis İdarəsinin bölük komandiri olmuş iddiaçı onun tabeçiliyində çalışmışdır. F.Səlimov təsdiq etmişdir ki, iddiaçı ancaq Cilov adasında xidmət aparmışdır. Eləcə də bildirmişdir ki, iddiaçı orada həyət evində yaşamış, orada ailə qurmuş və həyat yoldaşım neftçi olduğu üçün sonrada mənzillə təmin olunmuşdur. Eyni zamanda, şahid X8 da apelyasiya icraatında dindirilmişdir. O bildirmişdir ki, 1991 -ci ildən 2013-cü il tarixədək Xəzər RPİ-də xidmət etmişdir. A.Heybətov təsdiq etmişdir ki, mən ərizəmdə göstərdiyim tarixlərdə ancaq Cilov adasında işləmişdir. Eyni zamanda A.Heybətov qeyd etmişdir ki, iddiaçı Cilov adasında xidmət etdiyimi nəzərə alaraq daha yüksək məbləğdə pensiya təyin etməli idilər. Bundan sonra maraqlı şəxs AR DİN-in Bakı şəhəri Baş Polis tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsindən kassasiya şikayəti verilmişdir. Lakin, kassasiya şikayətinin verilməsi müddəti ötürüldüyündən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs AR DİN-in Bakı şəhəri Baş Polis İdarəsi kassasiya şikayətinin ötürülmə müddətinin bərpası ilə bağlı ərizə versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 saylı iş üzrə xx.xx.2019-cu il tarixli Qərardadı ilə müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Maraqlı şəxs AR DİN-in Bakı şəhəri Baş Polis İdarəsi həmin Qərardaddan da kassasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 321/2018 saylı iş üzrə xx.xx.2019-cu il tarixli Qərardadı müddətin bərpasından imtinaya dair qərardaddan kassasiya şikayətinin verilməsi qeyrimümkün olduğundan kassasiya şikayəti geri qaytarılmış və qərardad qanuni qüvvəyə minmişdir. Nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli Qətnaməsi qanuni qüvvəyə minmiş və Xətai Rayon Məhkəməsinə göndərilmişdir Göründüyü kimi, şahid ifadələri, arayışlar və digər sübutlarla iddiaçının ümumi xidmət müddətinin 20 il 1 ay 12 gününü (xx.xx.1986 - xx.xx.2006) Cilov adasında xidmət apardığı öz təsdiqini tapmışdır. Bu hal məhkəmə qətnamələrinin təsviri-əsaslandırıcı hissəsində əks etdirilmiş və sonradan həmin qərarlar qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10305/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır. Məlum olduğu kimi İddiaçı xx.xx.1981-ci ildən xx.xx.2006-cı il tarixədək (27 il 2 ay 20 gün) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əzizbəyov (hazırkı Xəzər) RPİ-də xidmət etmişdir. Həmin xidmət müddətinin 20 il 1 ay 12 gününü isə (xx.xx.1986 – xx.xx.2006) Cilov adasında xidmət aparmışdır. xx.xx.2006-cı il tarixdən etibarən isə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi İddiaçı xidmət müddətinin cəmi son 11 ayı 1 yanvar 2006cı ildən sonrakı dövrə təsadüf edir. Xidmət müddətinin yerdə qalan 24 il 4 ay 21 günü isə 1 yanvar 2006-cı ildən əvvəlki dövrə təsadüf edir. Yəni, İddiaçı xidmət illərinmin böyük hissəsi 2006-cı ildən əvvəlki dövrə təsadüf etdiyindən və həmin dövrdə ölkəmizdə pensiya sahəsində sosial sığorta sistemi (pensiya kapitalının fərdi hesabda toplanması) olmadığından İddiaçı pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” AR Qanununun 27.1-ci maddəsinə uyğun olaraq hər tam il üçün 306 manat hesablanmışdır. Başqa sözlə desək, İddiaçı xidmət dövründə Cilov adasında xidmət etdiyinə görə əmək haqqına 65% miqdarında əlavələr almış olsaydı belə, yenə də 2006-cı ilədək ölkədə pensiya kapitalı sistemi mövcud olmadığından və fərdi hesabının sığorta hissəsində heç bir vəsait toplanmadığından İddiaçı pensiya təyin edilərkən xidmət müddətinin hər tam ili üçün pensiya kapitalı 306 manatdan hesablanmalı idi. Baxmayaraq ki, İddiaçı xidmət etdiyi dövrdə Cilov adasında xidmət etdiyinə görə əmək haqqına 65% miqdarında əlavələr almamış, yenə də İddiaçı pensiya təyin edilərkən fərdi hesabında olan pensiya kapitalı hər il üçün 306 manatdan hesablanmaqla İddiaçı əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında “Hərbi qulluqçuların pensiya təminat haqqında” Qanun əsasında pensiyaya çıxan şəxslərə münasibətdə heç bir müddəa nəzərdə tutulmamışdır. Eləcə də Konstitusiya Məhkəməsinin həmin Qərarında ümumiyyətlə “Hərbi qulluqçuların pensiya təminat haqqında” Qanunun adı çəkilməmiş, yalnız hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna istinad edilmişdir. İddiaçı hesab edir ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarında təsbit edilmiş yanaşma İddiaçı münasibətdə, yəni, “Hərbi qulluqçuların pensiya təminat haqqında” Qanuna uyğun olaraq pensiyaya çıxmış şəxslərə şamil edilə bilməz. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək); 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarının 4-cü bəndinə əsasən Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin: 1.sahillə quru yol əlaqəsi olduqda- 1,4

2. quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə: -0,5 km-ə qədər – 1,5; - 0,5 km-dən 70 km-ə qədər – 1,65 -70- km-dən artıq- 1,75 “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: -1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - , Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. -2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İşin faktiki hallarından görünür ki, iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etdiyi dövr üzrə mübahisələndirilməyən təqvim illəri -27 il 02 ay 20 gün, imtiyazlı hesablama ilə xidməti illəri 33 il 03 ay 07 gün təşkil edir. İddiaçı hazırda yeni məlumat vərəqəsinin cavabdeh tərəfindən tərtib olunmasına və həmin məlumat vərəqəsində onun Cilov adasında xidmət etdiyi dövr üzrə illərində nəzərə alınmaqla vəzifə maaşının 65%-i məbləğində əlavələrin əks olunmasını xahiş etmişdir. İddiaçı bu tələbi onun Cilov adasında xidmət etdiyi illərə dair faktın təsdiq edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 nömrəli, 21 oktyabr 2016-cı il tarixli qətnaməsinin mövcudluğu ilə əlaqələndirmişdir. Cavabdeh isə iddiaçının Cilov adasında ezam olunması barədə əmrlərin mövcud olmadığına istinad edərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan sənədlər: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 nömrəli, 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı Azərbaycan Respublikası DİN-nin Əzizbəvov Rayon Polis İdarəsində xidmətdə olduğu 27 il 02 ay 20 gündən 20 il 1 ay 12 gün (xx.xx.1986-xx.xx.2006) Bakı şəhəri Pirallahı rayonu Çilov adasında işləməsi (xidmət etməsi) faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 nömrəli, 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 nömrəli, 21 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 nömrəli, 06 may 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair maraqlı şəxs şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 nömrəli, 17 iyul 2019-cu il tarixli qərardadı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-321/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BPİ-nin nümayəndəsi və vəkili X6tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3145/2020 nömrəli, 26 fevral 2020-ci il tarixli qərardadı ilə maraqlı şəxs Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilmiş, Daxili İşlər Nazirliyinə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 321/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsindən Azərbyacan Respublikası Ali Məhkəməsinin Sədri tərəfindən təqdimat verilməsindən ötrü müraciət etmək hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3983/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-321/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6979/2020 nömrəli, 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 saylı, 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrdə baxılmalı olması əsası ilə ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 27 iyul 2024-cü il tarixli, 3-13-27/2-2970/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, sabiq əməkdaş Əzizbəyov Rayon Polis İdarəsinin (indiki Xəzər RPİ) əlahiddə polis bölüyünün manqa komandiri vəzifəsindən xx.xx.2016-cı il tarixində daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Daxili işlər orqanlarından tərxis olunduğu tarixə pensiyanın təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 27 il, 2 ay, 20 gün, imtiyazlı hesablama ilə 33 il, 2 ay, 7 gün təşkil etmişdir. İşlədiyi dövrdə onun Cilov adasına xidmətə həqiqətən ezam olunması ilə bağlı heç bir əmrin olmadığını və şəxsi vərəqəsində bununla bağlı hərhansı bir qeydiyyatın aparılmadığını nəzərə alaraq, ona məsafəyə görə vəzifə maaşının 65 faizi miqdarında əlavənin hesablanması mümkün olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 20 noyabr 2024-cü il tarixli, 3-13-27/2-4248/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, sabiq əməkdaş Bəkirov X7 Rayon Polis İdarəsinin (indiki Xəzər RPİ) əlahiddə polis bölüyünün manqa komandiri vəzifəsində işlədiyi dövrdə onun Cilov adasına xidmətə həqiqətən ezam olunması ilə bağlı heç bir əmrin olmadığını və şəxsi vərəqəsində bununla bağlı hər-hansı bir qeydiyyatın aparılmadığını nəzərə alaraq, ona məsafəyə görə vəzifə maaşının 65 faizi miqdarında əlavənin hesablanması mümkün olmamışdır. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarında göründüyü kimi, iddiaçının Cilov adasına ezam olunması ilə bağlı əmrlər mövcud deyil və onun həmin ərazidə xidməti sübut olunmur. İddiaçının istinad etdiyi həmin dövrdə Cilov adasında xidmət etdiyi barədə ilkin məhkəmə qərarı da hüquqi qüvvəsini itirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 saylı, 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə, iddiaçının Cilov adasında xidmət etdiyi müəyyən edilsə belə, onun hazırkı tələbi təmin edilə bilməz Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən Plenum qərara almışdır ki:

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Həmin qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, “...Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154- cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.” Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı dəniz şəraitində işləyən işçi kimi əmək haqqına əlavə almadığından, həmin əlavə məcburi dövlət sosial sığortasına cəlb olunmadığından, həmin məbləğ iddiaçıya pensiya təyin edilərkən də nəzərə alına bilməz. Bu isə iddiaçı barəsində tərtib edilmiş məlumat vərəqinə hazırkı məzmunda dəyişiklik edilməsini istisna edir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10305/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar