Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1891/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9546/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 29500,0 manat pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkar kimi işlədiyi dövrdə (VÖEN **********) dövlət büdcəsinə artıq ödəmələr etmişdir. Sonra vergi orqanı bir əməliyyatla həmin vəsaiti şəxsi hesab vərəqəsindən silmişdir. Dövlət Vergi Xidmətinə etdiyi şikayətlərdən sonra həmin qanunsuz silinmə ləğv olundu və artıq ödəmə məbləği bərpa olundu. Bundan sonra, iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə yerli vergi orqanına, yəni Bakı şəhəri Kiçik sahiblarlıqla iş üzrə Baş İdarəyə müraciət etmişdir. Lakin həmin İdarə ona göndərdiyi xx.xx.2021-ci il tarixli məktubda əsassız səbəblərlə artıq ödəməni geri verməkdən imtina etdi. Vergi orqanı partnyorluq sazişinə istinad etmişdir, hansı ki belə imtina əsaslı ola bilməz. İddiaçının vaxtilə ödədiyi vergilər mövcud öhdəliyindən qat-qat çox olub. Onun kimi eyni qaydada işləyən başqa şəxslər var ki, müraciət edib məbləğ geri qaytarılıb. İddiaçı isə fərqli yanaşma edilməklə əsassız cavab verilib. Həmçinin, cavabdeh 5 il tələbetmə müddətinin keçdiyini bildirmişdir. Halbuki, vergi orqanının əsassız apardığı kameral hesablamaya görə ümumiyyətlə müraciət imkanı olmamışdır. Ona görə də kameral hesablama ləğv edildikdən sonrakı müddəti nəzərə alsaq ərizəni verdiyi vaxtda həmin 5 illik müddət keçməyib. Şəxsi hesab vərəqəsinə baxdıqda bütün qeyd olunanlar aydın şəkildə görünür. Cavabdehin təqdim etdiyi imtina cavabından sonra iddiaçı 25 aprel 2022-ci ildə İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, müraciətinə heç bir reaksiya verilməyib. Bu səbəbdən hüququnu məhkəmə qaydasında tələb etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla) və yaranma tarixi göstərilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini isə 5 il ərzində tələb etmək hüququna malikdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********774800 nömrəli), “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” barədə ərizə ilə vergi orqanına müraciət edildiyi müəyyən edilmiş və həmin müraciətin vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********328300 nömrəli məktubla cavablandırılmışdır. Belə ki, vergi ödəyicisinin təqdim etdiyi “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması barədə” ərizə formasında 5 (beş) illik müddət axımı bitdiyi üçün 17000,00 manat məbləğin vergi ödəyicisinə qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi ödəyicisinin qeyd etdiyi ərizədəki ödənişlərin 17000 manatı xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək olan ödənişlərdir. Yuxanda qeyd olunan hallar vergi ödəyicisinə gəndərilmiş məktubda qeyd olunsa da, sonradan düzgün formada tərtib olunmuş yeni ərizə ilə vergi orqanına müraciət olunmamışdır. İddiaçı əsassız olaraq ərizəsində bildirmişdir ki, vergi orqanının əsassız kameral vergi hesablamasına görə ümumiyyətlə müraciət imkanı olmamışdır. Ona görə də kameral hesablama ləğv edildikdən sonrakı müddəti nəzərə alsaq ərizəni verdiyi vaxtda həmin 5 illik müddət keçməyib. Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, vergi ödəyicisinin artıq ödəməsinin şəxsi hesab vərəqəsində azalmasına səbəb ilk dəfə vergi orqanının xx.xx.2019-cu il tarixli **********160000 nömrəli qərarı olmuşdur. Yəni həmin tarixə qədər də vergi ödəyicisinin artıq ödəmənin qaytarılması üçün müraciət etməsinə kifayət qədər müddət olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, 5 illik müddət axımının dayandırılması vergi ödəyicisinin vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə nəzərdə tutulmuşdur. Vergi ödəyicisinin vergi orqanının qərarından yuxarı vergi orqanına şikayət verildikdə 5 illik müddət axımının dayandırılması ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də vergi ödəyicisinin iddiası tamamilə əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9546/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı (hakim E.Əliyev) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin təqdim etdiyi "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması barədə" ərizə formasında 5 (beş) illik müddət axımı bitdiyi üçün 17000,00 manat məbləğin vergi ödəyicisinə qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi ödəyicisinin qeyd etdiyi ərizədəki ödənişlərin 17000 manatı xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək olan ödənişlərdir. Yuxarıda qeyd olunan hallar vergi ödəyicisinə gəndərilmiş məktubda qeyd olunsa da, sonradan düzgün formada tərtib olunmuş yeni ərizə ilə vergi orqanına müraciət olunmamışdır. Məhkəmə qərarında qeyd olunmuşdur ki, iddiaçının Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən olunan 5 il ərzində artıq ödənilmiş vergiləri tələb etmək hüququ üzrə müddətin axımı xx.xx.2015-ci il tarixdən başlamış, 4 il, 10 ay, 19 gün sonra, yəni, xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən 29700,0 manat məbləğində hesablama aparıldığına görə tələbetmə müddətinin axımı dayanmışdır. Məhkəmə hüquq normasını təfsir edərkən yanlışlığa yol vermişdir. Belə ki, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1, 38.7.2, 38.7.4 və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4 və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Göründüyü kimi, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsi kameral hesablamanın aparılması ilə müddət axımının dayandırılması və ya inzibati qaydada qərarın mübahisələndirilməsi ilə müddət axımının dayandırılmasını tənzimləmir və həmin maddəyə istinad edərək məhkəmənin müddət axımının dayandırılması barədə gəldiyi qənaət doğru deyildir. Beləliklə, məhkəmə tamamilə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, vergi ödəyicisinin artıq ödəməsinin şəxsi hesab vərəqəsində azalmasına səbəb ilk dəfə vergi orqanının xx.xx.2019-cu il tarixli **********160000 nömrəli qərarı olmuşdur. Yəni həmin tarixə qədər də vergi ödəyicisinin artıq ödəmənin qaytarılması üçün müraciət etməsinə kifayət qədər müddət olmuş lakin onun tərəfindən heç bir müraciət olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. - 24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. - 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. - 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. - 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. - 4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. - 4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. - 6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. - 6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki, “artıq ödənilmiş vergilərin geri qaytarılması” dedikdə vergi ödəyici tərəfindən hər hansı səbəbə görə artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması başa düşülür. Geriqaytarmanı tələb etmək isə vergi ödəyicisinin hüququ, onu müəyyən edilmiş qaydada təmin etmək isə vergi orqanının vəzifəsidir. Bu vəzifənin icrası və hüququn həyata keçirilməsi VM-nin və “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının müddəaları ilə tənzimlənir. VM bu cür məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə borcların ödəmələrin hesabına aid edilməsini mümkün sayır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, iddiaçı 2015-ci ilin yanvar ayından başlayaraq 2018-ci ilin noyabr ayı daxil olmaqla dövlət büdcəsinə artıq ödədiyi 29500,0 manat məbləğində vergilərin geri qaytarılması ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Bundan öncə isə, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli qərarla 29700,0 manat məbləğində əlavə vergi hesablaması aparılmış və iddiaçının artıq ödənilmiş vergi məbləği azaldılmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən cari bəyannamə verildikdən sonra həmin hesablama ləğv olunmuş, lakin xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən yenidən eyni məbləğdə hesablama aparılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmış vergilərin ləğv olunması ilə bağlı yuxarı vergi orqanına inzibati şikayətlər göndərilmişdir. Növbəti dövrlərdə də (xx.xx.2020-ci il, xx.xx.2020-ci il) eyni qaydada hesablanmış məbləğlər ləğv olunaraq yenidən hesablama aparılmışdır. Sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə həmin hesablanmış 29700,0 manat məbləğində vergilər ləğv olunmuş və iddiaçının şəxsi hesab vərəqəsində 29900,56 manat məbləğində vergilər əks olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə xx.xx.2015-ci il tarixdən başlayaraq artıq ödənilmiş vergilərin geri qaytarılmasını tələb etmişdir. Riyazi olaraq xx.xx.2015-ci il tarixdə artıq ödənilmiş vergilərin tələbetmə müddəti xx.xx.2020-ci il tarixdə bitsə də, qeyd olunan müddət çərçivəsində iddiaçının belə hüququ əlavə vergi hesablaması nəticəsində məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh tərəfindən ilk dəfə xx.xx.2019-cu il tarixli qərarla 29700,0 manat məbləğində əlavə vergi hesablaması aparılmış və iddiaçının həmin tarixədək mövcud 29900,56 manat məbləğində artıq ödənilmiş vergiləri azaldılaraq 200,56 manat məbləğində əks olunmuşdur. Hesablama aparılmış vaxtadək iddiaçının artıq ödənilmiş vergiləri tələbetmə müddətindən (ərizə üzrə ilkin ödənişin xx.xx.2015-ci il tarixdən yaranması nəzərə alınmaqla) 4 il, 10 ay, 19 gün keçmiş (xx.xx.2015-xx.xx.2019), tələbetmə müddətinin başa çatmasına 1 ay 12 gün qalmış hesablama aparıldığı üçün iddiaçının artıq ödənilmiş vergiləri geri tələb etmək hüququ məhdudlaşdırılmışdır. İddiaçının xx.xx.2020-ci il tarixdə təqdim etdiyi cari vergi bəyannaməsi üzrə hesablama avtomatik azalsa da, 30 iş günü ərzində kameral qaydada yoxlama həyata keçirən cavabdeh xx.xx.2020-ci il tarixdə əvvəlki hesablamasını bərpa edərək artıq ödənilmiş vergiləri yenidən silmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə eyni qaydada 29700,0 manat məbləğində hesablama və azalma əməliyyatları aparılmış, iddiaçının sonuncu inzibati şikayətinin nəticəsində isə xx.xx.2021-ci il tarixdə 29700,0 manat məbləği azaldılaraq artıq ödənilmiş vergilər bərpa olunmuşdur. İddiaçı tərəfindən isə həmin tarixdən 27 gün sonra, xx.xx.2021-ci il tarixdə artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı ərizə ilə cavabdehə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçının Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən olunan 5 il ərzində artıq ödənilmiş vergiləri tələb etmək hüququ üzrə müddətin axımı xx.xx.2015- ci il tarixdən başlamış, 4 il, 10 ay, 19 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən 29700,0 manat məbləğində hesablama aparıldığına görə tələbetmə müddətinin axımı dayanmış, xx.xx.2021-ci il tarixdə artıq ödənilmiş vergilər bərpa olunduqdan sonra iddiaçının 1 ay 12 gün müddətində həmin vergiləri geri qaytarmaq üçün ərizə ilə müraciət etmək hüququ qalmış, iddiaçı isə həmin müddət daxilində, yəni artıq ödənilmiş vergilər bərpa olunduqdan 27 gün sonra ərizə ilə cavabdehə müraciət etmişdir. Başqa sözlə desək, cavabdeh 5 il tələbetmə dövrü ərzində 29700,0 manat məbləğində hesablama aparmaqla artıq ödənilmiş vergilərin məbləğini sildiyi üçün həmin hesablama ləğv olunanadək iddiaçının artıq ödənilmiş vergiləri mövcud olmadığından həmin hesablamanın qüvvədə olduğu müddətə (xx.xx.2019-xx.xx.2021) Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən olunan 5 illik tələbetmə müddəti tətbiq oluna bilməz. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsinin Vergi Məcəlləsinin 85.5-2-ci maddəsini təfsir edərkən yanlışlığa yol verməsindən ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hesablanmış vergilərin yuxarı vergi orqanında və ya məhkəmə qaydasında ləğv olunması hazırki mübahisənin mahiyyətinə təsir göstərmir. Belə ki, cavabdeh tərəfindən aparılmış hesablama hər bir halda iddiaçının artıq ödənilmiş vergilərin tələbetmə hüququnu məhdudlaşdırır. Yəni, iddiaçı tərəfindən yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verilməsi eyni hüquqi nəticə yaradır. Bundan başqa, cavabdeh inzibati orqan tərəfindən istinad olunan Vergi Məcəlləsinin 85.5-2-ci maddəsi xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Hazırki mübahisə üzrə artıq ödənilmiş vergilərin yaranma dövrü isə 2015-2018-ci illəri əhatə edir. Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1, 38.7.2, 38.7.4 və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Göründüyü kimi, həmin norma şəxsin vəziyyətini ağırlaşdırdığı üçün əvvəlki münasibətlərə şamil oluna bilməz. Həmçinin, müvafiq norma məhkəmə mübahisəsinə baxılan müddətin istisna edilməsini tənzimləsə də, yuxarı vergi orqanında şikayətə baxılan müddəti əks etdirməməsi həmin müddətin nəzərə alınmaması anlamına gəlmir. Yuxarı vergi orqanına və ya məhkəməyə şikayət etmək, hər ikisi eyni hüquqi nəticələrin yaranmasına gətirib çıxardığı üçün, o cümlədən yuxarıda qeyd olunanlarla bağlı cavabdehin birinci instansiya məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinin yanlış təfsir olunması ilə əlaqədar dəlilləri əsassızdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9546/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1891/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1891/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver