Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1891/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızından və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8419/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı dəqiqləşdirilmiş məcburetmə haqqında iddia tələbində ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Əmək fəaliyyətinə 1975-ci il oktyabr ayından başlamış, müxtəlif tarixlərdə əmək fəaliyyətini fərqli yerlərdə davam etdirmişdir. xx.xx.1993-cü il tarixdən etibarən “AzinterOil” şirkətində işləməyə başlamış, xx.xx.2004-cü il tarixdə həmin şirkətdən işdən azad olmuşdur. O, yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun həmin ərizəsinə xx.xx.2023-cü il tarixli cavab məktubunda əsassız olaraq ona əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İmtinanın səbəbi olaraq göstərilmişdir ki, əmək kitabçası, hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla) 17 il 6 ay 15 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu, yəni, əmək kitabçasında xx.xx.2004-cü il tarixində işdən azad olma zamanı möhür vurulmadığından,xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Hesab edir ki, iş stajı cavabdeh tərəfindən düzgün hesablanmamışdır...” Cavabdeh iddia ərizəsinə dair etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və göstərmişdir ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8419/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı təqdim etdiyi əmək kitabçasının, hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla) 17 il 6 ay 15 gün təşkil edir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın doldurulma qaydası pozulduğu, yəni, İddiaçı əmək kitabçasında xx.xx.2004-cü il tarixdə işdən azad olma zamanı möhür vurulmadığından xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunvericiliyin təhlilindən göründüyü kimi işçi işdən çıxan zaman əmək kitabçasında işçinin hansı əsasla işdən azad edilməsi barədə əmək kitabçasında müvafiq qeydlər aparılmalıdır. Həmçinin həmin qeydlər işəgötürənin və ya onun məsul etdiyi şəxsin imzası və həmin idarənin möhürü ilə təsdiq edilməlidir. İddiaçı xx.xx.2004-cü il tarixdə açılmış əmək kitabçasında işdən azad edilmə ilə bağlı Kadrlar şöbəsinin rəisi tərəfindən müvafiq qeydlər edilmiş, lakin müəssisə tərəfindən hər hansı möhür ilə təsdiq edilməmişdir. Əlavə olaraq, xx.xx.2023-cü il tarixli 3-17-1/2-179056/2023 nömrəli məktubda cavab olaraq bildirilmişdir ki, “Azinteroil” Müştərək müəssisəsinin sənədləri “Azneft” İstehsalat Birliyinin arxivində aşkarlanmamışdır. Həmçinin, Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 16 oktyabr 2023-cü il tarixli məktubda İddiaçı 1993-2004-cü illər üzrə işləməsini təsdiq edən sənədlərin zavodun arxivində aşkar edilmədiyi qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və hazırda aktiv vergi ödəyicisi (VÖEN: **********) kimi fəaliyyətdə olduğundan iddiaçıya yaşa görə sosial müavinət təyin edilməmişdir. Beləliklə, İddiaçı tələb olunan 25 il sosial sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 ifadəsində əmək kitabçasını təqdim edərək bildirmişdir ki, həmin müəssisədə iddiaçıdan qabaq 1993-cü ildən işləmiş, sonradan iddiaçı sahə rəisi kimi gəlmiş, onun rəisi olmuş, 2004-cü ildə işdən çıxana qədər birlikdə işləmişdir. Onun özü isə həmin sahədə operator, dispetçer və mühəndis işləmişdir. Əmək haqqını kartla alırdılar, vergi əmək haqqından tutulurdu. X2 da əmək kitabçasını təqdim edərək ifadəsində bildirmişdir ki, müəssisədə 1990-cı ilin aprel ayından növbə rəisi, baş operator işləmiş, 15 illik müqavilənin müddəti bitəndə başqa müəssisəyə keçmişlər. 2005-ci ildə işdən çıxmışdır. İddiaçı qarajda müdir işləyirdi. Əmək haqqını kartla bankdan alırdı. X3 mhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 1996-cı ildən müəssisədə 2005-ci ilə qədər mühəndis işləmiş, iddiaçı onun sahə rəisi idi. Əmək haqqını kassadan alırdılar, sonrdan kartla almağa başladılar. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. Qanunvericiliyin qeyd oolunan tələbləri nəzərə alınmaqla, iddiaçının iş materiallarına əlavə olunmuş hərbi biletinin, 28 oktyabr 1975-ci il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasının surətnə və əmək kitabçasına əlavə içliyə əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1975 - xx.xx.1975: Tədris-istehsalat kombinatında çilingər – 1 ay 3 gün; xx.xx.1975-xx.xx.1976: Bakı Elektron Maşınqayırma Zavodunda (11No-li sexdə) çilingər-5 ay 20 gün; xx.xx.1976-xx.xx.1978: müddətli həqiqi hərbi xidmət - 2 il 9 gün xx.xx.1978 -xx.xx.1988: Bakı Elektron Maşınqayırma Zavodunda (11 No-li sexdə) çilingər -9 il 8 ay 21gün; xx.xx.1989-xx.xx.1990: “Dizayn” Yaradıcılıq Birliyinin 8 nömrəli Təmir- tikinti-quraşdırma İdarəsinin Maddi-texniki təminat şöbəsinin rəisi- 6 ay 16 gün; xx.xx.1990-xx.xx.1990: “Təmirtikintidizayn” Trestinin İstehsalat- Texnoloji Komplektləşdirmə İdarəsində rəis müavini-3 ay 3 gün; xx.xx.1991-xx.xx.1992: 2 nömrəli İstehsalatkomplektləşdirmə sahəsinin rəisi-1 il 6 gün; xx.xx.1992-xx.xx.1992: Azərbaycan Respublikası Elmlər X1 “Geoeko” Kiçik dövlət müəssisəsində baş mexanik -2 ay 24 gün; xx.xx.1992-xx.xx.1993: Bakı şəhər İH Əhaliyə xidmət, bağçılıq və fərdi evlərin tikintisi Baş İstehsalat İdarəsinin Mexanikləşdirmə və nəqliyyat idarəsində baş mühəndis – 1 il 6 gün; xx.xx.1993-xx.xx.1993: Səbal Yeyinti Ticarət İdarəsinin 43 nömrəli mağazasında satıcı-3 ay 6 gün; 02 yanvar 2004-cü il taixdə doldurulmuş İT-İ ******* No-li birinci əmək kitabçasına əlavə içliyin qeydlərinə əsasən: - xx.xx.1993-xx.xx.2004: “Azinteroyl” Birgə müəssisəsinin Nəqliyyat şöbəsində rəis -11 il 2 ay 5 gün. İddiaçının qeyd olunan əmək fəaliyyəti üzrə iş stajı ümumiləşdirildikdə, onun 26 il 7 ay 29 gün sığorta stajı toplanır. Başqa sözlə, “Əmək rpensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan 25 il sığorta stajı mövcud olur. Lakin cavabdehin apellyasiya şikayətindən iddia ərizəsinə etirazı ilə üst-üstə düşən dəlillərindən göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğunu , yəni, İddiaçı əmək kitabçasında xx.xx.2004-cü il tarixdə işdən azad olma zamanı möhür vurulmadığını əsas tuturaq onun xx.xx.1993-xx.xx.2004-cü illərdə tarixədək olan dövr üzrə “Azinteroyl” Birgə müəssisəsinin Nəqliyyat şöbəsində rəisi işlədiyi əmək fəaliyyətini onun sığorta stajına daxil edilməsini mümkün hesab etmir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlillərini əsassız sayır. Belə ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsi nəzərədə tuturdu ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Eyni zamanda, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” i isə nəzərədə tutur ki: 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. ...; 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. ...; 5.1. Əmək kitabçasının müvafiq bölmələrinin bütün səhifələri dolduqda ona əmək kitabçasının son səhifəsində “___” seriyalı “___” nömrəli içlik açılmışdır”, qeydi aparılmaqla əlavə içlik verilir. Əlavə içlik əmək kitabçasının içərisinə tikilir və əmək kitabçasının doldurulduğu qaydada işçinin əsas iş yerində işəgötürən tərəfindən aparılır. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 2-ci iddiaçıya məxsus ******* No-li əmək kitabçasına içlik xx.xx.2004-cü il tarixdə doldurulmuş və bu qeyd işlədiyi müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuşdur. Beləliklə də qeyd olunanlar baxımdan, iddiaçı xx.xx.2004-cü il tarixdə mübahisəli müəssisədən işdən çıxarkən, müvafiq qeydin üzərinə möhür vurulmasa belə, ən azından, əmək kitabçasına əlavə içliyinin doldurulduğu və möhürlə təsdiq olunmuş xx.xx.2004-cü il tarixinə qədər onun həmin müəssisədə işlədiyi dövrün mötəbərliyi, “Qaydalar”ın qeyd olunan tələbləri baxımından, inkar oluna və iddiaçının sığorta stajı kimi nəzərə alınmaya bilməz. Belə olan halda da, iddiaçının xx.xx.2004-cü il tarixinə qədər hesablanan sığorta stajı 25 il 9 ay 13 gün təşkil edir. Başqa sözlə, bu halda da “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan 25 il sığorta stajına malik olmaqla, 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Bundan əlavə, iddiaçının xx.xx.1993-xx.xx.2004-cü illərdə “Azinteroyl” Birgə müəssisəsinin Nəqliyyat şöbəsində rəisi vəzifəsində işləməsinə dair qeydlərin həqiqiliyinin yxlanılmasıməqsədilər hazırkı mərhələdə şahid qismində dindirilmiş yuxarıda qeyd olunan şəxslərin məhkəməyə verdiyi ifadələrindən və təqdim etdikləri əmək kitabçalarının surətlərinə əsasən müəyyən olunur ki, onlar iddiaçı ilə birlikdə onun işlədiyi dövrdə həmin müəssisədə 2005-ci ilə qədər işləmiş, əmək haqqı almışlar. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin 1993-2004-cü illər üzrə iddiaçının əmək fəaliyyətini tam şəkildə nəzərə alınmaması və onun sığorta stajının 25 ildən az təşkil etdiyini, bununla da ona yaşpay görə əmk pensiyasının təyin edilməsinin mümkün olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Birinci instansiya məhkəməsinin qərarından da məhz, görünür ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin şərtinə müvafiq olaraq 25 ildən çox sığorta stajına malik olması sübuta yetirilərək ona 65 yaşından əmək pensiyası təyin edilməsi vəztifəsi cavabdehə həvalə edilmiişdir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, həmin qərarın işin hallarına, maddi və prosessual hüquq normalarınıuyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8419/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)--8419/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1891/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1891/2024
18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver