Məhkəmə qərarları › İş №2-1(103)-1892/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1892/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1892/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, iddiaçı X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “dövlət özəlləşdirmə çeklərinin əvəzində pulun ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1326/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada 20 (iyirmi) min manat təzminat öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, özəlləşdirmə çeki əvəzinə 20 (iyirmi) min manat pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müharibə veteranıdır və ikinci qrup əlildir. Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 nömrəli Fərmanına uyğun olaraq dövlət özəlləşdirmə payı (çeki) vətəndaşlara verilmişdir. Lakin o, həmin çeki almadığı üçün cavabdeh orqana müraciət edərək ona həmin özəlləşdirmə paylarının (çeklərinin) əvəzinə pul vəsaitinin verilməsini xahiş etmişdir. Ona yazılı formada cavabdeh tərəfindən cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsində və digər qanunvericilik aktlarında vətəndaşlara dövlət özəlləşdirmə paylarının (çeklərinin) əvəzinə pul vəsaitinin verilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Onun özəlləşdirmə paylarını (çeklərini) almaq hüququnu cavabdeh kobud surətdə pozmuşdur. O, əvvəllər elə bilmişdir ki, özəlləşdirmə çekini hərbi qulluqçulara vermirlər, yalnız mülki şəxslərə verirlər. Ona görə də özəlləşdirmə çekini almamışdır, hazırda isə onun əvəzinə pul tələb edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1326/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarı ilə X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “dövlət özəlləşdirmə çeklərinin əvəzində pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia ərizəsinə uyğun əsaslandırmış və məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” 25 mart 1996-cı il tarixli 450 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi haqqında” 12 dekabr 1996-cı il tarixli 174 nömrəli Qərarına əsasən Dövlət Əmlak Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanının, Statistika Komitəsinin, Maliyyə Nazirliyinin və Əmanət Bankının nümayəndələrindən ibarət komissiyalar tərəfindən Azərbaycan Respublikasının şəhər və rayonlarında 1997-ci il martın 1-dən 1997-ci il avqustun 16-dək əhaliyə dəyəri ödənilmədən pasportlarında xüsusi qeydiyyat aparılaraq dövlət özəlləşdirmə çekləri paylanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə dövlət özəlləşdirmə çeklərinin tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsində və digər qanunvericilik aktlarında Xidmətin vətəndaşlara dövlət özəlləşdirmə paylarının (çeklərinin) əvəzində pul vəsaitinin verməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 15.07.2020-ci il tarixli **********33 saylı məktubda qeyd olunmuşdur ki, tərəfinizdən alınmamış dövlət özəlləşdirmə paylarının (çəklərinin) əvəzində pul vəsaitinin verilməsi barədə 20.06.2020-ci il tarixli müraciətinizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə və digər qanunvericilik aktlarında Xidmətin vətəndaşlara dövlət özəlləşdirmə paylarının (çeklərinin) əvəzində pul vəsaitinin verməsi səlahiyyəti nəzərdə tutulmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 26.10.2020-ci il tarixli **********98 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” 25 mart 1996-cı il tarixli 450 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi haqqında” 12 dekabr 1996-cı il tarixli 174 nömrəli Qərarına əsasən Dövlət Əmlak Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanının, Statistika Komitəsinin, Maliyyə Nazirliyinin və Əmanət Bankının nümayəndələrindən ibarət komissiyalar tərəfindən Azərbaycan Respublikasının şəhər və rayonlarında 1997-ci il martın 1-dən 1997-ci il avqustun 16-dək əhaliyə dəyəri ödənilmədən pasportlarında xüsusi qeydiyyat aparılaraq dövlət özəlləşdirmə çekləri paylanmışdır. Müraciətinizlə bağlı bildiririk ki, X1 dövlət özəlləşdirmə paylarını alıb-almaması barədə Əmlak Məsələləri Dövlət Xidmətində məlumat yoxdur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə dövlət özəlləşdirmə çeklərinin tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 08.12.2020-ci il tarixli **********40 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” 25 mart 1996-cı il tarixli 450 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi haqqında” 12 dekabr 1996-cı il tarixli 174 nömrəli Qərar verilmişdir. Bu Qərara əsasən Dövlət Əmlak Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanının, Statistika Komitəsinin, Maliyyə Nazirliyinin və Əmanət Bankının nümayəndələrindən ibarət komissiyalar yaradılmış və komissiyalar tərəfindən Azərbaycan Respublikasının şəhər və rayonlarında 1997-ci il mart ayının 1-dən 1997-ci ilin avqust ayının 16-dək əhaliyə dəyəri ödənilmədən pasportlarında xüsusi qeydiyyat aparılmaqla dövlət özəlləşdirmə çekləri paylanılmışdır. X1 dövlət özəlləşdirmə çeklərini alıb- almaması barədə Əmlak Məsələləri Dövlət Xidmətində məlumat yoxdur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə dövlət özəlləşdirmə çeklərinin tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatmışdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, dövlət özəlləşdirmə payları (çekləri) qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq paylanmışdır və dövlət özəlləşdirmə çeklərinin tədiyyə vasitəsi kimi istifadə müddəti başa çatmışdır. İddiaçı cavabdeh inzibati orqanın təqsiri üzündən dövlət özəlləşdirmə çekini almadığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.03.1996-cı il tarixli 450 nömrəli Fərmanının 2-ci bəndinə əsasən dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır. Azərbaycan Respublikasının hər bir vətəndaşı 4 (dörd) çekdən ibarət 1 (bir) dövlət özəlləşdirmə payı almaq hüququna malikdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən dövlət özəlləşdirmə paylarının (çeklərinin) Azərbaycan Respublikasının vətəndaşlarına verilməsinin 1996-cı il avqustun 1-dən başlanması və 1996-cı il oktyabrın 1-dək başa çatdırılması qərara alınmışdır. Həmin Fərmanın 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) hazırlanmasını, dövriyyəyə buraxılmasını təmin etmək üçün lazım olan bütün təşkilati tədbirləri həyata keçirməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli, 450 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin: 1-ci bölməsinin 1-ci bəndinə əsasən dövlət özəlləşdirmə payları (çekləri) dövlət mülkiyyətində olan əmlakın bir hissəsinin Azərbaycan Respublikası vətəndaşlarına əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır; 1-ci bölməsinin 2-ci bəndinə əsasən dövlət özəlləşdirmə payları (çekləri) satıla, bağışlana, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş digər formalarda özgəninkiləşdirilə bilər; 3-cü bölməsinin 2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları, hərbi hissələrin komandanlığı və müvafiq dövlət orqanları tərəfindən tərtib olunmuş siyahılar Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə təqdim edilir. Bu Əsasnamədə müəyyən edilmiş qaydada tərtib edilmiş siyahılara uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi dövlət özəlləşdirmə payları (çekləri) almaq hüququ olan Azərbaycan Respublikasının hər bir vətəndaşına həmin payların dövriyyəyə buraxıldığı gündən etibarən özünün yerli şöbələri vasitəsilə verilməsini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra - müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) strukturuna daxil olan qurumdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə, həm də digər qanunvericilik aktlarında cavabdehin dövlət özəlləşdirmə paylarının (çeklərinin) əvəzində pul vəsaiti verməsi vəzifəsi nəzərdə tutulmamışdır. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçı dövlət özəlləşdirmə paylarını (çeklərini) özünün təqsiri nəticəsində almadığını bildirmiş, dövlət özəlləşdirmə paylarını (çeklərini) cavabdeh inzibati orqanın təqsiri nəticəsində almadığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1326/2021 saylı, 09 mart 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar