Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1892/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə qarşı “istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, “Bakı-188” h/ş, 25A nömrəli binada yerləşən, 8 saylı mənzildən (indiki-Badambar qəsəbəsi, 2-ci Yaşayış Massivi, Abbasqulu Abbaszadə küçəsi, ev 25A, mənzil 18) Cavabdeh tərəfindən istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrə son qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar şöbəsi ilə aralarında bağlanmış 31 may 2014-cü il tarixli 50 saylı “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında, hərbi qulluqçu qismində (polkovnik-leytenant) ona 3 (üç) nəfərdən ibarət ailə tərkibi ilə (özü,arvadı və bir övladı) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ”Bakı-188” h/ş, 25 A nömrəli binada, sahəsi 42 kv. metr olan 2 otaqlı 8 saylı mənzil (indiki - Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsi, ev 25 a, mənzil 8) verilmişdir ki, hazırki vaxtadək həmin mənzildə yaşayır. 17 may 2012-ci ildən etibarən “Azərbaycan Respublikasının Silahlı Qüvvələr veteranıdır, 01 avqust 2017-ci il tarixdə isə 37 il qulluq stajı ilə yaşa görə əmək pensiyasına çıxmış və ona ömürlük əmək pensiyası təyin edilmişdir. Cavabdeh ona 22 iyun 2021-ci tarixdə “xəbərdarlıq” məktubu göndərərək, yuxarıda göstərilən müqavilənin 2.4.11-ci yarımbəndinə əsasən mənzili təhvil verilməsini tələb etmişdir ki, həmin yarımbənddə “bu Müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra razılaşdıqları müddətdə (lakin 30 (otuz) təqvim günündən artıq olmamaq şərti ilə) yaşayış sahəsini təhvil-təslim aktına əsasən “Kirayəyə verən”ə təhvil vermək” müddəası nəzərdə tutulmuşdur. Lakin o, cavabdehin həmin xəbərdarlıq məktubunu qanuni hesab etməmiş, yuxarıda göstərilən müqavilənin ləğv edilmədiyini və ya ona xitam verilmədiyini, habelə 37 il qulluq stajı ilə yaşa görə əmək pensiyasına çıxdığına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2.2ci və 102.3-cü maddələrinə əsasən ona digər yaşayış sahəsi təklif edilmədiyindən mənzili boşaltmaq tələbinə etiraz edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə qarşı “istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu rəisinin xx.xx.2014-cü il tarixli 4 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil şöbəsi (“Kirayəyə verən”) ilə İddiaçı (“Kirayəçi”) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 50 №-li “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, kirayəyə verən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, Bakı-188 h/ş küçəsi, 25A nömrəli binada 8 nömrəli mənzildə yerləşən Dövlət mənzil fonduna aid, yaşayış hissəsi 42 kv. m-dən ibarət 2 otaqlı yaşayış sahəsinin kirayə haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə 20 gün müddətinə Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür (bənd 1.1). - Kirayəçinin ailə üzvləri qismində 1963-cü il təvəllüdlü həyat yoldaşı-X4- 1990-cı il təvəllüdlü oğlu-X6 qeyd olunmuşdur (bnd 1.2). - Kirayəçinin vəzifələri kimi yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxslərin icarəsinə, istifadəsinə verməmək qeyd olunmuşdur (bənd 2.4.3) - Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 1 saylı MİS tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Xəbərdarlıq”lardan müəyyən olunur ki, 50 №-li, xx.xx.2014-cü il tarixli kirayə müqaviləsinin 2.4.11-ci yarımbəndinə əsasən müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra razılşadıqları müddətdə (lakin 30 (otuz) təqvim günündən artıq olmamaq şərti ilə) yaşayış sahəsi təhvil-təslim aktına əsasən Kirayəyə verənə təhvil verilməlidir. Hal- hazırda Həsənov X5 rayonu, Fətəliyev küçəsi, ev 46, 103 saylı mənzillə təmin olunmağı ilə əlaqədar yaşadığı xidməti mənzili xəbərdarlıqlarda göstərilmiş tarixlərədək (müvafiq olaraq xx.xx.2021 və xx.xx.2022-ci il) təhvil verməli olduğu tələb olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 7689 №-li xx.xx.2022ci il tarixli cavab məktubunda İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ilə təmin olunduğu və sözügedən mənzilin onun tərəfindən özəlləşdirildiyi bildirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********10 №-li xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş 003251 saylı orderin surətindən müəyyən olunur ki, Nəsimi rayon X2 xx.xx.1971-ci il tarixli 181 №-li qərarı ilə İddiaçı və ailə üzvləri arvadı 1967-ci il təvəllüdlü Həsənova E.A və 1990-cı il təvəllüdlü oğlu Həsənov E.K ilə birlikdə ünvan 1 ünvanında yerləşən 33,19 kv. m. sahədən ibarət 2 (iki) otaqlı mənzil ayrılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 596 №-li xx.xx.2023cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş MH seriyalı 111463 №-li qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Fətullayev küçəsindəki 46 №-li yaşayış evinin 103 saylı mənzili xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadın qeyd etmişdir ki, “iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırkı iş üzrə iddia tələbinin predmetini iddiaçının yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, “Bakı-188” h/ş, 25A nömrəli binada yerləşən, 8 saylı mənzildən (indiki- Badambar qəsəbəsi, 2-ci Yaşayış Massivi, Abbasqulu Abbaszadə küçəsi, ev 25A, mənzil 18) Cavabdeh tərəfindən istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrə son qoyulması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə mübahisəli mənzillə bağlı qadağan olunması tələb olunan “maneə”lər isə sonuncu tərəfindən ona ünvanlanmış mənzilin boşaldılması ilə bağlı “Xəbərdarlıq”lardan ibarətdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələbinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, qanunvericilik xüsusi təyinatlı yaşayış sahəsinin özəlləşdirilməsinə yol vermədiyindən və iddiaçının istifadəsində olan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkiyyəti olmaqla, cavabdeh tərəfindən ona “Xəbərdarlıq” edilməsi mübahisəli mənzillə bağlı tərəflər arasında münasibətləri tənzimləyən müqavilədə nəzərdə tutulduğundan, iddiaçının cavabdehə mənzillə bağlı ona “Xəbərdarlıq” edilməsinin qadağan olunması barədə hazırki iddiası mümkün sayıla bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1892/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1892/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver