Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1893/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xəstəliyi səbəb əlaqəsinin dəyişdirilməsi və əlillik dərəcəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2-1(112)- 1861/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ona 3-cü qrup ümumi xəstəliklə əlaqədar xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(112)-6690/2020 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2-1(112)-1861/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2-1(112)-1861/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdə indiki Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1992-ci ildən 1994-cü ilədək müxtəlif hərbi hissələrdə xidmət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı ağır yaralanmışdır. Qarabağ müharibəsində aldığı xəsarətlərdən sonra yaralanmağından, qorxudan, sarsıntıdan səhhətində ağır ağciyər xəstəliyi və digər ağır sağalmaz onkoloji xəstəliklər yaranmışdır. Bununla bağlı, demək olar ki, hər il xəstəxanalarda müalicələrdə olunur, xəstəliyi ilə bağlı işləyə bilmir. Onkoloji xəstəlikdən əməliyyat olunmuş və hər həftə ona 3 dəfə onkoloji xəstəliklərlə bağlı müvəqqəti yaşamağı üçün tibbi tədbirlər görülür. Xəstəliyi ilə bağlı müalicə və müayinə xərclərini ödəyə bilmir, bununla belə himayəsində 2 yaşlı övladı və arvadı var. Hərbi əməliyyatlar zamanı aldığı xəsarət və xəstəliklərlə bağlı onu müayinə edib 28 avqust 2020-ci il tarixdə forma 88 yazılıb Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Lakin Tibbi-Sosial Ekspert Komissiyasında ona əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2-1(112)-1861/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirıliyinin Mərkəzi Hərbi Həkim komissiyasının 04.05.2017-ci il tarixli, 848 saylı qərarında qeyd olunmuşdur ki, İddiaçı Oğuz RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, Tərtər hərbi prokurorluğunun 18.02.2017-ci il tarixli, 19HP/801 nömrəli məktubunda barəsində təqsirləndirici material və cinayət işi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 19.02.1994-cü ildə aldığı və 19.02.1994-cü ildən 11.04.1994-cü ilə kimi Goranboy rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Döş bel nahiyyəsinin dəlib-keçən güllə yarası” (AR SHXÇDX-nin Oğuz rayon bölməsinin 17.04.2017-ci il tarixli, 236 nömrəli göndərişi, 27.04.2017-ci il tarixli, 82 nömrəli arayışı, Goranboy rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş 11.04.1994-cü il tarixli çıxarış epiqrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi – cərrahın rəyi ilə təsdiq edilir.). “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan “Oğuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib olunmuş 0307003AAD1H nömrəli AR Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərişə əsasən xəstə 12.04.2018-ci ildən mütəmadi ambulator tibbi yardım alır. X4 İnstitutunda 10.03.2020-ci il tarixli ambulator müayinə olunduğu diaqnoz: Bronxial astma, qarışıq forma, nəzarət edilməyən. Kəskinləşmə mərhələsi. Əhəmiyyətli ventilyasiya pozğunluğu. Tənəffüs çatışmazlığı ikinci dərəcə. Döş-bel nahiyyəsini dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. “Oğuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib olunmuş 0307003AAD1H nömrəli AR Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş şəxsin iştirakı olmadan 28.08.2020-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə üçüncü dərəcə ilkin əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1, 2.1, 2.2, 2.3-cü bəndlərini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat»ın 3.1-ci bəndini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçı tərəf öz tələbini AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2.3 və 2.2.14-cü bəndlərinə istinad etməklə əsaslandırır, lakin iddiaçıda həmin müddəalarda nəzərdə tutulan xəstəliklərin olması işdə olan tibbi sənədlərlə və tərəflərin təqdim etdiyi dəlillərlə təsdiqlənmir. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan Əsasnamənin müddəalarında “travma” əsasında birinci, ikinci və üçüncü dərəcə əlilliklərin təyin olunması mümkün sayılsa da, travmanın nəticəsində orqanızmin həyat fəaliyyətinin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmamasından asılı şəkildə şərtləndirilir. İddiaçıya Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 4 may 2017-ci il tarixli qərarı ilə müvafiq diaqnozla “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi isə, müvafiq hallarda «Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat»ın 3.1-ci bəndinə görə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas versə də, birinci və ikinci dərəcə əliliyin təyin olunmasına “birmənalı əsas” kimi çıxış edə bilməz. Məhkəmənin qənaətinə görə iddiaçıya hazırda xəstəliyin səbəb əlaqəsi dəyişdirilməklə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci qrup əliliyin təyin olunmasına əsas olmadığından, cavabdeh inzibati orqan AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinası qanuna zidd sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, iddiaçının 1994-cü ildə hərbi xidmətdə olması, 19.02.1994-cü ildə yaralanması, yaralanma nəticəsində “Döş bel nahiyyəsinin dəlib-keçən güllə yarası” travmasını alması, bunun hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması işin mübahisə olunmayan hallarıdır. Hazırki mübahisə iddiaçıya 3-cü qrup ümumi xəstəliklə əlaqədar əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsidir. Nəzərə alınmalıdır ki, hərbi əməliyyatlar zamanı alınan travma əlilliyin təyininə əsas vermir. İddiaçı 09.10.2020-ci il tarixdə əyani müayinədə olmuş, onda hərbi əməliyyatlar zamanı alınmış travmanın əlilliyin təyininə əsas verən ağırlaşması aşkar edilməmişdir. Əlillik üçün əsas olan melanomanın isə hərbi travma ilə əlaqəsi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat»ın 3.1-ci bəndinə görə şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Belə olan halda, iddiaçıya 3-cü qrup ümumi xəstəliklə əlaqədar əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsinə dair iddiası əsassız olduğundan şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2-1(112)-1861/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1893/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1893/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver