Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1893/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayənədəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37.200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23.791,99 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda şikayətdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. xx.xx.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır . İş materiallarında olan A № 786553 saylı, xx.xx.1978-ci il tarixli diplomun surətinə əsasən İddiaçı xx.xx.1975-ci ildə Bakı şəhər 54 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1978-ci ildə bu məktəbin tam kursunu bitirərək dəmir-beton və polad kontruksiyalarını quraşdırıcı peşəsi üzrə təhsil almışdır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, xx.xx.1979cu il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1978-ci ildə “Qlavbakstroy” 1 saylı Ev Tikinti Kombinatında quraşdırma sahəsinə 3 (üçüncü) dərəcəli dəmir beton kontruksiyalarının quraşdırıcısı kimi qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə polad-dəmir beton kontruksiyalarının quraşdırılması üzrə 3 dərəcəli kontruksiyaların quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə xx.xx.1982-ci ildə işdən azad edilməsi barədə xx.xx.1982-ci il tarixli 76 nömrəli əmr etibarsız sayılmış, xx.xx.1983-cü ildə işdən azad edilmişdir. xx.xx.1983-cü ildə üçüncü dərəcəli quraşdırıcı qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmişdir. xx.xx.1983-cü ildə üçüncü dərəcəli baş quraşdırıcı qəbul edilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə 3 dərəcəli elektrik tökməçi kimi qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə 7 saylı trestin Tİ-75-də 3 dərəcəli quraşdırıcı kimi qəbul edilmiş, xx.xx.1987-ci ildə 4 dərəcəli çilingər quraşdırıcı verilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildə Azərbaycan SSR RN 7 saylı Trestinin TƏS TQİ-nə Tİ-75 köçürülmə ilə 5 dərəcəli elektrik quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1990-cı ildə 75 №-li Tİ-də 5 dərəcəli quraşdırıcı çilingər işinə qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə Sənayemənziltikinti trestinin “MDB” sahəsinə köçürülmə yolu ilə 5-ci dərəcəli quraşdırıcı qəbul edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə 5 dərəcəli quraşdırıcısı işinə qəbul edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə X4 idarəsində İstismar və keyfiyyət neft qaz quyularının qazılması üzrə 3 dərəcəli qazmaçı köməkçəsi qəbul edilmiş, xx.xx.1995-ci ildə qazmaçı köməkçisi 4-cü dərəcə keçirilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmişdir. xx.xx.2006-cı ildə 11 saylı Əli- Bayramlı (çeşidləmə) məntəqəsinə 2 yol montyoru işinə qəbul edilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmişdir. xx.xx.2010-cu ildə 06 saylı müəssisənin X12 keçirilmiş, xx.xx.2016cı ildə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə X2 5-ci dərəcəli yol montyoru işinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdən yol montyoru 4a dərəcə hesab edilmişdir. İddiaçı halhazırda həmin vəzifədə işləyir. İş materiallarına əlavə edilmiş X5 filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli, 305 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, X8 filialında mühafizə olunan TQİnin 7 №-li trestin və 78 №-li Tİ-nin 7 №-li trestin 1988-1990-cı illərin əmrlər kitabında sizin işləməyiniz barədə aşağıdakı kimi əmrlər vardır: 55 nömrəli, xx.xx.1988-ci il tarixli, 66 nömrəli, xx.xx.1989-cu il tarixli, 3/л nömrəli, xx.xx.1990-cı il tarixli. İş materiallarına əlavə edilmiş "xxxx" QSC İnfrastruktur Departamenti 8 nömrəli X9 xx.xx.2020-ci il tarixli, 273 nömrəli və xx.xx.2021-ci il tarixli, 169 nömrəli arayışlarında göstərilmişdir ki, verilir "xxxx" QSC İnfrastruktur Departamentinin 8 Nömrəli X9 4 saylı Şirvan Çeşidləmə məntəqəsində Yol montyoru işləyən İddiaçı ondan ötrü ki, o həqiqətən Azərbaycan dəmir yolunda xx.xx.2006-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2006-cı il tarixdə (əmr № 22; xx.xx.2006) Əli-Bayramlı Çeşidləmə məntəqəsinə 2-ci dərəcəli yol montyoru işinə qəbul edilmişdir; xx.xx.2006-cı il tarixdən (əmr № 52; xx.xx.2006) 3-cü dərəcəli yol montyoru işinə keçirilmişdir; xx.xx.2007-ci il tarixdən (əmr № 37; xx.xx.2007) 4-cü dərəcəli yol montyoru işinə keçirilmişdir; xx.xx.2010-cu il tarixdən (əmr № 101/K; xx.xx.2010) 6 saylı müəssisənin X12 keçirilmişdir; xx.xx.2014-cü il tarixdən (əmr № 63; xx.xx.2014) 5-ci dərəcəli yol montyoru işinə keçirilmişdir; xx.xx.2016-cı il tarixdən (əmr № 123; xx.xx.2016) şəxsi ərizəsinə əsasən işdən azad edilmişdir; xx.xx.2016-cı il tarixdən (əmr № 112; xx.xx.2016) X2 5-ci dərəcəli yol montyoru işinə qəbul edilmişdir; xx.xx.2018-ci il tarixdən (Qeyd № 014/29; xx.xx.2018) ştat cədvəlində edilmiş dəyişikliyə əsasən yol montyoru 4a dərəcə hesab edilmişdir. İddiaçı hal-hazırda həmin peşədə işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXVİİİ fəsil. Nəqliyyat, kod 23001000- 19825 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 21.4 - Dəmiryol nəqliyyatı bəndinə əsasən magistral dəmir yolunun əlaqə şəbəkəsinin yol montyorları güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 10.964,65 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 12.827,34 manat olmaqla cəmi pensiya kapitalı 23.791,99 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37.200,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bakı-İnzibati Məhkəməsi baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixinədək hesablanmış əmək stajı xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində olmaqla cəmi 14 il 4 ay 20 gün təşkil edir. Eyni zamanda bildirilir ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 10964,65 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 13294,20 manat olmaqla cəmi pensiya kapitalı 24.258,85 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 14 il 4 ay 20 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 10964,65 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 13294,20 manat pensiya kapitalı qeydə alınmışdır. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36200,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “X7” Trestinin xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X00062 nömrəli və xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X00133 nömrəli arxiv arayışlarında qeyd olunmuşdur ki, verilir İddiaçı, təvəllüdü xx.xx.1959-cu il, ondan ötrü ki, O, həqiqətən X4 İdarəsində işləmişdir. “Azneft” İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, 244 saylı əmrinə əsasən Əli-Bayramlı Qİİ-si, qazma sexi kimi Qobustan KQİİ-nin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X7” tresti yaradılmışdır. Qobustan KQİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi SOCAR-ın “X7” trestinin tabeliyinə verilmişdir. “X7” Trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən Qobustan KQİİ qazma sexi kimi xx.xx.2012-ci il tarixdən Abşeron Qİİ-in tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “X7” trestinin X10 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “X7” trestinin “Təşkilatı struktur və ştatcədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ-Qalmaz”, “Abşeron” İstehsalat Bölümləri hal-hazırda “Abşeron” İstehsalat Bölümü kimi fəaliyyət göstərir. xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək X4 İdarəsinə neft, qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 3-cü dərəcəli qazmaçı-köməkçisi peşəsinə işə qəbul edilib (Əmr № 144-k, xx.xx.1994-cü ildə); xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək Neft, qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 4-cü dərəcəli qazmaçı-köməkçisi peşəsinə keçirilib (Əmr № 40-k, xx.xx.1995-ci ildə); xx.xx.1995-ci ildən Azərbaycan Respublikası ƏM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib (Əmr № 79-k, xx.xx.1995-ci ildə). Ümumi iş stajı - 9 ay, 4 gündür. Əsas: Fond 5, Siyahı 1, İş 80, 82. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-11297 kodu ilə qazmaçılar güzəştli şərtlərlə iş stajı 09 ay 04 gün təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli, **********249400 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “Qlavbakstroy” 1 saylı Evtikmə Kombinatı və “SİTQ” Tresti barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildirilir ki, İdarədə olan reyestrdə “Qlavbakstroy” 1 saylı Evtikmə Kombinatı və “SİTQ” Tresti adlı kommersiya qurumları aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli, 01/3-1689 nömrəli məktubunda bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Qlavbakstroy” 1 saylı Ev Tikinti Kombinatına və “SİTQ” trestinə dair məlumat mövcud deyildir. Bununla yanaşı nəzərinizə çatdırılır ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********83 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 263 nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin X1 Birliyinin 1 nömrəli Evtikmə kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2005-ci il tarixinə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məlumat üçün bildirilir ki, sorğuda qeyd edilmiş digər müəssisə “SİTQ” tresti barədə hər hansı bir məlumat mövcud deyildir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 37200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21659,80 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-cimaddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə kollegiyası qeyd edir ki, kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsində nəzərdə tutulmuşdur. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmasa da (bunun üçün iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən az olmayan ümumi staja malik olması tələb olunsa da, onun həmin tarixə cəmi 10 il 22 gün ümumi sığorta stajı olmuşdur), “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2017-ci il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2016-cı il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada vəklinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarından görünür ki, iddiaçının hərbi bilet, təhsil barədə sənəd və əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1978-ci illərdə təhsil dövrü 02 il 10 ay 19 gün, xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmət dövrü 02 il 01 ay 04 gün, xx.xx.1978xx.xx.1979-cu illərdə 08 ay 14 gün, xx.xx.1981-xx.xx.1983-cü illərdə 01 il 10 ay 09 gün, xx.xx.1983-xx.xx.1983-cü illərdə 01 ay 20 gün, xx.xx.1983-xx.xx.1984-cü illərdə 07 ay 08 gün, xx.xx.1984-xx.xx.1985-ci illərdə 01 il 02 ay 18 gün, xx.xx.1985-xx.xx.1988-ci illərdə 02 il 11 ay 07 gün, xx.xx.1988-xx.xx.1990-cı illərdə 01 il 07 ay 02 gün, xx.xx.1990xx.xx.1993-cü illərdə 03 il 01 ay 14 gün, xx.xx.1993-xx.xx.1994-cü illərdə 01 il 03 ay 17 gün, xx.xx.1994-xx.xx.1994-cü illərdə 03 ay, xx.xx.1994-xx.xx.1995-ci illərdə 09 ay 05 gün, xx.xx.2006-xx.xx.2009-cu illərdə 03 il 02 ay 14 gün, xx.xx.2010-xx.xx.2016-cı ilədək 05 il 07 ay 17 gün, xx.xx.2016-xx.xx.2016-cı ilədək (57 yaşı tamam olduğu günədək) 04 ay 09 gün işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının yuxarıda qeyd edilən əmək fəlaiyyəti dövrlərindən xx.xx.1978- xx.xx.1979-cu illərdə, xx.xx.1981-xx.xx.1983-cü illərdə, xx.xx.1994-xx.xx.1995-cı illərdə, xx.xx.2006-xx.xx.2009-cu illərdə və xx.xx.2010xx.xx.2016-cı illərdə işlədiyi dövrü, cəmi 12 il 06 ay 07 gün olmaqla onun güzəştli iş stajına hesablayır. Belə ki, iddiaçı xx.xx.1978-xx.xx.1979-cu illərdə və xx.xx.1981-xx.xx.1983-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətinin X1 Birliyinin 1 nömrəli Evtikmə kombinatında quraşdırma sahəsində 3-cü dərəcəli dəmir beton konstruksiyalarının quraşdırıcısı vəzifəsində işləmişdir. Məhkəmə araşdırması gedişində adıçəkilən X1 Birliyinin 1 nömrəli Evtikmə kombinatının fəaliyyət göstərmədiyi, sonuncunun özəlləşərək bazasında sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı müəyyən olunmuşdur. Məhkəmə hüquqi varisi olaraq adıçəkilən "xxxx" ASC-nin məlum olan hüquqi ünvanına iddiaçının işlədiyi peşələrə dair güzəştli arayışın verilməsi ilə bağlı sorğu göndərmiş, lakin məhkəmə sorğuları müəssisə tərəfindən cavablandırılmamışdır. Hazırkı iş üzrə iddiaçının 1 nömrəli Evtikmə kombinatında işlədiyi dövrün güzəştli pensiyaya çıxmaq hüququ verən zərərli iş olması barədə arayışın əldə edilməsinin mümkün olmaması qeyd edilən dövrün güzəştli iş stajına daxil edilməsinə mane hesab olunmur. Belə ki, iddiaçının işlədiyi dəmir beton konstruksiyalarının quraşdırıcısı peşəsinin adı bilavasitə istər işlədiyi dövr üzrə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22900000 bölməsində XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri yarımbölməsində 2290000a—14612 kodu altında polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar vəzifəsinə, istərsə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar koduna uyğundur. Başqa sözlə, iddiaçının bilavasitə işlədiyi sahə tikinti sahəsi olmaqla, əmək kitabçasında qeyd edilən işlədiyi peşənin adı siyahıda göstərilən polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsinin adı ilə eynidir. Məhkəmə qeyd edilən xx.xx.1978-xx.xx.1979 və xx.xx.1981-xx.xx.1983-cü illərə aid əmək fəaliyyəti ilə bağlı güzəştli arayışın əldə edilməsinin mümkün olmamasını, iddiaçının əmək kitabçasında qeyd edilən həmin dövrdə işləmiş olduğu evtikmə kombinatında polad dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı vəzifəsinin ad və sahəsinin bilavasitə siyahıda göstərilən vəzifənin ad və sahəsi ilə birəbir eyni olduğunu və cavabdeh orqanın isə həmin dövrün zərərli iş stajına hesablanmasını istisna edəcək şərti (əksini) sübuta yetirə bilmədiyini əsas götürərək hesab edir ki, qeyd edilən dövr iddiaçının güzəştli iş stajına hesablanmalıdır. İddiaçının xx.xx.2006-xx.xx.2016-cı il tarixədək (57 yaşının tamam olduğu günədək) işlədiyi "xxxx" QSC İnfrastruktur Departamenti 8 nömrəli Saatlı yol sahəsində yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər: magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsinə uyğundur. Bu barədə işəgötürənin güzəştli arayışı təqdim olunmuşdur. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçının zərərli işdə işlədiyi müddətin qısa bir hissəsi, yəni xx.xx.1994-xx.xx.1995-cı illərdə işlədiyi qazmaçı köməkçisi vəzifəsi həmin dövr üzrə qüvvədə olan 1 nömrəli Siyahıda (1100000a-11297) göstərildiyindən, 1 nömrəli Siyahıda əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan sahələri əhatə etdiyindən, iddiaçının xüsusi stajı müəyyən olunarkən qazmaçı köməkçisi vəzifəsində işlədiyi 09 ay 05 günlük müddət də 2 nömrəli Siyahı üzrə işlədiyi güzəştli stajına daxil edilməlidir. Belə olan halda müəyyən olunur ki, iddiaçının ümumilikdə 12 il 06 ay 07 gün xüsusi iş stajı olmuşdur. Beləliklə, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2016cı il tarixədək həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq tələb olunan 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1893/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1893/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver