Məhkəmə qərarları › İş №2-1(103)-1893/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1893/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1893/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8622/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1195 kv.metr sahəsi olan 42 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 42 saylı 1200 kv.metr olan torpaq sahəsi onun istifadəsindədir. Həmin bağ sahəsi 1997-ci il tarixli sərəncama əsasən onun adına ayrılmışdır. Bağ sahəsi ona ayrılan gündən faktiki olaraq 25 ildən artıqdır ki, istifadəsindədir. Həmin bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, İdarə tərəfindən müxtəlif bəhanələr gətirilərək torpaq sahəsi bugünədək sənədləşdirilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8622/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 1195 kv.metr sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 42 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi keçmiş Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində yerləşmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinə dair sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri deyil, Əzizbəyov rayon (Xəzər) İcra Hakimiyyətinin sərəncamı təqdim edilmişdir. Tərəflərin izahatları: Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli, 453 nömrəli Sərəncamına əsasən Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 10, ev 1-də yaşayan heç bir yerdə işləməyən, ailə tərkibi 5 nəfərdən ibarət İddiaçı Zirə qəsəbəsində fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi keçmiş Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində yerləşir. Həmçinin həmin torpaq sahəsinə digər şəxsin müraciətləri olmuşdur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 453 nömrəli Sərəncamı ilə torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə cizgisi torpaq sahəsi ayrılan zaman Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən deyil, sonradan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan “Vət. İddiaçı Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli, 453 nömrəli Sərəncamından görünür ki, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 10, ev 1-də yaşayan heç bir yerdə işləməyən, ailə tərkibi 5 nəfərdən ibarət İddiaçı Zirə qəsəbəsində fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Evin tikintisi təsdiq edilmiş 145-000-129c tipli layihə əsasında aparılmışdır. Sahə №42. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının İ müavininin xx.xx.2023-cü il tarixli, 5-12/2-1731/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Xəzər Rayon İcra Hakimiyyətinə müraciətinə və təqdim etdiyi rəsmi sənədlərə əsasən yerində araşdırma aparılmış və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 453 saylı Sərəncamı ilə Zirə qəsəbəsində vətəndaş İddiaçı ayrılmış 42 saylı torpaq sahəsinin yerləşmə sxemi hazırlanaraq vətəndaşa təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, mübahisəli torpaq sahəsi mişar daşı ilə hasarlanmış ümumi ərazinin bir hissəsidir və ümumi sahə mişar daşı düzülərək 3 hissəyə bölünmüşdür. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.metr, faktiki sahəsi 1195 kv. metrdir. İş üzrə tətbiq edilən hüquq normaları «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Beləliklə, qeyd edilən hüquq normalarının hazırkı işə tətbiqi zamanı Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1195 kv.metr sahəsi olan 42 saylı bağ sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Cavabdehin imtina dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ...... xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırılmış və Əzizbəyov rayon inzibati ərazi vahidi Xəzər rayon inzibati ərazi vahidi hesab edilmişdir. xx.xx.2001-ci il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanlarının fiziki şəxslərə torpaq sahəsi ayrımaq hüququ olmuş, bu zaman torpaq sahəsinin ayrılması barədə qərara 1:10 000 və ya 1:25 000 miqyasında ayrılan sahənin planının əlavə edilməsi nəzərdə tutulmuşdur. Torpaq ayıran qurumun həmin sahənin planını sonradan tərtib etməsi, həmin planın (cizginin) torpaq ayırlan zaman mövcud olmaması anlamına gəlmir. İşdən görünür ki, iddiaçı ona verilmiş hüquqmüəyyənedici sənədə uyğun ayrılan torpaq sahəsinə dair cizginin tərtib edilməsini torpaqayıran qurumdan tələb etmiş, həmin qurum da müvafiq cizgini təsdiq etmişdir. Cizgidə göstərilən torpaq sahəsinin xx.xx.1997- ci il tarixli, 453 nömrəli Sərəncam ilə torpaq ayrılarkən nəzərdə tutulan sahə olmaması isə cavabdeh tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Mübahisəli torpaq sahəsinə digər şəxsin müraciətinə gəldikdə, işdə olan sənədlərdən görünür ki, həmin müraciət X2 tərəfindən edilmişdir, hansı ki, həmin şəxs iddiaçının əri olmuş, məhkəmə iclasında isə iddiaçı onun torpaq sahəsinə dair hər hansı bir iddiasının olmadığını bildirmiş, A.Əliyevə məxsus torpaq sahəsinin ona ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşdiyini göstərmiş və bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin keçmiş Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində yerləşməsi, lakin iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinə dair sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmrinin deyil, Əzizbəyov rayon (Xəzər) İcra Hakimiyyətinin sərəncamının təqdim edilməsidir. Apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən mövcud koordinatları verilmiş torpaq sahəsi keçmiş Zirə-Südçülük Tərəvəzçilik sovxozunun ərazisindən Bakı Şəhər İcra Hakimiyyəti idarəçiliyinə qaytarılmış, Xəzər rayonu, Zirə qəsəbəsinin inzibati ərazisi daxilində yerləşir. Kollegiya qeyd edir ki, xx.xx.2016-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə”yə uyğun olaraq vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Göründüyü kimi, hazırda X1-südçülük Sovxozu mövcud deyil və onun torpaqları Bakı şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə verilmişdir. Mübahisəli torpaq sahəsi isə həm ayrılan vaxt, həm də sonradan yerli icra hakimiyyətinin istifadəsində olan torpaq sahəsinə aid olmuşdur. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. Belə olan halda cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır və məhkəmə qərarının ləğvi üçün əsas hesab edilmir. Eyni zamanda Kollegiya xüsusilə vurğulayır ki, birinci instansiya məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin qonşuluğundan yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, həmin torpaq sahələri də Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar əsasında ayrı-ayrı vətəndaşların istifadəsinə verilmiş, cavabdeh isə həmin hüquqmüəyyənedici sənədə əsasən müvafiq şəxslərin torpaq sahəsinə hüquqlarını qeydə almışdır. Göründüyü kimi iddiaçıya münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində göstərilən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsaslar mövcud olmadığından və iddiaçının tələbi əsaslı olduğundan Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iddianın təmin edilməsində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8622/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar