Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1895/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsə ) qarşı “ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsə) qarşı “ona ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5078/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının vərəsələri X6, X3, Fərmanzadə Röyal Əhliman oğlu və X11 tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı veteran müavinətinin ödənilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1977-1993-cü illərdə daxili işlər orqanlarında xidmət etmiş, 1990-cı ilin iyul ayından 1992-ci ilin noyabr ayınadək olan dövrdə müxtəlif vaxtlarda rəhbərlik tərəfindən cəbhə bölgəsinə ezam edilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında, erməni cinayətkarlarına qarşı mübarizədə iştirak etmişdir. xx.xx.2019-cu il tarixdə veteran kimi qeydiyyata alınmış və AR Daxili İşlər Nazirliyi tərəfindən ona veteran vəsiqəsi təqdim edilmişdir. Hazırda 80 manat müavinət alır. Veteran kimi müavinət almağa başladığı tarixdən əvvəlki 3 il üçün də müavinət almaq hüququna malikdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etməsinə baxmayaraq cavabdeh inzibati orqan tərəfindən müraciətinə qanuni müddət ərzində heç bir münasibət bildirilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5078/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının vərəsələri X6, X3, Fərmanzadə Röyal Əhliman oğlu və X11 tərəfindən şikayət verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5078/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onun əsaslandırılmış ki, qərardad əsassızdır və iş üzrə icraat dayandırılmalıdır. Belə ki, məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə vəfat etdiyindən iddia mümkünsüz sayılmalıdır. Onlar İddiaçı vərəsələridirlər. İddiaçı məhkəməyə müraciət edərək ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsini istəmişdir. Lakin o, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının vərəsələri kimi onlar notariusa müraciət etmiş, miras açılmış və 2020-ci ilin dekabr ayında vərəsəlik şəhadətnaməsini əldə edəcəklər. Bu barədə rəsmi ərizə ilə məhkəməyə müraciət etmələrinə və təsdiqedici sənədləri təqdim etmələrinə baxmayaraq hakim icraatı dayandırmaq əvəzinə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayətin dəlilləriə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «ünvan tam deyil» səbəbindən geri qaytarıldığı üçün iddiaçının vərəsələri məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştiraklarını təmin edə bilməmişlər. İşdə iştirak edən cavabdehin nümayəndəsi hazırki işə iddiaçının vərəsələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçının vərəsələri X5, X1, Fərmanzadə Röyal Əhliman oğlunun və X7 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı tələbi “ona ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin cavabdeh tərəfindən ödənilməsi” barədə olmuşdur. İşə birinci instanisiya qaydasında baxmış məhkəmə iddiaçının məhkəmə icraatı zamanı vəfat etməsinə istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddia tələbini qərardadında qeyd olunanlarla bağlı, yəni iddiaçının vəfat etməsi əsası ilə mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki iddianı xx.xx.2020-ci il tarixdə imzalayaraq məhkəməyə müraciət etsə də, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu fakt Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 091361 nömrəli xx.xx.2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə” ilə də təsdiq olunur. Hazırki iş birinci instansiya məhkəməsinin icraatında olarkən iddiaçının vərəsələri ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2020-ci il tarixdə vəfat etməsini, onların iddiaçının vərəsələri olmasını və mirasın qəbulu üçün notariusa müraciət etdiklərini, ölüm tarixindən 6 ay sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alacaqlarını bildirmişlər və buna görə də onların iddiaçının vərəsələri qismində qəbul edilib işə baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının vərəsələrinin məhkəməyə müraciətini nəzərə almamış, həmin şəxsləri iddiaçının vərəsələri qismində işə cəlb etmədən, hazırki iş üzrə hüquq münasibətinin hüquq varisliyinə yol verdiyini və ölmüş şəxsin hüquq varisi müəyyən edilənə kimi iş üzrə icraatın dayandırılmasının mümkünlüyünü yoxlamadan tələsik olaraq iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Halbuki qeyd olunan halın (iddiaçının məhkəmə icraatı zamanı vəfat etməsinin) iddianın qeyri-mümkün sayılması üçün əsas yaratması nə inzibati prosessual qanunvericilikdə, nə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında əksini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının məhkəmə icraatı zamanı vəfat etməsi səbəbindən iddianın qeyri-mümkün sayılması barədə qərardad qəbul edilərkən Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Həmin Məcəllənin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.1-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək iş üzrə icraat dayandırılır. Digər tərəfdən, işə birinci instansiya qaydasında iddiaçının vərəsələrinin iştirakı ilə mahiyyəti üzrə baxılarkən məhkəmə nəzərə almalıdır ki, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsindəki xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində qeyd olunan hüquqi yardımı göstərərək iddia tələbinin dəqiqləşdirilməsini də təklif etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının vərəsəli tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının vərəsələri X6, X3, Fərmanzadə Röyal Əhliman oğlu və X11 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5078/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1895/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1895/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver