Məhkəmə qərarları › İş №2-1(103)-1895/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1895/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1895/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6358/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki istifadəsində olan Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 23 saylı Qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün ona verilmiş, Mərdəkan qəsəbəsində MZ/448-ci sahə ünvanında yerləşən 635 kv.m. torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi azaldılmışdır). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8415/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan şikayət verilməmiş, qanuni qüvvəsini alaraq icra edilməsi cavabdehə göndərilmişdir. Daha sonra cavabdeh ərizə verərək Bakı şəhər İcra Hakimiyyətinin 3-cü şəxs qismində işə cəlb edilməsini, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, işə yenidən baxaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İdarəyə ünvanlanmış 36/1421 saylı, xx.xx.2012-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Əzizbəyov rayon XDS İK-nin 23 saylı, xx.xx.1990-cı il tarixli qərarı mövcud deyil. Əzizbəyov rayon XDS İK-nin 23 saylı qərarı 13 dekabr 1990-cı il tarixlidir. Bu qərarla isə vətəndaş İddiaçı Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılmamışdır. Sorğuya əlavə edilmiş kserosurət saxta sənəddir. Həmin sənəddə arxivin müdirinin və böyük arxivçinin imzaları, həmçinin möhür də saxtadır. Bu saxtalığı 23 saylı qərarın şrift fərqindən görmək olar. Bundan başqa, 2012-ci ilin iyul ayına qədər tərəflərindən verilən arayışlara möhürdən əlavə ştamp da vurulurdu. Bu ştampda arxiv arayışının verilmə tarixi və nömrəsi göstərilirdi. Sorğuya əlavə edilən kserosurətdə isə ştamp yoxdur. Verilən kserosurətdə nə Əzizbəyov rayon XDS İK-nin sədri, nə də katibin imzaları yoxdur. Halbuki onlar verdikləri kserosurətdə BŞİH-nin arxivində qorunub saxlanılan sənədin əslindən verilir və həmin imzalar sənədin əslində var. 2012-ci ilin iyul ayından isə BŞİH Başçısı aparatında struktur dəyişilməsi ilə əlaqədar, arxiv arayışının forması da dəyişilib. Belə ki, vətəndaşlara təqdim olunan Əzizbəyov rayon XDS İK-nin qərarlarının kserosurətlərinə imza qoyulur, əsas yazılır və “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” möhürü vurulur. Bir daha bildirilir ki, göndərilən sənəd həqiqi deyildir və onların arxivi tərəfindən verilməmişdir” İddiaçı ərizəyə qarşı yazılı etiraz təqdim edərək ərizənin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə 3-cü şəxsin cəlb edilməsi mahiyyət etibarı ilə hüquqdan sui-istifadə etməkdir. Dövlətin adından çıxarılmış qərarın icrasından yayınmaq məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş imkanlardan sui-istifadə etməklə işi uzatmağa çalışır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş imtinada, eləcə də iş zamanı iddiaya göndərilən etirazda Əzizbəyov rayon XDS İK-nin 23 saylı, xx.xx.1990-cı il tarixli qərarın mövcud olub-olmaması barədə hər hansı qeyd göstərilməmişdir. Bunun tam əksinə olaraq, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanmış məktubundan da görünür ki, Əzizbəyov rayon XDS İK-nin 23 saylı, xx.xx.1990-cı il tarixli qərarı Bakı şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verilmişdir. Eyni zamanda cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş sənədlərdən də görünür ki, qeydə almanın hüquqi əsasları olan sənədlər məhz cavabdehin arxiv sənədlərində mövcuddur. Üstəlik həmin sənədlər əsasında iddiaçının adına 21 il qanuni istifadədə və sahiblikdə olan torpaq sahəsinə dair 2011-ci il tarixli Kadastr (torpağı plan və ölçüsü) verilmişdir ki, həmin kadastrın verilməsi zamanı da DT və XK tərəfindən inzibati araşdırma aparılmış, sənədlərin həqiqiliyi, mövcudluğu yoxlanılmışdır. Həmçinin hazırkı iş üzrə də cavabdehin inzibati orqan olaraq geniş araşdırma, diskresion səlahiyyətləri var ki, vahid inzibati orqan kimi Bakı Şəhər İcra Hakimiyyətindən sorğu edərək sənədlərin mövcudluğunu yoxlasın. Cavabdeh həmin diskresion səlahiyyətlərdən istifadə edərək geniş araşdırma aparmış və bu günədək imtinanın əsası kimi sənədin mövcud olmamasına istinad etməmişdir. “İnzibati İcraat haqqında” Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 32.2-1-ci maddəsinə görə inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Bununla belə hazırkı iş üzrə qəbul edilmiş qərar hər hansı şəkildə Bakı şəhər İcra Hakimiyyətinin hüquq və mənafelərinə toxunmur, həmin qərarın nəticələri İcra Hakimiyyəti üçün hüquq və vəzifə yaratmır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Hazırkı halda isə 3-cü şəxs kimi Bakı Şəhər İcra Hakimiyyətinin hər hansı hüquq və mənafelərinin pozulmasından söhbət gedə bilməz. Xüsusilə vurğulanmalıdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 2012-ci il tarixli məktubu ilə sənədin mövcud olmadığı qənaətinə gəlir, lakin hər hansı şəkildə həmin sənədi iddia qaldıraraq mübahisələndirmir, bu hallar barədə susur və bunun üzərinə İddiaçıya DT və XK tərəfindən 2011-ci il tarixdə kadastr verilir. Bu mənada məhz həmin dövlət orqanlarının uzun müddət susması, yol verdiyi hərəkətsizlik mahiyyət etibarı ilə iddiaçının vətəndaşın mülkiyyət hüququna bərabər tutulur. Həmçinin “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadına görə icra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər. Hazırkı vəziyyətdə isə cavabdeh digər inzibati orqanın cəlb edilməsi ərizəsi ilə inzibati orqanların vahidliyi prinsipini pozmuş olur. Bununla da inzibati orqanlar arasında əsassız səlahiyyət çəkişməsi, kolliziya yaranmış olur ki, nəticə etibarı ilə vətəndaşa münasibətdə hüquqların həyata keçirilməsi ilə bağlı əlçatanlılıq, hüquqi müəyyənlik, prosessual qənaət prinsipi pozulmuş olur. Bundan əlavə, qeyd olunan qərardadda konkret olaraq göstərilmişdir ki, şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər (48b). Cavabdehin hazırkı müraciətinə diqqət yetirdikdə açıq şəkildə görsənir ki, o bu hansı qaydada icraata qoşulmanı ümumiyyətlə göstərməmiş, vəsatət nə əsaslandırılmış, nə də ki, bununla bağlı sübutlar təqdim etmişdir. Eyni zamanda o da qeyd edilməlidir ki, Ali Məhkəmənin qərardadında hüquqi maraq meyarına da toxunulmuş və göstərilmişdir ki, hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir (37b və 38b). Göründüyü kimi Ali Məhkəmənin də mövqeyi ondan ibarətdir ki, hüquqi marağın mövcudluğu qəbul ediləcək məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bilməsi ilə şərtləndirilmişdir. Burada birbaşa və ya birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma anlayışlarına aydınlıq gətirilmiş və birbaşa təsirlə bağlı Ali Məhkəmənin mövqeyi Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı zəruri cəlbetmənin şərtlərinə dair mövqeyi ilə eynilik təşkil etmişdir. Belə ki, birbaşa təsirin olması o halda yarana bilər ki, məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər bir ifadə ilə zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxslərə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Hazırkı iş üzrə cavabdehin elektron bazasında iddiaçının mülkiyyət hüquqlarının ilkin qeydiyyatı aparılmış, bununla bağlı daha cavabdehin məhkəməyə təqdim edilmiş arxiv sənədləri də sübut edir. Bundan başqa cavabdeh məhkəmə qərarı icra edilməsi üçün göndərilməsindən dərhal sonra deyil, müəyyən müddət gözlənildikdən sonra edilmişdir. Belə ki, qərar icra edilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçı ilə əlaqə saxlanılmış və sənədlərin təqdim edilməsi istənilmişdir. Bunu məhkəmə qərarının icrasının gecikdirilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə etdiyi müraciətin qoşmasında təqdim etdiyi sənədlərin qəbul olunmasına dair qəbz də sübut və təsdiq edir. Sonradan cavabdehin mövqeyinin radikal dəyişməsinin səbəbi ona aydın deyildir. Sual olunur bu müraciətdə göstərilənlərlə bağlı mövqe imtinada, iddia ərizəsinə etirazda niyə bildirilməmişdir? Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində qərardan apellyasiya şikayəti də verilməsi imkanı olmuşdur. Bütün bu mümkün vasitələrdən istifadə etmədən sonda hüquqda sui-istifadə etməyə cəhd etmək heç cürə qəbuledilməzdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6358/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8415/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnməsi, Xəzər rayon İcra Hakimiyyəti (zəruri cəlbetmə qaydasında) və Bakı şəhər İcra Hakimiyyəti (adi cəlbetmə qaydasında) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti ərizəyə dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirak olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci tarixli qərardadının: Bənd 44. İPM-in 28-ci maddəsi üçüncü şəxslərin icraata cəlb edilməsinin iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında. Həmin şəxslər bu barədə vəsatət verirlərsə, onlar işə “daxil olmaq” iradələrini bildirirlər, digər proses iştirakçılarının müvafiq tələbi olduqda və ya məhkəmə öz təşəbbüsü əsasında bunu zəruri hesab etdikdə isə işə “cəlb edilmə” baş verir. İPM-də anlayış kimi istifadə olunmuş cəlb edilmə ifadəsi hər iki qaydada qoşulmanı ehtiva edir. Bənd 45. Həmin an proses iştirakçısı olmayan aidiyyəti şəxs məhkəmə icraatının iştirakçısı olmaq (qoşulmaq) arzusunu ifadə edir və ərizə verməklə bunu məhkəmə qarşısında bəyan edir. Həmçinin icraatın digər iştirakçıları da (iddiaçı, cavabdeh və artıq cəlb edilmiş üçüncü şəxslər) üçüncü şəxsin cəlb edilməsi ilə bağlı iradələrini bildirir və vəsatət verməklə bunu məhkəmənin diqqətinə çatdırırlar. Nəhayət, məhkəmə öz təşəbbüsü əsasında icraata üçüncü şəxsin cəlb edilməli olduğu qənaətinə gəlirsə, bu halda, iradə məhkəməyə məxsus olur. Bənd 48. Beləliklə, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Əgər vəsatətlər verilərkən bu tələblərə riayət olunmursa, o halda, məhkəmə İPM-in 48ci maddəsinə uyğun olaraq xidməti vəzifəsinin tələb etdiyi yardım etməni həyata keçirməlidir. Belə yardım etmə vəsatətlə bağlı yuxarıda qeyd edilən halların müəyyənləşdirilməsini təmin etməyə yönəlməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Bənd 41. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Bənd 42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. Bənd 43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır. Məsələn, qonşu A tərəfindən qaldırılmış iddia əsasında tikintiyə verilmiş icazənin ləğvi ilə bağlı işə baxılarkən onun hüquqi statusuna birbaşa təsir etdiyi nəzərə alınmaqla B icazə sahibi kimi zəruri cəlbetmə qaydasında icraata qoşulmalıdır. Çünki üçüncü şəxs (B) tikinti hüququnun normaları baxımından həmin mübahisəli hüquq münasibətinin iştirakçısıdır və məhkəmə icraatının sonunda mübahisəyə dair tərəflər (qonşu A və icazə sənədini vermiş inzibati orqan) və üçüncü şəxs (B) barəsində vahid qərar qəbul edilməli olacaqdır. Sadalananlardan göründüyü kimi, cəlbetmə 3 yolla həyata keçirilə bilər: 1) Maraqlarına toxunan şəxsin ərizəsi əsasında; 2) Prosess iştirakçılarının vəsatəti əsasında; 3) Məhkəmənin öz təşəbbüsü əsasında Hazırkı işin hallarından göründüyü kimi iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki istifadəsində olan Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 23 saylı Qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün ona verilmiş, Mərdəkan qəsəbəsində MZ/448-ci sahə ünvanında yerləşən 635 kv.m. torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8415/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qərar icra edilməsi cavabdehə göndərilmişdir. Bundan sonra cavabdeh məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhər İcra Hakimiyyətinin 3-cü şəxs qismində işə cəlb edilməsini, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, işə yenidən baxaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən ünvanlanmış üçüncü şəxs qismində cəlbetmə barədə ərizədə Bakı şəhər İcra Hakimiyyətinin hazırkı iş üzrə “zəruri” və ya “adi” cəlbetmə qaydasında məhkəmə icraatına cəlbedilməli olması qeyd edilməmişdir. Belə ki, Ali Məhkəmənin yuxarıda qeyd edilmiş Plenum qərarından da müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yolveriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğvedilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. Hazırkı iş üzrə isə cavabdeh Bakı ŞİH-nin “zəruri” cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsini təqdim etdiyi ərizəsində qeyd etməmişdir. Digər tərəfdən Bakı İnzibati Məhkəməsinin mübahisələnidirilən qərardadında Xəzər rayon İcra Hakimiyyəti (zəruri cəlbetmə qaydasında) və Bakı şəhər İcra Hakimiyyəti (adi cəlbetmə qaydasında) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qeyd edilsə də, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qərarının Xəzər rayon İcra Hakimiyyətinin qanunla qorunan hansı hüquqlarına və mənafelərinə toxunması əsaslandırılmamışdır. Belə ki, müvafiq Plenum qərarının 41-ci bəndində nəzərdə tutulmuşdur ki, “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul edilən qərarın Xəzər RİH-nin qanunla qorunan maraqlarına toxunacağı ehtimalının mövcudluğu ilə əsaslandırmışdır. Lakin, məhkəmə maraqlarına toxunma ehtimalının nədə ifadə olunduğunu, nəyə görə belə qənaətə gəldiyini göstərməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən Əzizbəyov rayon XDS İK-nin 23 saylı, xx.xx.1990-cı il tarixli qərarı mövcud olmaması və onun mötəbərliliyi ilə bağlı göstərilən dəlillərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin hallar cavabdeh orqan tərəfindən inzibati icraat zamanı araşdırılmamış, iddiaçıya verilmiş imtina məktubunda dəlil kimi qeyd edilməmiş, həmçinin işin birinci instansiya icraatı zamanı da irəli sürülməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi məhkəmə icraatı yeni açılmış hallarla bağlı o vaxt təzələnə bilər ki, yeni aşkar olunmuş hallar və sübutlar ilkin məhkəmə icraatı zamanı ərizəçidən asılı olmayan səbəblərdən təqdim edilməsin. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ərizəçi tərəfindən göstərilən halların irəli sürülməməsi ondan asılı olan səbəblərlə bağlı olmuşdur ki, hazırda bu dəlillər icraatın təzələnməsi üçün əsas təşkil etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6358/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və cavabdehin Bakı şəhər İcra Hakimiyyətinin 3-cü şəxs qismində işə cəlb edilməsini, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, işə yenidən baxaraq iddia tələbinin rədd edilməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6358/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin “Bakı şəhər İcra Hakimiyyətinin 3-cü şəxs qismində işə cəlb edilməsi, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və işə yenidən baxaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi”nə dair ərizəsi təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar