Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1895/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6968/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. İddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.2019-cu ildə hərbi xidmətə yararlı hesab edilməklə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2023-cü ildə N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi biletindəki qeydlərə əsasən Kəlbəcər, Cəbrayıl, Füzuli rayonları istiqamətində gedən göyüşlərdə xx.xx.2024- xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında qrup komandiri vəzifəsində iştirak etmiş və yaralanmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 25 mart 2023-cü il tarixli 2688 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən İddiaçı “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” şəhadətləndirilərək, “Sülh övründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmişdir.
3. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışa əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir.
4. N nömrəli hərbi hissə tərəfindən xx.xx.2024-cü il tarixli N nömrəli məktubla hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsi”ndə iştirakı ilə bağlı” sənədlərin (əmrlərin) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən: - N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışda göstərilmişdir ki, sabiq hərbi qulluqçu ehtiyatda olan MAHHXHQ çavuş İddiaçı həqiqətən “Vətən müharibəsində” xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Komandanlığın sərəncamına əsasən Kəlbəcər, Cəbrayıl və Füzuli rayonları istiqamətində N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstənin tərkibində qrup komandiri vəzifəsində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır. Arayışda göstərilən məlumatın düzgünlüyü N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2020-ci il tarixli əmri və işdəki digər sənədlərlə də, təsdiq edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı N günlük Vətən Müharibəsində yaralandığına görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, MAXE qismində N nömrəli hərbi hissədə xidmət keçərkən N günlük Vətən Müharibəsində iştirak etmiş, yaralanmış və nəticədə sağlamlığını itirmiş və hərbi xidmətə yararsız hesab olunaraq xx.xx.2023-cü il taridə xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda 3-cü qrup müharibə əlilidir (əsas: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 2688 nömrəli, xx.xx.2023-cü il tarixli “Xəstəlik haqqında şəhadətnamə”si, 3-cü dərəcəli əlillik qrupu haqqında TSEK-in müayinə aktından çıxarışın surəti, həmin sənədlərin surətləri iddia ərizəsinə əlavə olunur). O, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək xidmətin hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı yaralanmaya görə kompensasiyanın ona ödənilməsini xahiş etmişdir. Lakin, müraciətinə 8/119 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun hərbi əməliyyatlar zamanı tutduğu N nömrəli hərbi hissənin “P” dəstəsinin mühəndis kəşfiyyatı manqasının 4-cü mühəndis kəşfiyyatı qrupunun komandiri vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinnin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. O, imtina cavabı ilə razı deyildir. Belə ki, xidmət keçdiyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N nömrəli xx.xx.2022-ci il tarixli arayışda göstərilir ki, o, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə “Vətən müharibəsində” N nömrəli hərbi hissənin tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat) yerinə yetirmiş, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocəvənd rayonları istiqamətində N nömrəli hərbi hissənin Xüsusi Təyinatlı Dəstəsinin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır.
7. Cavabdeh orqan tərəfindən iddiaya dair hər hansı bir münasibət bildirilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6968/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, “N günlük Vətən Müharibəsi”də yaralandığına görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissənin “P” dəstəsinin mühəndis kəşfiyyatı manqasının 4-cü mühəndis kəşfiyyatı qrupunun komandiri vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinnin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. Kəşfiyyat və əks-kəşfiyyat haqqında Azərbaycan Respublikasının Qanunun: 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər.
15. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 nömrəli Fərmanının: 1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin texniki sahədə əkskəşfiyyat fəaliyyətini.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 və 3.1-ci maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
21. Hazırki işdən görünür ki, iddiaçı N günlük Vətən Müharibəsində yaralandığına görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiya məbləğinin ona ödənilməsni tələb edir.
22. Cavabdeh orqan isə iddiaçının N nömrəli hərbi hissənin “P” dəstəsinin mühəndis kəşfiyyatı manqasının 4-cü mühəndis kəşfiyyatı qrupunun komandiri vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmədiyini bildirirək, imtina cavabı vermişdir.
23. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.
24. Belə ki, işin hallarından görünür ki, iddiaçı həqiqətən “Vətən müharibəsində” xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Komandanlığın sərəncamına əsasən Kəlbəcər, Cəbrayıl və Füzuli rayonları istiqamətində N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstənin tərkibində qrup komandiri vəzifəsində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır. Həmin məlumatın düzgünlüyü N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2020-ci il tarixli əmri və işdəki digər sənədlərlə (xəstəlik haqqında şəhadətnamə, hərbi bilet və s.) də, təsdiq edilmişdir.
25. Məhkəmənin sorğusuna əsasən cavabdeh təşkilat məxfi hesab edilən Azərbaycan Respublikası Müdafiə Nazirinin 0011 saylı 19 fevral 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq kəşfiyyat subyekti əməkdaşları vəzifələrinin Siyahısı” məhkəmə iclasında baxış keçirilmiş və Siyahının 12.10-cu bəndində qeyd edilmiş manqa komandiri, 12.11-ci bənddə qeyd edilmiş Qrup komandiri, baş kəşfiyyatçısı, snayper kəşfiyyatçısı, istehkamçı kəşfiyyatçısı, tuşlayıcı-operator kəşfiyyatçısı vəzifələri kəşfiyyat fəaliyyəti subyekti hesab olunur.
26. Cavabdeh təşkilatın imtinası ondan ibarət olmuşdur ki, iddiaçının tutuduğu vəzifə kəşfiyyatı manqasının 4-cü mühəndis kəşfiyyatı qrupunun komandiri vəzifəsi məxfi siyahıda göstərilmiş qrup komandiri vəzifəsindən fərqlidir. Qeyd olunanları aydınlaşdırmaq üçün N saylı hərbi hissəyə sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı xidmət keçdiyi mühəndis-kəşfiyyatı manqasının komandiri vəzifəsi dəstə tərkibində fəaliyyət göstərirdi.
27. Göründüyü kimi iddiaçının xidmət etdiyi hərbi hissənin tərkibində “Vətən müharibəsi”də kəşfiyyat fəaliyyətini icra etməklə kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti olması və yaralanması işin halları ilə təsdiq edilir.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, ona kompensasiya məbləğinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması onun hüquqlarını pozur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslı deyildir. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırılmış, onlara düzgün hüquqi qiymət verilmiş, əsaslı olaraq iddia təmin edilmişdir.
31. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6968/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6968/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.