Məhkəmə qərarları › İş №2-1(103)-1896/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1896/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1896/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “iddiaçının xx.xx.1998-ci il tarixdə doğulmağı barədə təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının xx.xx.1998-ci il tarixdə doğulmağı barədə təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3996/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun xx.xx.1998-ci il tarixdə doğulmağı barədə təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3996/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin iddiaçının vəsatəti əsasında geri qaytarlması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3996/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, iddiaçı birinci instansiya məhkəməsinə getməmiş və qərardadda göstərilən məzmunda ərizə verməmişdir. Buna görə də məhkəmə onun iddia ərizəsini düzgün olmayaraq geri qaytarmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşdə iştirak edən iddiaçı hazırki işə qarşı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana qarşı “onun xx.xx.1998-ci il tarixdə doğulmağı barədə təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyinə əsaslanaraq iddia ərizəsini ona geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması səbəbindən düzgün olmamışdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin istinad etdiyi “iddia ərizəsinin geri qaytarılması” barədə ərizə (i.v. 18) İddiaçı tərəfindən deyil, “M.Mirzəliyev” adlı şəxs tərəfindən verilmişdir. Adı çəkilən şəxsin inzibati məhkəmə icraatında hansı statusda (həmiştirakçı olaraq) iştirak edən şəxs olması və ya iddiaçının səlahiyyətli nümayəndəsi olması müəyyən olunmur. Buna baxmayaraq məhkəmə iddia ərizəsinə baxılmanın qeyri-mümkün olduğuna, bununla da iddiaçının məhkəmə icraatından yayınmış olmasına və İPM-nin 55.3-cü maddəsinə əsaslanaraq iddia ərizəsini geri qaytarmışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir. Hazırki işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən ilk dəfə xx.xx.2020-ci il tarixə məhkəmə iclası təyin edilmiş, lakin həmin məhkəmə iclası ölkə ərazisində koronovirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi dövrünə təsadüf etdiyindən baş tutmamış və buna görə məhkəmə iclası xx.xx.2020-ci il tarixə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında İddiaçı özü iştirak etməmiş, protokolda onun atası X1 iştirak etdiyi və qızının adından “iddia ərizəsinin geri qaytarılması” barədə ərizə verdiyi qeyd olunmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının atasının onun adından verdiyi müvafiq ərizəyə əsasən iddia ərizəsinin geri qaytarılmasının mümkünlüyünü İnzibati Prosessual Məcəllənin tələbləri baxımından yoxlamalı idi. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, İnzibati Prosessual Məcəllənin tələbinə görə iddiaçının iddia tələbinin geri götürülmüş sayılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması əsas şərtdir. Hazırki işdə nəinki qeyd olunan tələb ödənilmir, hətta məhkəmə bu əsasla iddianı geri götürmüş saymalı olduğu təqdirdə belə, icraata İPM-nin 55.5-ci maddəsinə əsasən xitam verməli idi. Lakin göründüyü kimi, məhkəmənin qənaəti müvafiq ərizə əsasında “icraata xitam verilməsi” deyil, “iddia ərizəsinin geri qaytarılması” barədə olmuşdur ki, bu da birbaşa iddiaçının qanunla qorunan hüquqlarının məhkəmədə müdafiəsinin məhdudlaşdırılması ilə nəticələnmişdir. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsində verilmiş ərizə səlahiyyəti olan şəxs (iddiaçının özü) tərəfindən verilmiş olsaydı belə, inzibati prosessual qanunvericilikdə belə ərizə əsasında məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə İPMnin 12-ci maddəsinə əsasən xidməti vəzifəsindən istifadə etməklə iddiaçıya Məcəllənin 13cü maddəsində müəyyən olunmuş hüquqi yardımı göstərməklə iddianın mümkün sayılıb, ona mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətləri etməli idi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır, buna görə də 2-1(112)-3996/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməli və bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3996/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar