Məhkəmə qərarları › İş №2-1(103)-1896/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1896/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1896/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının, cavabdehin nümayəndəsi X5 oğlunun, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: ”X1 Birliyi”) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2021 saylı, 03.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə təqdim edərək, ona 57 yaşdan, yəni, 24.12.2017-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə 30.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 01.01.2006-cı il tarixədək olan, təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla, ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. Onun həmin işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda nəzərdə tutulmuşdur. Ona görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ümumi və güzəştli iş stajlarının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2021saylı, 03.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 24.12.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə 30.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti, məhkəmənin qərarının əsassız olduğu qeyd edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 1.0.2, 1.0.8 və 21.1-ci maddələrinə istinadən aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 17 may 1983-cü il tarixli əmək kitabçasında 07.01.1993-23.11.2005-ci il tarixləri arasındakı dövr ərzində” “X1 Birliyi”ndə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında aaraşdırma aparılmış, həmin müəssisənin 01.01.2005-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduğu məlum olmuşdur. İddiaçının işlədiyi dövrdə həmin müəssisənin DSMF-də sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmiş, buna görə də həmin dövrün onun ümumi iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən onun ümumi iş stajı 25 ildən (12 il 2 ay 1 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (9 il 6 ay 16 gün) təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi qərarda da qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsində “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və əhmin dəyişiklik 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmişdir. Beləliklə də 01.07.2017-ci il tarixinədən sonra güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. İddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun hesablanmış pensiya kapitalından az təşkil etdiyi üçün onun güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə iddia tələbi əsassızdır. Bundan əlavə, məhkəmə qərar qəbul edərkən prosessual pozuntulara yol vermişdir. Belə ki, 03.05.2021-ci il tarixinə 09:45-ə təyin edilmiş məhkəmənin hazırlıq iclası təyin edilmiş, məhkəmə qərar qəbul edərkən cavabdehə işin halları barədə izahat verməyə və sübutlar təqdim etməyə şərait yaratmamışdır. Məhkəmə cavabdeh tərəfin də ərizə və təkliflərini təqdim etdiyi sübutları və işdə olan materialları da nəzərə almağa həmin materiallar və sübutlar barədə cavabdehin verə biləcəyi məlumatları, əlavə sübutların təqdim etmək niyyətinin olub-olmamasını araşdırmağa borcludur...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunimasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı iddianını qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs “X1 Birliyi”inin (“SEİB”) nümayəndəsi iddiaçının Birliyin nizamnaməsi və VÖEN-ni, habelə iddiaçının həmin Biriliyin onun tərkibində fəaliyyət göstərən müəssisələrdə çalışmasına dair sənədlərin təsdiq olunmuş təsdiq olunmuş surətlərini məhkəməyə təqdm edərək, iddiaçının mübahisələndirilən 1993-2005-ci illərdə Birliyin “DSK-3” və “SU-4” müəssisələrində əl qaynaqçısı və gözətçi kimi kimi zərərli işələrdə çalışdığını və müəssisənin sayılan işçilərindən olduğunu bildirmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin Apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının 07.01.1993 - 23.11.2005-də ”X1 Birliyi”ndə (“SEİB”) işlədiyi dövrü, onun iş stajına qəbul etməyərək mübahisələndirir müəssisə 01.01.2005-ci il tarixdən DSMF-də sığortaolunan kimi qeydiyyatda olduğu və iddiaçının sığorta haqları ödəmədiyinə görə onun ümumi iş stajı 25 ildən (12 il 2 ay 1 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (9 il 6 ay 16 gün) təşkil edir. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrdə işlədiyi -”X1 Birliyi” (“SEİB”) üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən və hazırkı apellyasiya mərhələsində həmin Birliyin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə, habelə, Dövlət Vergi Xidmətinin elektron ifnformasiya sistemi vasitəsilə əldə olunmuş məlumatlarına əsasən müəyyən olunur ki, iddiaçının çalışdığı ”X1 Birliyi” (“SEİB”) 19.06.1996-cı il tarixində dövlət qeydiyyatına alınmış (30.06.2003-cü il tarixində nizamnaməsi yeni redakasiyada təsdiq olunmuşdur) və “**********” saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. İddiaçının əmək kitabçasının təsdiq olunmuş surətinə və üçüncü şəxs ”X1 Birliyi”inin (SEİB) 01/04 saylı 28.12.2020-ci il tarixli arayışına və iddiaçının əmək haqqına dair cədvəllərə və s. əsasən müəyyən olunur ki, iddiaçı mübahisələndirilən 1993- 2005-ci illərdə həmin Birliyin 3 saylı Evtikmə Kombinatında (DSK-3 («Domostoroitelnıy Kombinat – 3») və Tikinti idarəsində (SU-4 Stroitelnoe Upravlenie)) çalışmış, əmək haqqı almış və hər dəfə onun aylar üzrə əmək haqqından gəlir vergisi və dövlət sosial sığorta haqları tutulmuşdur. «İnzibati icraat haqında» Qanunun 19.1-ci maddəsinin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunun qeyd olunan tələbi baxımından iddiaçının əmək kitabçasının qeydlərində təsbit olunan məlumatların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyi halda, onda təsbit olunan məlumatlar mötəbər məlumatlar kimi qəbul edilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçası üçün 1995-2005-ci illər üzrə əmək fəaliyyətinin sığorta stajı kimi nəzərə alınmaması tamamilə əsassızdır. Ən azından, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqınd” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.4-cü maddəsi isə nəzərədə tutur ki, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh orqan isə konkret halda, qanunla üzərinə düşən xidməti borcunu yerinə yetirməmiş, onun əvəzində işə baxan məhkəmələr faktiki olaraq üçüncü şəxs qismində həmin müəssisəni (SEİB”i) işə cəlb edərək iddiaçının mübahisələndirdyi dövr üzrə həmin müəssisədəki əmək fəaliyyəti araşdırmaq məcburiyyətində qalmışdır. Beləliklə də, iddiaçının 1993-2005-ci ilərdə ”X1 Birliyi”ndə (“SEİB”)də çalışdığı dövrün onun sığorta stajı kimi qəbul edilməsini zəruri edən faktiki şərtlər öz təsdiqini tapır. Odur ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının ”X1 Birliyi”nin (“SEİB”) 3 saylı Evtikmə Kombinatında (“DSK-3”) və 4 nömrəli Tikinti İdarəsində (“SU-4”) işlədiyi müddətin onun iş stajına daxil edilməsindən imtinasının əsassız olduğu sübuta yetirilir. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin dəliləri üzrə iddiaçının əmək kitabçası üzrə 1993-cü ilə qədər olan iş stajı mübahisələndirilmədiyi nəzərə alınmaqla, 01.01.2006-cı il tarixinə kimi onun 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı mövcud olur. O cümlədən, əmək kitabçasının, hərbi biletinin, texniki peşə təhsilinə dair diplamunun təsdiq olunmuş surətlərinə və sonuncu iş yeri X1 Birliyi”nin (“SEİB”) işə əlavə olunmuş güzəştli arayışının və əmək haqqı cədvəllərinin qarşılıqlı təhlili ilə müəyyən olunur ki, iddiaçının 1993-cü ilə qədər aşağdakı kimi iş stajı vardır: 12.05.1979 - 09.05.1981: müddətli həqiqi hərbi xidmət - 1 il 11 ay 26 gün; 01.09.1981 - 24.04.1982: Dövlət texniki peşə təhsili məktəbində elektrik qaynaqçısı peşəsi üzrə təhsil müddəti - 7 ay 23 gün; 13.05.1982 - 08.10.1984: Azərenerji İstehsalat Təmir müəssisəsində 3-cü dərəcəli qaynaqçısı – 2 il 4 ay 25 gün; 19.10.1984 - 04.01.1985: X1 Birliyi”nin (“SEİB”) 3 N-li Evtikmə Kombinatında (“DSK- 3”) elektrik qaynaqçısı 2 ay 15 gün; 25.01.1985-01.07.1994: “X1 Birliyi”nin həmin (“DSK-3”) kombinatında əl ilə elektrik qaynaqçısı - 9 il 5ay 6 gün; 01.07.1994-23.11.2005 - X1 Birliyi”nin 3 nömrəli Evtikmə Kombinatında (“DSK-3”) 4 nömrəli Tikinti İdarəsində (“SU-4”): 1998-ci il tarixədək əl ilə elektrik qaynaqçısı -3 il 11ay 16 gün; 23.11.2005-ci il tarixinədək gözətçi kimi - 7 il 5 ay 6 gün; Beləliklə də iddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, 01.01.2006-cı il tarixinə qədər olan iş stajı 26 il 5 gün iş təşkil edir ki, həmin stajın da o, 12 il 6 ayından çoxunu əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «c» bəndinə əsasən hərbi xidmət dövrü, «d» bəndinə əsasən ali təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 şrifti altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verən peşə kimi göstərilmişdir. İddiaçının iş materiallarına əlavə olunmuş, şəxsiyyət vəsiqəsinin (Sabunçu RPİ 20.06.2011) surətinə əsasən xx.xx.1960-cı ildə doğulmuşdur. Belə olan halda, onun 57 yaşı 24.12.2017-ci il tarixində tamamlanır. Beləliklə də məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin göndərişi baxımından “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən peşə stajı və güzəştli pensiya təyin edilməsi üçün 57 yaşı mövcuddur. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının fərdi hesabınada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalının mövcud olmadığını və onun güzəştli pensiya yaş həddinə çatmadığını mübahisələndirən dəlilləri əsassızdır. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdehin işə əlavə olunmuş imtina məktubundan göründüyü kimi, iddiaçının pensiya təyin olunması barədə müraciəti 30.12.2020-ci il tarixində daxil olmuşdur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən iddianın təmin edilməsi və iddiaçıya 57 yaşından, 30.12.2017-ci il tarixindən hesablanmaqla, güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi mahiyyəti üzrə işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2021 saylı, 03.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2021 saylı, 03.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar