Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1896/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(112)-12630/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1589 nömrəli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin “ç” bəndi, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 1475 nömrəli, xx.xx.2009-cu il tarixli protokoluna əsasən ona hərbi pensiya təyin edilmişdir. 10 ildən artıq müddət ərzində o, hərbi xidmət dövründə ikinci qrup əlillik xəstəliyi ilə əlaqədar hərbi pensiya almış, xx.xx.2021-ci ildən hərbi pensiyası dayandırılaraq müayinəyə cəlb olunmuşdur, halbuki ona müddətsiz pensiyanın verilməsi davam etməli idi. 6 ay sonra onu TSEK-ə çağırmışlar və xx.xx.2022-ci il tarixdə hərbi pensiyası ilə bağlı ona diaqnozun əlillik əlamətini təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edildiyi cavabı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 2756003AAFCB №-li göndərişində (forma 088) tibb müəssisələrində mütəmadi olaraq müalicə almasına baxmayaraq, 10 ildən artıqdır ki, xəstəliyinin daha da kəskinləşməsi qeyd olunmuşdur. Göndərişdə qeyd olunan meyarlar X1 tam uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnaməyə müvafiq olaraq diaqnoz “əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. O, verilən qərarı doğru hesab etmir, çünki cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarında göstərilən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri” barədə Əsasnamənin 4.2-ci bəndini pozmuşdur, yəni həmin bəndə əsasən “ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir”. Göründüyü kimi verilən imtina qanunsuzdur və Əsasnaməyə ziddir. 11 ildir aldığı ikinci dərəcə fasiləsiz əlillik pensiyasını dayandırmaq qanunvericiliyin tələblərinin pozulması deməkdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla “neyroinfeksiyadan sonrakı diensefal sindrom tez-tez təkrarlanan vegetativ krizlərlə, kəllə daxili hipertenziya ilə” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. 20 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla “neyroinfeksiyadan sonrakı diensefal sindrom tez-tez təkrarlanan vegetativ krizlərlə, kəllə daxili hipertenziya ilə” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla “hipotalamusun digər rublikalarda təsnif olunmayan disfunksiyası, Neyroinfeksiyadan sonraki diensefal sindrom, tez-tez təkrarlanan vegetativ damar krizlərlə, Kəllə daxili hipertenziya ilə, Qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom isterik tutmalar, Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Dissosiativ konvulsiyalar, Görmə sinirinin atrofiyası” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla “hipotalamusun digər rublikalarda təsnif olunmayan disfunksiyası. Neyroinfeksiyadan sonraki diensefal sindrom, tez-tez təkrarlanan vegetativ damar krizlərlə. Kəllədaxili hipertenziya ilə. Qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom isterik tutmalar. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Dissosiativ konvulsiyalar. Görmə sinirinin atrofiyası” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, MSS-nin keçirilmiş neyroinfeksiyasından sonraki qalıq əlamətləri. Somatikləşdirilmiş pozğunluq. İsterik pozulmalar funksional qıcolmalar. Hipotalamusun digər rublikalarda təsnif olunmayan diensefal sindrom. Tez-tez təkrarlanan veqetativ damar krizləri ilə hipotolamik disfunksiya diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbilə imtina verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(112)-12630/2022 saylı qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilərək, İddiaçı müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın məzmununa oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən verilmiş ekspertizanın keçirilməsi barədə vəsatət məhkəmə tərəfindən təmin edilməməklə işin hərtəfərli və obyektiv araşdırılması ilə bağlı qanunvericilik tərəfindən verilən normaların pozulması ilə nəticələnmişdir. İddiaçı istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı inzibati Məhkəməsinin 2-1(112)- 12630/2022, saylı 21 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilərək birinci Qarabağ Döyüşləri dövründə hərbi xidmətdə aldığı xəstəliyinin hər il müalicə olunmağının sağlamlığa doğru heç bir nəticə vermədiyini, xəstəliyinin Hərbi həkim komissiyalarının təsdiqi ilə 11 ildən artıq davam edərək, daha da kəskinləşməsini nəzərə alıb, Bakı İnzibati Məhkəməsinin qanuni və ədalətli qəbul edilmiş qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2535 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1589 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.1999-cu ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının terapevti tərəfindən təyin edilmiş və müalicə olunduğu, xəstəlik diaqnoz: «Miqren», xx.xx.2001-ci ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının terapevti tərəfindən müayinə zamanı təyin edilmiş və müalicə olunduğu xəstəlik diaqnoz: «Sağ qabırğalararası əzələlərin mioziti» və xx.xx.2001-ci ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının nevropatoloqu tərəfindən təyin edilmiş və müalicə olunduğu xəstəlik diaqnoz: «Asteno-nevrotik sindrom» (Nəsimi RHK-nın xx.xx.2009-cu il tarixli 801 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli 801 nömrəli arayışı, Hərbi Dəniz Qüvvələri poliklinikasından verilmiş xx.xx.2009-cu il tarixli 87 nömrəli arayış, tibb kitabçasından çıxarışlar ilə təsdiq edilir), «xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır». Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 7.2. maddəsinin ç) bəndi. MN MHHK-nın 1475 nömrəli xx.xx.2009-cu il tarixli protokolu. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də xx.xx.2010-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən «hərbi xidmət dövrü ilə əlaqədar» İİ dərəcə əlilliyə görə təyin edilərək ödənilmiş əmək pensiyası onun əlilliyinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən dayandırılmışdır (sonuncu pensiya ödənişi 417,24 manat). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmusunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, Sizin hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, MSS-nin keçirilmiş neyroinfeksiyasından sonraki qalıq əlamətləri. Somatikləşdirilmiş pozğunluq, isterik pozulmalar funksional qıcolmalar. Hipotalamusun digər rubrikalarda təsnif olunmayan, Diensefal sindrom, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə hipotolamik disfunksiya” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirmə məlumatından görünür ki, İddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Qiymətləndirmə tarixi xx.xx.2021-ci il. Forma 88 - 2756003AAFCB, xx.xx.2021-ci il. Hazırki işin hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1589 saylı qərarına əsasən İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.1999-cu ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının terapevti tərəfindən təyin edilmiş və müalicə olunduğu, xəstəlik - diaqnoz: «Miqren», xx.xx.2001-ci ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının terapevti tərəfindən müayinə zamanı təyin edilmiş və müalicə olunduğu xəstəlik diaqnoz: «Sağ qabırğalararası əzələlərin mioziti» və xx.xx.2001-ci ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının nevropatoloqu tərəfindən təyin edilmiş və müalicə olunduğu xəstəlik - diaqnoz: «Astenonevrotik sindrom» - «xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» qərarı qəbul edilmişdir. Həmin qərar hazırda qüvvədədir. İddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla X2: Vİ sinif – sinir sistemi xəstəlikləri, G00-G09 – mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri, G09, mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, diaqnoz - neyroinfeksiyadan sonrakı diensefal sindrom tez-tez təkrarlanan vegetativ krizlərlə, kəllə daxili hipertenziya ilə diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmiş, daha sonra əlillik müddəti uzadılmış, xx.xx.2021-ci ildə isə iddiaçının barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2010-cu ildə hərbi xidmət dövrü ilə əlaqədar olmaqla ikinci dərəcə əlillik dərəcəsi verilmiş, xx.xx.2021-ci ilədək iddiaçının ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2010-cu il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir, iddiaçıya xx.xx.2010-cu il tarixindən «hərbi xidmət dövrü ilə əlaqədar» İİ dərəcə əlilliyə görə təyin edilərək ödənilmiş əmək pensiyası onun əlilliyinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək (11 ildən artıq müddət) ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmişdir və ona həmin dövrdə ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasının hüquqi və faktiki əsaslarını göstərə bilməməsinə, imtinasını əsaslandırmamasına, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmasına, imtinasının qanunvericiliyin tələblərinə zidd olmasına əsaslanaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri ekspertizanın keçirilməsi barədə vəsatətin məhkəmə tərəfindən təmin edilməməklə işin hərtəfərli və obyektiv araşdırılması ilə bağlı qanunvericilik tərəfindən verilən normaların pozulması, ümumiyyətlə məhkəmənin qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmasından ibarətdir. Qeyd olunan dəlilərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2010cu ildən xx.xx.2021- ci ilədək (11 ildən artıq müddət) ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmişdir və ona həmin dövrdə ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə qiymətləndirmə zamanı iddiaçının əlilliyi ilkin olaraq təyin edilmədiyindən cavabdehin iddiaya yazılı etirazında “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə istinadı əsassızdır. Belə ki, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş diaqnoz iddiaçıya ikinci dərəcə əlilliyin təyininə əsas olmuşdur və iddiaçıya xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qeyd olunan qərarı hazırda da qüvvədədir. Belə olan halda həmin halın əlavə olaraq məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiq və ya təkzib olunması zərurəti yoxdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. - 3.5-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. - 3.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması (1.5.1); şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) (1.5.2); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi (1.5.3); peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi (1.5.4); əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.5.5). Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya müddətsiz 2-ci dərəcə əlillik təyin olunduğu dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı, xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İş materiallarından və qanunvericliyin tələblərindən də görünür ki, İddiaçı müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2- 1(112)-12630/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(112)-12630/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1896/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1896/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver