Məhkəmə qərarları › İş №2-1(103)-1896/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1896/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1896/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınmasıvə reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1988/2023 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-1149/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən dörd otaqlı, yaşayış sahəsi 96 kv.m olan, 1-ci və 2-ci otaqlar hər biri 28 kv.m olan (ümumi 56 kv.m) olan hər iki mənzilə birlikdə kirayə müqaviləsinin iddiaçının adına bağlanması vəzifəsi cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərar icra olunaraq Xətai Rayonu İcra Hakimiyyəti başçısının 203 №-li, xx.xx.2015-ci il tarixli Sərəcamına əsasən mübahisəli mənzilə 4 nəfər ailə üzvü ilə (özü, 2 qızı, oğlu) iddiaçının adına daimi kirayə müqaviləsi bağlanılmış və o həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Onun ailə üzvləri X1, X2 və X3 notarial qaydada təsdiq edilmiş ərizələrində həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmirlər. Həmin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu müraciətinin təmin edilməsindən imtina etmiş və buna əsas kimi qeyd etmişdir ki, “ərizənizin icrası zamanı məlum olmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə 101 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş birtipli müqavilə əlavə edilməyib. Təqdim edilmiş ərizə istifadə hüququnun qeydiyyatına aid olduğu halda razılıq ərizələrində mənzilin İddiaçı adına özəlləşdirilməsi qeyd edilib...” Cavabdeh yazılı etirazında imtina məktubuna uyğun əsaslarla iddia ərizəsinə iddianı qəbul etməmiş, eyni zamanda, idarəyə təqdim edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1149/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı üzrə tərəf olmadığını və onun üzərinə heç bir öhdəlik qoyulmadığını qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1988/2023 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilin İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə Çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 17 saylı evin 33 saylımənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 8ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim edilmiş 2 saylıBakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1149/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarından da göründüyü kimi İdarə müvafiq məhkəmə mübahisəsi üzrə tərəf qismində cəlb edilməmiş və İdarə üzərinə heç bir öhdəlik qoyulmamışdır. Məhkəmə tərəfindən mənzilin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkü hesab etmişdir (Məhkəmə kollegiyasının 23 may 2024-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.M.Zeynalova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmişdir.) ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı ünvan 3 ünvanında yerləşən 33 saylı mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi təmin olunmuşdur. Həmin qərardan narazı olan cavabdehin apellyasiya şikaytinin qeyd olunan dəlillərindən göründüyü kimi, aşağıdakı hallar mübahisələndirilir: “ -idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır; -mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir; -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1149/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə tərəf olmamış, üzərinə heç bir öhdəlik qoyulmamışdır.” Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır. İlk öncə qeyd olunmalıdır ki, cavabdeh, onun mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün hansı şərait yaradılmadığı əsaslandırılmamış, bu baxımdan, onun həmin dəlilləri formal xarakter daşıdığı aydın görünür. Sonrakı dəlillərinə gəldikdə isə aşağıdakılara görə əsassız olduğu sübuta yetirilir. İddiaçının yaşadığı ünvan üzrə şəxsi hesab vərəqəsinə, habelə, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Xətai rayon MKTB-nin xx.xx.2016-cı il tarixli 824 saylı forma-2 arayışına əsasən müəyyən olunur ki, iddiaçı - ünvan 3 ünvanında yerləşən dövlt mənzil fonduna aid 33 saylı mənzilin sahibi olmuş, 1990-cı ildən həmin menzildə qeydiyyadadır. Onun həmin mənzildə üç övladı və bir nəvəsi də doğulmuş və onlar da müvafiq olaraq 1990, 1999, 2000 və 2013-cü illərdə həmin mənzildə qeydiyyata alınmaqla, bu günə kimi iddiaçı 5 nəfər ailə tərkibində həmin mənzildə yaşayır. Tədqiq olunan həmin sənədlərlə müəyyən olunan hallardan göründüyü kimi, əslində iddiaçı 1990-cı ildən artıq mübahisəli mənzilin faktiki kirayəçisi olmaqla, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış, kirayəçi kimi mənzilə olan hüquqlarını isə 15 il keçdikdən sonra yalnız, məhkəmə qaydasında rəsmiləşdirilməsinə nail olmuşdur. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-1149/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən dörd otaqlı, yaşayış sahəsi 96 kv.m olan, 1-ci və 2-ci otaqlar hər biri 28 kv.m olan (ümumi 56 kv.m) olan hər iki mənzilə birlikdə kirayə müqaviləsinin iddiaçının adına bağlanması vəzifəsi cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə həvalə edilmiş və həmin qərar icra olunaraq Xətai Rayonu İcra Hakimiyyəti başçısının 203 №-li, xx.xx.2015ci il tarixli Sərəcamına əsasən mənzil 4 nəfər ailə üzvü ilə (özü, 2 qızı, oğlu) iddiaçının adına daimi kirayə müqaviləsi bağlanılmaqla həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd ediləndərdən göründüyü kimi, iddiaçının yaşadığı köhnə dövlət mənzil fonduna aid binada yerləşən mübahisəli mənzillə bağlı kirayə hüquq münasibətləri hələ keçmiş “SSRİ” dövründə, yəni, 1990-cı ildən yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göstərilənləri əzərə alan məhkəmə kollegiyası hesab edir ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, iddiaçı 1990-cı ildən qeydiyyatda olduğu və həmin vaxtdan ailə üzvləri ilə birlikdə yaşadığı dövlət mənzil fonduna aid həmin mənzili özəlləşdirmək hüququ olan şəxs kimi qiymətləndirilməlidir. Belə olan halda, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnunun 8-ci maddəsinə əsasən: “Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” İş materiallarına əsasən də müəyyən olunur ki, iddiaçı ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş ailə üzvləri notarial qayda təsdiq olunmuş razılıq ərizələri, mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzilin kirayəyə verilməsinə dair sərəncam mövcuddur və ilkin müraciət zamanı iddiaçı tərəfindən həmin sənədləri ərizəsinə əlavə edilməklə cavabdehə verməsi işin mübahisəsiz halıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0; 8.0.11 -cı maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli mənzilin iddiaçının adına qeydə alınmasından imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər...” İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin sübutlarla müəyyən olunan hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının tələbinin təmin edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərədə tutulan əsaslar mövcud olmadığını qeyd edərək, dolaysı ilə qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1988/2023 saylı xx.xx.2024-cü cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1988/2023 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar