Məhkəmə qərarları › İş №2-1(103)-1897/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1897/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1897/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(112)-2991/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 57 yaşından (2017-2020-ci illərdə) pensiya hüququnun tanınması və həmin illər üçün pensiya ödənişinin həyata keçirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı güzəştli şərtlərlə 60 yaşında pensiya hüququnun təmin edilməsi və xx.xx.2020-ci il tarixindən pensiya ödənişi Bakı İnzibati Məhkəməsinin müdaxiləsi nəticəsində 223.90 AZN təyin olunmuşdur. O, 1977-ci ildən 1982-ci ilə əyani təhsil aldığı üçün 4 il 10 ayda daxil olmaqla xx.xx.1997-ci ilə qədər 19 il 10 ay iş stajı olmuşdur. xx.xx.1998-ci ildən xx.xx.1999-ci ilə qədər “Azərrabitəinşaat” ATCdə 1 il 6 ay 29 gün və xx.xx.1999-ci ildən xx.xx.2001-ci ilə qədər “Pet-Azəri” Birgə müəssəsində 2 il 3 ay 18 gün iş stajım olmaqla 23 il 8 ay 15 gün iş stajı toplanmışdır. xx.xx.2003-ci il tarixdən xx.xx.2007-ci ilə qədər fərdi sahibkarlıqla məşğul olmaqla sosial sığorta haqqı və dövlət vergi orqanına vergi ödəmişdir. Həmin 5 ildə daxil olmaqla xx.xx.2006-ci ilə 28 il 8 ay 15 gün ümumi iş stajı olmuşdur. xx.xx.2021-ci ildə güzəştli şərtlərlə 57 yaşında pensiya hüququnun təyin olunmasına imtina verilmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtina məktubunda bildirilmişdir ki, onun xx.xx.2006-cı tarixədək ümumi iş stajının 25 ildən az və güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-1İİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1960-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ qanuvericilikdə nəzərdə tutulmuş digər tələblər ödənildiyi halda 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə yaranacaqdı. İddiaçıya xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməmlidir: 1) 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il olması; 2) 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Belə ki, iddiaçının xx.xx.2006-cı tarixədək iddiaçının ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan azdır. İddiaçının ümumi iş stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı 04 il 09 ay 15 gün, əmək kitabçasına əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək işlədiyi 06 ay 09 gün, xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi 14 il 06 ay 02 gün və xx.xx.1998-ci il tarixdən xx.xx.1999cu il tarixədək işlədiyi 01 il 06 ay 29 gün müddətdir ki, ümumilikdə 21 il 04 ay 25 gün təşkil edir. İddiaçının güzəştli iş stajı xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək 05 il 11 ay 25 gün, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 03 il 06 10 gün müddətdir ki, bu da ümumilikdə 09 il 06 ay 05 gün təşkil edir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanladığı 11.01 2022-ci il tarixli **********0 nömrəli xidməti məktuba əsasən qeyd edirlər ki, İddiaçı “Pet- Azəri” birgə müəssisəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyini iddia etdiyi dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi aşkar edilmişdir. Həmçinin onun fərdi sahibkarlıqla məşğul olduğunu iddia etdiyi xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək cəmi 131 manat məcburi dövlət sosial sığorta haqqı və vergi ödənişi etdiyi müəyyən edilmişdir. Sözügedənlərə əsasən, həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda göstərilən əsaslara uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı xx.xx.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(112)-2991/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, 1977-ci ildən 1982-ci ilədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, xx.xx.1983-cü ildən (işə qəbul əmri 104/şh. xx.xx.1983-cü ıl) 01.10 1984-cü ilə qədər Sumaqyıt (SK) zavodundan köçürmə yolu ilə “XXİİ qurultay” adına Bakı neft emalı zavodunun 4 saylı sexində əməliyyatçı peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, Qərar № 12 “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısfnın 10.5.Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. 2) xx.xx.1984-cü ildən (işə qəbul əmri 206/şh. xx.xx.1984-cü il) xx.xx.1985-ci ilə qədər “XXİİ qurultay” adına Bakı neft emalı zavodunun 7 saylı texnoloji sexində növbə rəisi vəzifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 01.2007-ci il tarixli, Qərar № 12 “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısının 10.5.Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. 3) xx.xx.1985-ci ildən (işə qəbul əmri 7/şh. xx.xx.1985-cı il) xx.xx.1989-cu ilə qədər “XXİİ qurultay” adına Bakı neft emalı zavodunun 3 saylı texnoloji sexin 307 saylı qurğusunda qurğu rəisi vəzifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, Qərar № 12 “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5.Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. 4) xx.xx.1989-cu ildən (işə qəbul əmri 106/şh. xx.xx.1989-cu il) 01.04 1991-ci ilə qədər “XXİİ qurultay" adına Bakı neft emalı zavod idarə heyətində növbə rəisi vəzifəsində işləmişdir (bu vəzifə siyahıda nəzarət tutulmayıb). 5) xx.xx.1991-ci ildən (işə qəbul əmri 104/şh. xx.xx.1991-ci il) xx.xx.1994-cü ilə qədər “Azərneftyağ” Bakı neft emalı zavodunun 7 saylı sexində rəis müavini vəzifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, Qərar № 12 Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısının 10.5.Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. 6) xx.xx.1994-cü ildən (işə qəbul əmri 105/şh. xx.xx.1994-cü il) xx.xx.1997-ci ilə qədər “Azərneftyağ” İstehsalat Birliyinin yanacaq istehsalı 1 saylı sahədə növbətçi mühəndis vəzifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, Qərar № 12 “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısının 10.5.Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. 7) xx.xx.1997-ci il (işdən çıxma əmri 506 xx.xx.1997-ci il) Azərbaycan Respublikası ƏM-nin 38-ci maddənin “ç” bəndinə əsasən işdən azad edilib. Cavabdeh inzibati orqan imtina məktubunu onunla əsaslandırmışdır ki, iddiaçının “Pet-Azəri” birgə müəssisəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi aşkar edilmiş, həmçinin onun fərdi sahibkarlıqla məşğul olduğu xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək cəmi 131 manat məcburi dövlət sosial sığorta haqqı və vergi ödənişi etdiyi müəyyən edilmişdir. Sözügedənlərə əsasən, həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1. İddaçının 57 yaşının tamam olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan, həmçinin DSMF tərəfindən Sığortaedənə (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə və torpaq payı alana) təqdim edilmiş bildirişdən müəyyən edilir ki, İddiaçı ********* VÖEN-lə qeydiyyatdan keçmişdir və xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək dövlət büdcəsinə vergi ödəmişdir. Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə görə Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı (xx.xx.2006-cı il tarixədək tələb olunan ümumi iş stajı və sığorta stajı (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi), həmçinin təhsil dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (27 il 08 ay 27 gün) ümumi iş stajı (sığorta stajı) mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İddiaçının işlədiyi peşələr (SOCAR-ın xx.xx.2018-ci il tarixli Arxiv Arayışın) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında (21303000 3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bölməsində 2130301b—24043 növbə rəisləri, 2130301b—24125 texnoloji sexlərin rəisləri və onların müavinləri, 2130301b— 22177 mühəndislər (növbəli məşğul olanlar) nəzərdə tutulmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(112)-2991/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi AZər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar