Məhkəmə qərarları › İş №2-1(103)-1897/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1897/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1897/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. İddiaçı xx.xx.1967-ci il təvəllüdlür. xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək hərbi xidmətdə olmuşdur (02 il 01 ay 03 gün).

2. ИТ 015582 nömrəli Diploma və Bakı Neft-Energetika Kollecinin xx.xx.2024-cü il tarixli 8416 nömrəli arayışa əsasən iddiaçı 23 avqust 1982-ci il tarixində 202 saylı əmrlə Bakı Baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 04 mart 1986-cı il tarixində 43 saylı əmrlə “Sənaye müəssisələri və qurğuların elektrik avadanlıqları ” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnikelektrik”ixtisas dərəcəsi və ИТ № 015582 saylı diplom verilmişdir (03 il 06 ay 09 gün).

3. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “Neftmaş”da texnik (08 gün); - xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “OKB Neftmaş”da texnik (02 ay 13 gün); - xx.xx.1988-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (xx.xx.2006-cı il tarixədək 17 il 2 ay 13 gün) “X3”ndə fəhlə, takelajçı, usta (29 il 2 ay 01 gün); - xx.xx.2017-ci il tarixdən hal-hazıradək “Azərbaycan X4” QSC “Dənizçi təmir-tikinti MMC” usta vəzifəsində işləyir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin pensiyanın 23 avqust 2024-cü il tarixdən (əmək fəaliyyətinə başladığı gün) etibarən hesablamaq vəzifəsininin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1967-ci il tarixdə anadan olmuş, hazırki vaxta qədər işləməklə əmək fəaliyyətini davam etdirir. Qüvvədə olan müvafiq qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin 57 yaşı tamam olması, azı 25 il əmək stajının və azı 12 il 6 ay güzəştli iş stajın olması zəruridir. Əmək fəaliyyətinə 1982-ci il tarixdə başlamışdır. 1982-1986 illər ərzində Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Baza Enegetika Texnikumunun “Sənaye müəssisələri və qurğuların elektrik avadanlıqları” ixtisası üzrə əyani təhsil almış, əyani təhsil müddəti 4 il olmuşdur. Əyani təhsil aldıqdan sonra göndərişlə "NEFTMAŞ" Xüsusi Konsruktor Bürosunun sərəncamına göndərilmiş və xx.xx.1986-cı il tarixli əmri ilə texnik peşəsi üzrə işə qəbul edilmişdir. Həmin ilin xx.xx.1986-cı il tarixdə hərbi xidmətə çağrılmış, xx.xx.1988-ci il tarixədə ordu sıralarından tərxis edilmiş və yenidən həmin “OKB NEFTMAŞ” da əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1988-ci ildə öz xahişilə “OKB NEFTMAŞ” işdən çıxmış və 18 oktyabr 1988-ci il tarixdə “X4”nin (Kaspar) Təmir Tikinti İdarəsində takelajnik (qaldırıcı kran burazların (tros) toxuyucusu peşəsi üzrə işə qəbul olunmuş, xx.xx.1999-cu ildə həmin idarədə əsaslı tikinti üzrə usta vəzifəsinə keçirilmiş və həmin İdarədə hazırki vaxta qədər işləməkdə davam edir. 2017-ci il tarixdə idarənin adı dəyişdirilmiş və "xxxx" QSC-nin “Dənizçi Təmir-Tikinti" MMC adlandırılmışdır. Ümumi əmək stajı 42 il təşkil edir, güzəştli şərtlərlə yaşa görə əmək stajı isə 25 il 01 ay 08 gün təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh orqan 30 sentyabr 2024-cü il tarixli, 3-17-1-236046/2024 nömrəli yazılı cavabı ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina etməsi barədə məlumat vermişdir. Güzəştli şərtlərlə pensiya təyinatından imtina etməsini cavabdeh hesab etmişdir ki, ona təqdim edilmiş sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. “Azərbaycan X3" QSC "xxxx" MMC tərəfindən verilmiş 07 nömrəli 08 may 2024-cü il tarixli arayışla işlədiyi vəzifənin sosial sığorta (əmək) stajının 25 il 01 ay 08 gün olması və işlədiyi vəzifələrin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29 b bəndinə uyğun olması göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti əmək stajına daxil edilir, həm də xüsusi şərtlə əmək stajına o vaxt daxil edilir ki, təhsil müddətini bitirdikdən sonra güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək fəaliyyəti ilə məşğul olmuş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 “b” bəndinə əsasən bina, qurğu qurulması, texniki təchizatı, bərpası və təmiri və digər obyektlərin inşası, işlərində çalışan güzəştli şərtlə pensiya hüququ verən əmək stajına daxil edilir. Beləliklə hesab edir ki, iddia tələbində haqlıdır, iddia tələbi qanuni və əsaslıdır.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17- 1/2-1-236046/2024 nömrəli məktubuna əsasən iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi iş stajı və güzəştli iş stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (23 il 5 gün (xx.xx.1982- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1988, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, 2 №li Siyahı üzrə güzəştli iş stajı isə yoxdur. Eyni zamanda, İddiaçı tərəfindən “Azərbaycan X4” QSCdə xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsinə dair adıçəkilən müəssisənin arayışı Mərkəzi Filiala təqdim edilməyib. Bu səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, əmək fəaliyyətinə 1982-ci ildə başlamış, hazırda da əmək fəaliyyətini davam etdirir. Ümumi əmək stajı 43 ilə yaxındır. "xxxx" QSC-nin "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş arayışda güzəştli iş stajının 25 il 07 ay 22 gün olması təşkil etməsi və güzəştli əmək pensiyası verən xüsusiyyətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 29b bəndinə uyğun olmasını bildirmildir.Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm, ümumi iş stajı, həm xüsusi iş stajı, eyni zamanda pensiya kapitalı da mövcuddur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 47. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 18.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 19.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 20.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi iş stajı və 2 nömrəli Siyahı üzrə güzəştli iş stajı olmadığı üçün ona 57 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

21. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri, o cümlədən hərbi xidmət və təhsil dövrü nəzərə alaraq (təhsil müddəti-23 avqust 1982-ci il tarixdən 04 mart 1986- cı il tarixədək (03 il 06 ay 09 gün); xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (08 gün); (hərbi xidmət-xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək (02 il 01 ay 03 gün); xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (02 ay 13 gün); xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (17 il 2 ay 13 gün) iddiaçının xx.xx.2006-cı il tarixədək ümumilikdə 23 il 16 gün iş stajının olmasına istinad etmiş və bu səbəbdən iddianı təmin etməmişdir. 22.Məhkəmə kolleqiyası qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə uyğun olaraq iddiaçıya əvvəllər verilməmiş hüquqlar sonradan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə verilməsi "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” kimi qəbul edilərək tətbiq edilir. 23.“Azərbaycan X4” QSC-nin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 22 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının əmək funksiyası bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması və təmiri ilə bağlı olduğundan siyahının 29b bəndinə uyğun gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) “Neftqaztikinti” trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində (bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. Bundan başqa həmin məktubda İddiaçı güzəştli iş stajının 25 il 07 ay 22 gün təşkil etdiyi qeyd edilmişdir. Lakin həmin iş stajı 2024-cü ilə kimidir.

24. İddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).

25. Nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya təyinatı iki dövr üzrə, yəni xx.xx.2006cı ilə qədər olan dövr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edimiş siyahı və xx.xx.2006-cı ildən hal-hazıradək yaranmış münasibətlərə isə Nazirlər Kaninetinin 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə aparılır. Belə ki, xüsusi şərtlərlə pensiya ilə təmin edilməsi üçün hər iki siyahı üzrə kişilər üçün ümumi sığorta stajı 25 il, güzəştli stajı 12 il 6 ay olsada Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərar ilə təsdiq edilmiş siyahı üzrə tələb edilən yaş həddi 57 il (kişilər üçün), xx.xx.2017-ci ildən sonra, yəni Nazirlər Kaninetinin 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə yaş həddi 60 il (kişilər üçün) təşkil edir. Nəzəri cəhətdən xx.xx.2017-ci ilə qədər kişilər üçün pensiya yaşının 57 il olması səbəbindən Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə vəzifələri tutumuş şəxslərə pensiya təyin edilərkən yaş həddi 57 götürülməlidir, lakin qüvvədə olan “Əmək pensiyaları” haqqında Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiklə müəyyən edilmiş tələblərə uyğun olaraq təyin edilməsi nəzərdə tutulub. Bu baxımdan xüsusi şərtlərlə pensiya təyin edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edimiş siyahıda qeyd olunan peşələrdə çalışmış şəxslərə (kişilər) 57 yaş, Nazirlər Kaninetinin 2007-ci il tarixli 12 saylı qərarı ilə təstdq edilmiş siyahı üzrə qeyd olunan peşələrdə çalışmış şəxslərə (kişilər üçün) 60 yaş tələb edilir. 26.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı ilə qədər tələb edilən ümumi və güzəştli stajı tamam olmadığından ona 57 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi mümkün deyil.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

28. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar