Məhkəmə qərarları › İş №2-1(103)-1898/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1898/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1898/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri lokal gəlirlər baş idarəsinin nümayəndəsi X3 iştirakı ilə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4345/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) məhkəməyə müraciət edərək, 5.120,29 manat artıq ödənilmiş vergi məbləğinin və həmin məbləğin 45 gün müddətində geri qaytarılmamasına görə 1.274,95 manat faiz məbləğinin iddiaçıya qaytarılması barədə rəyin verilməsi və vəsaitin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı cavabdehə dəfələrlə müraciət edərək, artıq ödədiyi 5.120,29 manat vergi məbləğinin qaytarılmasını xahiş etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən onun xx xxxx 2019-cu il tarixli ərizəsinə x xxxx 2019-cu il tarixli **********561200 nömrəli məktubla, x xxxx 2019-cu il tarixli ərizəsinə xx xxxx 2019-cu il tarixli **********447200 nömrəli məktubla, x xxxxxx 2019-cu il tarixli ərizələrinə xx xxxxxx 2019-cu il tarixli **********754100 nömrəli və xx xxxxxx 2019-cu il tarixli **********134700 nömrəli məktublarla, x xxxxxxxx 2019-cu il tarixli ərizəsinə xx xxxxxxxx 2019-cu il tarixli **********333900 nömrəli məktubla, x xxxxxxx 2019cu il tarixli ərizəsinə xx xxxxxxx 2019-cu il tarixli **********111700 nömrəli məktubla, xx xxxx 2020-ci il tarixli ərizəsinə xx xxxx 2020-cu il tarixli **********385900 nömrəli məktubla cavab verilmişdir. Cavabdehin hər bir cavab məktubunda məsələnin həllindən müxtəlif əsassız bəhanələr gətirilməklə imtina olunmuşdur. AR Vergi Məcəlləsinin 87.3-cü maddəsinin, “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 1.2.1, 4.1.3, 4.8, 4.9-cu bəndlərinin tələblərinə əsasən artıq ödənilmiş məbləğlərin geri qaytarılması ilə birbaşa məşğul olan vergi orqanlarıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.4, 32-ci maddələrinin tələblərindən də görünür ki, sahibkarlıq fəaliyyəti üzrə hesablanmış, ödənilmiş vergilər, artıq ödənilmiş vergilər barədə uçot vergi orqanı kimi cavabdeh tərəfindən aparılmalıdır və həmin uçot aparılaraq şəxsi hesab vərəqəsi üzrə müvafiq qeydiyyatlar edilir. Vergi Məcəlləsinin 59.3cü maddəsinə görə müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Artıq ödənilmiş 5.120,29 manat məbləğin qaytarılması üçün o (iddiaçı), ilkin olaraq xx xxxx 2019-cu il tarixdə müraciət etmişdir. Artıq ödənilmiş məbləğ vergi orqanı tərəfindən qaytarılmadığına görə gecikdirilmiş hər gün üçün 0,1 faiz məbləğdə əlavə faiz məbləği qaytarılmalıdır. Ərizə verildiyi gündən xx xxxx 2020-ci il tarixədək 294 gün keçmiş, 45 gün nəzərə alınmaqla 249 gün üçün əlavə faiz 1.274,95 manat qaytarılmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, artıq ödənilmiş 5.120,29 manat vergi məbləğinin iddiaçıya qaytarılması barədə rəy verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən, o cümlədən cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş yazılı etirazından məlum olur ki, vergi ödəyicisi olan hazırkı X1 5.120,29 manat məbləğində artıq ödədiyi vergi məbləğinin mövcudluğu təsdiqini tapır. İddiaçının da müvafiq müddət, yəni 5 il müddət keçməmiş aidiyyəti vergi orqanı kimi hazırkı cavabdehə müraciət etməsi təkzib olunmur. Cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə” müraciətinə baxaraq, əvvəlcə iddiaçıya müraciətin müvafiq formaya uyğunlaşdırılması, yəni müvafiq məlumatlar əks olunmaqla yenidən müraciət edilməsini tövsiyə etmiş, sonradan iddiaçının növbəti müraciəti üzrə isə, müvafiq müddətin keçməsini və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinin tələblərinə istinadən mübahisənin məhkəmə müstəvisinə keçdiyini əsas gətirərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahsələndirir. ... Məhkəmə işin hallarını sadalanan normalar baxımından qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi kimi hazırkı iddiaçının “artıq ödənilmiş vergi məbləğlərinin qaytarılması barədə” müraciətini əvvəlcə müvafiq formada və məzmunda tərtib olunmaması, sonradan isə tələb etmə müddətinin keçməsi və işə artıq məhkəmə icraatında baxılması səbəbi ilə təmin etməməklə «İnzibati icraat haqqında» AR Qanununun 13, 15, 17, 24-cü maddələrinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının ilkin müraciəti elə vaxta təsadüf edir ki, həmin tarixdə iddiaçı qanunla müəyyən edilmiş tələb etmə müddətini ötürməmişdir. Onun müraciətinin forma və məznunundakı çatışmazlıqlar isə, hətta mövcud olsa da, formal xarakterli xüsusatlardır və qaldırılan məsələnin müsbət həllindən imtina üçün əsas ola bilməz. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” AR Qanununun 72.4-cü maddəsinə əsasən bu fəslin (maddə 71-80) müddəaları inzibati qaydada verilən şikayətlərə şamil edilir. Göründüyü kimi, həmin Qanunun 72.2-ci maddəsinin tələbləri iddiaçının müraciəti üzrə inzibati icraatda qaldırılan məsələnin həllinə deyil, imtinadan verilən inzibati şikayətə münasibətdə tətbiq oluna bilər. Həmçinin nəzərə alınmalıdır ki, vergi orqanları hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək, eləcə də həmin vergilərin uçotunu aparmaq vəzifəsi daşıdığından, artıq ödənilmə kimi geri tələb olunan məbləğlə bağlı xüsusatların (hansı növ vergi olması, hansı tarixdə ödənilməsi və s.) müraciətdə göstərilməməsini səbəb gətirərək həmin məsələnin həllindən imtina etməkdə haqlı sayıla bilməz.” Qərarla razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, ləğv edilib, iddiaçı tələbin tam təmin olunmasını, cavabdeh mümkün sayılmamasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə öz qərarının 7-ci vərəqinin 4-cü abzasında iddia tələbinin artıq ödənilmiş vergi məbləğin qaytarılmasının gecikdirilməsinə görə hər gün üzrə 0,1% ödənilməsi ilə bağlı hesab edib ki, guya artıq ödənilmiş məbləğ hal-hazıradək geri qaytarılmadığından 0,1% günlük faiz məbləği qeyrimüəyyəndir. Guya həmin məsələyə müvafiq artıq ödəmə geri qaytarıldıqdan (bütövlüklə və ya hissə-hissə) sonra, gecikmənin günü faiz məbləği aydınlaşa bilər. Buna görə də məhkəmə iddianı həmin hissədə əsassız sayıb. Lakin birinci instansiya məhkəməsinin gecikdirilməsinə görə hər gün üçün 0,1% ödənilməsi tələbinin təmin olunmasından imtinası əsaslı və qanuni sayıla bilməz. Məhkəmə həmin nəticəyə gəlməsi üçün qanunun müvafiq normasına istinad etməyib. Belə ki, iddiaçı öz tələbində cavabdehə ilkin ərizə ilə müraciət etdiyi xx xxxx 2019-cu il tarixdən iddianı qaldırdığı xx xxxx 2020-ci il tarixədək olan 294 gündə artıq ödəmənin qaytarılmasının bilərəkdən gecikdirilməsinə görə hər gün üçün 0,1% tələb edib. İddiaçının həmin hüququ da qanunda nəzərdə tutulub. Vergi Məcəlləsinin 59.3-cü maddəsini məhkəmə qanunsuz olaraq tətbiq etməyib və hansı səbəbdən tətbiq etməməsini də öz qərarında əsaslandırmayıb. Məhkəmə nəzərə almayıb ki, iddiaçı Vergi Məcəlləsinin 59.3-cü maddəsi ilə ona verilmiş hüququndan hələ tam istifadə etməyib. Belə ki, iddiaçı artıq ödəmənin geri qaytarılmasının gecikdirildiyinə görə hər gün üçün 0,1 faizi qanunda nəzərdə tutulmuş artıq ödəmə geri qaytarılan günə qədər deyil, yalnız iddianın qaldırıldığı xx xxxx 2020-ci ilədək tələb edib. Bununla da iddiaçı cavabdehə güzəştə gedərək geri qaytarmanın qalan günlərinə görə artıq ödəmənin 0,1 faizini tələb etməyib. İddiaçının ona çatası faizin bir hissəsini tələb etməsi onun vəzifəsi yox, hüququdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyicisi iddiaçı (VÖEN: **********) xx.xx.2019-cu il tarixli **********521900 nömrəli, xx.xx.2019-cu il tarixli **********839500 nömrəli, xx.xx.2019-cu il **********750400 nömrəli və xx.xx.2019-cu il **********024600 nömrəli Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələrlə müraciət edərək 5.120,29 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Təqdim edilmiş ərizədə artıq ödəmənin növünün, tədiyyə kodlarının, ödənilmə tarixinin, artıq ödəmənin yaranma səbəbinin və eyni zamanda ərizədə VÖEN-in düzgün əks etdirilmədiyi müəyyən edilmiş və bu barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2019-cu il tarixli **********561200 nömrəli, xx.xx.2019-cu il tarixli **********447200 nömrəli, xx.xx.2019-cu il tarixli **********754100 nömrəli və xx.xx.2019-cu il tarixli **********333900 nömrəli məktublarla məlumat verilmişdir. Eyni zamanda, vergi ödəyicisi qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra xx.xx.2019-cu il tarixli **********110800 nömrəli dürüstləşdirilmiş ərizə ilə müraciət etmiş, lakin müraciətdə qaldırılan məsələ məhkəmə baxışının predmeti olduğu və xx.xx.2014-cu il tarixdə ödənilmiş 5.120,29 manat artıq ödəmənin tələbetmə müddəti keçdiyi üçün müraciətin icrası mümkün olmamışdır. Bu barədə iddiaçıya xx.xx.2019-cu il tarixli **********111700 nömrəli məktubla məlumat verilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqan vergi ödəyicisi kimi hazırkı iddiaçının artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müraciətini əvvəlcə müvafiq formada və məzmunda tərtib olunmaması, sonradan isə tələbetmə müddətinin keçməsi və işə artıq məhkəmə icraatında baxılması səbəbi ilə təmin etməməklə “İnzibati icraat haqqında” Qanunun 13, 15, 17, 24-cü maddələrinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının ilkin müraciəti elə vaxta təsadüf edir ki, həmin tarixdə iddiaçı qanunla müəyyən edilmiş tələb etmə müddətini ötürməmişdir. Onun müraciətinin forma və məzmunundakı çatışmazlıqlar isə, hətta mövcud olsa da, formal xarakterli xüsusatlardır və qaldırılan məsələnin müsbət həllindən imtina üçün əsas ola bilməz. Məhkəmənin qeyd edilən dəlilinə münasibətdə bildirir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması şəxsi hesab vərəqəsində qeyd edilənlərə müvafiq olaraq yox, AR Nazirlər Kabinetinin xx xxxx 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəvicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Lakin vergi ödəyicisi tərəfindən ərizə yuxarıda qeyd etdiyi kimi düzgün şəkildə tərtib edilməmişdir. Hesab edir ki, vergi ödəyicisi qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra xx.xx.2019-cu il tarixli **********110800 nömrəli dürüstləşdirilmiş ərizə ilə müraciət etmiş, lakin müraciətdə qaldırılan məsələ məhkəmə baxışının predmeti olduğu və xx.xx.2014-cu il tarixdə ödənilmiş 5.120,29 manat artıq ödəmənin tələb etmə müddəti keçdiyi üçün müraciətin icrası mümkün olmamışdır. Bu səbəbdən də hesab edir ki, ilk öncə məhkəmə tərəfindən iddianın mümkünlüyü düzgün şəkildə yoxlanılaraq iddiaçıya yanlışları aradan qaldırılmış ərizə ilə vergi orqanına müraciət etməsi tövsiyə olunmalı idi. Belə ki, iddiaçı tərəfindən yol verilmiş xətalar düzəldilərək cavabdeh orqana müraciət etdiyi və cavabdeh tərəfindən rəy verilməsindən imtina olunduğu təqdirdə iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranardı. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və cavabdehin nümayəndəsi şikayətlərə uyğun izahat vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayətlər mahiyyətcə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1.4-cü maddəsinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqları sırasına daxildir; 24.0.10-cu maddəsinə görə, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur; 59.3-cü maddəsinə əsasən, müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. 62-ci maddəsinə görə, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir; 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 87.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır; 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 3.1-ci bəndinə görə, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir; 4.1-ci bəndinə əsasən, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: (4.1.1) vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, (4.1.2) vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, (4.1.3) Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.2.4-cü bəndinə görə, vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.9-cu bəndinə əsasən, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edirlər; 4.10-cu maddəsinə görə, vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. 5.2-ci bəndinə əsasən, mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir; 5.3-cü bəndinə görə, maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. İddiaçının xx.xx.2014-cu il tarixdə ödənilmiş 5.120,29 manat artıq ödəmənin qaytarılmasını tələb etməsi (iş vərəqi - 41) və iddiaçının bu tələblə bağlı cavabdehə ilk dəfə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etməsi (i.v-46) işin mübahisəsiz hallarıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiaysı əvvəlcə iddiaçının apellyasiya şikayətinə münasibətdə bildirir ki, onun cavabdehə 5.120,29 manat artıq ödəmənin qaytarılması ilə bağlı bütün müraciətləri (i.v-46-60) yalnız 5.120,29 manat məbləğlə bağlı olmuş, həmin ərizələrdə 1.274,95 manat faiz məbləğinin qaytarılması barədə rəyin verilməsi tələbi qeyd olunmamışdır. Halbuki, Vergi Məcəlləsinin 87.3-cü maddəsinin və “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın təhlilindən göründüyü kimi, həm artıq ödənilmiş vergilərin, həm də faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması üçün ilk öncə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət edilməli, bundan sonra həmin orqanların AR Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edilməli, ən sonda bu vəsaitlərin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilməlidir. Cavabdehin şikayətinin dəlillərinə münasibətdə isə bildirilməlidir ki, iddiaçı xx.xx.2014-cu il tarixdə ödənilmiş 5.120,29 manat artıq ödəmənin qaytarılması tələbilə bağlı cavabdehə ilk dəfə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etdiyindən, Vergi Məcəlləsinin 85.5-ci maddəsində təsbit olunan 5 illik müddəti ötürməmişdir. Onun ərizələrinin formaca qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi fərz olunsa, o halda texniki xarakter daşıyan bu qəbildən bütün məsələlərdə vergi ödəyicisinə yardım etmək inzibati orqan olaraq cvabdeh vergi orqanının vəzifəsi idi. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz; 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Vergi Məcəlləsinin: 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.0.3. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə; 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Beləliklə də, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin büdcəyə artıq ödəmələrin yazılı ərizəsinə əsasən vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə rəyin tərtib edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-ci maddəsi), cavabdehə Vergi Məcəlləsinin və “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müvafiq müddəaları ilə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə də mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayətlər təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4345/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. X1 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri lokal gəlirlər baş idarəsinin apellyasiya şikayətləri təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səforov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar