Məhkəmə qərarları › İş №2-1(103)-1898/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1898/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1898/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Aida Hüseyn Əli qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: "xxxx" ASC) əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1403/2021 saylı iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(112)-1403/21 saylı iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh orqana müraciət etdiyi tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı fərdi hesabın sığorta hissəsində tələb olunan pensiya kapitalının olmaması ilə əsaslandırılmışdır. Pensiya kapitalının yığılmamasına səbəb “Bakı Yol Tikinti Servis„ ASC tərəfindən müvafiq köçürmələrin həyata keçirilməməsidir. İşəgötürən müəssisənin qanunazidd hərəkəti və inzibati orqanın qanun pozuntusuna vaxtında reaksiya göstərməməsi iddiaçının pensiya almaq hüququnu heç bir halda məhdudlaşdırmamalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, iddia tələbinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus AZE serialı ******** nömrəsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 04.10.1978- ci il tarixdən 03.08.1979-cu il tarixədək X3 Kooperativində Sadıxlı kəndində yerləşən 109 nömrəli qarışıq mallar mağazasında satıcı işləmiş, 24.08.1979-cu il tarixdən 16.07.1984-cü il tarixədək Azərbaycan İnşaat Mühəndislik İnstitutunda təhsil almış, 02.10.1984-cü il tarixdən 22.03.1995-ci il tarixədək "Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunda mühəndis işləmiş, 22.03.1995-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti «Yol Təmir Tikinti» Baş İdarəsində “Yoltəmirtikintinin Baş İstehsalat İdarəsinin TİŞ-nə mühəndis vəzifəsinə təyin edilmiş, 03.09.1999-cu il tarixdə Plan şöbəsində İqtisadçı vəzifəsinə keçirilmiş, 14.02.2000-ci il tarixdən 25.05.2001-ci ilədək “Yoltəmirtikinti Bİİ 4 saylı Yol Təmir Tikinti İdarəsində İqtisadçı vəzifəsində işləmiş, 06.09.2002-ci il tarixdən 29.11.2002-ci il tarixədək “X4 “ ATSC-nin labaratoriyasında 5- ci dərəcəli laborant vəzifəsində, sonradan laboratoraya müdiri vəzifəsində işləmiş, 01.12.2002-ci il tarixdə “X4” ASC-də laboratoriya müdiri vəzifəsinə qəbul edilmiş, 28.01.2003-cü il tarixdə laborant vəzifəsinə keçirilmiş, 03.05.2014-cü il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 07.02.2020-ci il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir, əlilliyin səbəbi - ümumi xəstəlik qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 16.06.2020-ci il tarixli **********8 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə edilmiş sənədlərə baxaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin tələb olunan 14 il 4 ay sığorta stajınızın olmasına baxmayaraq, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 25800 manat pensiya kapitalınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 03.07.2020-ci il tarixli **********8 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, "xxxx" ASC (SUN: **********6) tərəfindən təqdim olunmuş 2006 - 2014-cü illər üçün məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığortaolunan, İddiaçı (SSN: **********843) məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin "Sığorta AS (Hesabat)" alt sistemində "Sığortaolunanların hesabları" bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 2006-2014-cü illər üzrə məlumatlarının araşdırılması üçün "xxxx" ASC-yə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.12.2020-ci il tarixli **********727800 saylı və 11.12.2020- ci il tarixli **********627600 saylı məktublarından görünür ki, 10.12.2020-ci il tarixə və 11.12.2020-ci il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC-nin (VÖEN: **********) fəaliyyəti 23.01.2019-cu il tarixdən 01.01.2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 11.01.2021-ci il tarixli **********1 saylı məktubdan görünür ki, İddiaçı (FİN: xxxxxxx) 01.01.2006-cı ilədək pensiya sığorta kapitalı 19019,91 manat, 01.01,2006-cı ildən bu günədək 419,80 manat (cəmi: 19439,71 manat) təşkil edir. Vətəndaşa əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün onun 25800 manat pensiya sığorta kapitalının olması tələb olunur. Cavabdeh orqanın imtinası əsasında İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh orqana müraciət etdiyi tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ”... İddiaçıya 07.02.2020-ci il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdə isə iddiaçının 59 yaşı olmuşdur. İddiaçının yaşı və əmək qabiliyyətli yaş dövrü nəzərə alınmaqla (59 yaş - 15 yaş = 44 yaş x 4 ay = 176 ay : 12 ay = 14 il 8 ay) iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 14 il 8 ay sığorta stajı tələb olunur. İddiaçının isə 14 il 8 aydan artıq iş stajı vardır. Lakin iş materiallarından görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün onun 25800 manat pensiya kapitalının olması tələb olunduğu halda, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19439,71 manat təşkil edir. Göründüyü kimi, iddiaçının əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı olsa da, fərdi hesabın sığorta hissəsində tələb olunan, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.3.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir: 4.3.2. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir; 4.3.3. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, əliliyə görə pensiya təyin edilməsinin əsasları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Həmin qanuna 10.03.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, 10.03.2017ci il tarixindən sonra İİ və İİİ dərəcə əlilliyi müəyyən edilən şəxslərə əlilliyə görə əmək pensiyası təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir: 1) ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, 10.03.2017-ci il tarixdən sonra İİ və İİİ dərəcə əlilliyi müəyyən edilən şəxslərə əlilliyə görə əmək pensiyası təyin olunması istisna edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı yetərlidir. Yəni, təqdim edilmiş əmək kitabçasının qeydlərinə əsasən iddiaçının sığorta stajının 24 ildən çox olması müəyyən edilir. Cavabdeh də iddiaçının sosial sığorta stajının yetərli olmamasını mübahisə etmir. Cavabdehin mövqeyinə görə, eləcə də qanunvericiliyin tələbinə əsasən, iddiaçıya pensiya təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 26 400 manat təşkil etməlidir. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində inzibati orqan tərəfindən hesablanmış pensiya kapitalı 20 410 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabında olan kapitalın məbləği ona pensiya təyin olunması üçün zəruri olan məbləğdən azdır. İşdən görünür ki, cavabdeh orqanın imtinasının əsası 2006-2014-cü illərdə "xxxx" ASC tərəfindən iddiaçının hesabına sosial sığorta haqlarının ödənilməmiş olması, buna görə də iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan məbləğdə pensiya kapitalının toplanmaması olmuşdur. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sosial sığorta hesabındakı pensiya kapitalı həqiqətən onun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona İİİ qrup əlilliyi olan şəxs kimi əlilliyə görə pensiya təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin apelyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçı şikayətini hər hansı dəlillə əsaslandırmamışdır. Kollegiya yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apelyasiya şikayətinin dəliləri hüquq normaları baxımından düzgün əsaslandırılmadığından, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır, bu səbədən də apelyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Krəm qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-1403/21 saylı iş üzrə qəbul etdiyi 07 aprel 2018ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aida Hüseyn Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar