Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1899/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs 1 nömrəli Sumqayıt şəhər xəstəxanası) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-5714/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 may - 03 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin C5-C6 boyun fəqərələrinin vərəm spondilozu, y/ə paraprazi və funksional pozğunluğu diaqnozu ilə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyinin ləğv edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, boynunda olan ağrılardan əziyyət çəkmiş və bu xəstəlikdən daimi müalicə almış, 2011-ci ildə boynunun C5-C6 nahiyyəsində spondillodissit əlamətlərinin, həmin nahiyədə paravertebral və epidural yerləşən infiltratlar və abseslərin olması müəyyən edilmişdir. Bununla əlaqədar ona 29 may 2012-ci ildən 2-ci qrup əllik verilmiş, 07 may 2014-cü il tarixdən isə ona ümumi xəstəlik səbəbindən müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlil olmağı ilə əlaqədar ona pensiya təyin edilmiş və 01 iyul 2020-ci il tarixədək aylıq pensiyasını alaraq mütəmadi olaraq müalicə olunmuşdur. 01 iyul 2020-ci il tarixdə isə onun pensiyası kəsilmiş, bunun səbəbi ilə maraqlandıqda isə cavabdeh əlillik dərəcəsinin ləğv edildiyini bildirmiş, səbəbini isə bildirməmişdir. Halbuki ona təyin edilmiş əlillik dərəcəsi müddətsiz olmuş, yəni aldığı müalicənin nəticələri barədə xidmətə məlumat vermək vəzifəsi olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə 1 saylı Sumqayıt şəhər xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı tam reabilitasiya edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 noyabr 2020-ci il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-5714/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: S.Salahova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə onun əlilliyinin ləğv edilməsi barədə inzibati orqanın qərarından verdiyi şikayətə baxan zaman əsasən onun düçar olduğu xəstəliyinin əlillik dərəcəsi verilməsinə əsas verib-verməməsini, ona İİ dərəcə əlilliyin təyin edilməsinə dair qərarın ləğv edilməsi barədə cavabdeh tərəfindən qərar qəbul edilibedilməməsini müəyyən etməli idi. Belə ki, işin hallarından da görünür ki, Sumqayıt Vərəm Əleyhinə Dispanserin xx.xx.2012-ci il tarixli xxxxxxx0001 nömrəli göndərişi əsasında onun əlillik vəziyyəti qiymətləndirilmiş, "Ümumi xəstəlik, Xİİİ Sin - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digə dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr... C5-C6 boyun fəqərələrin vərəm spondilozu y/ə paraprazi və funksional pozğunluğu.” səbəbindən ona ilkin olaraq bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonradan həmin müddət bir il də uzadılmış, yenə həmin xəstəliklə ona əlillik təyin edilmişdir. Lakin sonuncu dəfə müddətsiz əlillik dərəcəsi verilərkən ona məlum olmayan səbəbdən onun xəstəliyi "Ümumi xəstəlik, Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri =: M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozı => M42.1 - Yaşlıl..., Boyun fəqərələrinin osteoxondrozu” kimi göstərilmişdir. Bu vaxta qədər isə o, boyun fəqərələrinin vərəm spondilozundan əziyyət çəkmiş, məhz bu xəstəlikdən müalicə olunmuş, heç bir zaman boyun fəqərələrinin osteoxondrozu xəstəliyindən malicə olunmamışdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli protokolundan görünür ki, onun həmin xəstəlikdən tam reabilitasiya olunmağı əsası ilə Əlilliyin qiymətləndirilməsinə dair məlumatların Agentlik tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə daxil edilməsi və gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi qərara alınmışdır. Göründüyü kimi cavabdeh onun xəstəliyinin sağalması əsası ilə əlilliyinin dayandırılmasını Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə daxil etmiş, əlilliyinin təyin edilməsinə dair qərarın ləğv edilməsi barədə qərar qəbul etməmişdir. Belə hesab edir ki, cavabdeh onun xəstəliyini düzgün müəyyən etməmiş və əlilliyinin ləğv edilməsi barədə heç bir qərar qəbul etmədən əlilliyini dayandırmışdır. Hətta məhkəmə tərəfindən onun əlillik vəziyyətinin cavabdeh tərəfindən düzgün qiymətləndirilməsini müəyyən etmək məqsədilə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, onun iştirakı təmin edilərək onun canlı müayinə aparılmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyində məhkəmənin 5-ci sualına ətraflı cavab verilməmiş, onda hansı xəstəliyin olması göstərilməmişdir. Sadəcə ekspert öz rəyində 1-ci, 2-ci və 5-ci suallarla bağlı göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 1 saylı Sumqayıt şəhər xəstəxanasının sonuncu göndərişi tam doldurulmuş və göndərişdə (88 saylı Forma) göstərilən xəstəliklər kliniki, laborator və instrumental diaqnostik müayinələrin əsasında müəyyən edilmişdir. Həmin diaqnoz əlilliyin müəyyən edilməsinə imkan vermir. Belə ki, həmin xəstəlik və onun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Ekspertiza keçirilən zamanda da onun canlı müayinəsi təşkil edilməmiş, o, ixtisaslaşdırılmış həkimlər tərəfindən müayinə edilmədən rəy verilmişdir. Göründüyü kimi ekspert ona təyin edilmiş diaqnoz barədə məlumat vermiş, onun halhazırda hansı xəstəlikdən əziyyət çəkməsini, ona təyin edilmiş diaqnozun düzgünlüyünü öz rəyində göstərməmişdir. Halbuki, məhkəmə öz qərardadında onun canlı müayinə aparılmaqla ekspertizanın keçirilməsini tələb etmişdir. Ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra məhkəmə iclasında o, məhkəməyə vəsatət verərək, əlavə ekspertiza keçirilməsini xahiş etmiş, məhkəmə onun bu vəsatətini təmin etməmiş, əsas kimi isə əlilliyin təyin edilməsi zamanı müəyyən edilmiş xəstəliyinin (Boyun fəqərələrinin osteoxondrozu) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşməməsini, hətta onun hal-hazırda “boyun fəqərələrinin vərəm spondilozu y/ə paraprazi və funksional pozğunluğu” xəstəliyindən əziyyət çəkməsi sübut edilsə belə bu xəstəliklə ona əlillik təyin edilmədiyindən onun əlilliyinin bərpa edilməsinin mümkün olmamasını göstərmişdir. O, isə belə hesab edir ki, xəstəliyinin sonradan xəstəxananın göndərişində düzgün göstərilməməsi, onun yenidən müayinə edilməsi zamanı əlilliyinin ləğv edilməsi üçün əsas ola bilməzdi. Yəni əgər sonradan müayinə zamanı müəyyən edilsə idi ki, onun xəstəliyi “Boyun fəqərələrinin osteoxondrozu” deyil, “boyun fəqərələrinin vərəm spondilozu y/ə paraprazi və funksional pozğunluğu” xəstəliyidir, bu zaman həmin səhv Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemində düzəldilməli, onun əlilliyi həmin alt sistemdə etibarsız hesab edilməməli idi. Cavabdeh isə onun əlillik zamanı təyin edilmiş xəstəliyinin (Boyun fəqərələrinin osteoxondrozu) artıq sağalmasını göstərmişdir. Halbuki, ekspert öz rəyində göstərmişdir ki, “iddiaçının düçar olduğu xəstəliklər Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54- Dorsopatiyalar- > M40-M43 Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - onurğa.., boyun fəqərələrin osteoxondrozu” xroniki xəstəliklər olduğundan onlar tam sağalmırlar, yalnız kəskinləşmə fazasında medikamentoz müalicə, əsasən kompleks bədən tərbiyəsi, fizioterapiya müalicələri təyin edilməklə prosesə məruz qalmış fəqərələrin hərəkəti məhdudlaşdırılır, heç bir nəticə olmazsa sonda cərrahi əməliyyatdan istifadə olunur.” Yəni cavabdeh onun əlilliyini ləğv edən zaman əsas kimi onun xəstəliyinin sağalmasını göstərmiş, əlilliyin düzgün təyin edilməməsini göstərməmişdir. Belə olduqda da məhkəmə onun xəstəliyinin sağalıb-sağalmaması məsələsinə qiymət verməli, əlilliyin düzgün təyin edilib-edilməməsi məsələsinə toxunmamalı idi. Digər tərəfdən və bu xüsusi olaraq qeyd edilməlidir ki, onun İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə cavabdeh tərəfindən sənədləşdirilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Apelyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs 1 nömrəli Sumqayıt şəhər xəstəxanası məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun tam reabilitasiya edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 noyabr 2020-ci il tarixli qərarının ona aid hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə iddiaçı barəsində tərtib edilmiş göndərişin onun kliniki, laborator və instrumental diaqnostik müayinələri əsasında müəyyən edildiyi, iddiaçıya qoyulmuş diaqnozun əlilliyin müəyyən edilməsinə imkan vermədiyi qeyd olunmuşdur. İşdən də görünür ki, iddiaçı barəsində tərtib edilən sonuncu göndərişdə diaqnoz kimi “Xİİİ Sinif- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54- Dorsopatiyalar- > M40-M43 – Deformasiyaedən dorsopatiyalar => M42- Onurğanın osteoxondrozu => M42.9- Onurğa.., Boyun fəqərələrinin osteoxondrozu” müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”dən görünür ki, M42, M42.9 diaqnozu nəzərdə tutulmamış, M40-50 aralığı (xəstəliyin beynəlxalq təsnifatı) üzrə yalnız diz və ya bud-çanaq oynaqlarının endoprotezi (M40-M41.3) və üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9) xəstəlikləri təsbit olunmuşdur, hansı ki, həmin hallar iddiaçı barəsində tərtib edilən göndərişdə öz əksini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bənd. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bənd. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-ci bənd. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
2. Əlilliyin müəyyən olunması meyarları. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərə çarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0- E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt Vərəm Əleyhinə Dispanserin xx.xx.2012-ci il tarixli xxxxxxx0001 nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, “Ümumi xəstəlik, Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr... C5-C6 boyun fəqərələrinin vərəm spondilozu y/ə paraprazi və funksional pozğunluğu.” səbəbindən bir il müddətinə ikinci dərəcə əlilliyik təyin edilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanserin xx.xx.2014-cü il tarixli xxxxxxx0002 nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, “Ümumi xəstəlik, İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A18+ - Digər orqanların vərəmi => A18.8+ - Digər dəqiqləşdirilmiş orqanların vərəmi, C5-C6 boyun fəqərələrinin vərəm spondilozu. Y/ə paraprazi, və funk. pozğ.” səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının vaxtından əvvəl müayinəsi əsasında 3 saylı Sumqayıt şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli xxxxxxx0003 nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti təkrar qiymətləndirilmiş “Ümumi xəstəlik, Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 – Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl..., Boyun fəqərələrinin osteoxondrozu” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli Protokoluna əsasən vətəndaşlara dair müayinə iclaslarının Protokolu kitabı, TSEarayışları və Əlillik AS-in üzləşdirmə zamanı (qüsurlu sənədlər) müayinəyə dəvət edilən şəxslərin əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə baxılmış və protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 25 nəfərə dair əlilliyin qüvvədə saxlanılması, 6 nəfər hissəvi və 3 nəfərin tam reabilitasiya olunması, Əlilliyin qiymətləndirilməsinə dair məlumatların Agentlik tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi və gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi qərara alınmışdır. Protokola əlavə edilmiş “Əlillik” altsistemində qüsurlu sənədlər üzrə tam reabilitasiya edilmiş şəxslərin Siyahısında iddiaçının adı 2-ci sırada qeyd edilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Agentliyin rəhbərliyinə xidməti məktub ünvanlanmış, vətəndaşlara dair müayinə iclaslarının Protokolu kitabı, TSE-arayışları və Əlillik AS-in üzləşdirmə zamanı (qüsurlu sənədlər) müayinəyə dəvət edilən şəxslərin əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə baxıldığı, aparılan araşdırmalar çərçivəsində, 34 nəfərin Agentlikdə əyani müayinə olunduğu, hazırkı vəziyyətlərini əks etdirən tibbi sənədlərin araşdırıldığı və müvafiq əlillik dərəcələri müəyyənləşdirildiyi, 25 nəfərə göstərilən tarixdən əlillik hüquqlarının qüvvədə saxlanıldığı, digər 6 nəfərin hissəvi reabilitasiya olunaraq əlillik dərəcəsinin 2-ci dərəcədən 3-cü dərəcəyə dəyişdirildiyi və 3 nəfərin tam reabilitasiya olunduğu barədə qərar qəbul edildiyi bildirilmiş, müvafiq tapşırıq vermilməsi xahiş olunmuşdur. Buna uyğun olaraq xx.xx.2020-ci il tarixdə “Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40- M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu -> M42.9 - Onurğa.., Diaqnoz: Boyun fəqərələrinin osteoxondrozu.” diaqnozu ilə təqdim edilən göndəriş üzrə iddiaçının əlillik vəziyyəti xx.xx.2020-ci il tarixli müayinə nəticələrinə uyğun olaraq qiymətlənləndirilməklə “Tam reabilitasiya olması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə ləğv edilmiş əlillik barədə məlumat altsistemdə yerləşdirilmişdir. İddiaçı cavabdeh orqan tərəfindən onun əlilliyin ləğv edilməsi barədə qərarı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əlillik vəziyyətinin cavabdeh tərəfindən düzgün qiymətləndirilməsini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ T258/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Ekspert rəyindən görünür ki, iddiaçının əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 1 saylı Sumqayıt şəhər xəstəxanasının sonuncu göndərişi tam doldurulmuş və göndərişdə (88 saylı Forma) göstərilən xəstəliklər kliniki, laborator və instrumental diaqnostik müayinələrin əsasında müəyyən edilmişdir. Həmin diaqnoz əlilliyin müəyyən edilməsinə imkan vermir. Belə ki, həmin xəstəlik və onun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. İddiaçının düçar olduğu xəstəliklər Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54- Dorsopatiyalar- > M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 – onurğa.., boyun fəqərələrinin osteoxondrozu” xroniki xəstəliklər olduğundan onlar tam sağalmırlar, yalnız kəskinləşmə fazasında medikamentoz müalicə, əsasən kompleks bədən tərbiyəsi, fizioterapiya müalicələri təyin edilməklə prosesə məruz qalmış fəqərələrin hərəkəti məhdudlaşdırılır, heç bir nəticə olmazsa sonda cərrahi əməliyyatdan istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində ikinci dərəcə əlilliyin müəyyən olunması meyarları və halları göstərilmişdir. İddiaçı barəsində tərtib edilən sonuncu göndərişdə diaqnoz kimi “Xİİİ Sinif- Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54- Dorsopatiyalar- > M40- M43 – Deformasiyaedən dorsopatiyalar => M42- Onurğanın osteoxondrozu => M42.9- Onurğa.., Boyun fəqərələrinin osteoxondrozu” xəstəlikləri ikinci dərəcə əlillik təyin olunması üçün Əsasnamədə sadalanan hallarda əksini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası iddiaçıya əlillik dərəcəsi verilməsi üçün əsas olmaması barədə məhkəmə tibbi ekspertizasının rəyini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın qərarının ləğv olunmasına əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-5714/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.