Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-19/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2531/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 556a nömrəli bağ sahəsinin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990cı il tarixli 7/439 saylı qərarı və X3 və istismarı birliyinin 206 saylı X5 60 saylı orderi əsasında bağa ehtiyacının olması nəzərə alınaraq, sahəsi 0,12 ha olan 556a saylı bağsahəsi ona verilmişdir. Bundan əlavə, orderin verilməsi ilə bağlı Bağlar idarəsinin müdiri tərəfindən xx.xx.1991-ci il tarixli məktubla 206 saylı kooperativin sədrinə müraciət edərək, onu kooperativin tərkibinə keçirməsini xahiş etmişdir. Qeyd olunan vaxtdan ailə üzvləri ilə birlikdə göstərilən bağ sahəsindən təyinatı üzrə istifadə etmişdir. Şəxsi maliyyə vəsaiti hesabına ona ayrılmış bağ torpaq sahəsini abadlaşdırılaraq, aqrotexniki qulluq göstərmiş və bağ sahəsini hasara almışdır. xx xxxx 2018-ci ildə qeyd olunan bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə rəsmi qaydada cavabdeh inzibati orqana müraciət etmiş və qanunvericiliklə tələb olunan sənədləri ərizəsinə əlavə etmişdir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi xx xxxxx 2018-ci il tarixli **********09 saylı məktubla ərizəsini təmin etməmiş, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990- cı il tarixli 7/439 saylı qərarı əsasında təqdim edilən 60 saylı orderlə bağlı aidiyyəti təşkilata sorğu göndərilməsi, araşdırma zamanı arxivdə orderin nüsxəsinin aşkar olunmamasına, bundan əlavə bağ sahəsində hasarlama işlərinin tamamlanmamasına və bağ sahəsinin sxematik xəritə ilə uyğun gəlməməsinə, yəni 556a saylı bağın nömrəsinin göstərilən əraziyə aidiyyətinin olmamasına və göstərilən ərazinin digər şəxsə məxsus ərazi ilə üst-üstə düşməsinə istinad olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneçilik törədir. Belə ki, qeyd olunan bağ sahəsi səlahiyyətli icra hakimiyyəti orqanının qərarı əsasında ona ayrılmış, bölgü zamanı müvafiq icra hakimiyyəti orqanının və Birliyin mütəxəssislərinin iştirakı ilə bağ evinin tikintisi üçün ona yerində verilmişdir. Bundan əlavə, bağa dair order yalnız bir nüsxədən ibarət olmaqla bağın istifadəçisinə verilir, bağa dair digər sənədlər isə cavabdehin arxivində saxlanılır. Bundan başqa, cavabdeh bağ sahəsinin sxematik xəritəsinə istinad etmişdir ki, həmin xəritə heç bir səlahiyyətli orqan tərəfindən təsdiq edilmədiyindən əsas kimi ona istinad edilməsinin heç bir hüquqi nəticəsi yoxdur. Daha sonra, xx.xx.2007-ci ilədək olan müddətdə fəaliyyətdə olan bağçılıq kooperativi tərəfindən ona bağ sahəsinə dair order təqdim edilmişdir ki, ləğv edilmiş idarə tərəfindən bağın arxiv sənədlərinin təhvil verilməməsi onun hərəkət-hərəkətsizliyi ilə əlaqədar olmamışdır. Eləcə də, qeyd olunan bağ sahəsi 1990-cı ildən istifadəsində olduğu və bu barədə hər hansı qonşu ilə torpaq mübahisəsi olmadığı halda, cavabdeh inzibati orqan torpaq sahəsinin digər hüquqi şəxsə məxsus olmasına istinad etmişdir. İddiaçı imtinanı qanunsuz və əsassız hesab edərək, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 556a saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsində baxılmış, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/439 saylı qərarı əsasında təqdim edilən 60 saylı orderlə bağlı aidiyyəti təşkilata sorğu göndərilmiş, sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 976 saylı xx.xx.2018-ci il tarixli cavab məktubunda Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/439 saylı qərarının Dövlət Arxivinin Bakı filialında mövcud olduğu bildirilmişdir. Lakin həmin qərarda İddiaçı bağ sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Habelə, 1 saylı Bakı ərazi idarəsinin arxiv əsaslarında orderin nüsxəsi aşkar olunmamışdır. Bundan əlavə, bağ sahəsində hasarlama işləri tam aparılmamış və bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 556a saylı bağın nömrəsinin göstərilən əraziyə aidiyyəti yoxdur və göstərilən ərazi digər hüquqi şəxsə- “xxxxxxxx” MMC-yə məxsus ərazi ilə üstüstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə iddiaçıya xx xxxxx 2018-ci il tarixli **********09 saylı cavab məktubu ilə məlumat verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2531/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və müvafiq sənədlərin əsilləri İdarəyə təqdim olunmamışdır. Bundan əlavə, müvafiq bağ sahəsində hasarlanma işləri tam aparılmamışdır. Bundan başqa, müvafiq bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 556a saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur və sözügedən ərazi digər hüquqi şəxs “xxxxxxxx İnvest” MMC-yə məxsus ərazi ilə üst-üstə düşür. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2pellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi, izahatında göstərdi ki, həmin ərazi “xxxxxxxx İnvest” MMC-yə məxsus ərazidir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında göstərdi ki, torpaq sahəsi 12 sot olmaqla dənizdən 800 metr məsafədədir və “xxxxxxxx İnvest” MMC-yə məxsus ərazi ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/439 saylı qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 206 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 556a saylı bağ ayrılmış və ona 60 saylı order təqdim edilmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən idarədə orderin nüsxəsinin aşkar olunmadığını, bağ sahəsində hasarlama işlərinin tam aparılmadığını, bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, 556a saylı bağın nömrəsinin göstərilən əraziyə aidiyyətinin olmadığını və göstərilən ərazinin digər hüquqi şəxsə məxsus ərazi ilə üst-üstə düşdüyünü göstərib ərizənin təmin olunmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı bağ sahəsini qanuna əsaslarla əldə etmiş və bu barədə ona verilmiş orderin əslini və notarial qaydada təsdiq edilmiş surətini, eyni zamanda 206 saylı BTK-nın tərkibində bağ sahəsi verilməsinə icazə verilməsi barədə Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı birliyinin xx.xx.1991-ci il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri də bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar və icarə müqavilələri hesab olunur. İş materiallarından məlum olur ki, qeyd olunan torpaq sahəsi xx.xx.2007-ci ilədək vətəndaşlara bağ torpaq sahələri ayırmaq səlahiyyəti olmuş Birliyin Ləhiş bağlar sahəsindəki 206 saylı kooperativi tərəfindən verilmiş 60 saylı order əsasında iddiaçıya ayrılmış və iddiaçı tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməmiş-dir. İddiaçı isə qanuni əsaslarla ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir ki, həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamışdır. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. İddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu isə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə də Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 206 saylı kooperativi tərəfindən verilmiş 60 saylı order yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin baxışı zamanı məhkəmə-tikinti ekspertizasının rəyi alınmış və məhkəmə-ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 113 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/439 saylı qərarı və X3 və İstismarı Birliyinin 206 saylı X4 60 saylı orderi əsasında İddiaçı sahibliyinə verilmiş bağ sahəsinin “xxxxxxxx İnvest” MMC-yə məxsus ərazi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Cavabdeh apellyasiya şikayətində bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq olduğunu qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, “bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq” ifadəsi formal cavab sayılır ona görə ki, cavabdehin istinad etdiyi həmin sxematik xəritənin nədən ibarət olması və hansı səlahiyyətli orqan və ya orqanlar tərəfindən tərtib və təsdiq edilməsi, eləcə də göstərilən ərazinin digər hüquqi şəxsə məxsus olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsini əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar bunlardır: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün nota-riat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanun-vericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olma-dıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.O.1., 3.0.11, 3.0.23 və 3.0.31-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə döv-lət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, eyni zamanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-2531/2019 saylı, xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2531/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-19/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-19/2020
05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver