Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-19/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X2rşı “diplom üzrə verilən ixtisasının tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2-1(82)-4363/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin 25 iyun 2016-cı il **********141 nömrəli diplom üzrə verilən ixtisasının tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetində “hüquqşünaslıq” ixtisası üzrə təhsil almış xx.xx.2016-cı il tarixdə diplom verilmişdir. Diplom üzrə ixtisasının tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etsə də, 06 iyul 2018-ci il tarixli məktubla rus dilini yaxşı bilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina məktubu poçt vasitəsilə ona xx.xx.2018-ci il tarixdə təqqdim olunmuşdur. Diploma təhsil aldığı dövrdə imtahanlardan aldığı qiymət cədvəli əlavə olunmuşdur. Diplom Dağıstan Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən apostil möhürü ilə təsdiqlənmişdir. İmtinanı əsassız hesab etdiyi üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 42-ci, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü, 29-cu maddələrinə, İPM-in 2.2.2-ci, 45-ci, 46-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 4.2-ci bəndinə istinad edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı hesab olunur. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.1-ci bəndində öz əksini tapmışdır. Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Ekspert rəyindən göründüyü kimi, komissiya iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Təhsil qanunvericiliyinin müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir: (Qanunun 11.1-ci maddəsi) təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və barəbər imkanlı olmasını təmin etmək, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalar yiyələnmək, informnasiya axımında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. Qeyd edilənlərdən göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmı ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə Komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları, Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİİ. 1.2 maddəsini, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi və Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, onun (iddiaçının) ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq RF Dağıstan Dövlət Universiteti tərəfindən idiaçının adına verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunan Konvensiyanın müddəalarına əsasən tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini, spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini, problemi araşdırma, analizetmə və həll etmə qabiliyyətini, mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini, araşdırma aparma qabiliyyətini, ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətlərinə malikdir. Sonda iddianın rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2-1(82)-4363/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Dağıstan Dövlət Universiteti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş qeydiyyat nömrəsi 4065 olan 100505 ******* nömrəli bakalavr diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı hüquqşünaslıq istiqaməti üzrə bakalavriat proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə vermişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə ona bakalavr ixtisası verilmişdir. Sözügedən diplom Dövlət İmtahan Komissiyasının sədri T.Q.Abduləzizov və Təhsil Müəssisəsinin rəhbəri M.X.Pabadanov imzalanmış, universitetin möhürü ilə, habelə xx.xx.2017-ci il tarixdə Dağıstan Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən apostil edilməklə təsdiq olunmuşdur. Dağıstan Dövlət Universiteti tərəfindən xx.xx.2016-cı ildə verilmiş qeydiyyat nömrəsi 4065 olan 100505 ******* nömrəli diploma olan xx.xx.2017-ci il tarixli əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Əsgərova X3 Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə təhsil aldığı zaman qiymətləndirmə sisteminə 3 müsbət qiymət daxil edilmişdir: məqbul, yaxşı, kafi. İddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətinə cavab olaraq, sonuncu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 23-04-606/ANİ saylı məktubdan görünür ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən aldığınız ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmiş, qeyd edilən əsasla diplomun tanınması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra– müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Odur ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu dövrdə ilk cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”-ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar;d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Rusiya Federasiyası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə görə ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizə) aşağıdakılar əlavə edilir: ali təhsil haqqında sənəd; tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə. Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 2.4 və 2.5-ci bəndlərinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdeh inzibati orqan iddiaçıya verilən diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olmamasına istinad etsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtina üçün gətirdiyi yalnız bir dəlil mövcuddur ki, o da iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmamasıdır. Halbuki, iddiaçıya münasibətdə bu xüsusatın yoxlanılması cavabdehin deyil, onun təhsil aldığı ölkədəki müvafiq təhsil müssisəsinin (orada fəaliyyət göstərən Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aiddir. Nəzərə alınmalıdır ki, iddiaçı həmin mərhələni təhsil aldığı ölkədə başa vurduğundan, cavabdeh inzibati orqanın dəlili əsaslı sayıla bilməz. Məhkəmə iddia ərzəsində diplomun verilmə tarixinin “22 iyul 2016-cı il” əvəzinə “25 iyun 2016-cı il” göstərilməsini Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən formal xəta kimi qiymətləndirmişdir. İddiaçıya müvafiq ixtisas dərəcəsinin Dövlət Komissiyası tərəfindən 25 iyun 2016-cı il tarixdə, diplomun isə 22 iyull 2016-cı il tarixdə verildiyini nəzərə alaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə də mövqeyi ilə razılaşır. Tədris komponentləri və təlim nəticələri haqqında məlumatı əks etdirən bakalavr diplomuna əlavədə iddiaçının akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər, yazdığı kurs işləri və onların qiymətləndirilməsi aydın şəkildə şərh edilmiş və ümumi nəticəsi məqbul sayılmışdır. Bundan əlavə, iddiaçının təhsil aldığı illərdə ölkədən çıxışı və girişi ilə bağlı məlumatlar onun ümumvətəndaş pasportunda qeyd edilmişdir. İddia ərizəsinə qarşı etirazda və apellyasiya şikayətində cavabdeh iddiaçının gedişgəlişində nöqsanın olmasına istina etmədiyindən, məhkəmə kollegiyası işin bu halını mübahisəsiz hal olaraq qiymətləndirir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2-1(82)-4363/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-19/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-19/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver