Məhkəmə qərarları › İş №2-1(103)-19/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-19/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-19/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X6 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-616/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi) iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, 21 oktyabr 2020-ci il tarixində Milli Gəlirlər Baş İdarəsi **********140949 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında Qərarı müvəqqəti idxal xüsusi gömrük proseduru altında idxal edilən mallara görə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi ilə bağlı hesablanmış 498,392.21 manat məbləğində əlavə vergi öhdəliyi və 249,196.16 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-616/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən yoxlanılan dövr ərzində müvəqqəti idxal gömrük proseduru altında mallar idxal edilmiş və idxal zamanı gömrük orqanları tərəfindən ƏDV və digər məcburi ödənişlər tutulmuşdur. Bundan sonra iddiaçı tərəf ƏDV üzrə bəyannamələr təqdim etməklə gömrükdə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsini həyata keçirmişdir. Bununla bağlı bütün bəyannamələri vergi orqanlarının kameral yoxlamaları ilə də təsdiq edilmişdir. Bundan başqa, əvvəlki səyyar vergi yoxlamalarında da bu cür əvəzləşmələr aparılmış və SVY akt və qərarları ilə təsdiq edilmişdir. Lakin sonradan vergi orqanı tərəfindən hansısa səbəbdən qanuna şərh verilmiş və artıq müvəqqəti idxal rejimi altında idxal olunan mallar üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşmədən çıxarılmış və onlara əlavə vergilər hesablanmış, hətta onlara buna görə maliyyə sanksiyası da tətbiq edilmişdir. Onlar dəfələrlə bu hesablamanın düzgün olmadığını, gömrük orqanları tərəfindən məcburi ƏDV ödənişlərin alındığını bildirsələr də, bu yoxlamaya qədər vergi orqanının özü tərəfindən bu əvəzləşmələrin qəbul edildiyini bildirsələr də, vergi orqanı qanunsuz və əsassız olaraq onlara əlavə vergilər hesablamış və üstəlik onlara maliyyə sanksiyası da tətbiq etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının etirazda qeyd etdiklərini görməzdən gəlmiş, hətta verginin azaldılmasına əsas səbəb kimi vergi orqanlarının özləri tərəfindən axırıncı yoxlamaya qədər heç bir irad tutulmadığını bildirsələr də, məhkəmə bütünlüklə iddianı rədd etmişdir. Halbuki, həm Vergi Məcəlləsinin müddəalarına əsasən, həm də “İnzibati icraat haqqında” qanunun müddəalarına əsasən onlara qarşı hər hansı məsuliyyət tədbiri görülə bilməzdir. Belə ki, Vergi Məcəlləsinin 3.9, 16.1.5, 24.0.1, 24.0.2, 24.0.3, 31.0.1, 37.6, 54.0.2, 55.1.3, 61.1, 61.2, 61.3-cü maddələrinə diqqətlə baxdıqda görünür ki, iddiaçıya heç bir halda maliyyə sanksiyası tətbiq edilə bilməzdi. İddiaçı daim qanunvericiliyə, vergi orqanlarının vəzifəli şəxslərinin izahatlarına və hər vergi üzrə kameral və səyyar yoxlamalar zamanı aşkar edilmiş pozuntu faktlarına əsasən öz vergi planlaşdırmasını həyata keçirmişdir. İndiki halda isə iddiaçıya heç bir vaxt irad tutulmayan, yəni vergi orqanlarının hərəkətsizliyi nəticəsində yaranmış pozuntu faktına uyğun olaraq sanksiyanın tətbiq edilməsi həm qanunvericilik baxımından qanunsuzdur, həm də iddiaçıya qarşı edilmiş ədalətsizlikdir. Bu nəticə ilə yanaşılsa, onda kameral yoxlamalar hansı məqsədlə aparılır. Bir halda ki kameral yoxlama zamanı görünə bilən, hətta bəzi hallarda iddiaçıya əvəzləşmələr zamanı köməklik göstərən vergi orqanı əməkdaşları sonradan bunu təkzib etmədən iddiaçıya sanksiya tətbiq etmişdir. Bu sanksiya yalnız sanksiya kimi deyil, həm də iddiaçının şirkət olaraq adının vergidən yayınan şirkət kimi olmasını göstərmişdir. Halbuki iddiaçı daim çalışmışdır ki, onların şirkət olaraq nüfuzlarına xələl gəlməsin. Hətta bəzi hallarda tam aydın olmayan məqamlarda əlavə vergilər ödəmişlər ki, heç bir pozuntu olmasın. Məhkəmə qərar qəbul edərkən müvəqqəti idxal zamanı ƏDV-nin ödənilməli olmamasını və bu səbəbdən əvəzləşməni də qəbul edilməməsi ilə bağlı cavabdehin fikirlərini təsdiq etməklə iddianı rədd etmişdir. Bununla bağlı bildirilir ki, iddiaçı gömrükdə ƏDV ödənişlərini aparmışdır və gömrük orqanları tərəfindən bu ödənişi təsdiq edən sənədlər də təqdim edilmişdir. Vergi Məcəlləsinin 20-ci maddəsinə əsasən vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyala keçirir. Bu Məcəllənin 20.5-ci maddəsində göstərilən orqanlar öz səlahiyyətləri daxilində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, digər qanunlara və onlara uyğun qəbul edilmiş qanunvericilik aktlarına əsasən fəaliyyət göstərirlər. Göründüyü kimi, Vergi Məcəlləsinin özündə idxal zamanı ödənilməli vergilər üzrə gömrük orqanlarının səlahiyyətli olması bildirilmişdir. İndiki halda isə gömrük orqanları tutulan məbləğin ƏDV olmadığını inkar etməmişdir. Hətta gömrük orqanları və vergi orqanları arasında anlaşılmazlıq olsa belə, buna görə vergi ödəyiciləri əziyyət çəkməməlidir. Vergi orqanı izahatında bildirmişdir ki, sonda iddiaçı tərəfindən ödənilən məbləğlər daimi idxala keçdiyi zaman ƏDV ödənişi kimi qəbul ediləcək və əvəzləşməyə icazə veriləcək. Bu izahatın özü bir daha onu göstərir ki, vergi orqanları özlərində bu ödənişi ƏDV ödənişi kimi qəbul edirlər. Belə olan halda hansı əsasa görə iddiaçının ödədiyi ƏDV məbləğlərinin indiki halda qəbul etmirlər, anlaşılan deyildir. Bir daha bildirilir ki, bu ödənişlər idxal zamanı ödənilməli olan ƏDV ödənişlərinin bir hissəsidir və sonda tam ödəniş qurtardıqda idxala görə ƏDV ödənişi hesab edilir. Əlavə olaraq bir daha bildirilir ki, iddiaçı hazırda vergi orqanlarının öz fəaliyyətlərini düzgün qurmamasına görə maliyyə sanksiyası ilə üzləşmişdir. Proses zamanı vergi orqanı əməkdaşları da təsdiq elədilər ki, bu mövqe sonradan dəyişib və əvvəllər qəbul edilirdi. Belə olan halda hansı səbəbdən onlara maliyyə sanksiyanın tətbiq edilməsi soruşulduqda isə onlar hər hansı münasibət bildirməkdən imtina edirlər. Beləliklə, Vergi Məcəlləsinin müddəalarına əsasən müvəqqəti idxal rejimində ölkə ərazisinə daxil olan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilməsə belə, Gömrük Məcəlləsinin müddəalarına əsasən bu əməliyyat vergi ödəyicisinə "hissəvi” ƏDV öhdəliyi yaradır. Bundan əlavə, vergi orqanının “müvəqqəti idxalın ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmaması” arqumenti əsaslı olsa idi, gömrük orqanları tərəfindən hissə-hissə ƏDV-nin tətbiqi ümumiyyətlə qanunsuz olardı və bu iki qanunvericilik aktları arasında ziddiyyət yaradardı. Bir tərəfdən, Vergi Məcəlləsi müvəqqəti idxalı ƏDV məqsədləri üçün vergitutma obyekti kimi müəyyən etmir və ƏDV-dən azad edir, digər tərəfdən isə Gömrük Məcəlləsi müvəqqəti idxalı aylıq əsasda sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan vergilərin məbləğinin 3 (üç) faiz miqdarında ƏDV-yə cəlb edir. Vergi Məcəlləsində vurğulandığı kimi, malların idxalı əməliyyatlarından, müvəqqəti idxal əməliyyatları daxil olmaqla, ƏDV-nin tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edildiyindən və gömrük qanunvericiliyində bu malların ƏDV-yə cəlb edilməli olduğu açıq-aydın qeyd olunduğundan hesab edilir ki, bu məsələ üzrə sahə qanunvericiliyi Gömrük Məcəlləsi hesab olunmalıdır. ƏDV bəyannamələrinin bəyənnamə məlumatlarında qeyd əlavə edilmiş məbləğlər müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilmiş ƏDV məbləğləridir və Filial tərəfindən vergi orqanına təqdim edilmiş gömrük sənədlərindən və ödəniş sənədlərindən də aydın şəkildə görünür ki, Filial tərəfindən vergi və gömrük qanunvericiliyinin tələblərinə əsasən bu ƏDV və gömrük rüsumları ödənilmişdir. Beləliklə, Filial tərəfindən əvəzləşdirilən ƏDV müvəqqəti idxal əməliyyatı ilə əlaqəli olduğundan və idxal-ixrac əməliyyatlarında ƏDV tutulmalarının həyata keçirilməsinin və nəzarətin gömrük orqanları tərəfindən baxılmalı olduğundan, vergi orqanının sadəcə Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsaslanaraq müvəqqəti idxalın ƏDV-nin vergitutma obyekti olmamasını qeyd etməklə əvəzləşmənin ləğv edilməsi qanuna zidd hesab edilir. Vergi orqanı qərarlarda müvəqqəti idxal edilmiş malların ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən vergi qanunvericiliyində onların əvəzləşdirilməsinin nəzərdə tutulmaması və bu səbəbdən də yalnız sərbəst dövriyyə üçün buraxıldığı halda Vergi Məcəlləsinin 176.5-ci maddəsinə əsasən əvəzləşdirilməsinin mümkünlüyünü iddia edir. ƏDV-nin əvəzləşdirilməsinin əsas şərtləri ilə yanaşı, idxalda ƏDV-nin əvəzləşdirilməsinin yeganə şərti Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən müəyyən edilmişdir. Maddəyə əsasən, gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq ƏDV-nin əvəzləşdirilməsinə əsas verir. Vergi Məcəlləsinin 175.1 və 170-ci maddələrinin tələblərinə uyğun olaraq isə hesabat dövrü ərzində malların idxalı üzrə gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt ƏDV-nin əvəzləşməsinə icazə verilir. Maddələrdən də göründüyü kimi, ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi üçün nə müvəqqəti idxal malları istisna edilmiş, nə də sərbəst dövriyyəyə buraxılış şərti qoyulmuşdur. ƏDV-nin əvəzləşdirilməsinin əsas şərtləri ilə yanaşı, idxalda ƏDV-nin əvəzləşdirilməsinin yeganə şərti Vergi Məcəlləsinin 175.10-cu maddəsi ilə müəyyən edilmişdir və bu şərt Filial tərəfindən Dövlət Vergi Xidmətinə təqdim edilən ƏDVnin ödənildiyini göstərən idxal sənədlərinin mövcud olmasıdır. Beləliklə, Filial qanunvericilikdə nəzərdə tutulmuş hüququndan istifadə edərək, müvəqqəti idxal gömrük proseduru altında idxal etdiyi mallar üzrə Gömrük Məcəlləsi üzrə tələb edilən ƏDV-ni aylıq əsasda ödəmiş və Vergi Məcəlləsinin 175.1 və 176.5-ci (indiki yazılışda 175.10) maddələrinə uyğun olaraq ƏDV-nin ödənildikləri müvafiq aylarda əvəzləşdirmə aparmışdır. Bu halda, vergi orqanının müvəqqəti idxal üzrə ƏDV-nin əvəzləşdirilməsinin vergi qanunvericiliyində nəzərdə tutulmaması səbəbindən qəbul etməyib əsassız olaraq əlavə vergi öhdəliyi və maliyyə sanksiyası hesablaması qanuna ziddir. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Öz iqtisadi-hüquqi təbiətinə görə ƏDV dolayı vergi olmaqla, malların (işlərin, xidmətlərin) istehlakına görə olan vergidir. ƏDV məhsulun (işin və xidmətin) istehsalı və təqdim olunması prosesinin bütün mərhələləri zamanı dövlət büdcəsinə tutulan vergidir. ƏDV-nin tətbiq edilməsi nəticəsində malın (işin, xidmətin) sonuncu istehlakçısı, satıcıya vergini aldığı malın qiymətinə uyğun tam həcmdə ödəyir. Amma büdcəyə bu məbləğ sonuncu satışından daha öncə daxil olmağa başlayır. Belə ki, malın (işin, xidmətin) istehsalında və satışında iştirak edən hər kəs bu malın aldığı qiyməti ilə üzərinə gəldiyi əlavə dəyərdən sonra satanda həmin fərqin vergisini ödəyir. Dəyərdən göstərilən hər mərhələdə əlavə olunmuş dəyərə əsaslanaraq. Son istehlakçıdan başqa hər mərhələdə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirilir və nəticədə mal (iş, xidmət üzrə) ƏDVnin ödəyicisi istehlakçı olur. Beləliklə, ƏDV prinsiplərinə əsasən ƏDV son istehlakçının vergisidir. Biznes (sahibkarlıq subyektləri) ƏDV-nin mərhələ-mərhələ yığılmasında yalnız agent rolunu oynayır və onun üçün ƏDV maliyyə yükü olmamalıdır. Belə ki, ƏDV ödəyicisi olan sahibkarlar ödədiyi ƏDV-ni əvəzləşdirməklə heç bir maliyyə yükü daşımamalıdır. Filialın idxal etdiyi mallar ölkə ərazisinə icarə məqsədi ilə gətirilib və sərbəst dövriyyəyə buraxılma müddətindən daha əvvəl ölkədən çıxarılmışdır. Bu səbəbdən onun son istehlakçısının Azərbaycanda olmadığından, həmin müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilən ƏDV məbləğləri Filial tərəfindən əvəzləşdirilməlidir. Sözügedən malların sərbəst dövriyyəyə buraxılması müddəti üzrə olan şərti heç vaxt ödənilməyəcək və beləliklə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilməzsə, bu, Filial üçün əlavə maliyyə yükünə çevrilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X10 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2020-ci il tarixli **********140949 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, iddiaçıya 591.768,83 manat vergi, 5.912,75 manat faiz hesablanmış və 271.233,27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli **********463900 nömrəli qərarından görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2020-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, xx.xx.2020-ci il tarixli **********194845 nömrəli səyyar vergi yoxlaması aktı etibarlı hesab olunmuş və həmin akt əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********140949 nömrəli Qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. İşin faktiki halları ondan ibarətdir ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194792 nömrəli Qərarına əsasən "X13 GROSSBOHR-UND UMVELTTECHNİK" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli **********194845 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********140949 nömrəli Qərarı ilə iddiaçıya 591.768,83 manat vergi, 5.912,75 manat faiz hesablanmış və 271.233,27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı təqdim olunmuş müqavilələr, vergi hesab-fakturaları, invoyslar, ödəniş sənədləri və digər sənədlərə əsasən Filialın təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanılmış və Vergi Məcəlləsinin 159-cu, 169-cu və 175-ci maddələrinin tələblərinin pozulması səbəbindən əlavə dəyər vergisinin ümumilikdə 541.906,54 manat azaldılması müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən mübahisələndirilən hal üzrə cari yoxlama ilə 2018-ci ilin 1-ci rübünün ƏDV bəyannaməsi üzrə idxalda ƏDV-yə cəlb edilmiş mallara görə ödənilmiş 498.392,31 manat ƏDV məbləği əldə olunmuş sənədlərə əsasən müvəqqəti idxal gömrük rejimi (kod: 31) adı altında olduğu üçün nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən 498.392,31 manat ƏDV-nin azaldılması nəticəsində azaldılmış vergi məbləğin 50%-i miqdarında, yəni 249.196,16 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı müvəqqəti idxalın ƏDV məqsədləri üçün vergituma obyekti olmaması barədə vergi orqanının mövqeyi ilə razılaşmayaraq, “müvəqqəti idxal altında gətirilən mallar Vergi Məcəlləsi ilə idxal malları hesab edilməsəydi, Gömrük Məcəlləsinə əsasən “hissəvi” ƏDVnin ödənilməsi öhdəliyi yaranmazdı” halına istinad edir. Həmçinin, normalar arasında ziddiyyət olduğunu və bu sahədə sahəvi qanunvericiliyinin Gömrük Məcəlləsi olduğu və Gömrük Məcəlləsi ilə müvəqqəti idxalda “hissəvi ƏDV”-nin ödənilməsinin nəzərdə tutulduğunu bildirir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti. 13.2.31. Malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 159.3. Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən Vergi Məcəlləsində nəzərdə tutulan ƏDV əvəzləşmə mexanizminin tətbiq olunması üçün həmin Məcəllənin müəyyən etdiyi şərtlər tam ödənilməlidir. Belə ki, ilk növbədə ƏDV üzrə vergitutma obyektinin yaranması müəyyən edilməlidir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Vergi Məcəlləsində “malların idxalı” anlayışı müəyyən edilməklə ƏDV-ni bütün hallarda idxala (azad edilən idxal istisna olmaqla) tətbiq edir. Müvəqqəti idxal isə Gömrük Məcəlləsinin 192-194-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları" ilə tənzimlənir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: 192.1. Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. 194.1. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. 194.2. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. 194.3. Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş «Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları»: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 192.4-cü maddəsinə əsasən hazırlanmışdır və malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. Müvəqqəti idxal proseduru altında təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar yerləşdirilir. 7.5. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. 7.8. Müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. 7.9. Gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır. Qeyd edilənlərə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Beləliklə, müvəqqəti idxalda Vergi Məcəlləsinə əsasən vergitutma baxımından ƏDV-nin ödənilməsi tələbi olmadığından bu əməliyyatlar vergi tutulan əməliyyat sayılmır. Vergi Məcəlləsinin 175-ci maddəsi vergi tutulan əməliyyatlar üzrə əvəzləşməni nəzərdə tutduğundan müvəqqəti idxal rejimində ödənilən məbləğlərin əvəzləşdirilməsi qanunvericiliyə ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Gömrük Məcəlləsi və Vergi Məcəlləsi arasında bu sahədə ziddiyyət olduğu barədə səhv qənaətə gəlmiş, idxal-ixrac əməliyyatları zamanı vergi orqanlarının səlahiyyətlərinin gömrük orqanları tərəfindən həyata keçirilməsini, Gömrük Məcəlləsinə əsasən müvəqqəti idxal rejimində mallara aylıq 3% ödənişlərin tətbiq edilməsi halını əsassız olaraq Vergi Məcəlləsində nəzərdə tutulmuş ƏDV ilə eyniləşdirmiş və vergi öhdəliklərini azaltmışdır. «Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları»na əsasən müvvəqəti rejimdə saxlanılan mallar sərbəst dövriyyəyə buraxıldıqda ödənilmiş aylıq məbləğlər hesablanmış gömrük rüsumları və vergilərdən çıxılır. Mallar sərbəst dövriyyəyə buraxılmayıb, təkrar ixrac edildikdə isə ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Ona görə də müvəqqəti idxal rejimində ödənilən məbləğlərin Vergi Məcəlləsində nəzərdə tutulan 18% dərəcə təşkil edən ƏDV ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir. Eyni zamanda müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən ödənilmiş aylıq ödənişlər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-649/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında mövqeyi ondan ibarət olmuşdur ki, Vergi Məcəlləsinin 175-ci maddəsində (mübahisəli əməliyyatın aparıldığı vaxtda qüvvədə olan redaksiyası) müvəqqəti idxal rejimindəki mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məsələ tənzimlənməsə də, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən, başqa sözlə, vergi məqsədləri baxımından ƏDV-yə cəlb olunan əməliyyat (idxal) sayılmadığından onun əvəzləşdirilməsi də qanunauyğun deyildir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-616/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar