Məhkəmə qərarları › İş №2-1(103)-19/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-19/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-19/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “maddi ziyanın və əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 915/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.2006-cı il tarixli, 000925 saylı “dövlət əmlakının hüquqi və fiziki şəxsə satılmasına dair” şəhadətnaməsinin və xx.xx.2007-ci il tarixli, 000312 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin etibarsız hesab edilməsi nəticəsində İddiaçı MTK-ya dəymiş 14.438.000 (on dörd milyon dörd yüz otuz səkkiz min) manat maddi ziyanın, o cümlədən 24.225.000 (iyirmi dörd milyon iki yüz iyirmi beş min) manat məbləğində əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamı ilə 0.16 ha torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.2007-ci il tarixli, 000312 saylı şəhadətnaməyə əsasən İddiaçı MTK tərəfindən özəlləşdirilmişdir. Daha sonra İddiaçı MTK ərazidə tikinti işləri aparmaq üçün xx.xx.2007-ci il tarixli, 3705 saylı icazə, eləcə də, digər zəruri sənədləri almış və tikinti işlərini başlayaraq 2 mərtəbə zirzəmi və 3 mərtəbə qeyriyaşayış və yaşayış sahəsini inşa etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamın etibarsız hesab edilməsi tələbi ilə Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs İddiaçı MTK-ya qarşı məhkəmədə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-416/2016 nömrəli qərarı ilə qeyd edilən sərəncam etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-1178/2017 saylı qərarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-326/2019 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci il tarixli, 00312 saylı şəhadətnamə, xx.xx.2006-cı il tarixli, 993 saylı və xx.xx.2007-ci il tarixli, 42 saylı müqavilələr, eləcə də, xx.xx.2006-cı il tarixli, 000925 saylı şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 2(103)-543/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(102)-507/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003cü il tarixli, 515 saylı sərəncamı Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaları səbəbindən etibarsız hesab edilmiş, bununla da, 0.16 ha torpaq sahəsində inşa etdikləri binanın tikintisi məcburi olaraq dayandırılmışdır. Mübahisəli torpaq sahəsi tam qanuni şəkildə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamına əsasən tərəflərindən icarəyə götürülmüşdür. Qeyd edilən sərəncamda ərazidə yerləşən tikililərin sökülməsi və yerində bina inşa edilməsi nəzərdə tutulmuşdur. Torpaq sahəsi ‘‘İncəsənət” MTK-nın adına özəlləşdirilmiş və hüquqları Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.2007-ci il tarixli, 000312 saylı şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Eyni zamanda, xx.xx.2006-cı il tarixli, 993 saylı və xx.xx.2007- ci il tarixli, 42 saylı müqavilələr bağlanmış, xx.xx.2006-cı il tarixli, 000925 saylı şəhadətnaməyə əsasən ərazidə yerləşən 337.1 kv.m ibarət qeyri-yaşayış sahəsi dəyəri ödənilməklə tərəflərindən satın alınmışdır. Qeyd edilən səlahiyyətli orqanın sərəncamın qanuniliyinə və əsaslılığına güvənərək, onlar ərazinin özəlləşdirilməsini həyata keçirmiş və 2 mərtəbə zirzəmidən və 3 mərtəbə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olmaqla tikinti işləri aparmışlar. Lakin, görünən budur ki, artıq yuxarıda adları qeyd edilən məhkəmələr həmin sərəncamın və şəhadətnamələrin etibarsızlığını tanımış və bu barədə qərarlar çıxartmışdırlar. Bakı şəhər İcra hakimiyyəti həmin ərazinin onların icarələrinə verilməsi və ərazidə söküntü və yeni binaların inşası barədə sərəncam verərkən ərazinin kimin balansında olması, ümumiyyətlə ərazidə tikinti işi aparmağın mümkünlüyünü araşdırmadığından bu cür sərəncam vermişdir. Artıq onların bu sərəncamın həqiqətən əsaslı və ya əsassız olmasına dair hər hansı hüquqi münasibət bildirməklərinə gərək yoxdur. Çünki, onların (sərəncamın, şəhadətnamələrin və müqavilələrin) etibarsızlığı barədə qüvvəyə minmiş məhkəmə qərarları vardır. Onlar məhz həmin aktların səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş olması baxımından mötəbərliyinə güvənərək ərazidə özəlləşdirmə, söküntü və tikinti işləri aparmışlar və son nəticədə bu aktlar etibarsız hesab edilmişdir, o zaman Bakı şəhər İcra Hakimiyyəti onların zərərə düşmələrinin əsas subyekt kimi cavabdehlik daşımalı, onlara vurulmuş zərərin əvəzini digər cavabdehlərlə birlikdə ödəməlidir. Qeyd ediləndən əlavə olaraq hesab edirlər ki, həm özəlləşdirmədən, həm də ərazidəki qeyri-yaşayış sahələrinin sökülməsindən və yeni binanın inşasından Təhsil Nazirliyinin və onun nəzdində olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məlumatı olmuşdur. Belə ki, ərazinin icarəyə götürülməsi, özəlləşdirilməsi, habelə oradakı qeyri-yaşayış sahəsinin sökülməsi və yeni bina inşası gizlədiləcək ölçüdə bir iş deyil. Bu işlər həyata keçirilərkən faktiki olaraq Təhsil Nazirliyi heç bir etiraz və narazılıq bildirməmiş, torpağın və qeyri-yaşayış binalarının özəlləşdirilməsinin qarşısını almaq üçün nə İddiaçı MTK-ya, nə də başqa dövlət orqanlarına müraciət etməmişdir. Bununla da, onların böyük məbləğdə zərərə düşmələrinə zəmin yaradacaq davranış nümayiş etdirmişdir. Təhsil Nazirliyi indiki kimi məhkəmədə vaxtında iddia qaldırsaydı, sərəncamın etibarsızlığını mübahisələndirərək onu etibarsız hesab etdirmiş olsaydı, onlar ərazidə nə söküntü, nə də yeni tikinti apara bilməzdilər və böyük məbləğdə zərərə də düşməzdilər. Məhz buna görə də, hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi onların iddia tələbləri üzrə həmiştirakçı olmaqla, birgə cavabdeh kimi Bakı şəhər İcra Hakimiyyəti və digər cavabdehlə birlikdə məhkəmədə iştirak etməli, vurulmuş zərəri ödəməlidir. Bunlardan əlavə, ziyanın vurulmasına səbəb olan digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsidir. Çünki, hüquqi varisi olduğu Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi şəhadətnamələr məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Etibarsızlığın bir səbəbi müvafiq sərəncamın qanunsuzluğudursa, digər səbəbi Təhsil Nazirliyinin balansında olan torpaq sahəsinin məhz Komitə tərəfindən İddiaçı MTK-nın adına özəlləşdirilməsidir. Komitə özəlləşdirmə və müvafiq şəhadətnamənin verilməsi proseduruna başlayaraq dövlətin mülkiyyətində olan bu torpaq sahəsinin kimin, Bakı şəhər İcra Hakimiyyətinin yaxud da, Təhsil Nazirliyinin balansında olmasını aydınlaşdırmamışdır. Əgər Komitə vaxtında qanuni araşdırma apararaq torpaq sahəsinin Təhzil Nazirliyinin balansında olması səbəbindən, məhz bu qurumun rəsmi razılıq məktubunu tələb etsəydi, bu gün torpaq ayırmasına dair bu sərəncam və şəhadətnamələr etibarsız hesab edilə bilməzdi. Çünki, Təhsil Nazirliyi bu cür iddia qaldırmış olsaydı əvəzində onlar məhkəməyə sübut kimi Təhsil Nazirliyinin özünün razılıq məktubunu təqdim edər və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasına hüquqi cəhətdən nail olacaqdır. Lakin, göründüyü kimi, Komitə bu istiqamətdə heç bir araşdırma aparmamışdır və nəticədə böyük məbləğdə ziyanın vurulmasına əsas verən halların yaranmasına zəmin yaratmışdır. Bu hal Komitənin həmiştirakçı kimi cavabdeh qismində işdə iştirakının vacibliyini ortaya qoyur. Bundan əlavə, özəlləşdirmə ilə bağlı həm torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar satınalma dəyəri olan 4096 manat, 337.1 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar satınalma dəyəri olan 11269 manat məhz Komitəyə ödənilmişdir. Bu hal da, hazırkı iş üzrə onun cavabdeh qismində işdə iştiraka cəlb edilməsinə faktiki və hüquqi zəmin yaradır. Təbii ki, komitənin vurduğu zərər bu məbləğlərlə məhdudlaşmır, yuxarıda qeyd etdikləri kimi onun özəlləşdirmə zamanı araşdırma aparmadan ərazini onlara satması son nəticədə ərazidə tərəflərindən söküntü və tikinti işləri aparılmasına, nəticədə tərəflərindən böyük xərclərin çəkilməsinə gətirib çıxartmışdır. Həmin vaxtdan uzun müddət keçdiyinə və eləcə də, iki dəfə devalvasiya baş verdiyinə görə təbii ki, pulun inflyasiya göstəriciləri də, məhkəmə tərəfindən nəzərə alınmalıdır. Yuxarıda qeyd etdikləri hüquqi əsaslı faktlardan göründüyü kimi, onların tərəfindən həmin ərazinin icarəyə götürülməsi, oradakı binaların sökülməsi və həm də, üzərində binanın tikilməsi həmin vaxt qüvvədə olan müvafiq sərəncama əsasən inşa edildiyi üçün həmin tikintinin aparılması və söküntü işlərinin həyata keçirilməsi qanunsuz sayıla bilməz. Ərazinin əldə edilməsində və tərəflərindən bina inşa edilməsində heç bir qanun pozuntusu olmamışdır. Buna görə də, onlara vurulmuş ziyan da hər 3 dövlət orqanının təqsiri olduğunu düşünərək, hesab edirlər ki, onlar birgə iştirakçı kimi cavabdeh qismində işdə iştirak edilməli və onlara vurulan zərəri ödəməlidirlər. Bu cür zərərin yaranmasında dövlət orqanlarının onları aldatması, habelə etinadsızlığı və biganəliyi səbəb olmuşdur. Beləliklə, tələbləri xərclənmiş vəsaitdən və gələcəkdə əldə oluna biləcək faydanın tutularaq ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti 581-582 saylı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,16 ha torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin razılıqları əsasında Azərbaycan Respublikasının keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MTK arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 993 nömrəli və xx.xx.2007-ci il tarixli, 442 nömrəli alqısatqı müqavilələri əsasında Yasamal rayonu, İnşaatçılar prospekti, 9 ünvanında yerləşən 337,1 kv.m qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 1600 kv.m torpaq sahəsi İddiaçı MTKya satılmışdır. Lakin, daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiası əsasında məhkəmə qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iddiası əsasında yuxarıda qeyd edilən qeyriyaşayış və torpaq sahəsinin İddiaçı MTK tərəfindən özəlləşdirilməsinə dair sənədlər də, etibarsız hesab edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi məhkəmə qərarı əsasında ləğv edilmişdir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı MTK-ya hər hansı maddi ziyan vurulmamışdır. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qeyd edilən qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi qanunvericiliyə uyğun həyata keçirilmiş, bununla əlaqədar balanssaxlayıcının razılığı olmuşdur. Eyni zamanda bildirmişlər ki, iddiaçı cavabdehlərdən ümumilikdə 38.663.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etsə də, ona qeyd edilən məbləğdə ziyanın vurulmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müvafiq olaraq 11.269 və 4096 manat məbləğində pul vəsaiti ödədiyini qeyd etmişdir. Göründüyü kimi, iddia ərizəsi ilə tələb olunan 38.663.000 manat məbləğində vəsait heç bir hüquqi əsası olmayan şişirdilmiş məbləğdir və iddiaçı tərəfindən qeyd edilən əmlakın özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə ödədiyi məbləğdən dəfələrlə çoxdur. Əmlak Məsələləri Dövlət Xidmətinin hər-hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər vurulmamış və iddiaçı bunu ərizəsində əsaslandırmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş etiraza əsasən, iddiaçı Təhsil Nazirliyinə qarşı iddia tələbini onunla əsaslandırmışdır ki, həm özəlləşdirmədən, həm də, ərazidəki qeyri-yaşayış sahəsinin sökülməsindən və yeni binanın inşasından Təhsil Nazirliyinin və onun nəzdində olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məlumatı olmuşdur. Belə ki, ərazinin icarəyə götürülməsi, özəlləşdirilməsi, habelə oradakı qeyri-yaşayış sahəsinin sökülməsi və yeni bina inşası zamanı nazirlik etiraz etməmiş və bununla bağlı dövlət orqanlarına müraciət etməmişdir. Təhsil Nazirliyi vaxtında müraciət etsəydi, onlar ərazidə nə söküntü, nə də tikinti işləri aparmazdılar və böyük məbləğdə ziyana düşməzdilər. Məhz buna görə, hazırkı iddia tələbi ilə Təhsil Nazirliyi onların iddia tələbləri üzrə həm iştirakçı, həm də, birgə cavabdeh olmaqla vurulmuş zərəri ödəməlidir. Hesab edirlər ki, İddiaçı MTK-nın Təhsil Nazirliyinə qarşı bu tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli,14 №-li Qərarı ilə ünvan 1 ünvanda yerləşən binaları bütövlükdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istifadəsinə verilmiş və hazırda Universitet həmin ünvanda fəaliyyət göstərir. Aparılmış araşdırma zamanı aşkar edilmişdir ki, Universitetə aid olan 0,16 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamı ilə İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Qeyd etmək lazımdır ki, adı çəkilən ərazidə universitetin balansında olan yeməkxana binası və avtomabil duracaqları fəaliyyət göstərmişdir. Həmin sərəncamı universitetin qeyd olunan yeməkxana binası ilə, avtomobil duracaqlarının sökülməsi İddiaçı MTK-ya tapşırılmış və bu tikililər qanunsuz olaraq sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 515 saylı sərəncamının 1-ci bəndinin 1-ci abzasında “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə”nin mövcudluğu barədə qeyd edilsə də, lakin araşdırma zamanı belə bir müqavilənin mövcudluğu təsdiqini tapmamışdır. Habelə, təqdim olunmuş sənədlərdə həmin obyektin kim tərəfindən icarəyə verilməsi barədə məlumat qeyd edilməmişdir. Araşdırma zamanı MTK-nın əməkdaşları Təhsil Nazirliyinin balansında və Universitetin istifadəsində olan binanın 1600 kv.m həyətyanı sahəsinin onlar tərəfindən satın alındığı və müvafiq sənədlərə malik olduqlarını bildirmişlər. Sonra həmin şəxslər ərazinin satın alınması barədə şəhadətnamə təqdim etmişlər. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 000312 qeydiyyat nömrəsi olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınması barədə şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən torpaq sahəsi Təhsil Nazirliyinin balansında olmaqla, Universitetin istifadəsində olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, qüvvədə olan qanunvericilik təhsil müəssisələrinin özəlləşdirilməsini qadağan etsə də, lakin cavabdeh hansı yolla isə həmin obyekti mənimsəməyə və qanunsuz olaraq özəlləşdirilməsinə nail olmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq təhsil müəssisəsinə məxsus olan binanın və ərazinin özəlləşdirilməsi qadağan olduğundan, özəlləşdirmə ilə bağlı verilmiş sənədlər etibarsız hesab edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 37.6cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır. 1999-cu il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 44-cü maddəsinə əsasən, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir”. Bu Məcəllənin 46-cı maddəsinə görə, “dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; habelə, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar” dövlət mükiyyətində olan torpaqlar hesab edilir”. İlkin sənədlərdən göründüyü kimi, İddiaçı MTKnın adına rəsmiləşdirilmiş sahə Təhsil Nazirliyinin balansında olmaqla Universitetin ərazisidir. Universitet dövlət müəssisəsi, onun yerləşdiyi torpaq isə dövlət mülkiyyətində olduğundan onun ərazisinin digər şəxslərin adına özlləşdirilməsi qanunvericiliyin ciddi şəkildə pozulması kimi qiymətlədirilməlidir. Belə ki, qanunvericilik dövlət müəssisəsi olan təhsil müəssisəsinin özəlləşdirilməsini birmənalı olaraq qadağan edir. Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən, “Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir”. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 2.2.6-cı yarımbəndinə əsasən, Dövlət mülkiyyətində olan təhsil müəssisələri (dövlət icbari ümumi orta təhsil müəssisələri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər siyahısına daxil edilmişdir. Lakin, göründüyü kimi, Universitetin ərazisinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin hər-hansı bir qərarı mövcud olmamışdır. Qeyd olunan qanunvericilik aktlarına uyğun olaraq, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş və sonradan rəsmiləşdirilmiş torpaq sahəsi dövlət mülkiyyətində və Nazirliyin balansında olduğundan şəhadətnamə və Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamı etibarsız hesab edilmiş və onun hüquqi nəticələri ləğv edilmişdir. Qeyd edilənlərə əsaslanaraq, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(102)-507/2019 saylı və xx.xx.2018-ci il tarixli, 2-1(102)- 138/2018 saylı qərarları ilə təsdiq edilmişdir. Hazırkı iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı ehtimallara əsaslanaraq, ziyanın cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsini tələb edir. Bildirirlər ki, iddiaçı şirkət həmin ərazidə torpaq sahəsinin ayrılması və tikintinin aparılması məqsədilə onunla Universitet arasında bağlanmış əsası olmayan müqaviləyə istinad edərək, Yasamal rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə dəfələrə müraciət etmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamından görünür ki, Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 966/d saylı razılıq məktubu, İddiaçı MTK-nın xx.xx.2003-cü il tarixli, 02-08/1 saylı müraciəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə nəzərə alınaraq torpaq sahəsinin ayrılması barədə sərəncam imzalanmışdır. Sərəncamda müqaviləyə istinad edilməsinə baxmayaraq, lakin hansı tarixli, hansı nömrəli müqavilə olduğu barədə məlumat verilməmişdir. Aydın olur ki, tərəflər arasında heç bir rəsmi müqavilə olmamışdır. Bu məsələ qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Belə ki, qüvvədə olan məhkəmə qərarlarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının qəbul edilməsi üçün əsas götürülmüş faktiki və hüquqi əsaslar mövcud olmadığından, göstərilən sərəncam qanunvericiliyin tələblərinə uyğun olmamış və o, əsasla da, etibarsız hesab edilmişdir. Lakin, iddiaçının təqdim etdiyi iddia ərizəsinin məzmunundan belə başa düşülür ki, guya hazırkı iş üzrə cavabdehlər iddiaçını həmin ərazidə tikintinin aparılmasını məcbur etmişlər. Halbuki, qanunsuz yollarla Universitetin ərazisində olan torpaq sahəsinin ayrılmasına və tikintinin aparılmasına təşəbbüs bilavasitə iddiaçı tərəfindən olmuşdur. Eyni zamanda bildirirlər ki, həmin ərazidə tikinti işlərinin 2005-ci ildə başlanılmasına baxmayaraq, 2007-ci ildən həmin ərazidə tikinti işləri iddiaçı tərəfindən dayandırılmışdır. Nəzərə almaq lazımdır ki, həmin tikiliyə əsas verən sənədlərin etibarsız hesab edilməsi barədə iddia məhkəməyə 2016-cı ildə verilmişdir. Yəni tikinti işləri dayandırıldıqdan 9 il sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının İddiaçı MTK-ya rəsmi göstərişi olmamışdır. Faktiki olaraq İddiaçı MTK həmin ərazidə tikintinin aparılmasından imtina etmişdir. Tikintinin başa çatdırılmasına iddiaçı tərəfindən imtina edilməsinə baxmayaraq, çəkilmiş xərcləri cavabdehlərdən tələb etməsi məntiqsizdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyinin əsas prinsipləri hesab edilir. Mülki qanunvericiliyin prinsiplərinə uyğun olaraq, Təhsil Nazirliyi də pozulmuş hüquqlarını bərpa etmiş və məhkəmə qaydasında İddiaçı MTK-nın adına verilmiş sərəncam və şəhadətnamə etibarsız hesab edilmişdir. Hesab edirlər ki, Təhsil Nazirliyinin və Universitetin mübahisələndirilən ərazidə torpaqdan istifadə hüquqlarının məhkəmə qaydasında bərpa etməsi, iş üzrə cavabdehin tikinti aparan şəxslər qarşısında çəkilmiş xərclərlə bağlı hər hansı bir məsuliyyət yarada bilməz. Digər tərəfdən, İddiaçı MTK-nın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “qanunsuz tikilinin sökülməsi barədə” iddiasına qarşı “pul tələbinə dair" qarşılıqlı tələb irəli sürmüş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3334/2021 saylı qətnaməsi ilə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, ADMİU-nun hər-hansı təqsiri ucbatından MTK-ya böyük miqdarda zərərin vurulması öz təsdiqini tapmır. Qarşılıqlı iddia tələbində göstərilən mübahisə predmeti olan həmin tikilinin inşası və ərazinin özəlləşdirilməsi, orada olan əmlakların satın alınması Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hər-hansı təqsirli və ya hüquqazidd əməli nəticəsində baş verməsi iş materialları ilə müəyyən edilmir. Ona görə işə baxan məhkəmə hesab edib ki, qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mübahisə barədə qüvvədə olan məhkəmə qərarlarından görünür ki, İddiaçı MTK-nın torpaqdan istifadəyə dair sərəncam almaq üçün dövlət orqanlarına təqdim etdiyi sənədlərin hüquqi əsası olmamış və məhz bu səbəbdən də, məhkəmə qərarları ilə sərəncam və şəhadətnamə etibarsız hesab edilmişdir. Eyni zamanda bildirirlər ki, İddiaçı MTK-nın tikintiyə çəkdiyi xərclərə görə, Təhsil Nazirliyi məsuliyyət daşıya bilməz. Belə ki, Təhsil Nazirliyinə qarşı olan tələbin heç bir hüquqi əsası yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm məhkəmə iclaslarında iştirak edərkən, həm də iddia ərizəsində dəfələrlə torpaq sahəsinin özəlləşdirilməsi və üzərində çoxmənzilli binanın inşasının qanunsuz olmadığını, tərəflərindən tikinti işlərinin qanuni əsasla aparıldığını vurğulayıblar. Məhkəmə torpaq sahəsinin ayrılmasına dair sərəncamda qeyd edilmiş müqavilənin etibarsız olmasını əsas götürsə də, tərəflərindən məhkəməyə təqdim edilmiş Universitet kollektivinin Təhsil Nazirliyinə, eləcə də AR Təhsil Nazirliyinin AR İqtisadiyyat Nazirliyinə ünvanladığı məktuba hüquqi qiymət verməmişdir. Belə ki, Təhsil Nazirliyinin İqtisadiyyat Nazirliyinə ünvanladığı xx.xx.2004-cü il tarixli, xx-xx-1576\16 saylı məktubda açıq şəkildə qeyd edilmişdir ki, “.....Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əmək kollektivinin təsisçiliyi ilə İddiaçı mənzil tikinti kooperativinin əmək kollektivinin rəhbərliyi bizə müraciət edərək, universitetin həyətində (Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 581-582 məhəllədə yerləşən) 0.16 ha torpaq sahəsinin və həmin sahədə yerləşən 400 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilərək gələcəkdə özəlləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. Qeyd olunan ünvanda 0.16 ha torpaq sahəsinin və orada yerləşən 400 m2 qeyri-yaşayış sahəsinin müraciət edən müəssisəyə icarəyə verilərək gələcəkdə özəlləşdirilməsinə etiraz etmirik...”. Göründüyü kimi Təhsil Nazirliyi heç bir halda torpağın özəlləşdirilməsindən və eləcə də üzərindəki qeyri-yaşayış binalarının (yeməkxana binası və s) özəlləşdirilməsindən məlumatsız olmayıb. Təhsil Nazirliyi məhkəməyə təqdim etdiyi etirazında bu məsələdən məlumatsız olduğunu, mübahisəli torpağın Nazirliyin balansında olmaqla dövlət mülkiyyətində olduğunu dəfələrlə vurğulamasına baxmayaraq, həmin torpaq sahəsinin və üzərindəki əmlakların özəlləşdirilməsindən nəinki məlumatlı olub, hətda buna rəsmi məktubla icazə də vermişdir. Bu icazə əsas götürülməklə ərazi MTK-nın əvvəlcə istifadəsinə, daha sonra mülkiyyətinə verilmiş, nəhayət üzərində çoxmənzilli binanın müəyyən hissəsi inşa edilmişdir. Əgər Təhsil Nazirliyi razılıq verməsə idi, bu cür özəlləşdirmə və tikinti işləri aparıla bilməzdi. Apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin qərarları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2409/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-915/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, iddianın təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 146/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2409/2022 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X6 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehin nümayəndələri məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçı və digər cavabdehin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 515 saylı, xx.xx.2003-cü il tarixli “Özünəməxsus ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” sərəncamının surətindən görünür ki, Sərəncamın 1-ci bəndinə əsasən Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 966/d saylı razılıq məktubu, İddiaçı MTK-nın xx.xx.2003-cü il tarixli, 02-08/1 saylı müraciəti, Azərbaycan Dövlət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə nəzərə alınaraq, Yasamal rayonu, İnşaatçılar prospektindəki 581-582 saylı məhəllələrdə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0.16 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nin istifadəsinə verilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 17/245 saylı qərarının ləğv edilməsi ərazidə yerləşən tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsatin ödənilməsi İddiaçı MTK-ya tapşırılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2006cı il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı MTK həqiqətən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən 337.1 kv.m qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Alınmış əmlakın tərkibi 337.1 kv.m qeyri-yaşayış sahəsi. Əmlakın ümumi satış qiyməti 11269 manat təşkil etmişdir. Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 nömrəli tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 11269 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin surətindən görünür ki, İddiaçı MTK həqiqətən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 1600 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 4096 manat təşkil etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş xx.xx.2008ci il tarixədək etibarlı olan 3705 nömrəli “Tikinti işlərini aparmaq üçün” icazə sənədindən görünür ki, Yasamal rayonu, İnşaatçılar prospekti, 581-582-ci məhəllədə, 17 mərtəbəli 2 girişli yaşayış binasının (+mansarda-texniki mərtəbə, 1-ci mərtəbəsi, 2 səviyyəli qeyriyaşayış sahəsi, 17-ci mərtəbəsi -2 səviyyəli, zirzəmi mərtəbəsi – 3 səviyyəli yeraltı qarajqeyri-yaşayış sahəsi) tikintisini, 1-ci girişinin bünövrəsində torpaq işləri aparılmış vəziyyətdə qeydiyyatdan keçirir və tikinti işlərinin davam etdirilməsinə icazə verilmişdir. Bakı şəhər icra Hakimiyyəti başçısının 515 saylı, xx.xx.2003-cü il tarixli İddiaçı MTKya özünəməxsus ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında sərəncamı, həmin sərəncamın qəbul edilməsinə əsas olmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə aşkar edilmədiyindən, qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən etibarsız hesab edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-416/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs İddiaçı MTK işə cəlb edilməklə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sözügedən qərarına əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 515 saylı, 28 noyabr 2003-cü il tarixli sərəncamı etibarsız hesab edilmişdir. Məhkəmənin qənaətinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 1 ünvanda yerləşən binaları bütövlükdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə verilmişdir. Universitetə aid olan 0.16 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamı ilə İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə yeməkxana binası və avtomobil duracaqları fəaliyyət göstərmişdir. Həmin sərəncamla universitetin qeyd olunan yeməkxana binası ilə avtomobil duracaqlarının sökülməsi İddiaçı MTK-ya tapşırılmış və bu tikililər qanunsuz olaraq sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının 1-ci bəndinin 1-ci abzasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müavilənin mövcudluğu barədə qeyd edilsə də, araşdırma zamanı belə bir müqavilənin mövcudluğu təsdiqini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının 1-ci bəndinin 1-ci abzasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilənin mövcudluğu barədə qeyd edilsə də, araşdırma zamanı belə bir müqavilənin mövcudluğu təsdiqini tapmadığından, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazilər Kabinetinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 1 ünvanda yerləşən binaları bütövlükdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə verilmiş və hal-hazırda da istifadəsindədir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının qəbul edilməsi üçün əsas götürülmüş faktiki və hüquqi əsaslar mövcud olmadığından, göstərilən sərəncam qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, həmin sərəncamın etibarsız hesab edilməsinə dair iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1178/2017 saylı, 04 iyul 2017-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin hazırki iş üzrə 09 dekabr 2016-cı il tarixli, 2-1(81)-416/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 138/18 saylı, 14 fevral 2018-ci il tarixli qərardadından görünür ki, üçüncü şəxs İddiaçı MTK-nın kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-326/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin cavabdehlər İddiaçı MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (3-cü şəxs Azərbaycan Respulikası Təhsil Nazirliyi cəlb olunmaqla) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibait-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m torpaq sahəsinin satın alınmasına dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı MTK-ya verilmiş 000312 qeydiyyat nömrəli, 13 mart 2007-ci il tarixli şəhadətnamənin, həmçinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi) ilə İddiaçı MTK arasında bağlanmış 22 dekabr 2006-cı il tarixli, 993 nömrəli və 01 mart 2007-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən cavabdeh İddiaçı MTK-nın adına Azərbaycan Respublikası Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsi) tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, 000312 qeydiyyat nömrəli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m torpaq sahəsinin satın alınması barədə Şəhadətnamə etibarsız hesab edilmiş, onun hüquqi nəticələri ləğv edilmiş, Azəbraycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 993 nömrəli və 01 mart 2007-ci il tarixli, 442 nömrəli müqavilələr etibarsız hesab edilmiş, onların hüquqi nəticələri ləğv edilmiş, Azəbraycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 28 dekabr 2006-cı il tarixli, 000925 saylı qeydiyyat nömrəli şəhadətnamə etibarsız hesab edilmiş və onun hüquqi nəticələrinin ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-2(103)-543/2019 saylı qətnaməsinin surətindən görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2-1(81)-326/2019 saylı qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2-1(81)-326/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamədən İddiaçı MTK tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sözügedən qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2- 2(103)-543/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası kollegiyanın hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MTK-nın adına rəsmiləşdirilmiş torpaq sahəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin balansında olmaqla, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istifadəsində olduğunu, Universitet dövlət müəssisəsi, onun yerləşdiyi torpaq isə dövlət mülkiyyətində olduğundan, onun istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsinin qanunvericiliklə qadağan olunduğunu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların” siyahısına daxil olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 1 ünvanda yerləşən binaların bütövlükdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verildiyini və hazırda Universitetin həmin ünvanda fəaliyyət göstərdiyini, təhsil müəssisələrinə aid hazırki halda isə iddiaçı Universitetə aid torpaq sahəsinin özəlləşdirilməsi barədə hərhansı bir normativ aktın qəbul edilmədiyini, iddiaçının Təhsil Nazirliyinin balansında olmaqla istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi zamanı dövlət əmlakının özəlləşdirilməsi qaydasını nizama salan normativ hüquqi aktların tələblərinin pozulduğunu, mübahisələndirilən müqavilələrin və şəhadətnamənin verilməsinə zəmin olmuş Bakı şəhər İcra hakimiyyəti başçısının 28 noyabr 2003-cü il tarixli sərəncamının ləğv edilməsinə dair qüvvədə olan məhkəmə qərarının mövcud olduğunu, iş materiallarına əsasən iddiaçı mübahisələndirilən həmin müqavilələrdən məlumatlı olmadığından, yalnız birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ƏMDK tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrdən məlumatı olduqdan sonra iddia tələbinin həcmini artırmaqla onları mübahisələndirdiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. İddiaçı hazırki iddiası ilə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə etibarsız hesab edilmiş aktlara əsasən dəymiş maddi ziyanın və əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, işin halları ilə cavabdehlərin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı cavabdehlərə qarşı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Həmçinin, cavabdehlərin hüquqazidd hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 146/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Nəzərə alınmalıdır ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 515 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamının 1-ci bəndinə əsasən, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 966/d nömrəli razılıq məktubu, İddiaçı MTK-nın xx.xx.2003-cü il tarixli, 02-08/1 nömrəli müraciəti, Azərbaycan Dövlət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə nəzərə alınaraq, Yasamal rayonu, İnşaatçılar prospektindəki 581-582 nömrəli məhəllələrdə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0.16 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nin istifadəsinə verilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 17/245 nömrəli qərarının ləğv edilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-ya tapşırılmış, bundan sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli şəhadətnamələrə əsasən, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 9 ünvanında yerləşən 337.1 kv.m qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m olan torpaq sahəsi satın alınmışdır. Daha sonra qanuni qüvvədə olan məhkəmə qərarlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 515 nömrəli, 28 noyabr 2003-cü il tarixli sərəncamı və “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli şəhadətnamələr etibarsız hesab edilmiş, onların hüquqi nəticələri ləğv edilmişdir. Dövlət orqanının qanunvericiliyin tələbinə uyğun gəlməyən qərarlarının qəbulu nəticəsində dəymiş ziyanın əvəzinin kompensasiya edilməsi qanunun imperativ tələbidir və şəxslərin belə bir tələblə müraciəti onların konstitusion hüququdur. Beləliklə, iddiaçı dövlət orqanlarının qanunazidd hərəkətləri nəticəsində ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğundan iddiaçıya vurulmuş ziyanın həcmi müəyyən edilməlidir. Ali Məhkəmənin qərarında qeyd edilən göstərişlərin icrası məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(103)- 2678/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilərək iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 17 dekabr 2024-cü il tarixdə ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Səbəb kimi göstərilmişdir ki, tədqiq olunan tədqiqat obyektinə baxış keçirilən zaman həmin tikilinin inşası tam başa çatdırılmamış yarımçıq tikili olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, 2003-2007-ci illərə və hazırki bazar dəyərinə uyğun bu cür tikililərin satışına və qiymətinə dair məlumat olmadığı üçün müqayisə metodu ilə tədqiqat aparılması mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-19/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli qiymətləndirmə hesabatında qeyd edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 581-582 saylı məhəllələrdə çoxmərtəbəli yaşayış binasının (yarım tikili) xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 4 000 000 manat, 2003-2004-cü illər üçün bazar dəyəri 1 650 000 manat, 2005- 2007-ci illər üçün bazar dəyəri 1 700 000 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-19/2025 saylı, 13 may 2025-ci il tarixli qərardadı ilə (Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 581-582 saylı məhəllədə (İnşaatçılar prospekti, 9) yerləşən ölçüsü 0,16 ha olan torpaq sahəsinin, 2 mərtəbə zirzəmi və 3 mərtəbə yaşayış və qeyri-yaşayış sahələrindən ibarət olmaqla tikintinin inşa olunmasına (təməl çuxurunun (kotlovanın) qazılması və tikintiyə sərf olunmuş tikinti materiallarının dəyəri də nəzərə alınmaqla) nə qədər pul vəsaiti sərf olunmasının müəyyən edilməsi məqsədi ilə) məhkəmə tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2025-ci il tarixli, 3-16-16/2-718/2025 nömrəli məktubu ilə qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən qərardadın icrasından imtina edilmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 515 saylı, xx.xx.2003-cü il tarixli “Özünəməxsus ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” sərəncamı qüvvəsini almış 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-416/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə etibarsız hesab edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.2-ci maddəsinə əasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, Yasamal rayonu, İnşaatçılar prospektindəki 581-582 saylı məhəllələrdə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0.16 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nin istifadəsinə verilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının 515 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) olmuşdur. “İnzibati icraat haqqında” Qanununun yuxarıda qeyd olunan normalarına əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin etibarsız əlverişli inzibati akta münasibətdə etimad hüququ qoruna bilməz. Qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırki iş üzrə iddiaçı əvvəlcədən məlumatlı idi ki, ona tikinti üçün ayrılan ərazi Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ərazisi olmaqla Elm və Təhsil Nazirliyinin balansında olan dövlət əmlakıdır. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz. Hazırkı mübahisənin faktiki halları üzrə isə Bakı şəhər İcra Hakimiyyəti başçısının 515 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı və onunla əlaqəli olan digər inzibati aktlar məhkəmə qaydasında etibarsız hesab olunduğuna görə iddiaçının etimad hüququ məhkəmə tərəfindən müdafiə edilə bilməz. Kollegiya qeyd edir ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Pərviz Hüseynov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar