Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-190/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1949-cu il tarixdə Dəvəçi rayonunun Qəndob kəndində anadan olmuş, Pirallahı rayonu, Pirallahı qəs., K.Rzayev küç., ev 20, mən. 14 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “avtomobil verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 3442/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 5.2.3.6-cı yarımbəndinin tələbləri əsasında ona avtomobil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əlilliyin və sağlamlığın imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiqlənmiş Əsasnamənin 5.2.3.6-cı yarım bəndində göstərilir “hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcəli arterial çatışmazlığı” diaqnozu ilə avtomobil verilir. 1988-ci il dekabr ayının sonunda Dağlıq Qarabağ hadisələri ilə əlaqədar döyüş zonasında hərbi xidmət keçərkən başından yaranlanmışdır və xəstəxana şəraitində stasionar müalicə almışdır. Hal- hazırda ikinci qrup müharibə əlili və müharibə veteranıdır. xx.xx.2019-cu il tarixdə 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (BŞX) Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur. Müayinə olunan zaman əsas diaqnoz “ağırlaşma” (177.1) Arteriyaların daralması. Hər iki aşağı ətrafın trombooblitrasivaedici xəstəliyi. Hər iki aşağı ətrafın venalarının varikoz genişlənməsi ikinci dərəcə. Xroniki venoz çatışmazlığı ikinci dərəcə. Durğunluq ürək çatışmazlığı maşın almaq üçün forma 88 TSEK-ə göndərilmişdir. Lakin Tibbi Sosial Ekspertiza Komissiyasının sədri X1 “Əlilliyi təsdiq edən sənədin verilməsi üçün keçirilmiş müayinə barədə məlumat” qrafasında TSEK-in diaqnozu: Bas beyin travmatik xəstəliyi. Tez-tez nəzərə çarpan asteno nevrotik vəziyyət. Uzanan gedişli vegetativ damar distoniyası qeyd edir. Halbuki həmin travmanı o, 1988-ci ildə almışdır. Avtomobil və motorlu araba ilə təmin olunması haqqında müayinə məlumatları qrafasında qüvvədən düşmüş 99 №-li qərara istinad edərək avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı: imtina edilir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq olunması haqqında 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərar, 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə ləğv edilmişdir Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3442/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3442/2020 nömrəli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərəzli qeyri-obyektiv mövqe tutaraq, cavabdehin məhkəmə zalında vizual müayinə edildiyini və nəticədə “ağırlaşma” kimi hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı xəstəliyinin əlamətlərinin olmasının müəyyən edilməsini qərarında qeyd etmişdir. İddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq, o, 72 yaşının olduğunu, yaralananda 39 yaşında olduğunu, 2011-ci ildə əlillik təyin edildiyini,cavabdehin ləğv olunmuş 99 nömrəli qərara istinad etdiyini, hər il müayinədən keçmək üçün hospitala getdiyini bildirdi. Sədrlik edənin sualına cavab olaraq, cavabdeh orqana hazırkı iddia tələbi ilə müraciət etmədiyini, birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərindən başqa sənədlərinin olmadığını bildirdi. Məhkəmə Kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarına əsasən: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 saylı X3 Sosial Ekspert Komissiyası tərəfindən verilmiuş SER TSE-02 № 155730 saylı arayışdan görünür ki, İddiaçı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əsas olaraq 1490 saylı xx.xx.2011-ci il tarixli müayinə aktı göstərilmişdir. - 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən maşın almaq üçün İddiaçı adına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 0105003AABPV saylı göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu stenokardiya (döş inağı) ÜİX qeyri-stabil stenokardiyası. Postinfaktli kardioskleroz, ağırlaşma kimi arteriyaların daralması. Hər iki aşağı ətrafın trombo oblitrasiya edici xəstəliyi. Hər iki aşağı ətrafın venalarının varikoz genişlənməsi İİ dər. Xroniki venoz çatmamazlıq İİ dər. Durğunluq ürək çatmamazlığı. Yanaşı xəstəliklər kimi essensial (birincili) hipertenziya hipertoniya xəstəliyi İİİ (İV), stenokardiya (döş inağı) nevrasteniya göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş müayinə məlumatından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə müddətsiz ikinci dərəcəli təkrar əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, TSEK-in diaqnozu: Baş beyin travmatik xəstəliyi. Tez-tez nəzərə çarpan asteno nevrotik vəziyyət. Uzanan gedişli. Vegetativ damar distoniyası. Əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları göstərilmişdir. Həmin məlumatın avtomobil və motorlu araba ilə təmin olunması haqqında müayinə məlumatları qrafasında; 99 saylı qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarına əsasən imtina edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddia tələbinin predmetini “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 5.2.3.6-cı yarımbəndinin tələbləri əsasında ona avtomobil verilməsi barədə qərar qəbul edilməsi” təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq məhkəmə bildirişi ünvanlanmış və iddiaçının cavabdeh orqana müraciət etməsinə dair ərizə və cavabdeh orqanın imtina cavabının iddia ərizəsinə əlavə edilmədiyi qeyd edilmiş, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddianın mümkünlük məsələsinin araşdırılacağı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçı sədrlik edənin cavabdehə avtomobilin verilməsi ilə bağlı rəsmi müraciətinin olub-olmaması ilə bağlı sualına cavab olaraq, “bəli, xx.xx.2020-ci il tarixdə imtina verilib, surətini sizə təqdim edirəm.” bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının hazırkı tələb ilə bağlı cavabdehə müraciəti və cavabdehin imtinaedici məktubu iş materiallarında mövcud deyildir. Əlavə olaraq, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş müayinə məlumatında - 99 saylı qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarına əsasən imtina edildiyi qeyd edilsə də, məhkəmə kollegiyası hesab edir ki, müayinə məlumatı tibbi göstəriş sənədidir və imtina kimi qəbul edilə bilməz. Belə ki¸ hazırkı iş üzrə iddia tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 5.2.3.6cı yarımbəndinin tələbləri əsasında iddiaçıya avtomobil verilməsi olmuş, müayinə məlumatında isə iddiaçının 99 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməməsinə dair tibbi göstəriş qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciəti iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan “birinci instansiya məhkəməsinin qərəzli qeyri-obyektiv mövqe tutaraq, cavabdehin məhkəmə zalında vizual müayinə edildiyini və nəticədə “ağırlaşma” kimi hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı xəstəliyinin əlamətlərinin olmasının müəyyən edilməsini qərarında qeyd etməsi” ilə bağlı bildirir ki, qeyd edilənlər məhkəmə qərarında göstərilsə də, məhkəmə iclas protokolunda bu barədə hər hansı qeyd mövcud deyildir. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3442/2020 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3442/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 5.2.3.6-cı yarımbəndinin tələbləri əsasında ona avtomobil verilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-190/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-190/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver