Məhkəmə qərarları › İş №2-1(103)-190/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-190/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-190/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10777/2022 nömrəli, 12 dekabr 2022ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Nobel prospekti, 189 a ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141.2 kv.m, 3 otaqlı 69 saylı yaşayış sahəsinə dair mülkiyyət hüququna dair qeydiyyatın aparılması və bununla bağlı dövlət reyestrindən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir tərəfdən "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X6, gələcəkdə “İcraçı” adlanacaq, digər tərəfdən X2 ilə bağlanmış müqavilə (xx.xx.2009-cu il tarixli) öz razılıq ərizəsi ilə gələcəkdə “Payçı” adlanacaq İddiaçı arasında bağlanmış 23 dekabr 2010-cu il tarixli, 24 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti, 189 ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141.2 kv.m, 3 otaqlı 69 saylı mənzil İddiaçı verilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2010-ci il tarixli, 10/28 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nobel prospekti, 189 ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141.2 kv.m, 3 otaqlı 69 saylı mənzilin dəyəri tam ödənilmişdir və onun Mənzil Tikinti Kooperativinə borcu yoxdur. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nobel prospekti, 189 ünvanında bir bloklu hündürmərtəbəli yaşayış binası inşa edilmiş, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı tərtib edilmiş, bina istismara verilmişdir. Sözügedən ünvanda bir çox vətəndaşlar artıq mənzilə çıxarış almış, həmin ünvanda yaşayırlar, həmin ünvanı mənzil kimi istifadə edirlər və mənzilləri əsaslı təmir etdirmişlər. O, həmin mənzil istifadəsində olduğundan hazırda həmin ünvana mənzil kimi dövlət reyestrindən çıxarış əldə etmək niyyətindədir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli etirazında iddianın qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən "xxxx" MTK-nə məxsus çoxmərtəbəli yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” (və ya istismara icazə sənədi) 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, mənzilin ölçüsü sənəd üzrə 141.2 kv.m olsa da, faktiki 130.5 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********76 saylı, xx.xx.2022-ci il tarixli cavab ünvanlanmışdır. Bundan əlavə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10777/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim A.Almazova) iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil iddiaçıya "xxxx" ilə bağlanmış müqavilə əsasında verilmiş, pay haqqının tam ödənilməsinə dair maliyyə arayışı var və binanın tikintisi başa çatdıqdan və təmir olunduqdan sonra iddiaçı mənzildə yaşamağa başlamışdır. Artıq həmin binada yaşayanlardan 14 nəfər qonşusuna cavabdeh çıxarış vermişdir. Hətta iddiaçı ona həmin binadan 78 saylı mənzilinə verilmiş çıxarışı məhkəməyə təqdim etmişdir. Yaşayış binasının istismara qəbul aktının olmaması və MTK üzvlərinin ümumi yığıncağının qərarının olmamasına gəldikdə, əgər istismara qəbul aktının olmaması ilə bağlı iddia təmin olunmursa, onda digər şəxslər necə çıxarış ala bilir. Cavabdehin mənzilin ölçüsünün sənəd üzrə 141,2 kv.m, faktiki 130,5 kv.m təşkil etməsi ilə bağlı hissədə iddiaçının mübahisəsi mövcud deyil, iddiaçının niyyəti sadəcə mənzilə çıxarış almaqdır. Məhkəmə iş üçün bütün faktiki halları araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2- 1(103)-1579/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(102)-146/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2-1(103)-1579/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 189 A, 78 saylı mənzil “RRR" MTK üzvlərinin ümumi iclasının xx.xx.2018-ci il tarixli protokolundan çıxarışa, maliyyə arayışına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4912/2018 nömrəli qərarına əsasən xx.xx.2019-cu il tarixdə ilkin olaraq X7 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1658 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 189 A, 5 saylı mənzil “RRR" MTK tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli maliyyə arayışına, xx.xx.2008-ci il tarixli 32 nömrəli müqaviləyə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4647/2018 nömrəli qərarına əsasən xx.xx.2019-cu il tarixdə ilkin olaraq X3 adına qeydiyyata alınmışdır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-480 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - "xxxx" MTK tərəfindən verilmiş 10/28 saylı, xx.xx.2010-cu il tarixli Maliyyə arayışından görünür ki, Bakı şəhəri Nobel prospekti 189a ünvanında yerləşən binanın 1-ci blok, 11-ci mərtəbə, ümumi tikinti sahəsi 141,2 kv.m olan 3 otaqlı, 69 saylı mənzilinin dəyəri payçı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Nobel prospekti 189a ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməmişdir. Belə olan halda, iddiaçının Bakı şəhəri, Nobel prospekti, 189 a ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141.2 kv.m, 3 otaqlı 69 saylı yaşayış sahəsinə dair mülkiyyət hüququna dair qeydiyyatın aparılması və bununla bağlı dövlət reyestrindən çıxarışın verilməsindən cavabdehin imtinası qanunazidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir”. Birinci apelyasiya icraatı zamanı məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən əvvəllər qanunvericiliyin tələblərinin pozulması ilə aparılan qeydiyyat, heç də konkret halda, məhkəmə tərəfindən həmin səhvlər təkrarlanmaqla, iddiaçının da sözügedən mənzili üzərində mülkiyyət hüququnun reyestrdə qeydə alınmasının cavabdehə həvalə edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(102)-146/2024 nömrəli qərarının 35-37-ci bəndlərində qeyd olunmuşdur ki;

35. cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda 2 mənzilə münasibətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində məhkəmə qərarı əsasında qeydiyyata alındığı bildirilmişdir. Bu baxımdan cavabdeh inzibati orqan tərəfindən qeydiyyatın əvvəllər qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi yanlış sayılmalıdır.

36. Apellyasiya instansiyası məhkəməsi iş üzrə obyektiv qərarın qəbulu baxımından həmin məhkəmə qərarlarından inzibati orqan tərəfindən şikayət verilib-verilmədiyini müəyyən etməli, cavabdehin istinad olunan məhkəmə qərarları əsasında özünün yeni inzibati praktikasını yaradıb-yaratmadığını araşdırmalı, həmin binada (və ümumiyyətlə bu vəziyyətdə olan binalarda) yerləşən mənzillərin dövlət qeydiyyatına alınması, habelə qeydiyyata alınmış mənzillərin hansının məhkəmə qərarı əsasında, hansının inzibati orqanın özü tərəfindən qeydiyyata alınması barədə məlumatları və bununla bağlı inzibati icraat materiallarını tələb etməli idi. Belə yanaşma həm obyektiv araşdırma prinsipinin, həm də bərabərlik və inzibati orqanların praktikasına etimad hüququnun qorunması prinsiplərinin tələblərindən irəli gəlir.

37. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından hazırkı mübahisəyə münasibətdə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi imkanlarına, eləcə də həmin prinsiplərin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Hazırkı apelyasiya icraatı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının qeyd olunan qərarındakı göstərişlər nəzərə alınaraq Bakı İnzibati Məhkəməsinə müvafiq sorğu verilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(82)-4912/2018 saylı və 2-1(82)-4647/2018 saylı inzibati işlər üzrə qəbul olunmuş yekun məhkəmə qərarlarının təsdiq edilmiş surətlərinin, həmçinin həmin işlərə apellyasiya və kassasiya qaydasında baxılmışdırsa həmin instansiya məhkəmələrinin qərarlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsi tələb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4912/2018 nömrəli, 02 sentyabr 2024-cü il tarixli və 2-1(82)-4647/2018 saylı, 05 sentyabr 2024-cü il tarixli məktubları ilə qeyd olunan işlər üzrə müvafiq məhkəmə qərarları təqdim edilmişdir. Həmin məktublarda qeyd olunmuşdur ki, 2-1(82)-4912/2018 nömrəli iş üzrə qəbul edilən qərardan ümumiyyətlə apelyasiya şikayəti verilməmiş, qərar 21 yanvar 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. 2-1(82)-4647/2018 saylı inzibati iş üzrə isə qəbul edilən qərardan xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti verilsə də, xx.xx.2019-cu il tarixdə şikayət geri götürülmüş və qərar qanuni qüvvəsini almış və icra edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu verilərək Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən "xxxx" tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən neçə mənzilə çıxarış verilməsinə dair məlumatı, qeyd edilən mənzillərə dair ilkin qeydiyyatın aparılmasına əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi tələb edilmiş və həmin orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə 2-1(82)-4912/2018 saylı və 2-1(82)-4647/2018 saylı inzibati işlər üzrə müvafiq olaraq X7 və X3 adına olan çıxarışlar və həmin çıxarışların verilməsi üçün əsas olan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin arasında binanın istismara qəbul aktının olmaması müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçının qeydiyyata alınaraq çıxarış almaq istədiyi Bakı şəhəri, Nobel prospekti, 189 a ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasında yerləşən mənzillərlə bağlı X7 və X3 adına olan çıxarışlar müvafiq məhkəmə qərarları əsasında verilmiş, həmin məhkəmə qərarları cavabdeh inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə eyni olan sənədləri təqdim etmiş digər şəxslərin hüquqlarının qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunması iddiaçıya münasibətdə bərabər yanaşma prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərlə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10777/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10777/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Nobel prospekti, 189 a ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141.2 kv.m, 3 otaqlı 69 saylı yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar