Məhkəmə qərarları › İş №2-1(103)-1900/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1900/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1900/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1, Üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi X2, vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı İslam Universiteti) “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1489/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı İslam Universiteti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ali təhsil haqqında sənədinin, yəni Bakı İslam Universitetinin vermiş olduğu diplomun tanınması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı orta təhsilini tamamladıqdan sonra 2005-ci ildə Bakı İslam Universitetinin (red. BİU) Dinşünaslıq fakültəsinə qəbul olmuşdur. 2010-cu ildə təhsilini başa vurmuşdur. Lakin cavabdeh onun diplomunu heç bir hüquqi əsas olmadan tanımır və bununla müfəssəl izahat vermir ki, səbəb nədir. Dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8223/2021 nömrəli, 25.08.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə Bakı İnzibati Məhkəməsinə təqdim edərək bildirmişdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin 30.12.2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq”, magistr pillsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. BİU yalnız 2010-cu ildən başlayaraq tələbə qəbulunu qanunvericiliyə uyğun olaraq TQDK vasitəsi ilə aparmışdır. Bu səbəbdən də 2014-cü ildən etibarən TN-yi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli təhsil sənədləri verilməyə başlanmışdır. Bildirilir ki, Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır. Qanunun 16.4-cü maddəsinə görə Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Buna da səbəb iddiaçının 2005-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Eyni zamanda nəzərinizə çatdırılır ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Lakin təqdim olunmuş iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, BlU-nin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə, ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi hökümət tərəfindən təsdiq edildiyi halda, BlUnin məzunlarına verilən diplom blankının nümunəsi isə BİU tərəfindən təsdiq edilmişdir. Bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. BlU-nin belə bir səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Təhsil nazirinin 09.11.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş 23.11.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Təlimatın 2.1-ci bəndində qeyd edilir ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Bu normalardan göründüyü kimi məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. Həmin dövrdə qüvvədə olan Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Lakin dini təhsil müəssisəsinin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməli idi. Bununla əlaqədar bildirilir ki, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə Təhsil Nazirliyinə müraciət edə bilərdi. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3-cü bəndinə görə ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi BİU-nin fəaliyyəti qanunsuz olduğundan iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi BİU yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmiş, qanunvericiliyin digər tələblərinə əməl etməmişdir. Belə ki, BİU tərəfindən tələbə qəbulunun daxili müsabiqə əsasında təşkil etməsi, tədris olunan ixtisasların AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması, BİU-nə qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının TN-yi tərəfindən təsdiq edilməməsi, buraxılış Attestasiya Komisiyyalarının sədrlərinin TN-yi tərəfindən təsdiq edilməməsi, diplom blanklarının nümunələrinin BİU tərəfindən təsdiq edilməsi, BİU-nin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsi, qanunsuz olaraq regionlarda BİU-nin şöbələrinin yaradılması, BİU-nin halhazıradək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını bir daha təsdiq edir. Ona görə də iddiaçının adına diplom blankının verilməsinə heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Yuxarıda şərh olunanları və AR İPM-in 47-ci maddəsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Bakı İslam Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinin təmin edilməməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1489/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilmədiyindən, onun həmin universiteti bitirməsinə dair dövlət nümunəli diplomun verilməsindən imtina olunması barədə cavabdehin hərəkəti qanuni olmuşdur. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İslam Universitetinin 27 iyun 2002-ci il tarixdə X8 üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş Nizamnaməsində də Universitetin ali təhsil müəssisəsi statusunda olması nəzərdə tutulmuşdur. BİU-nun Nizamnaməsinin 4.3-cü bəndinə əsasən ÜUniversitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasından müsabiqə yolu ilə aparılır. Müsabiqə, iştirakçılarının biliklərinin, düşüncə qabiliyyətlərinin və yaradıcı təfəkkür imkanlarının müsahibə. İmtahan və xüsusi metodika yolu ilə yoxlanılmasına əsaslanır”. Beləliklə, Bakı İslam Universiteti "Dini etiqad azadlığı haqqında" Qanunun qəbul edildiyi 20 avqust 1992- ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6.4-cü, 10-cu maddələrinin tələbinə uyğun, Nizamnaməsinə müvafiq olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yaradılmış, ali dini təhsil vermək səlahiyyəti olan hüquqi şəxs statusunda dövlət qeydiyyatına alınmış, Nizamnaməyə uyğun olaraq müəyyən olunmuş formada tələbə qəbulu aparmış və təlim-tərbiyə prosesini həyata keçirmişdir. Eyni zamanda, 7 oktyabr 1992-ci il tarixli “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsində qeyd edilmişdir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. 1992-2009-cu illərdə qüvvədə olmuş “Dini etiqad azadlığı haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarının və digər normativ-hüquqi aktların müvafiq tələblərinə əsasən Bakı İslam Universitetinin ali dini təhsil müəssisəsi kimi yaradılması, dövlət qeydiyyatı və fəaliyyəti qanuna uyğun olmuşdur. Məhkəmə hesab edir ki, onun adına BİU tərəfindən yazılmış diplom blankı dövlət nümunəli sənəd hesab edilə bilməz. Buna səbəb iddiaçının 2005-ci ildə daxili test imtahanvermə üsulu ilə BİU-ə qəbul olunması və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsidir. Birinci instansiya məhkəməsinin qərarında eynilə cavabdeh inzibati orqanın imtinasına və Məhkəməyə təqdim etdiyi etirazının dəlillərinə istinad edilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin müraciəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 01 mart 1994-cü il tarixli qərarı ilə Bakı İslam İnstitutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adı ilə Nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Qafqaz İslam Universiteti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli 738855№-li qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası X8 üzrə Dövlət Komitəsi yaradılmış və dini təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri həmin Komitəyə həvalə edildikdən sonra, X8 üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli 163№-li Sərəncamına əsasən, Bakı İslam Universiteti yenidən dövlət qeydiyyatına alınmışdır. 1994, 1997-ci illərdə Ədliyyə Nzirliyi tərəfindən, 2002-ci ildə isə Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən BİU məhz “ali dini təhsil müəssisəsi” kimi dövlət qeydiyyatına alınmışdır və Nizamnaməsində də qəbul və tədris şərtləri göstərilərək, hər hansı dövlət orqanının, o cümlədən, Təhsil Nazirliyinin hər hansı irad və etirazına səbəb olmadan fəaliyyət göstərmişdir. BİU-ya qəbulun test üsulu ilə deyil, daxili imtahanvermə ilə aparılmasına gəldikdə isə, yenə də nəzərə alınmalıdır ki, BİU-nun Ədliyyə Nazirliyində və Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış Nizamnaməsində BİU-ya qəbul qaydaları məhz daxili imtahanvermə olacağı göstərilmişdir və müvafiq səlahiyyətli dövlət orqanları da bu şərtləri görüb BİU-nu ali dini təhsil müəssissəsi kimi qeydə almışlar. 2009-cu ilədək BİU-nun tələbə qəbulunu daxili imtahanvermə ilə aparması, o cümlədən, 2005-ci ildə onun BİU-a mərkəzləşdirilmiş test olmadan qəbul olunmağı hər hansı nornativ aktın, qanunun tələbini pozmamışdır. İş materialında olan və Təhsil Nazirliyinin özünün təqdim etdiyi sənədlərdən görünür ki, 2010-cu ilədək, BİU-ya tələbə qəbuluna dair Təhsil Nazirliyi tərəfindən plan yeri və sifariş barədə tələb irəli sürülməmişdir. O cümlədən, keçmiş TQDK tərəfindən BİU-nun adı və ixtisasları mərkəzləşdirilmiş test imtahanı sisteminə və tələbə qəbulunua daxil edilməmişdir. Halbuki, ali təhsil müəssisələrinə dövlət sifarişinə dair plan yerinin verilməsi və TQDK sisteminə daxil edilməsi müvafiq olaraq Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (indiki DİM) bilavasitə vəzifəsidir. Müvafiq dövlət orqanları öz vəzifələrini yerinə yetirməmiş və BİU-nun tələbə qəbulunu mərkəzləşdirilmiş test sisteminə həmin zamanda daxil etməmişlərsə, eyni zamanda, qanunverciliyin tələbləri çərçivəsində fəaliyyət göstərən BİU-nun dövlət qeydiyyatından keçmiş Nizamnaməsi əsasında daxil olduğu və bitirdiyi BİU-nun ona verdiyi diplomun tanınması Təhsil Nazirliyi tərəfindən qəbul edilməli və icra olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi E.Həsənli və vəkili Vəkil apellyasiya şikayəti ilə razı olduqlarını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, iddiaçının tələbi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. O, diplomunun qanuni hesab edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı bəndinə görə Nazirlik mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun (20 avqust 1992-ci ildə qəbul edilmişdir) 6-cı maddəsinə (04.05.2021-ci il tarixli redaksiya) əsasən: -6.3. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. -6.4. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. -6.5. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. -6.6. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. 8 may 2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 6-cı maddənin dördüncü hissəsinə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasına əsasən dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və qrupları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər. 21 dekabr 2010-cu il tarixli 38-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 6-cı maddəsinin dördüncü hissəsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir. 10 iyun 2011-ci il tarixli 162-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 6-cı maddədə dördüncü hissədən “(əsasnamələrinə)” sözü çıxarılmışdır və maddəyə beşinci hissə əlavə edilmişdir. 4 may 2021-ci il tarixli 309-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 6cı maddəyə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasında göstərilirdi: Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır. - Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. - Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər. - Dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər. - Dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır. Həmin Qanunun 7-ci maddəsinə görə dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olunurlar. Həmin Qanunun 10-cu maddəsinə görə (4 may 2021-ci il tarixli 309-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir): Din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini təhsil müəssisəsi yarada bilməz. Dini təhsil müəssisələri ilə dini mərkəz və ya idarələr arasında münasibətlər təsis sənədləri ilə müəyyən edilir. Dini təhsil müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrinlə təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin (2 noyabr 2009-cu ilə qədər olan qüvvədə olmuş redaksiya) 6-1.4cü bəndinə əsasən dini qurumların dövlət qeydiyyatını həyata keçirmək; 6-1.5. öz səlahiyyətləri daxilində dini tədris ilə bağlı məsələlərin tənzimlənməsində iştirak etmək Komitənin fəaliyyət istiqamətlərindəndir. Əsasnamənin 7.10-cu bəndinə əsasən dini tədris müəssisələrinin proqramlarını təhlil etmək, tədrisin keyfiyyətini müəyyən etmək üçün onlara ekspert rəyinin verilməsi (10 mart 2008-ci ilə qədər qüvvədə olan redaksiya); 7.10-cu bəndinə əsasən dini tədris müəssisələrinin proqramlarının təhlil edilməsi, tədris plan və proqramlarının Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə təsdiq edilməsi, dini tədrisin keyfiyyətini müəyyən etmək üçün ekspert rəyinin verilməsi (2 noyabr 2009-cu ilə qədər qüvvədə olan redaksiya); 7.10-cu bəndinə görə dini təhsil müəssisələrinin fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün rəy verilməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə dini təhsil müəssisələrinin proqramlarının təhlil edilməsi, tədris plan və proqramlarının təsdiq edilməsi, dini tədrisin keyfiyyətinin müəyyən edilməsi üçün rəy verilməsi (2 noyabr 2009-cu il tarixli redaksiya) Komitənin əsas vəzifələridir. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Qaydalar (21 dekabr 2015-ci ildə ləğv edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 1995-ci il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsi haqqında” Əsasnamənin 42-ci bəndinə görə ali təhsil müəssisəsi öz məzunlarına ali təhsil haqqında diplom verir. Diploma əlavədə tədris edilmiş bütün fənlərin siyahısı, onların tədris edildiyi saatların miqdarı və uyğun imtahanlardan alınmış qiymətlər göstərilir. Tədris planındakı bütün fənlərdən qiymətlərinin ən azı 75%-i «əla», qalanları isə yalnız «yaxşı» olan, dövlət imtahanı və buraxılmış işinin müdafiəsindən «əla» qiymət alan məzunlar fərqlənmə diplomu alırlar. Göründüyü kimi “Dini etiqad azadlığı haqqında” Qanunun 20 avqust 1992-ci ildə qəbul edilən zaman qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinə əsasən dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və qrupları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər. 8 may 2009-cu il tarixli Qanun ilə 6-cı maddənin dördüncü hissəsinin yeni redaksiyasına görə: dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər. “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinin məzmununa görə dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri (təhsil müəssisələri) yaratmaq ixtiyarına malik olmuşlar. SSRİ Nazirlər Soveti yanında X6 17 yanvar 1989-cu il tarixli 2 nömrəli protokoluna əsasən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi fəaliyyətə başlamış, Qafqaz Müsəlmanları İdarəsinin 14 yanvar 1991-ci il tarixli 02 nömrəli əmri ilə Bakı İslam Mədrəsəsinin bazasında Bakı İslam İnstitutu yaradılmış, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 1 mart 1994-cü il tarixli qərarı ilə Bakı İslam İnstitutunun adı dəyişdirilib Qafqaz İslam Universiteti adlandırılmış və Nizamnaməsi dövlət qeydiyyatına alınmış, Ədliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universiteti kimi yenidən qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə X8 üzrə Dövlət Komitəsi yaradılmış və dini (təhsil) müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri Komitəyə verildiyindən, Komitənin 27 iyun 2002-ci il tarixli 163 nömrəli sərəncamına əsasən Bakı İslam Universiteti 135 nömrəli Şəhadətnamə ilə yenidən dövlət qeydiyyatından keçmişdir. Bakı İslam Universiteti “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinin, habelə 10-cu maddəsinin tələbinə uyğun Nizamnaməsinə müvafiq olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yaradılmış, həmçinin Nizamnaməyə uyğun olaraq müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirmişdir. 07 oktyabr 1992-ci il tarixli “Təhsil haqqında” Qanunun 13-cü maddəsinin birinci hissəsində qeyd edilmişdir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Bununla bağlı ali dini təhsil müəssisəsinin 2009-cu ilin noyabr ayına qədər Təhsil Nazirliyində dövlət qeydiyyatındankeçdikdən sonra hüquqi status alması barədə hər hansı qanunvericilik norması olmamışdır. “Dini etiqad azadlığı haqqında” Qanunun 10-cu maddəsi (ən azından mübahisə edilən dövrlə bağlı) həm də müəyyən etmişdir ki, dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. “Təhsil haqqında” qanunvericiliyin tələbinə görə dövlət təhsil müəssisəsini bitirmiş məzunlara vahid formada dövlət sənədi cavabdeh tərəfindən verilir. “Dini etiqad azadlığı haqqında” Qanunun 7-ci maddəsinə görə dini təhsil müəssisələri dini qurum hesab edilir və həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə görə bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilməsi nəzərdə tutulduğundan, iddiaçının təhsil aldığı Bakı İslam Universiteti əvvəl Ədliyyə Nazirliyində, sonra isə X8 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alındığından və dini qurumların dövlət reyestrinə daxil edildiyindən fəaliyyəti qanuni olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nda 26-cı bənddə qeyd edilmişdir ki, ali və orta ixtisas müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti ilə bağlı lisenziya verən orqan Təhsil Nazirliyidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə bu Qaydalar “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə”yə və “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanlarında və Nazirlər Kabinetinin qərarlarında avqust 2009-cu ilə qədər ali dini təhsil müəssisələrinə lisenziya verən orqanın adının Təhsil Nazirliyi olmasına dair hər hansı müddəa olmamışdır. Bu əsasdan iddiaçının təhsil aldığı Bakı İslam Universitetinin 2009-cu ilədək fəaliyyəti barədə lisenziya almalı olması barədə cavabdehin dəlilləri əsaslı hesab edilməsə belə, diplomun tanınmasından imtinanın qanuni əsası iddiaçının Bakı İslam Universitetinə qəbulunun Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilməməsi ilə bağlıdır. Belə ki, 16 may 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 6-cı bəndinə görə Komissiyanın əsas vəzifələri aşağıdakılardır: 6.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi; 6.3. Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi. -7.1-ci bəndinə görə Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir. Göründüyü kimi, Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu həyata keçirilir. Lakin iddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə deyil, daxili müsabiqə yolu ilə həyata keçirilmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun sübuta yetirə bilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1489/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1489/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Vüsalə Baxışova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar